“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.06.2014, 19:29
2315

Milli ideya: mərhələ təsnifatı və səciyyəsi

A- A+

Keçid dövrünü başa vurduğumuz indiki şəraitdə digər ictimai, iqtisadi, mədəni, sosial məsələlərlə yanaşı, həmişə aktuallıq kəsb edən «milli ideya» anlayışına da müasir dövrün və müasir elmi-nəzəri səviyyənin tələbləri mövqeyindən yanaşmaq zərurəti meydana çıxmışdır.

Mübahisəyə ehtiyac yoxdur ki, ayrıayrı dövrlərdə və ictimai-siyasi vəziyyətlərdə müxtəlif mövqeli insanlar üçün son dərəcə cəlbedici olan «millət», «milli münasibətlər », «milli ideya» terminləri və onların daşıdığı məna yükü ilə fəlsəfə tarixinin kateqoriyaları arasındakı təbii təmasların aşkarlanması, sadəcə olaraq, elm məsələsi deyil, bundan daha artıq dərəcədə dövlət və həyat məsələsidir. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin «Bakinski raboçi» qəzetindəki müsahibəsi yeni dövrümüzün mahiyyət və xarakterini özündə ehtiva edən milli ideya anlayışına tam aydınlıq gətirir.

Bəri başdan qeyd edək ki, bu müsahibə sıradan biri deyil, sözün əsl mənasında mükəmməl elmi-fəlsəfi təcrübəyə əsaslanan tədqiqatdır. Müsahibənin ana xəttini Azərbaycan milli ideyasının inkişaf mərhələlərini müəyyənləşdirməklə onun ictimai xarakterini dünya humanitar elminin prinsipləri əsasında səciyyələndirmək kimi mühüm vəzifə təşkil edir. Həmçinin əhəmiyyətlidir ki, irəli sürülən mərhələ təsnifatı formal və sxematik xarakter daşımır, bu mərhələlərin hər biri özündə mədəniyyət tariximizin əsas meyil və istiqamətlərini cəmləşdirən təbii elmi şərtlərə söykənir. Milli ideyanın təşəkkülü, formalaşması və inkişafı ilə bağlı bütün təmayüllər bir süjet ətrafına toplanaraq mühüm konseptual nəticənin əsası olur.

Akademik Ramiz Mehdiyev dünya xalqlarının millət və dövlətə bağlı düşüncələrinin millət və dövlət üçün əsas şərtlərdən biri olması tezisini irəli sürür: «Milli dövlətin dəyərini heç də bütün xalqlar obyektiv dərk edə bilmir. Bu isə nəticə etibarilə həmin xalqların yox olmasına və ya ümumdünya proseslərində onların əhəmiyyətinin heçə enməsinə gətirib çıxarır». Yəni milli dövlət anlayışı dərk olunan həqiqətə çevrilənə qədər insan şüurunda mücərrəd məfhum kimi mürgüləyir. Heç də asan olmayan bir təfəkkür hadisəsi – milli dövlət anlayışının öz mücərrəd qabığından çıxaraq konkretləşməsi çox böyük tarixi prosesin nəticəsi ola bilər. Şübhəsiz, bu proses maarifçilik dərslərindən, milli-mədəni dəyərlərdən, xalqın milli mənlik şüurunun artmasından keçib gedən canlı həyat hadisəsidir. Müsahibədə milli dövlət anlayışının dərkindən sonrakı dövrə aid olan tələblərə də tam aydınlıq gətirilir: «Millətin öz strateji inkişaf proqramı, milli ideyası – dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsədləri və prioritetləri olmalıdır».

Bütün bunlar xalqların gələcəyə baxışlar sisteminin möhkəm təməl üzərində qurulmasını, inkişafın istiqamətlərini müəyyənləşdirməklə daima nəzarətdə saxlanılmasını, milli ideyanın nəzəriyyədən praktikaya yönəldilməsini zərurətə çevirən amillərdir. Akademik Ramiz Mehdiyevin müəllifliyi ilə ortaya çıxan milli ideya təsnifatının birinci mərhələsi 1828-1875-ci illəri əhatə edir. Türkmənçay müqaviləsindən başlayan bu mərhələ tarixi ərazilərin parçalanması nisgilinə dayanır və daha çox cəmiyyət daxilinə səpilmiş milli oyanış toxumları ilə səciyyələnir. Müsahibədə deyilir: «Rusiya-İran müharibəsindən sonra Azərbaycanın şimal hissəsinin ərazisi Rusiya imperiyasının tərkibində qalmış, burada azərbaycanlıların tədricən həmrəy olması prosesi (qabartma bizimdir – K.Ə.) başlanmışdır». Şübhəsiz, birinci mərhələnin özünütəsdiqi həmrəylik təşəbbüslərinə borcludur.

Bu təşəbbüslər ilk növbədə ədəbi məclisləri reallaşdırdı. Qubada, Şamaxıda, Gəncədə, Şuşada, Ordubadda, Lənkəranda – Azərbaycanın, demək olar ki, hər bölgəsində X1X əsrin sayılıb seçilən şairləri ədəbi məclis formasında bir araya gəldilər. Həmin məclislərdə oxunan, müzakirə edilən şeirlərin qüvvətli, yaxud zəifliyindən asılı olmayaraq, fikir inkişafına güclü təkan verildi. Məclislərarasıü ünsiyyət formaları, xüsusilə məktublaşmalar və nəzirə yaradıcılığı fikir inkişafının sərhədlərini daha da genişləndirdi. Birinci mərhələdə həmrəyliyin başqa bir reallıq faktı dramaturgiyanın yaranmasına söykənən teatr tamaşaları idi. Teatr ziyalı düşüncəsini, ziyalı fikrini xeyli dərəcədə kütləviləşdirdi və bu fikirlərin xalq nümayəndələrinə çatdırılmasının yeni və canlı forması kimi vətəndaşlıq hüququ qazandı. Görkəmli alimin təqdimatında o dövr Azərbaycan ziyalılarının qabaqcıl nümayəndələri olan Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Mirzə Kazımbəy ədəbiyyat və dilçilik tarixinin sərhədlərindən çıxarılaraq milli ideyanın reallığa çevrilməsi yolunda əvəzsiz şəxsiyyət statusu qazanırlar. Həmçinin «Türk-tatar dilinin qrammatikası» kitabının müəllifi Mirzə Kazımbəyin adının ilk dəfə ədəbi-elmi və fəlsəfi-tarixi müstəvidə Azərbaycan yazıçıları ilə bir sırada çəkilməsi milli ideyanın ana dilindən təcrid edilmiş şəkildə formalaşmasının qeyri-mümkünlüyü barədə müddəaya işarədir.

1875-ci ildən XX əsrin əvvəlinə qədərki ikinci mərhələnin əsas istiqamətlərini dini-mistik poeziyaya qarşı atılan addımlar və elmi nailiyyətlərlə tanışlıq təşkil edir. Müsahibədən aydın olur ki, həmin nailiyyətlərin əsasında Həsən bəy Zərdabi tərəfindən təsis edilmiş «Əkinçi» qəzeti ilə başlayan mətbuat marafonunun genişlənməsi və yeni tipli məktəblərin açılması kimi mütərəqqi əməllər dayanmış, bunlar da öz növbəsində milli təfəkkürün inkişafına güclü təkan vermişdir. Müsahibədə ikinci mərhələnin başlanğıc faktı və hərəkətverici qüvvəsi olan «Əkinçi» qəzetinin əhəmiyyəti yüksək səviyyədən dəyərləndirilir: «Maarifçilik ideyasının daşıyıcısı kimi «Əkinçi» qəzeti sayca çox olmayan Azərbaycan ziyalılarında milli mənlik şüurunun formalaşmasının təməlini qoymaqla tarixi rol oynamışdır». Beləliklə, Azərbaycan milli ideyasının formalaşmasında həmrəylikdən (ədəbi məclis və teatrdan!) mətbuata doğru hərəkət həm birinci mərhələdən ikinci mərhələyə keçidin təbiiliyini şərtləndirir, həm də milli ideya anlayışının tarixi kateqoriya olmasını təsdiq edir».

Türk mədəniyyəti ənənələrinin milli mənlik şüurunun tərkib hissəsinə çevrilməsi və «müsəlman milləti» anlayışı ilə yanaşı M.Şahtaxtinski tərəfindən «Azərbaycan türkləri» termininin dövriyyəyə çıxarılması milli ideyanın gerçəkləşməsi yolunda mühüm addım olmuşdur. Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə məhz bu dövrün yetişdirdiyi maarifçi şəxsiyyətlər idilər. Təadüfi deyil ki, onların əksəriyyəti Azərbaycandan kənarda təhsil almış və qabaqcıl ideyalara  yiyələnmişlər.

Azərbaycan milli ideyasının inkişafında ikinci mərhələnin uğurla başa çatmasının hərəkətverici qüvvələri də məhz mütərəqqi fikir cərəyanlarına söykənən həmin ziyalılar idi. Müsahibə-tədqiqatdan aydın olur ki, milli ideyanın inkişafında üçüncü mərhələ 1905-1907-ci illər inqilabından 1918-ci ilin mayınadək olan illərə aiddir və bu mərhələdə siyasi partiyalar yaranır, mətbuat orqanları isə kütləvi xarakter alır. Hər iki istiqamət – həm siyasi partiyaların təşəkkülü, həm də mətbuatın kütləviləşməsi ədəbi-bədii, elmi-fəlsəfi mübahisələri açıq müstəviyə keçirir. Beləliklə, zənginləşən polemik ruh hər şeyi üstələyir və milli ideyalarla demokratik dəyərlərin qovuşuğu üçüncü mərhələnin əsas xarakterinə çevrilir.

Akademik Ramiz Mehdiyev Azərbaycan milli ideyasının inkişafında üçüncü mərhələni səciyyələndirərkən mətbuatın rolunu belə dəyərləndirir: «Həyat» və «İrşad» qəzetlərinin və «Füyuzat » jurnalının nəşri milli ideologiyanın yaranmasına, dövlətçilik təfəkkürünün və milli azadlıq ideyasının formalaşmasına təkan verir». Əslində sovet dönəmində milli ideya barədə tam və obyektiv təsəvvür yaranmaması məhz bu mərhələnin qeyri-obyektiv şərhi ilə də bağlı olmuşdur. Reallıq isə belədir ki, həmin mətbuat orqanları, xüsusilə də «Füyuzat»ın baş redaktoru Əli bəy Hüseynzadə Azərbaycan milli-siyasi həyatında fəlsəfi cərəyanların oyanışına təkan vermişdi: elmi-nəzəri təhlillər aparmış, Avropa ilə bağlı bədii fikri istiqamətləndirmiş, bədii tərcümənin əhəmiyyətinə və roluna dəyər vermiş, elitar düşüncə sisteminin üstünlüyünə haqq qazandırmışdır. Təsadüfi deyil ki, Azərbaycan milli ideyasının istiqamətlərini özü üçün tam yəqinləşdirən Ə.Hüseynzadə «Füyuzat» jurnalını bu istiqamətin ana kitabı hesab etmiş və jurnalın bütün saylarını ardıcıl səhifələtmişdir.

Milli ideyanın tarixi kateqoriya olması üçüncü mərhələdə mətbuatın fikir plüralizminə geniş nəfəs verməsi ilə səciyyələnir. Şübhəsiz, milli ideya ilə bağlı ideoloji konsepsiyanın təşəkkülü də həmin fikir plüralizminə bağlıdır. Heç kəsə qəribə gəlməməlidir ki, üçüncü mərhələni hədəfə doğru aparan ən mühüm vasitə publisistikanın janrları olmuşdur. Amma bütün bunlara baxmayaraq, hədəf hələ də gözlənilən hədəf deyildi: «Azərbaycan elitası milli ideyanın son məqsədi kimi Rusiya imperiyasının tərkibində milli ərazi muxtariyyəti yaradılması uğrunda mübarizə yolunu seçir». Başqa sözlə, bu mərhələni milli ideyanın reallaşması yolunda ƏRƏFƏ də hesab etmək olar.

Dördüncü mərhələ 1918-ci il mayın axırlarından 1920-ci il aprelin sonuna qədər olan dövrü əhatə edir və müsahibədə göstərildiyi kimi, tarixdə ilk dəfə Azərbaycan milli ideyasının həyata keçdiyi mərhələ sayılır. Lakin çox təəssüf ki, bu təcrübə az ömür sürmüş, uğursuz olmuş və hakimiyyət bolşeviklərə təhvil verilmişdir. Həmin mərhələdən bizə yadigar qalan milli ideya nişanəsi Azərbaycan Xalq Cümhuriyyətinin adı və şərəfidir. Akademik Ramiz Mehdiyev bu dörd mərhələnin ümumiləşmiş yekunu haqqında bunları bildirir: «Millətin siyasi və sosial-mədəni baxımdan dəyişməsi ilə əlaqədar bütün təşəbbüslərin ideoloji əsaslarının   yaranmasını yuxarıda göstərilən mərhələlərin əsas nailiyyəti hesab etmək olar. Özünüidentifikasiyanın kollektiv formaları – dini, etnik və sosio-mədəni (sivil) formaları vahid milli, dövlət ideyası şəklində kooperasiya edilmişdir.

Beləliklə, «millət», «milli ləyaqət», «dövlət» kimi əsas anlayışların formalaşması və millətin gələcəyi barədə ayrı-ayrı baxışların müzakirə edilməsi üçün imkan yaranmışdır». Başqa bir real nəticə də vardır. Belə ki, X1X əsr və XX əsrin əvvəllərində Azərbaycan bədii fikir tarixinin təhlilində həmişə ədəbi cərəyanların estetik prinsiplərinə istinad edilmişdir. Açığı, bu cür yanaşma bucağı bir çox yaradıcılıq məsələlərinin araşdırılması yollarını da xeyli asanlaşdırmışdı. Həmçinin etiraf etmək lazımdır ki, ədəbi cərəyanlar müstəvisi bəzi məhdudiyyətlər yaratsa da, ədəbiyyat nəzəriyyəsinin və ədəbiyat tarixçiliyinin inkişafında faydalı olmuşdur. Lakin ədəbiyyatşünaslıqda mövcud olan maarifçi realizm, tənqidi realizm, sosialist realizmi, romantizm kimi istilahlar və onların gətirdiyi fərqlilik amilləri Azərbaycan milli ideyasının forma və məzmun xüsusiyyətlərinin aydınlaşdırılması ilə bir araya sığmır. Akademik Ramiz Mehdiyev Azərbaycan milli ideyasının səciyyəsində elmi yaradıcılıq vərdişinə çevrilmiş «izm»ləri deyil, bütövlükdə milli mədəniyyət kontekstini əsas götürməklə yeni elmi-metodoloji prinsiplərə yol açır.

Apreldən sonrakı dövrdə (1920-1988) milli maraqlar ciddi zərbə almışdır. Azərbaycan xalqının sovet xalqının bir hissəsi kimi təmsil olunması, rus dilinin millələrarası dilə çevrilməsi, kommunist ideologiyasında milli təfəkkürə yer verilməməsi, siyasi repressiyaların milli təfəkkürün bütün əlamətlərini məhv etməsi, milli siyasi təşkilatlar yaratmaq hüququnun olmaması, milli təfəkkür modelinin inzibati-amirlik idarə sisteminin təsirinə məruz qalması – bütün bunlar müsahibə-tədqiqatda real həyatı əks etdirən, lakin milli ideyanın xeyrinə olmayan müddəalar kimi səsləndirilmişdir. Bəs belə bir vaxtda cəmiyyət çıxış yolunu nədə görə bilərdi? Şübhəsiz, siyasi səhnəyə gələcək tarixi şəxsiyyətdə! Akademik Ramiz Mehdiyev zəmanənin özünün kəşf etdiyi unudulmaz tarixi şəxsiyyətin - Heydər Əliyevin hakimiyyətə gəlişini həmin zəmanənin real gerçəklikləri fonunda  əsaslandırır. Başlıca fakt isə ondan ibarət idi ki, Heydər Əliyev «millətin inkişaf problemlərini və milli mənafeləri həyatının mənası hesab edirdi». Məhz buna görə də müsahibə-tədqiqatdan aydınlaşır ki, güclü iqtisadi bazaya əsaslanan aqrar-sənaye respublikası statusunun əldə edilməsi, kadr potensialının formalaşması üçün həyata keçirilən əməli işlər, dövlət idarəçiliyində fəaliyyətə başlamış milli kadrlar, yaradıcı ziyalılara, elm adamlarına qayğıkeş münasibət, milli maraqların ehtiyat və ardıcıllıqla reallaşdırılması, həmçinin milli təfəkkürün inkişafı, milli mənlik şüurunun artması, mənəvi dirçəliş üçün əsas olan təhsilin keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş siyasət gələcəyə bağlı tədbirlər idi və 1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsi üçün baza yaratmışdır.

Beşinci mərhələ 1987-ci ilin axırları-1988-ci ilin əvvəllərindən başlamış və 1990-cı ilini yanvarına qədər davam etmişdir. Bu qısa dövr milli ideyanın inkişafı baxımından apreldən sonrakı uzun sürən dövrün sükut buzunu əritdi, Azərbaycan xalqının siyasi oyanışı və siyasi proseslərdə fəal iştirakı tarixi reallığa çevrildi. Beləliklə, qeyd edildiyi kimi, beşinci mərhələnin əsas xarakterik xüsusiyyəti milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatının mövcudluğu idi. Müsahibədə 1990-cı ilin yanvar hadisələrindən başlayan və 1993-cü ilin iyununadək davam edən altıncı mərhələ Azərbaycan millətinin müstəqil dövlət yaratmaq zərurətini dərk etməsi kimi səciyyələndirilir. Bu tezis tamamilə doğrudur ki, həmin mərhələdə türkçülük anlayışı daha qabarıq formada önə çıxır və milli ideyanın yeganə forması kimi özünü göstərir. Beləliklə, «Türk dili» adlı dərsliklərin nəşri və məktəblərdə istifadəsi məhz türkçülüyün müstəsnalığı barədəki təsəvvürlərin məhsulu idi. Bu mərhələni müstəqilliyin qorunması, möhkəmləndirməsi və inkişaf yolunda ƏRƏFƏ də hesab etmək olar. İndi artıq müqayisə aparmaq mümkündür ki, ikinci ƏRƏFƏNİN birinci ƏRƏFƏDƏN üstünlüyü milli ərazi muxtariyyəti ilə bağlı hədəfin müstəqil dövlət yaratmaq zərurətinin dərki ilə əvəzlənməsindədir.

Yeddinci mərhələ 1993-cü ilin yayından 2003-cü ilədək olan illəri əhatə edir və bu mərhələnin xarektirini ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi artımın və siyasi inkişafın əsaslarının yaradılması təyin edir. Milli müstəqillik – suveren dövlət formulu qəti inkişaf mərhələsinə çatır və «millət» anlayışı tam şəkildə yeniləşir, Azərbaycançılıq bütün etnik qrupların ideyasına çevrilir. Nəticə isə belədir ki, «Azərbaycanın polietnik təbiəti bizim böyük sərvətimizə çevrilmişdir». Başqa bir mülahizə isə həmin fikrə söykənir: «Azərbaycan millətinin formalaşması təcrübəsinin vahid, bütöv sosial-siyasi orqanizm kimi onun tərkibinə daxil olan bütün etnoslar kontekstində öyrənilməsi humanitar elmimizin qarşısında duran ən mühüm vəzifədir». Bu mərhələ həm də milli ideyanın formalaşması prosesinin tam başa çatması ilə səciyyələnir.

Milli ideyanın səciyyəsinin azərbaycanlıların etnogenezindən kənarda olmaması fikri də akademik Ramiz Mehdiyevin müsahibəsində tam və geniş şərh edilmişdir. Ən ciddi tezislərdən biri etnogeniz termininə aydınlıq gətirilməsi; onun mənşə ilə məhdudlaşdırılmaması və etnosun bütün ömür yolunu əhatə etməsi fikrinin irəli sürülməsidir. Etnogenezin ləng inkişafı, passionar təkandan asılılığı, təbii və ictimai proselərin təsiri altında olması, müəyyən transformasiyalardan keçməsi kimi məsələlərə də aydınlıq gətirilir. Azərbaycan millətinin bir çox ətraf etnoslardan təcriddə formalaşmasının qeyri-mümkünlüyü və burada müxtəlif layların olması qətiyyətlə bildirilir: «Hər bir azərbaycanlı müasir Azərbaycanın ərazisində yaradılmış qədim dövlətlərin varisidir».

Həmçinin göstərildiyi kimi, etnosların Azərbaycan milləti şəklində birləşməsində türk elementi aparıcı rol oynamışdır. Müsahibədə Azərbaycan xalqının vahid etnogenez sisteminin təhlilində materialla zəngin olan Azərbaycan tarixinin  öyrənilməsi tövsiyə olunur, etnogenezin öyrənilmə metodikasının əsas prinsipi – etnogenezin tərkib hissələri olan antropogenez, qlottogenez, kulturogenez komponentlərinin vahid halda araşdırılması alternativi olmayan prinsip kimi irəli sürülür. Eyni zamanda akademik Ramiz Mehdiyev tərəfindən «millət» anlayışına tam aydınlıq gətirilir, onun dinamik xarakterə malik olması, daim inkişaf etməsi, yeni məzmun və çalarlar qazanması bütün spesifik cəhətləri ilə birgə araşdırılır.  «Millət»  anlayışının X1X əsrdə dini kontekstlə bağlı olması, sonralar etnik məzmun daşıması, XX əsrin əvvəllərində milli azadlıq hərəkatının proqramına daxil edilməsi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə siyasi məzmun qazanması, XX əsrin axırlarında – müstəqil Azərbaycan dövlətçiliyinin formalaşması zamanında millət-dövlət vəhdətinin önə çıxması kimi əsaslandırılmış fəlsəfi tezislər həm «millət» anlayışının, həm də millətin özünün yüksələn xətlə inkişafına realist elmi baxışın təzahürüdür.

Azərbaycanlıların milli ideyasının formalaşmasında ayrı-ayrı etnosların iştirakı daxili imkanların nəticəsidirsə, həmin ideyanın tam şəkildə bərqərarının digər şərtlərindən biri milli ideyanın xarici təsirlərdən qorunmasıdır. Çox təəssüf ki, uzun illər boyu Azərbaycan milli ideyasının formalaşmasında erməni amili maneə faktoru kimi tarixə düşmüşdür. Ermənilərin tarixi əyləncə mövzusuna çevirmələri, onların süni dövlətçilik tarixinə malik olması və arxeoloji tədqiqatlara söykənməyən fərziyyələri heç bir elmi əhəmiyyət daşımır və müsahibədə də söyləndiyi kimi «Milli dövlətçiliyin dərk edilməsində onlar hələ də XX əsrin əvvəllərindəki şəraitdə ilişib qalmışlar».

Azərbaycan milli ideyası XX1 əsrdə, şübhəsiz, demokratikləşmədən keçir. Müsahibədə deyilir: «Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur. Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusuluğu qoruyub saxlamağı ehtiva edir».

Bu, bir həqiqətdir ki, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş və sivill ölkələrində demokratiya və demokratikləşmə geriyə dönməz prosesdir. Müstəqil Azərbaycan həyatı və cəmiyyəti də ən yeni uğurlarına məhz demokratiyanın dərinləşməsi ilə nail olacaqdır. Müsahibədən aydınlaşır ki, bizim ölkəmizdə demokratikləşmə milli potensialın əsası olacaq, milli potensial isə öz növbəsində yeni sivlizasiyanı bərqərar edəcəkdir. Deməli, demokratikləşmə, milli potensial və yeni sivilizasiya bir-birinin davamı olan və bir-birini tamamlayan anlayışlardır. Ona görə də akademik Ramiz Mehdiyevin Azərbaycan milli ideyası ilə bağlı elmi-nəzəri araşdırmasının aktuallığını və müasir əhəmiyyətini təyin edən cəhətlərdən biri də həmin araşdırmanın keçmişə deyil, məhz gələcəyə doğru istiqamətlənməsindədir.

 

Kamran Əliyev. Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar. Bakı, “Elm və təhsil”, 2013. səh 3-12.

 

Xəbərlər
Redaktorun seçimi