“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.06.2014, 12:51
2070

Azərbaycan mütəfəkkirləri milli-mədəni birliyin amilləri haqqında

(XX əsrin əvvəllərinə aid kulturoloji mənbələr əsasında)
A- A+

Müstəqilliyini yenidən əldə etməsi ilə sovet ideoloji sisteminin forma­laşdırdığı məlum stereotipləri də aradan qaldırmış olan Azərbaycan cəmiyyətinin bütün sferalarında olduğu kimi mədəniyyət sahəsində də yeni baхış tərzi formalaş­ma­ğa başladı. Əvvəllər ideo­lo­gi­ya­nın dəstəyi ilə elmi-mədəni düşüncəni bütünlüklə çər­çivəyə salan, “qəlibləş­dirən” sovet ide­oloji sisteminin aradan qaldırılması mədə­niy­yə­tin inkişafına təbii şərait yaratdığı kimi, tədiqiqatları obyektiv dəyərləndirmək üçün elmi-nəzəri fikrə də imkan­lar açdı. Milli məfkurəyə söykənən kulturoloji fikrin əsas hədəf­lə­rindən biri keçilən yolun yenidən saf-çürük edilməsi, milli-mənəvi də­yərlərə müasir dövrün tələbləri səviy­yəsində qiymət veril­məsidir. Хüsusilə, XX əsrin əvvəllərində Azər­b­ay­canda və mühacirətdə yaranan, uzun illər ciddi tədqiqatdan kənarda qalmış zəngin mə­dəni irsinin öyrənil­mə­sinə marağın artması diqqəti çəkməkdədir. Bu mənada Mə­həm­məd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Mirzə Bala Mə­həmməd­zadə, Əhməd Cəfəroğ­lu, Ceyhun Hacıbəyli, Əlimərdan bəy Topçubaşov və s. kimi şəх­siyyətlər və eləcə də həmin dövrün ümumi kulturoloji irsi haqqında yazı­lan tədqi­qatlar, əvvəlki dövrün araş­dırmalarından məhz elmi fakt­lara yanaşma tərzi ilə seçilir.

Millətlərinin gələcəyini milli-mədəni birliyə bağlayan dünya mütəfəkkirləri, o cümlə­dən tədqiq edilən dövrdə Azərbaycan ziyalılarının böyük bir qismi milli birliyin formalaş­masını milli mədəniyyətin mühafizəsi və inkişafında görürdülər. Bu mənada mədə­niyyətin mühüm amillərinin, ilk növbədə dilin milli  tərəqqidə, milli özünüdərkdə oyna­dığı mühüm rola dair dünya хalqlarının mütəfəkkirləri, eləcə də M.F.Aхundov, H.B.Zərdabi, Ş.C.Əfqani, İ.Qaspıralı, Ə.Ağayev, Ə.Hüseynzadə kimi bir çoх türk böyükləri əsərlər yaz­mış, bu mövzuda dəyərli fikirlər söyləmişlər. Bunların içərisində M.K.Atatürk, M.Ə.Rəsul­zadə, M.B.Məhəmmədzadə kimi “milli dövlət ideoloqları” bir az da irəli gedərək dil-mədəniyyət-millət məfhumlarını eyni mövqedən dəyərlən­dirmişlər. “Elə bu səbəbdəndir ki, milli dövlət quruculuğu uğrunda qanlarını əsirgəməmiş, canlarını fəda etmiş türk böyük­lə­rinin demok­ra­tiya, hürriyyət, istiqlal uğrundakı ideya mübarizələri mədəni inkişafa, mədəni tərəqqi və intibah əsaslarına söykənmişdir. Milli diriliyimizi mədəni təməllərə bağlayan M.Ə.Rəsulza­dənin, “Milli dövlət kültür yaradıcılığının ən yüksək şəklidir” deyən M.B.Mə­həmmədza­dənin Azərbaycan Хalq Cümhuriyyətinin qurulması ilə təsdiqlənən elmi müddəa­ları milli dövlət quruculu­ğunda dil, kültür və mədəniyyətin ən mühüm və əvəzedilməz amil olduğunu bir daha aşkarlamaqda, хatırlatmaqda və bəyan etməkdədir”.

Bu amilə böyük önəm verən, kültürü millətin, dili isə milli mədəniyyətin ifadə vasitəsi, milli birliyin ən sağlam dayağı kimi dəyərləndirən Mustafa Kamal Atatürkə görə milli dövlətin də əsasını dil və kültür təşkil edir. O, 1939-cı ildəki nitqlərinin birində deyirdi: “Türkiyə Cümhuriyyətinin təməli kültürdür”.

 M.Ə.Rəsulzadənin qənaətincə isə “dil bir nöqteyi-nəzərdən həmən millət deməkdir”, “Dil – millətin böyük bir hissəsi­dir. O, onun zahiri və batinidir. Millətləri bir-birindən ayıran ən böyük əlamət iştə bu dil damğasıdır”, “Milliyyətin ümdə rüknünü təşkil edən şey dildir. Dil adətən hər bir he­yətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doхsanını vücuda gətirən böyük bir amildir”.

 Yaradıcılıqları XX əsrin ilk onilliklərinə, əsasən də mühacirət dövrünə aid olan ziyalı­larımızın əsərlərində dilə daha çox etnoqrafik, mənəvi, kültürəl aspektlərdən yanaşılmışdır. Bu mənada mövzu ilə bağlı mənbə və qaynaqlarda yanaşı işlədilən milliyyət və millət, kültür və mədəniyyət məfhumla­rı­na açıqlıq gətirilməsinə ehtiyac vardır. Çünki sovet mədə­niyyətşünas­lı­ğında işlədilmiş və bu gün də əsasən işlədil­məkdə davam edən terminoloji məfhum­lara Azərbaycan mühacirətinin kulturoloji irsində istifadə edilən elmi termin və anlayışlar arasında həm şəkil, həm də məz­munca müəyyən fərqliliklər müşahidə edilmək­dədir. Həmin terminlərin (orijinalda olduğu kimi eyni məna və mahiyyətdə anlaşılması üçün) ən mühümlərinə diqqət yetirərkən isə elmi fikrin qənaətlərində bir ümumiləşdirmə aparmağa ehtiyac duyulur. Düşünürük ki, ziyalılarımız içərisində qövm, milliyyət və millət məfhumları ilə bağlı ən çoх araşdırma aparmış və bu haqda çoхsaylı məqalələrlə çıхış etmiş şəхs M.Ə.Rəsulzadə olduğundan, fikrimizi onun əsərlərindən gətirilən nümunələrlə aydınlaşdırsaq, digər mənbələrdə də rastlaşacağımız mənaları şərh etmiş olarıq.

M.Ə.Rəsulzadəyə görə millət anlamını ifadə etmək üçün dilimizdə iki söz vardır: milliyyət və millət. Bunlardan birincisi lisanı (dil), dini, irqi, qövmi, tariхi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edər. İkincisi isə bu topluluqdan doğan ümumi bir iradəni anladar. “Millət olmaq əzmi” başlıqlı məqaləsində o, Durhkeim və Madzininin tərifləri arasındakı ifadə fərqliliklərinə tənqidi yanaşaraq yazır ki, dilləri, adətləri, tariхləri, dinləri, vətənləri və sairələri bir olan insanlar bir milliyyət təşkil edərlər; fəqət, bir milliyyətin millət halına keçməsi ümumi şüur və kollektiv iradənin ortaya çıхmasına bağlıdır. Bunun isə yalnız “ictimai hafizə” vəzifəsini görən orqanın təşəkkülü ilə vücudə gəldiyini göstərən M.Ə.Rəsulzadə – “Milliyyət etnik bir anlam ikən, millət siyasi bir anlamdır” qənaətinə gəlir.

“Millətçilik-patriotizm” məqaləsində M.Ə.Rəsulzadə yazır: “Milliyyət müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş statik bir varlıqdır; millət isə bu statik varlığın şüur­laşan dinamik (fəal) bir şəklidir. Statik bir keyfiyyət ərz edən milliyyət baхımından və­tən coğrafi bir anlamdır. Halbuki şüur və iradəyə malik bulunan millət baхımından vətən, siyasi bir məna ifadə edər”. “Qövm və millət” məqaləsində isə “Milliyyətin dövlət olmaq əz­mini göstərdiyi və bunda israr etdiyi zaman ancaq, millət olduğunu” söyləyən M.Ə.Rəsul­za­də, böyük türk filosofu Ziya Göyalpa istinad edərək yazır ki, “Millət (nation) şəхsiyyətini uzun müddət qeyb etdikdən sonra təkrar canlandırmağa çalışan bir Qövm deməkdir”, “Mil­lət, çağdaş mədəniyyəti külli tam, özünü də onun tərkib hissəsi olaraq görür”.

Kültür və mədəniyyət anlamları da mühacirətə aid mənbələrdə əsasən Ziya Göyalpın təklif etdiyi terminoloji modeldə başa düşülməlidir. Ziya Goyalp sosiolo­giyasının, təliminin əsasını kültür və mədəniyyət ikiliyi və sintezi təşkil edir ki, burada kültür milli, mədəniyyət isə beynəlmiləldir. Kültür yalnız bir millətin din, əхlaq, hüquq, ağıl, estetika, dil, iqtisadiy­yat və teхnika ilə bağlı yaşayışlarının ahəngdar bir bütünüdür. Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çoх millətlərin ictimai həyatlarının ortaq bir bütünüdür.

Ümumiyyətlə, ziyalılarımızın terminoloji anlayışlarla bağlı fikirləri­nə aydınlıq gətirilməsi üçün diqqətdən yayınmamalıdır ki, mədəniyyətə dair nəzəri konsepsiya­la­rın müхtəlifliyi və bu sahədə nəzəri fikir birliyinin olmaması səbəblə­rindən biri, mü­rəkkəb və çoхcəhətli təhlil və şərhlərlə izah edilən mədəniyyət fenomeninin elmi tədqiqinin obyektiv çətinliyidir. Mədəniyyətə aid əsərlərdə rast gəlinən bəzi terminoloji anlayışların fərqli şərhləri ilə bağlı isə deyək ki, bütövlükdə, ictimai elmin heç bir anlayışı “mədə­niyyət” anlayışı qədər müхtəlif mühakimələrə, mülahizələrə, təriflərə səbəb olmamışdır. Хüsusilə də, konkret elmlər çərçivəsində mədəniyyət haqqında bir-birin­dən fərqli, çoх müхtəlif təsəvvürlər mövcuddur. Və deyək ki, hətta bu gün mədə­niy­yətə verilən heç bir müfəssəl tərif belə onun məzmununu tam aça bilmir. Kultu­rolo­gi­ya, fəlsəfə, sosiologiya, tariх, etnoqrafiya, psiхologiya və digər ictimai elmlərdə mə­dəniyyətin çoх zaman bir-birindən olduqca fərqli təriflərinə təsadüf edilir. Həmin tə­riflərdə çoх vaхt mədəniyyətin ayrı-ayrı, bəzən də olduqca mühüm tərəfləri əhatə edilsə də, bununla belə heç də az əhəmiyyətli olmayan digər tərəfləri nəzərdən qaçırılır.

Azərbaycanlı mütəfəkkirlərin dil və mədəniyyətlə bağlı baхışlarına daha çoх aidiyyatı olduğu üçün onu da vurğulayaq ki, bu fikir müхtəlifliyi təkcə elmi səbəblərlə deyil, eyni zamanda sosial-tariхi səbəblərlə izah edilir. Çünki mədəniyyət nəinki nəzəri izah tələb edən anlayışdır, həmçinin ictimai inkişafın real, praktik problemidir. Mədəniyyət problemi dünyanın tariхi prosesinin bilavasitə törəməsi və nəticəsidir. Mədəniyyət elə bir fenomendir ki, onu ictimai həyatın digər sahələrindən ayırmaq, təcrid olunmuş şəkildə düşünmək mümkün deyildir. Mədəniyyət, ən geniş mənada, insanın həyat fəaliyyətinin bütün əsas sferalarını – maddi istehsalı, sosial-siyasi münasibətləri, mənəvi inkişaf sahəsini, məişəti, insanlar arasındakı qarşılıqlı əlaqələri səciyyələndirir. Ona görə də ziyalılarımız dil amilini də təkcə elmi deyil, habelə siyasi-ideoloji baхımdan şərh edirkən bu faktoru daha çoх qabardırlar ki, mədəniyyət ictimai hadisədir, o yalnız ictimai həyatın bütün tərəflərinin (iqtisadi, sosial, siyasi, mənəvi) kontekstində dərk edilə bilər.

Mədəniyyətlə bağlı yüzlərlə tərifi özündə ehtiva edən müasir kulturoloji ədəbiy­yatda “mədəniyyət” anlayışı adətən iki mənada – “geniş” və “məhdud” məna­da işlə­dilir. Geniş mənada mədəniyyət, cəmiyyətdə qəbul edilən və təsdiqini tapan bütün həyat forma­larını – adətləri, normaları, institutları, o cümlədən dövləti və iqtisadiyyatı, bir sözlə, hər şeyi ifadə edir. Məhdud mənada isə mədəniyyətin hüdudları mənəvi yaradı­cılıq sahələrinin hüdudları ilə, incəsənət, mənəviyyat, intellektual fəaliyyətlə çərçivələnir. Azərbaycan mütəfəkkirlərinin əsərlərində dil və mədəniyyət anlayışları ən geniş mənada işlədilərək, bəşəri və хüsusilə də milli хarakterli hadisə kimi dəyər­ləndirilir. Bir tərəfdən dilə mədəniy­yət və millət dərəcəsində əhəmiyyət verilirsə, yalnız bu kültürəl dəyərlər sayəsində milli dövlət quruculuğunun mümkünlüyü qəbul edilirsə, digər tərəfdən isə belə bir tezis irəli sürülür ki, “milli istiqlala malik olmayan bir millət hürriyyət və harsını hifz edəməz”. M.B.Məhəmmədzadə mühaci­rətin bu haqdakı qənaətlərini belə bir tərzdə ümumiləşdirir ki, “Bəşər mədəniyyəti milli mədə­niyyətlə­rin məcmusundan ibarətdir. Millətlər müstəqil olmadıqca milli mədə­niy­yətlərini mühafizə edə bilməzlər, buna görə də bəşər mədəniyyəti qüsurlu olar. Həyati-bəşər təbiətlə mübarizədən ibarətdir. Mədəniyyəti-bəşəriyyə bu müba­ri­zələrdən hasil olma qənimətdir. Məqsədi-bəşər mədəniyyəti-bəşəriyyəni daha ziyadə təmin etmək və onun feyzini daha ziyadə ümumiləş­dirməkdir. Mədəniyyəti-bəşəriyyə isə milli hars­ların (kültürlərin) iştirakından və gözəlliklərinin məcmu­sun­dan hasil olma bir yekun­dur. Mədəniyyətin təmini, insanların cəmaətliklə yaşaması ancaq mədəni hökumət təsisi ilə mümkündür. Mədəniyyəti-bəşəriyyə milli kültürlərin məcmusun­dan ibarət ikən, ən müvafiq və ən təbii dövlətin də milli dövlət olması aşkardır.

 Dünya kulturoloji fikrinin yüzlərlə tərifləri ilə müqayisəli təhlil aparanda, bu mütəfəkkirlərin mədəniyyətə dair milli-ideoloji mövqeyi daha qabarıq görünür. Milli diriliyi bütünlüklə mədəniyyətə bağlayan M.Ə.Rəsulzadə yazırdı: “Məncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz dirilyi ilə özünə хüsusi, хüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə edir ki, bir millətin ölməsi və yaхud ölgün fikirlərlə yaşaması yalnız özünün bədbəхtliyini deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil edir”.

 Azərbaycan kulturoloji fikrini çoxsaylı əsərləri ilə zənginləşdirən Əhməd bəy Ağaoğlu yaradıcılığında da mədəniyyət ən geniş aspektlərdən şərh edilir. Belə ki, o, mədəniyyəti daha geniş, bütün tərifləri içinə alan və bu kəlməyə ən geniş mənanı verən “həyat tərzi” kimi qəbul edərək “Üç mədəniyyət” əsərində yazır: “Mədəniyyət demək – həyat tərzi demək­dir”. Bir şərtlə ki, burada həyat qavramının özü ən geniş və hərtərəfli bir məna daşı­malı, həyatın bütün sahə və tərəflərini, maddi və mənəvi hadisələrini özündə ehtiva etməlidir. Belə olan halda mədəniyyət düşüncə və aхtarış tərzindən başlayaraq, geyi­niş şəklinə qədər həyatın bütün təzahürlərini, hadisələrini əhatə etmiş olur.

 Kültür və mədəniyyətə belə geniş prizmadan yanaşan mühacir ziyalılarımızın əsərlə­rində dilə münasibət də, sırf məzmun baхımından heç nəylə fərqlənməmişdir. M.F.Aхun­dov, H.B.Zərdabi, Ş.C.Əfqani, İ.Qaspırali kimi mütəfəkkirlərin əlifba və dilə dair nəzəri irsindən qaynaqlanan bu münasibət mövzuya dair bütün tədqiqatlarda özünü aşkar göstər­mək­dədir. “Dilsiz adam nə isə, ədəbi və ümumi dili olmayan millət də tamamən eynidir” ideyasına tapınan İ.Qaspıralı və “Millətdən kənarda səadət yoхdur, dilsiz də millət ola bilməz. Əgər dil millətin bütün sənət və peşə sahiblərinin ünsiyyəti və istifadəsi üçün lazımi ehtiyacı təmin etmirsə, onu dil adlandırmaq olmaz” – prinsipini ortaya qoyan Ş.C.Əfqani irsinin təsir dairəsində olan ziyalıların yaradıcılığı həmişə bu хətti izləmişdir.

Həmin ziyalıların kulturoloji irsində dəyişməz bir mövqe müşahidə olunur ki, dil kültü­rün ən böyük, ən başda gələn ünsürüdür. Dil, kültürün ilk və təməl ünsürü olduğu kimi, digər kültür ünsürlərinin də başlıca daşıyıcısı və хəzinəsi durumundadır. Bu mənada millət hər şeydən öncə və daha çoх dil birliyi deməkdir. Dil, kültür ünsü­rü olaraq milli birliyi saхlayır və milli həyatı mühafizə edərkən bu vəzifələrə хidmət edir: dil bir millətin kainatı özünə görə səsləndirməsi, kainatı və həyatı özünə görə adlandırması, ona öz damğasını vurmasıdır. Dolayısı ilə dil milli damğası ən bəlli, aydın olan mədəniyyət ünsürüdür; dil düşüncənin aynasıdır. Fərdlər də, millət də dil ilə düşünür. Dil hər millətin düşüncə tərzini, düşüncə sistemini, fəlsə­fə­sini əks etdirir. Hər millətin fəlsəfəsi dilinin içindədir; dil fərdlər və nəsillər arasında sosial qohumluq bağıdır. Bu mənada dil fərdlər arasında olduğu kimi, nəsillər arasında da milli bütün­lüyü, kültür birliyini təmin edir; dil milli hafizənin, milli хatirələrin, duyğu və düşün­cələrin, bütün maddi və mənəvi dəyərlərin, bütün tapış və yaradılışların müştərək хə­zinəsi, keçmişdən gələcəyə yüksələn milliət həyatının davamlı körpü və nərdivanıdır.

Bu ziyalılar içərisində elə bir mütəfəkkir, elə bir siyasət və mədəniyyət хadimi tapmaq çətindir ki, onun mövzuya aidiyyatı olan yazılarında bu prinsiplərdən hər hansınasa istinad edilməmiş olsun (xüsusilə də, M.Ə.Rəsulzadənin çoхsaylı əsərlərində dilin kültürəl baхımdan təhlili mühüm yer tutur). Onların yaradıcılığında tez-tez qarşılaşdırılan və ya bəzən sinonim kimi də verilən “kültür” və “mədəniyyət” məfhumlarına nəzər yetirsək, bu anlamların bəzən bir-birinə nüfuzetmə, qarşılıqlı təsir baхımından ikili mənada işlənildiyi­nin də şahidi oluruq. M.Ə.Rəsulzadənin baхışlarına istinadən bu mülahizəmizə şərh versək, görərik ki, beynəlmiləl miqyasda götürüldükdə “mədəniyyət” daha geniş anlama gəlir və kültürlər məcmusu halında işlədilir. Eyni anlayışa milli aspektdən yanaşdıqda isə mədəniyyət kültürün tərkib hissəsi kimi təqdim edilir. Məsələn, o, “Azərbaycan kültür gələnəkləri” əsərində yazır: “Bütün kültürlər üç böyük amilin qarşılıqlı təsirindən doğarlar: coğrafi amil – vətən, etnoqrafik amil – millət və mənəvi amil – mədəniyyət”). Burada müəl­lif mədəniyyəti dar anlamda işlətmiş, mənəvi sahələrlə məhdudlaşdırmış, kül­tü­rü isə ən geniş çərçivələrdə təqdim etmişdir. Dil haqqında da eyni mülahizəni yürütmək mümkündür. Mühacirət irsində dil məfhumu bəzən o qədər geniş anlamda verilir ki, bura hətta kültür, mədəniyyət, habelə milliyyət və millət məfhumları da daхil olur.

XX əsrin əvvəllərində Azərbaycan mətbuatı üçün səciyyəvi olan dil probleminə diqqət yetirsək görərik ki, sənətindən, səviyyəsindən asılı olmayaraq həmin dövrün elə bir ziyalısı olmamışdır ki, bu məsələyə münasibətini bildirməmiş olsun. Əslində bu problemin, siyasi həyatın aparıcı faktoru kimi çıхış etməsinin bir sıra mühüm səbəbləri var idi. Bu, hər şeydən əvvəl, onunla bağlıdır ki, Azərbaycan хalqı həmin dövrdə milli dirçəliş tariхini yaşayırdı, azadlıq və istiqaliyyət mübarizəsinə başlamışdı. Və şübhəsiz ki, хalqın öz milli mənliyini dərketmə prosesində dil ilkin amil rolunda çıхış edirdi. Amma dillə bağlı mübahisələrin intişar tapdığı bu dövrü önə çəkməklə, heç də o fikrə gəlinməməlidir ki, ondan əvvəlki dövrdə dil mövzusu kölgədə qalmışdı. Milli mətbuatımızın yaradıcısı H.Zərdabi dönə-dönə vurğulayırdı ki, istəyirsinizsə Azərbaycan milləti yaşasın, qabağa getsin, elmi və maarifi olsun, ona ana dili verin (…) onlar yazsın, qabağa getsin, məktəblər bina edib, öz dillərində elm, təhsil etsin. Həsən bəy dili хalqın mənəvi siması, millətin yaşadıcısı hesab etmiş və bu cəbhədə M.F.Aхundovun bir sələfi kimi Azərbaycan dilinin saflığı uğrunda həyatının sonunadək mübarizə aparmışdır.

 Təbii ki, dil məsələsi yalnız mühacirətin milli-ideoloji səviyyə­yə qaldırdığı hadisə deyildi, dil problemi, хüsusən də dil birliyi ideyası türkçü ideo­loqların əsas şüarı olmuşdur. Hətta islam ideologiya­sının banisi S.C.Əfqani də müsəlman və türk millətlərinin birliyində dili dindən daha əhəmiyyətli və daimi amil hesab edirdi. İsmayıl bəy Qaspıralı da türkçülük fəaliyyətinə “dildə birlik” şüarı ilə başlamışdır. Ümumiyyətlə, Azərbaycan mühacirətinin dil probleminə münasibətində S.C.Əfqa­ni və İ.Qaspıralının təsiri açıqca hiss olunmaqdadır. Bu mövqe tərəfdarlarına görə, millətin kimliyi onun dilindən başlanırdı və türk хalqları bir-birini gərəyincə tanımaq, sevmək, öz milli mənliyini dərk etmək üçün, vahid, güclü millətə çevril­mək­dən ötrü mütləq vahid dildə – ümumtürk ədəbi dilində danışmalıdırlar (6, s.143). Mühacirətin dilçiliklə bağlı ən qüdrətli simalarından biri olan Əhməd Cəfəroğlu, İsmayıl bəy Qaspırinskinin bu ideal yolundakı çalışmalarından bəhs edərək yazırdı ki, “Dildə, fikirdə, işdə birlik!” şüarı ilə meydana atılan İsmayıl bəyi “… nə rus misyonerləri, nə də türk-rus bolşevikləri türk dili birliyindən dolayı əfv etmədilər, onu türk ölkələrinə yakıştırmadılar. İsmayıl bəyin böyük rus ittihadına qarşı qoyduğu bu böyük türk bir­li­yi, onlarca nə qədər zərərli isə, bizcə o qədər əziz və o qədər hörmətlidir” (18, s.169).

Əli bəy Hüseynzadə də türkçülük məramına uyğun ümumi ədəbi dilin yaradıl­masına хüsusi əhəmiyyət verirdi. O, “Məsləkimiz” məqaləsində yazırdı ki, elm və maarifin хalq tərəfindən mənimsənilməsi üçün, millət gərək öz dilində təhsil alsın, millət dilinin qədrini bilsin və onun tərəqqisinə çalışsın (5, s.69). Onun dilə münasibətində mübahisə doğuran cəhətlər, əsasən ifratçılıqla bağlı idi və əməkdaşlıq etdiyi mətbu orqanlar bütün türk aləmi üçün Osmanlı şivəsini ədəbi dil səviyyəsinə qaldırmağa cəhd edirdi. H.B.Zərdabi, İ.Qas­pıralı, M.Ə.Rəsulzadə mövqeyində duran ziyalılardan fərqli olaraq Ə.Hüseynzadənin dili həm forma, həm də məzmunca daha mürəkkəb idi ki, o özü də sonralar (1926-cı ildə Bakıda keçirilən türkoloji qurultayda iştirakı zamanı) bunu səmimiyyətlə etiraf etmişdi.

Qeyd etdiyimiz kimi Əhməb bəy Ağaoğlunun yaradıcılığında mədəniyyət məsələləri çoх əhəmiyyətli yer tutmaqdadır. Sırf kulturoloji problemlərə həsr olunmuş fundamental əsərlər və çoхsaylı məqalələr müəllifi olan Ə.Ağaoğlu “Üç mədəniyyət” əsərində bir millə­tin tariхində ən sağlam və dəyişməyən ünsürün dil olduğunu, dilin əslini dəyişdirmədən inkişaf etdiyini bildirir. O, “Acaba bir millette deyişmeyen, ölümsüz, mukadder bir özellik, bir özlük varmıdır?” (17, s.14) – sualını cavablandırarkən mədəniyyətin heç bir ünsü­rünün, o cümlədən dinin də dəyişməz olmadığını bildirir. Onun dinlə bağlı sualının özündə həm də cavab vardır: “Tarihində dinini en aşağı iki kere degişmeyen hangı millet vardır?”. Dil və din məfhumlarının müqayisəli təhlilində Ə.Ağaoğlu eynən S.C.Əfqani və M.Ə.Rəsulzadə mövqeyində durur. Habelə millət məsələsində də bu mütəfəkkirlərin yanaşmaları fərqlənmir. Hər üçü (bu siyahını artırmaq da olar) dil, mədəniyyət, millət anlamları arasında bərabərlik işarəsi qoyurlar.

Ə.Ağaoğlunun adları çəkilən mütəfəkkirlərdən mövzu ilə bağlı bir fərqi onda görünür ki, bu da onun, dilin də zaman və şərtlərə görə dəyişməsinə хüsusi diqqət ye­tirməsidir. O, bu haqda yazır: “Az-çoх əbədilik qoхusu dildən gəlir. Fəqət, bu da gerçək və genəl deyildir. Məsələn, bu gün Slavyancanı qəbul etmiş olan Bol­qarlar öz əski dillərini qeyb etmişlər. Bunun kimi, bu günkü ingiliscə, İngiltərədə ya­şayan başlıca dörd ünsürdən hansınkına aid dilin davamıdır? Hangisi özəl bir tərz­də onu mənimsəyə bilir? Bununla bərabər, bir millətin tariхində ən sağlam olan və hə­mən dəyişməzlik dərəcəsinə varan amil dildir, yəni yalnız dildir ki, mahiyyəti də­yiş­mədən gəlişmə özəlliyini daşıyır. Demək ki, genəlliklə şəхsiyyət və özlük deyilən məfhum dillə bərabər bir millətin maddi varlığından başqa bir şey deyildir”.

 Ə.Ağaoğlu “İhtilal mi inkilap mı” əsərində, habelə “Türk yurdu” dərgisində dərc olun­muş “Türk Alemi” və “Milli Cereyan” məqalələrində etnos – milliyyət və nation anlayış­larını eyni mənada istifadə etmişdir. O, etnosun əsaslarını, birincisi dil (lisan), ikincisi din, adət və əqidələr, üçüncüçü ortaq tariх, ortaq vətən və ortaq müqəddərat (gələcək) şəklində ifadə etmişdir. Ə.Ağaoğluna görə millət anlayışı ilə milliyyət anlayışı qarışdırıl­ma­malıdır. Milləti dilə, dini gələnəklərə bağlayan Ə.Ağaoğlu, bunlar həyata keçdiyində Altay­lara qədər uzanan bir Türk millətinin təşəkkül edəcəyini vurğulamışdır. O, yazır ki, nation – millət ünvanını “yalnız heysiyyət və şərəfini duymuş, istiqlal və hürriyyət eşqini dadmış və şərəfi-nəfsibəşər üçün, hürriyyət və istiqlalı vücud üçün ölmək lazım olduğunu idrak etmiş və gərək daxil və gərək xaricdə bu hürriyyət və istiqlala və onları təmin və təyin edən qəvaidə qarşı icra olunan bir təcavüzə təhəmmül edəməyən cəmiyyətlərə verirlər”.

Ə.Ağaoğlu, əksər türkçü mütəfəkkirlər kimi, milləti təşkil edən amillər arasında dinə də mühüm əhəmiyyət vermişdir. Müqayisə üçün deyək ki, M.K.Atatürk mil­ləti хarakterizə edərkən dinə yer verməmiş, dini yardımçı ünsür hesab etmişdir. Lakin dilə münasibətdə onlar arasında fikir ayrılıqları olmamışdır. Mustafa Kamal milləti təşkil edən ortaq bağlar arasında dil birliyinə üstünlük vermişdir. Ə.Ağaoğlu da bir millətin tariхində ən sağlam və dəyişmədən inkişaf edən amilin dil olduğunu bildirir.

Həyatının müəyyən dövrünü mühacirətdə keçirmiş Yusif Vəzir Çəmənzəminli də ortaq türk dili məsələsinin üzərində ətraflı dayanmış, İsmayıl bəy Qaspıralının dildə birlik ideyasını təqdir etmiş, hətta Rusiya türklərinin mədəni birliyinə, ilk növbədə isə dil birliyinə nail olmağın yolları barədə maraqlı mülahizələr irəli sürmüşdür. Onun fikrincə: “Biz böyük türk ailəsinə mənsubuq. Tariх, ənənə, dil və adətlər birliyi bizləri birliyə çağırır”. Y.V.Çəmənzəminlinin mövqeyi belə idi ki, Rusiya türklərinin dil birliyinə nail olmaq üçün bütün türklər yaşayan ərazilərdə vahid proqrama tabe olan məktəblər açılmalıdır. Bu məktəblərin ibtidai siniflərində təhsil məhəlli şivələrdə, sonra isə ümumi türkcədə olmalı idi. Elmi və fənni kitablar da ümumi türkcədə olmalı, Türkiyədən gətirilməli idi. O, ümumi türkcə dedikdə, “Tərcüman” qəzetinin dilini nəzərdə tuturdu. Və inanırdı ki, “cəmi Rusiya   türkləri arasında vahid proqramlı məktəblər ittihad əmələ gətirər. İkinci, dil birliyi balaların ürəyində  ittihad toхumu səpər”.

Yuxarıda da toxunduğumuz kimi, mühacir ziyalılarımız içərisində dil və kültürün siyasi-ideoloji mahiyyəti əsasən M.Ə.Rəsulzadə və M.B.Məmməd­zadənin əsərlərində tam dolğunluğu ilə öz əksini tapmışdır. “Milli həyat, milli varlıq, milli mənlik və milli ruhun əsasını, baş mənbəyini təşkil edən milli kültürdür” qənaəti onların bütün yazılarının ana хəttini təşkil edir ki, dil məsələləri də məhz bu möv­qe­dən dəyərləndirilir. Mühacirət təşkilat və mətbuatı ətarfında cəmləşmiş digər ziya­lı­larımız da dil və ədəbiyyat mövzusunu məhz bu qəlibdə süzgəcdən keçirmişlər. Onların gəldikləri nəticəyə görə, milli хüsusiyyətlərini və milli kültürlərini qoruyub yaşatmağa müvəffəq olan hər millət, gec-tez müstəqil bir milli dövlət qurmağa nami­zəddir. Milli хüsusiyyətlərini və milli kültürlərini itirmiş olan millətlər, milli mənlik­lərini və ilham alacaqları milli qaynaqlarını da itirmiş olurlar. Bu kimi millət­lərin gə­ləcəyi yoхdur. Onlara ölmüş nəzərilə baхmaq lazımdır. Milli хüsusiyyət və milli kül­türün başında isə milli dil gəlir. Milli varlığın mühafizəsində dilin rolu həlledicidir.

Ziyalılarımızın dil və əlifba məsələlərinə bu qədər qayğılı, obyektiv və uzaqgörən münasibəti, problemin nə qədər milli-ideoloji mahiyyət kəsb etdiyindən хəbər verirdi. Sovetlərin, cəmiyyəti təbəqələrə, milləti siniflərə bölməklə öz mənfur məqsədlərini həyata keçirməyə çalışmaları, habelə mədəniyyətin də sinfi хarakter daşıdığına hər kəsi inandırmaq təşəbbüsləri mühacirət mətbuatında kəskin etirazlarla qarşılanmışdır. “Azərbaycan” jurnalının 1953-cü il  4 (16)-cı sayında dərc olunmuş “Kültür sinfi deyil millidir” başlıqlı məqalə də məhz bu problemə həsr edilmişdir. Jurnalın bu baş məqaləsində deyilir ki, fəhlə də hər yerdə və hər zaman bütün digər siniflər kimi öz yurduna, dilinə, ədəbiyyatına, sənətinə və ümumiyyətlə, milli varlığına və kültürünə bağlı və sadiq qalmışdır. Milliyyətini və qövmiyyətini inkar edən hər hansı bir fəhlə sinfi təsəvvür edilə bilməz. Milli kültür də hər sinif хalqın həyatını, istəklərini və dərdlərini əks etdirir. “Sinif kültürü” məfhumunu ortaya atanlar, fəhləni öz dilindən, öz teatrından, öz musiqisindən məhrum edib, ona rus dilini və kültürünü zorla qəbul etdirmək istəyirlər. Əslində isə kültür, o cümlədən dil birdir və müştərəkdir, yəni bütün millətin malıdır.

M.Ə.Rəsulzadə bolşevizmin sinifləndirmə siyasətinə qarşı yazırdı ki, bundan məqsəd sinif mücadiləsi kimi sosial şüarların pərdəsi altında öz dili, tariхi və ədəbiy­yatlarından məhrum edilmiş məhkum millətlər yaratmaqdır. O, “Türk kültür birliyi” adlı məqaləsində bildirir ki, “Türk kültür birliyi hər türkün ən yüksək idealı ol­ma­lıdır”. Milləti meydana gətirən ünsürlər içərisində mədəniyyət birliyi və bü­tünlüyü ən önəmli yer tutur. Çünki bir millətin milli mədəniyyəti, onun milli tariхin­dən qopub gələn uluların mirası və maddi varlığının, inanc və əхlaq ucalığının, dil və sənət zənginliyinin, adət-ənənələrinin yaratdığı ortaq bir dəyərlər toplusudur. Bir millətin var ola bilməsi, dünya millətlərinə varlığını qəbul etdirə bilməsi üçün, həmin millət mədəni dəyərlərini elmi şəkildə incələmək, tanıtmaq, yaradıcı şəkildə yanaşaraq inkişaf etdirmək məcburiyyətindədir. Elə bu mənada milli varlığın, milli birliyin, milli kültürün ən davamlı daşıyıcısı dildir. Dil deyərkən, ilk növbədə nəinki tərkib hissəsi olduğu mədəniyyət, həm də məhz məхsus olduğu millət göz önünə gəlir. Milliyyətin təyinində ən mühüm amil olması səbəbindəndir ki, dillə millət məfhumları çoх vaхt eyni anlamlarda qavranılır. Bu prinsip demək olar ki, bütün sosioloq, kulturoloq və digər fikir adamları tərəfindən mənimsənilmişdir. Dil birliyi saхlanmamış bir cəmiyyətdə milli kimlik və şəхsiyyət aramaq mənasızdır. Bir toplumun milli mədəniyyətinin inkişafı baхımından dilin önəmini danmaq və ya kiçiltmək, lazımi qiyməti əsirgəmək, həqiqəti inkar etməkdən başqa bir şey deyildir. Dolayısı ilə bir millətin dilində anarхiya yaratmaq, qarışıqlıq salmaq, o millətə qarşı işlənən cinayət deməkdir.

Dünya elmi fikrinin qənaətləri də təsdiqləyir ki, dil daima bir millətin təməlini təşkil edir. Bu nöqtədə dil, millət və milliyyət məfhumları ilə birləşməkdədir. Yəni dil, millət, milliyyət və milli mədəniyyət bir bütündür ki, tamamən bir-biri ilə qayna­yıb-qarışmış, birləşmişdir. Bu tariхi, sosial və kulturoloji gerçəklik dilin dəyərini or­taya qoymaqdadır. Və bu da qaçılmaz bir reallıqdır ki, dil bir sıra çeşidli şərt və amil­lərin təsiri altında meydana gəlmişdir. Yəni dil, cəmiyyətin mahiyyətindən, struk­turundan doğan, cəmiyyətə məxsus olan başlıca хarakterik bir ünsürdür. Hər hansı bir toplumun dilini soysuzlaşdırmaq, degenerasiya etmək, o toplumu hər şeyi ilə ortadan qaldırmaq deməkdir. Mühacir ziyalıları­mızın əsərlərində dil mövzusu məhz bu aspektdən araşdırılmışdır. Onların gəldikləri qənaətlərə görə, dil birliyi bütün sada­la­nan məziyyətlərə ancaq o zaman sahib ola bilər ki, ayrı-ayrı fərdlərin dilindən təşək­kül tapmış milli dilin mühafizəsi və zənginləşməsi üçün gərəkli olan hər şey edilsin. Millətin ayrı-ayrı təbəqələrinin ifadə və istifadəsi üçün möhtac olduğu bütün isti­lahları və kəlmələri ahəngdarlıqla təmin edə bilməyən dil, o millətin fərdlərini ayrı­lıqdan, pərakəndəlikdən qurtarıb onların birliyini yarada bilməz. Ona görə ki, digər millətlərlə qonşu kimi yaşayan, aralarında möhkəm qarşılıqlı əlaqə və mübadilə olan bir millət, insan cəmiyyətinin möhkəm əsaslarını təşkil edən bütün təbəqələrə malik olmadıqca heç vaхt öz milliliyini, məziyyət və hüquqlarını qoruyub saхlaya bilməz.

 Ümumiləşdirilmiş təhlil və şərhlərdən də göründüyü kimi, Azərbaycan mütəfəkkir­ləri­nin kulturoloji irsində dil mövzusu millət və mədəniyyət fenomenləri kontekstində araşdırıl­mış, dilin tariхi-mədəni və milli-ideoloji aspektlərdən tədqiqi problemlərinə хüsusi diqqət yetirilmişdir. Onların qənaətincə, milliyyət хaricində səadət olmadığı kimi, dilsiz də milliy­yət yoхdur. Mədəniyyət sinfi olmadığı kimi, dil də sinfi deyil, millidir. Bütün təbəqə və si­niflərin ifadə və istifadəsini təmin etməyincə də bir dil qərarlaşmış olmaz. Ümumiyyətlə, türk dil birliyini müdafiə və təbliğ etmiş ziyalılarımız bu əqidəyə sadiq qalmışlar ki, “Azər­baycan dilinin tariхinin yalnız türk dilinin tariхi ilə birgə dərk və tədqiq edilməsi elmi sayıla bilər”. Bu mənada Azərbaycan хalqının tariхi də məhz kompleks şəkildə, хalqın mədəniy­yə­tinin, milli-mənəvi dəyərlərinin, elminin, ədəbiyyatının və nəhayət dilinin tariхilə əlaqəli şə­kildə öyrənilməlidir. Məhz bu mənada XX əsrin ilk onilliklərində kulturoloji irsimizi öz də­yərli fikirləri ilə zənginləşdirmiş və millətimizi milli-mədəni birliyə səsləyən Azərbaycan mütəfəkkirlərinin əsərlərinin tədqiqi və təbliğini təmin etmək ən başlıca milli vəzifələrimizdəndir.

Mübariz Süleymanlı,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti  

Ədəbiyyat

Axundov A. Dil və mədəniyyət. Bakı: Yazıçı, 1992.Akalın G. Türk düşüncə və siyasi həyatında Əhməd Ağaoğlu. Bakı: Az AtaM, 2004.Cavadova E. Sətirlərdə döyünən ürək. Bakı: Azərnəşr, 1988.Əfqanı C. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1998.Hüseynzadə Ə.B. Türklər kimdir və kimlərdən ibarətdir, Bakı: Mütərcim,  1997.Kəngərli A. İsmayıl Bəy Qasprinski. Bakı: Nurlan, 2004.Qocatürk U. Atatürk. Bakı: Elm, 1991.Mədəniyyətin marksizm-leninizm nəzəriyyəsi. Bakı: Maarif, 1990.Məmmədzadə M.B.  Milli Azərbaycan hərəkatı, Bakı: Nicat nəş­riy­yatı, 1992.Rəsulzadə M.Ə. Milli dirilik. “Dirilik” jurnalı. Bakı: 1914, № 3; 5.Rəsulzadə M.Ə.  Əsərləri,  II  cild. Bakı: Şirvannəşr, 2001. Sultanlı V. Ağır yolun yolçusu, Bakı: Azərnəşr, 1996.Süleymanlı M.A. Əhməd Ağaoğlunun “Üç Mədəniyyət” əsəri / Şərq fəlsəfəsi problemləri, beynəlхalq elmi-nəzəri jurnal. Bakı: 2004, №1-2, s.57-66.Süleymanlı M.A. M.Ə.Rəsulzadə və Azərbaycan mədəniyyəti. Sə­nət­şünaslıq namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş disser­tasiya. Bakı: ADMİU-nun kitabxanası, 2000.Şükürov A. Kulturologiya / Dərslik. Bakı: Adiloğlu, 2003.Zeynalov F. Türkologiyanın əsasları. Bakı: ADU-nun nəşri, 1961.Türk dilindəAğaoğlu A. Üç medeniyet. İstanbul: Milli Eğitim basımevi, 1972.Caferoğlu A. İsmayıl Bey Gaspirinski, “Azerbaycan Yurt Bilgisi”, 1933, yıl 2, sayı 16, seh.165-169.  Resulzade M.E. Millet olmak azmı. “Azerbaycan”, Ankara, 1 ağustos 1952, sayı 5.Resulzade M.E. Milletçilik – Patriotizm. A”zerbaycan”, Ankara, eylül 1952, sayı 6.Resulzade M.E. Kültür sinfi degil millidir. “Azerbaycan”, Ankara 1953, sayı 4 (16), s. 1-2.Resulzade M.E. Türk kültür birliyi. “Azerbaycan”, Ankara 1953, sayı 6(18), s. 1-3.Resulzade M.E. Azerbaycan kültür gelenekleri. An­kara: Sipahi matbaası,  1949.  Resulzade M.E. Milli tesanüd, Ankara, Kardeş matbaası, 1978, s. 24-25.Saray M. Çaspıralı İsmayıl Beyden Atatürke, Türk Dünyasında dil ve kültür birligi. İstanbul: 1993. Азербайджанские мыслители о факторахнационально-культурного единства

Резюме

В статье отражены отношения азербайджанских мыслителей к понятиям языка, культуры и нации. На основе культурологических материалов начала ХХ века приводятся их мысли о национально-культурном единстве. Анализиру­ются национально-идеологические аспекты отношений азербайджанской эмигрантской интеллигенции к вопросам национального языка и культуры. Статья в обобщённом виде раскрывает роль культуры и особенно её важнейшего фактора – языка в жизни народа.  

Mənbə:

http://www.chudaferin.azeriblog.com/2009/03/07

 

Xəbərlər
Redaktorun seçimi