“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.06.2014, 20:32
2411

Azərbaycançılıq dünya azərbaycanlılarının milli ideologiyasıdır

A- A+

"Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" (Heydər Əliyev)

Nizaməddin Şəmsizadə, 

filologiya elmləri doktoru, professor

Dünya müharibələri, inqilabi çevrilişlər, qanlı repressiyalar və 70 sənəlik bir dövrdə mövcud olmuş sosializm rejimi ilə tarixə həkk olan XX əsri, onunla birlikdə bizim eranın ikinci minilliyini də tarixin panteonuna yola saldıq. Azərbaycan üçüncü minilliyə yeni müstəqillik qazanmış bir ölkə kimi daxil oldu.

Bu gün hər bir soydaşımız yaxşı dərk edir ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli dünyada yaşayan bütün azərbaycanlıların birliyindədir. Belə birliyi isə tarixin bütün zehni və mənəvi təcrübələrini özündə əks etdirən milli ideologiya yarada bilər.

Bu ideologiya AZƏRBAYCANÇILIQDIR. Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır.

İdeologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir; xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır.

Bu baxımdan son zamanlar azərbaycançılığın tarixini XIX - XX əsrlərlə məhdudlaşdıran mülahizələrlə razılaşmaq olmaz. Biz hələ sovet ideologiyası olan marksizim-leninizmin süquta uğradığı XX əsrin 90-cı illərində Azərbaycanda ideologiya boşluğu dövründə çap etdirdiyimiz «Azərbaycan ideologiyası» monoqrafiyasında belə nəticəyə gəlmişik ki, ideologiyamızın təşəkkülü ən qədim çağlardan - mifik təfəkkürdən başlanır. Ən əski zamanlarda təbiəti dərk etməyə cəhd, cəmiyyət amili ilə hesablaşmaq zərurəti ideologiyanı yaradıb. Ona görə də ideologiyaya xas başlıca xüsusiyyət tarixilikdir.

Hər bir ideologiyanın əsasında gerçəkliyə real münasibət amili dayanır. Bu münasibət tarixin təcrübəsinə əsaslanmalı, tarixi xarakter daşımalıdır. Onun dəyişməsi tarixin cəmiyyət qarşısında irəli sürdüyü tələblərə müvafiq olmalı və əslində həmin tələblər ideologiyanın ideya mənbəyi, hərəkətverici amilləridir. Beləliklə də, ideologiya tarixin gedişi ilə meydana çıxaraq, həmin gedişi təsdiq edən və bu gedişin sonrakı istiqamətlərini müəyyənləşdirən, həmin prosesdə xalqın və millətin rolunu təyin edən, dövlətin tipini və tarixi simasını formalaşdıran ən parlaq və obyektiv ideyaların və sistemin məntiqi yekunudur. Azərbaycançılıq xalq tarixinin obyektiv izahına xidmət edir. Tarixin hərəkəti ilə təsdiq olunmayan ideologiya demokratik cəmiyyət strukturu, xalqı irəli aparan dövlətçilik üçün nəzəri zəmin ola bilməz.

Qədim xalqların, o cümlədən Azərbaycan türklərinin ideologiyası əvvəlcə mif, sonra isə din, daha doğrusu, əski inamlar olmuşdur. Mif sinifli mərhələyə qədərki çağların ideologiyasıdır. Sərhədsiz düşüncə tərzinin ifadəsi olan mif xalqın özü haqqında söylədiyi ən bakir, ən kamil həqiqətdir. Onda sonralar Azərbaycan xalqının təşəkkülündə rol oynamış tayfaların dünyaduyumu, əxlaq tərzi və gələcəyə münasibəti ifadə olunub. Hansı xalqın mifik təfəkkürü güclüdürsə onun sonrakı taleyi aydın, tarixdəki mövqeyi möhkəmdir. Mif ictimai təfəkkürün genetik beşiyidir, «gerçəkliyin özüdür» (A.F.Losev). Azərbaycan ideologiyasının türk mifik təfəkkürü ilə vəhdət məqamı «azad ruh» hissidir. Azad ruh türk qövmünün genetik enerji mənbəyi, dünyaya çıxış nöqtəsidir. Mifik təfəkkür və inanclarımızda erkən ideoloji sistemdə kodlaşan azad ruh sonrakı ictimai-tarixi dövrlər üçün də nümunəyə çevrildi.

Sonralar Avropanın dahi filosofu Hegel etirafla yazacaq: «Biz Şərqdən gəlirik; ümumdünya tarixi Asiyadan Avropaya hərəkət edib... Şərqin ilkin şərti və zəmini ailəyə əsaslanan millilikdir». Azərbaycançılığın əsasında mükəmməl ailə kultu dayanır. Xüsusilə Şərqdə, türk-müsəlman arealında tarixin təcrübəsi göstərir ki, ailəsi möhkəm olmayan xalqın dövləti də möhkəm ola bilməz. Çünki ordu müxtəlif ailələrdən çıxmış fərdlərdən ibarətdir. Əsgərin tərbiyəsi, - vətən eşqi ailədən, anaya məhəbbətdən başlanır. Azərbaycançılıqda ailə kultunun davamı olan şəxsiyyət kultu əsas yer tutur. Çünki «Mədəni əxlaq fərdlərdə şəxsiyyətin yüksək olmasına söykənir. Əski türklərin dinində şəxsiyyəti göstərən simvollar vardır» (Z.Göyalp). Azərbaycançılıqda zora yer yoxdur, bu xalqa zorla özünə hörmət etdirmək olmaz. Buna görə də azərbaycançılığın şərti xalqın ləyaqətini uca tutmaqdır.

Azərbaycançılığın əsasında dayanan inanclardan biri zərdüştizm idi (e.ə. VII əsr). Əməyi azadğılın mənbəyi qəbul edən zərdüştizmdə, dual fəlsəfə zəminində azad iradəyə malik şəxsiyyət, ədalətli insan və dünya problemi zərdüştizmin konsepsiyasındakı üç prinsipə əsaslanır: «xeyir fikir, xeyir söz, xeyir iş» (sonralar yaranmış «Məlik Məmməd» nağılını, dahi Nizaminin «Xeyir və Şər»ini, «Haq mövcud» nağılını xatırlayaq!).

Zərdüştizm (Ahura Məzda!) sonralar məzdəkizm təlimini yaratdı. Böyük filosof Mani (215-ci il) zərdüştizm, xristianlıq və buddizmi birləşdirərək «İrandan Roma imperiyasının ucqarlarınadək, Afrika və İspaniyaya... Orta Asiyaya qədər yayılan» manizm ideologiyasını yaradır. Həm Maninin, həm də Məzdək Bəmdad oğlunun təlimləri ədalətli dövlət, cəmiyyət, əmlak bərabərliyi, azad ruhun qüdrətinə, inam ifadə edirdi.... Bu minvalla məzdəkizmin Azərbaycan mifik təfəkküründən, zərdüştizmdən (atəşpərəstlikdən!) qəbul etdiyi ziya xürrəmilərin azadlıq yoluna işıq saldı, əxilərin qardaşlıq ocağına, hürufizm ideyasına («İnsan həqdən qopmuş nur parçasıdır»), orta çağlar fəlsəfəsinin «İşıq heykəlləri»nə (Ş.Sührəverdi) çevrildi. İllər keçdi, xalq göydən enmiş nurlu daşdan Koroğlunun əfsanəvi Misri qılıncını düzəltdi, XIX əsrdə A.Bakıxanov və M.F.Axundzadədən başlayaraq maarifçilik əlində həmin NUR tarixdə və yaddaşda Azərbaycanı axtarmağa üz tutdu!...

Burada epos təfəkkürünü xüsusi qeyd etməliyik. Hesab edirik ki, Azərbaycançılığın, Azərbaycan dövlətçilik təfəkkürünün ən möhtəşəm qaynağı «Kitabi-Dədə Qorqud» eposudur. Azərbaycan təfəkkürünün (müştərək türk düşüncəsinin) ən böyük abidəsi olan «Kitabi-Dədə Qorqud»un əsas ideyası türk tayfalarını - 24 oğuz tayfasını vahid xalq və dövlət halında birləşdirməkdən ibarətdir. Burada tayfa bizim indi anladığımız məhdud mənada deyil, müəyyən ərazi, maddi, mənəvi-əxlaqi birlik əlamətlərinə malik EL mənasında işlənir. Əsasən VI - VIII əsrlərdə cərəyan etmiş hadisələri əhatə edən epos I minilliyin inanc, düşüncə və dövlətçilik təsəvvürlərini əks etdirən ideoloji sistemlər toplusudur.

Tayfa və birliklərin erkən dünyaduyumu və düşüncə tərzini əks etdirən mifdə hələ dövlətçilik təsəvvürləri yox idi. Dövlətçilik haqqında ilkin təsəvvürə «Kitabi-Dədə Qorqud»da rast gəlirik. Bunun atributları aşağıdakılardır: vətənçilik; Bayandır xanın başçılıq etdiyi siyasi-hərbi ierarxiya; ailə kultu («Ana haqqı - Tanrı haqqı»); Ordu və özəl ənənələrə malik El kultu («Qonşu haqqı Tanrı haqqıdır»). «Kitabi Dədə Qorqud» oğuz türkləri haqqında Azərbaycan ensiklopediyasıdır. Dədə Qorqud üzünü EL-ə tutub «Dövlətimiz əbədi olsun!» - deyir.

İslamaqədərki dövrün ən böyük tarixi-ideoloji yekunu Azərbaycan xalqının yaranması idi. Bu həm də Azərbaycan dilinin və ideologiyasının təşəkkül dövrü idi. «Hər bir xalqın köklərinin ən qədim dövrlərə gedib çıxmasına baxmayaraq, tarixçilər bütün bu epoxaları xalqın yaranmasını müəyyənləşdirən vaxtdan başlamağı üstün tuturlar» (L.Qumilyov).

Hələlik Azərbaycan tarixçiliyinin mötəbər sözü olan «Azərbaycan tarixi» (1994. Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsi ilə) əsərində (s. 209 - 235) bu barədə təqdim olunan fikir belədir: Azərbaycan xalqı Azərbaycan ərazisində təşəkkül tapıb. Xalqımızın yarandığı ərazi şimaldan Dərbənddən tutmuş cənubda Zəncan-Qəzvin bölgəsindək (daxil olmaqla), şərqdə Xəzər dənizindən qərbdə İrəvan, Tiflis və Urmiya gölünün qərb sahillərini əhatə edir. Tarixi baxımdan «Azərbaycan dilinin və xalqının təşəkkülü III - VII əsrlərdə baş vermiş, VII-VIII əsrlərdə başa çatmışdır. Bu zaman Azərbaycanda gedən dini mübarizə artıq sona yetmişdi» (s. 235).

XIII-XIV əsrləri Azərbaycan ideologiyasının təşəkkülündə milli təmayülə keçid mərhələsi adlandırmaq olar. Təfsilata varmadan həmin keçidi hazırlayan ictimai-tarixi səbəbləri belə ümumiləşdirmək olar:

- XIII əsrin sonlarından IX - XIII əsrlərdə hakim olmuş ümummüsəlman mədəniyyəti (təfəkkürü!) kontekstində parçalanma başlanır. Zəminində antik yunan və Şərq fəlsəfəsi dayanan, ərəb, fars və türk təfəkkürünün ən parlaq nailiyyətlərini əks etdirən bu tarixi-mənəvi vəhdət məhz Xilafətə 508 il (750 - 1258) başçılıq etmiş Abbasilər sülaləsi sayəsində Şərq elm və mədəniyyətinin, düşüncə tərzinin zirvəsinə çevrilmişdi. Abbasilərdən sonra Xilafət zəiflədi və parçalandı, bu ideologiyanın da ayrı-ayrı təmayüllərə bölünməsi üçün tarixi şərait yaratdı.

- XI - XII əsrlərdə türklərin Qafqaza və Azərbaycana üçüncü gəlişi baş verdi. Oğuzların qınıq elinə mənsub 24 tayfadan ibarət Səlcuqlar Azrbaycan ərazisində türklərin sayı və nüfuzunu artırdılar. Bir əsrdən artıq ömür sürüb islam dinini qəbul etmiş Səlcuqun nəvəsi Toğrul bəy 1038-ci ildə özünü sultan elan etdi və Şərqdə böyük Səlcuqilər türk imperiyasının (1038 - 1157) əsası qoyuldu. Səlcuqilər Qafqazda və Yaxın Şərqdə təkcə türkün nüfuzunu yox, həm də türkçülüyün ərazisini genişləndirdilər. 1064-cu ildə 36 yaşında Sultan Toğrulun ölümündən sonra taxta çıxan Alp Arslan 1071-ci ilin avqustunda Malazgird döyüşündə 54 min türklə Bizans imperatoru Romen Dioqenin 200 minlik ordusunu məğlub edib onu əsir aldı. Anadoluya türk bayrağı sancdı, Türküstan və Qafqazdan sonra üçüncü türk fütuhatı yarandı. Tarixdə ilk dəfə islam türk yürüşünə mənəvi dayaq oldu. İdeologiyada və dövlətçilikdə türkçülük qüvvətləndi.

- Azərbaycan xalqının etnogenezində yeni tarixi proseslər baş verir. Əvvəlcə Hülakülər (Elxanilər), sonra Atabəylər dövləti mühüm rol oynayır. Yerli və gəlmə türklərin gen və din birliyi zəminində müxtəlif dövlət qurumuları yaranır və güclənir.

- XIII - XIV əsrlər «Şərq tarixşünaslığının qızıl əsrləri» hesab olunur. Bu zaman fundamental Azərbaycan tarixşünaslığının əsası qoyulur, Əhməd Təbrizinin «Şahənşahnamə», Əbu Bəkr əl-Qütbi Əlvaninin «Dəstur əl-katib fi təyin əl məratib» kimi qiymətli əsərlər yaranır. İlk dəfə məhz bu dövrdə bədii təfəkkürdə klassik ənənələrlə türk xalq poeziyası ənənələrinin sintezi başlanır və XVI əsrdə başa çatır. Bu isə ədəbiyyat və sənətdə millilik və bəşəriliyin vəhdətinə səbəb olur. XIV əsrdə Azərbaycan şairi İzzəddin Həsənoğlunun Misirdə türkcə «Divan»ı meydana gəlir.

Xalq ədəbiyyatının, xüsusilə aşıq poeziyasının bədii-tarixi baxımdan qüvvətlənməsi ideologiyada mifdən gələn başlanğıca, el ruhu və psixologiyasına dayanan milli müəyyənliyin yaranmasına səbəb oldu. Azərbaycanda orta əsrlərdə milli birliyin əsası, enerji mənbəyi olan məfkurə məhz poetik formalarda meydana çıxıb. Bu dövrdə elm də, ədəbiyyat da sinkterik xarakter daşıyırdı. Orta əsrlər Azərbaycan etnik mədəni sistemində poeziya birinci yerdə dayanıb, poetik təfəkkür dünyadərkində həlledici olub. Bu zaman ədəbiyyat elmləri - «ülumi-ədəbi» özündə on beşə qədər elmi birləşdirirdi.

Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ideologiyamızın təşəkkülündə yeni bir proses - Şərq və Qərb dəyərlərinin sintezi başlanır. Bunu maarifçi ideologiya adlandırmaq olar. Mifdən, Zərdüştizm, İşraqilikdən gələn İşıq (Nur), hürufizmdə ürfan və kamal vəhdətindən gələn Zəka və İntibahın bayrağına iri hərflərlə yazılmış İnsan maarifçi ideologiya konsepsiyasında vəhdət təşkil edir. XIX əsrin maarifçi ideologiyası bir növ məzdəkilərin, xürrəmilərin, əxilərin və Azərbaycan-türk cahangirliyinin tarixi dərslərinə yenidən müraciət edir, milli şüur və azadlıq duyğusu tərbiyəsini tarixi-mənəvi ideal seçməli olur.

Azərbaycan maarifçi ideologiyasının banisi M.F.Axundzadə «mali» və «hüquqi» bərabərlik ideyasını irəli sürür, orta əsr ideoloji sistemlərindən fərqli olaraq Azərbaycan maarifçi ideologiyası insan və cəmiyyət problemini ön plana çəkir. Özündə Şərq-Qərb dəyərlərini uğurla sintez etmiş Azərbaycan maarifçiliyinin əhəmiyyəti bunda idi ki, «Azərbaycan maarifçilərini müəyyən bir sinfin ideoloqları kimi qələmə vermək cəhdləri əbəsdir» (Ə.Əhmədov).

«Azərbaycan maarifçiliyi A.Bakıxanovun simasında maarifçi mütləqiyyət ideyası ilə meydana atılır və Axundzadənin nümunəsində respublikaçı baxışlara qədər tarixi bir inkişaf yolu keçir. ... Maarifçilik Axundov dünyagörüşündə »Əlifbanı dəyişmək» ideyasından ictimai quruluşu, cəmiyyət formasının özünü dəyişmək ideyasına qədər evolyusiya prosesi keçirir» (Q.Yaşar).

Azərbaycançılığın təkamülü təkcə nəzəri şəkildə deyil, həm də dövlətçilik xətti üzrə baş verir. O, konseptual bir nəzəriyyə kimi Azərbaycan dövlətçiliyinin mənşəyi, mərhələləri və tipləri vasitəsi ilə təsbit olunur. Azərbaycançılıq azərbaycanşünaslığın, Azərbaycan dövlətçiliyi isə azərbaycançılığın tərkib hissəsidir. Dövlət insan və cəmiyyət arasında münasibətin ifadə formasıdır. Cəmiyyət ümumi maraq əsasında birləşmiş insanların toplumudur, fəqət cəmiyyətdə ümumi maraqla fərdi maraq arasında ziddiyyət labüddür. Cəmiyyətin taleyi bu iki marağın harmoniyasından asılıdır. Bu mənada dövlət cəmiyyətdə daxili qayda yaradan və xarici təhlükəsizliyi təmin edən ali siyasi hakimiyyət orqanıdır. Məsələn, qədim türk EL-i sülh üzərində qurulmuş hərbi demokratiya idi. 

Türk xalqları içərisində dövlətçilik ənənələri ən qədim olan Azərbaycan xalqıdır. Türk xalqları tarixində ən qədim dövlət - mərkəzləşmiş dövlət - Manna (e.ə. 843) Azərbaycanda yaranıb. Manna Azərbaycan dövlətçiliyi tarixinə həm də ilk şəhər dövləti kimi daxil olur.

İslamaqədərki Azərbaycan dövlətçiliyinin tarixini iki yerə bölmək olar: 1.Tayfa dövlətçiliyi mərhələsi; 2. «Manna»dan sonrakı mərkəzləşmiş dövlətçilik dövrü.

VII əsrin sonu - VIII əsrdən Azərbaycan ölkəsinin, əhalisinin və dövlətçiliyinin tarixində yeni mərhələ başlanır. Bu mərhələnin səciyyəvi əlamətlərini təxminən belə ümumiləşdirmək olar:

- Ərəblər Azərbaycana ciddi ehkamlara malik mərkəzləşmiş din gətirir və Azərbaycanda yaşayan türk və Qafqaz mənşəli tayfalar eyni inamda birləşərək vahid ümmətə çevrilirlər. Vətəndaş birliyi ilə bərabər dini birlik də cəmiyyətin formalaşmasına imkan verir.

- Məhz bu zaman II - III əsrlərdən başlamış dil təmərküzləşməsi başa çatmış, ümumazərbaycan türk dili sabitləşmiş, bu isə cəmiyyətdə dil birliyi, ictimai-mənəvi ünsiyyət vəhdətinə səbəb olmuşdur.

- Məhz bu zəmində özündə ölkə ərazisində yaşayan bütün etnosları ehtiva edən vahid Azərbaycan xalqı formalaşmışdır. Həmin proseslər Azərbaycanda dövlətçiliyin yeni mərhələyə - xalq dövlətçiliyi mərhələsinə keçməsi üçün şərait yaratdı.

İslamiyyətin qəbulundan sonra ölkəmizin ərazisində dövlətçiliyin təkamülü baxımından ənənə və mərhələ yaradan dövlətlər bunlar idi: Şirvanşahlar, Atabəylər (Eldəgizlər), Hülakilər (Elxanilər), Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər. Şirvanşahlar, Atabəylər və Səfəvilər Azərbaycan dövlətçiliyinin zirvələri idi.

Səfəvilər axırıncı böyük, mərkəzləşmiş Azərbaycan dövləti idi. Ondan sonra Azərbaycan dövlətçiliyinin tənəzzülü başlanır, bu proses ADR yaranana qədər davam edir. XX əsrin önlərində milli məfkurənin iqtisadi özülündə, başında H.Z.Tağıyev kimi reformatorun durduğu milli burjuaziyanın səyləri dayanırdı.

Əsrin əvvəllərində C.Məmmədquluzadə, F.B.Köçərli, A.Şaiq, Ü.Hacıbəyli, N.Nərimanov kimi maarifçi ideoloqlar «Ana dili» uğrunda mübarizəyə başladılar və tez bir zamanda bu hərəkat tarixi-ideoloji yön alaraq «Ana Vətən» uğrunda mübarizəyə çevrildi.

Tarixin tələbi və milli ziyalıların iradəsi ilə bu dövrdə «Füyuzat» türkçülüyü ilə «Molla Nəsrəddin» azərbaycançılığı eyni ideala - «Azərbaycan qayəsi»nə xidmət etdi. XX əsrin əvvəlində ADR-in yaranması millət kimi özünüdərkin, ana dili, vətən əxlaqı və milli vicdan uğrunda mübarizənin təntənəsi idi. Fəqət 23 aydan sonra aldanış və çevriliş nəticəsində o, proletariat diktaturası - «Zorakılığa arxalanan, heç bir qanunla bağlı olmayan bir hakimiyyət»lə (V.Lenin) əvəz olundu.

Azərbaycançılıq üç təməl üzərində bərqərar olur: türkçülük, islamçılıq və vətənçilik.

Bizim şüarımız belədir: Türk millətindənəm, islam ümmətindənəm, Azərbaycan məmləkətindənəm! Türkçülük Azərbaycan xalqının milli idealı - məfkurəsidir. Türkçülüklə İslamın vəhdəti Məhəmməd Peyğəmbərdən gəlir. O ümmətinə belə demişdi: türklərin dilini öyrənin, onların hakimiyyəti uzun sürəcək.

Təsadüfi deyil ki, ilk böyük ortaq türk abidələrindən olan M.Kaşqarinin «Divani-lüğəti-türk» (1074) əsəri islamın baş qərargahında Bağdadda ərəblərə türk dilini öyrətmək məqsədi ilə yazılmışdı. Ta qədim dövrlərdən türklərdə iki cəhət güclü olub: dövlətçilik (fatehlik) və mədəniyyət. Bütün böyük türk yürüşləri islam bayrağı altında keçib, onlar dünyada islamın nüfuzunu qaldıran ən böyük millətdir. Türkün fatehliyi işğal deyil, öz sərhədsiz ərazilərini (dövlətçiliyi!) qorumaq məqsədi daşıyıb.

Ərazi bütövlüyü və xalqın bütövlüyünü qorumaq! - Azərbaycançılığın tarixi qayəsi məhz budur. Vətəni zaman-zaman işğal olunmuş xalq üçün vətənçilikdən böyük ideal ola bilməz. Azərbaycançılıq türkəsilli Azərbaycan xalqının milli ideologiyası, türkçülüyün milli ideya və siyasi məslək kimi vətən əxlaqı müstəvisində dərkidir.

Milyon il əvvəl ölkəmizin ərazisində hansı tayfanın, hansı qövmün, hansı xalqın yaşaması Adəmin və Həvvanın hansı millətdən olması kimi əbədi bir mübahisədir. Amma mübahisəsizi budur ki, o zaman da, indi də yaşadığımız vətən Azərbaycan olub. Bu mənada azərbaycançılıq türkçülükdən, şamançılıqdan da, şumerçilikdən də qədim və əzəli fikir formasıdır.

Bir ideologiya forması, milli və dövlətçilik təlimi kimi azərbaycançılıq mədəniyyətlə sıx bağlıdır. Tarixi baxımdan ideologiya ilə mədəniyyətin vəzifələri eyni məqsəddə birləşir: gələcəyi formalaşdırmaq! Təhsil ideologiyasının təbliğ funksiyasını, mədəniyyəti təlqin vəzifəsini öz üzərinə götürür. İdeologiyada mədəniyyətin əsas vəzifəsi xalqda vətən əxlaqı tərbiyə etməkdir. Mədəniyyət dövlətin əlində kütləyə obrazlı ideoloji təsir vasitəsidir. Kütlə psixologiyası mədəniyyəti asanlıqla qəbul edir, burada obrazlı (emosional) inandırma həlledici rol oynayır. Mədəniyyətin sərhədsiz imkanları (gözəllik və estetik zövq) milli siyasətin dünyaya inteqrasiyasına perspektivlər yaradır.

Azərbaycançılığın şah damarı - Azərbaycan dilidir. Azərbaycançılığın hələ XI əsrdə mövcud olduğunu sübut edən bir dil faktını misal vermək istəyirik.

Görkəmli şərqşünas, mərhum professor M.Mahmudov «Xətib Təbrizi» (1972) monoqrafiyasında X.Təbrizinin dilindən yazır: «İki il idi ki, onun (yəni böyük filosof Əbu-l-Əla əl - Məərrinin (N.Ş.) yanında idim və ölkəmin adamlarından heç kimi görməmişdim, qəflətən təbrizli qonşularımdan bir nəfər namaz qılmaq üçün məscidə daxil oldu. Mən onu görüb tanıdım və sevincimdən halım dəyişdi. Əbu-l-Əla mənə dedi: »Sənə nə olmuşdur?" Mən ona cavab verdim ki, ölkəmin adamlarından iki il idi heç kəsi görmürdüm, indi bir qonşumu gördüm. Dedi: «Dur onunla danış»... Mən durdum və onunla Azərbaycan dilində çoxlu danışdım və istədiklərimin hamısı haqqında ondan soruşdum. Mən qayıdıb onun (Əbu-l-Əlanın) yanında oturduqda məndən soruşdu: Bu hansı dildir? Dedim: Bu Azərbaycan əhalisinin dilidir. Dedi: «Mən bu dili bilmirəm və başa düşmürəm, lakin sizin danışdıqlarınızın hamısını əzbərlədim. Sonra o, qonşumla mənim danışdıqlarımızın hamısını artırıb əksiltmədən olduğu kimi təkrar etdi. Mən onun başa düşmədiyi bir şeyi necə əzbərlədiyinə son dərəcə təəccüb etdim».

Təsəvvür edin ki, söhbət XI əsrdən gedir. Əgər bu dövrdə Azərbaycan dili belə məşhur, kamil və gözəl idisə, deməli onun işlənmə tarixini XI əsrdən daha neçə-neçə əsr əvvəllərdən təşəkkül tapıb tərəqqi etdiyini deməyə tam əsas vardır.

Azərbaycançılığın çağdaş dövlətçiliyə tətbiqi Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycan əhalisində dövlətçilik duyğusunu gücləndirdi, dövlətə hörmət hissi formalaşdırmağa nail oldu. Xüsusilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra o, Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq üçün konsepsiyaların əsasını qoydu.

Məhz H. Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq diqqət mərkəzinə keçdi, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu.

H. Əliyevin neft strtegiyası - əsrin müqaviləsi, regionların iqtisadi inkişafı konsepsiyası, Azərbaycanın Avropa Şurasına qəbul olunması, ölkənin ərazi bütövlüyü uğrunda aparılan dönməz mübarizə - bütün bunlar məhz azərbaycançılıq ideologiyasına dayaqlanır, onu daxili və xarici siyasətimizin nəzəri-tarixi arsenalı kimi möhkəmləndirmək işinə xidmət edirdi.

H. Əliyev özü azərbaycançılığın simvolu idi. Onun nitqlərində bütövlükdə Azərbaycan danışırdı. Bu gün də dövlətçiliyimizdə həmin tarixi-nəzəri ənənələr, iş üsulları ləyaqətlə qorunub saxlanılır. Fikrimizcə, Dünya Azərbaycanlılarının II Qurultayı azərbaycançılıq ideologiyasının təsdiqi və təntənəsi, onun yeni tarixi mərhələsinin başlanğıcı idi. Bu forum bütün dünyaya səpələnmiş 50 milyon azərbaycanlının bir araya gəlməsində azərbaycançılığın nəzəri-tarixi imkanlarını kifayət qədər əsaslı şəkildə nümayiş etdirdi.

Bəzi nəticələrə gələk: Azərbaycançılıq Azərbaycanda baş vermiş milli azadlıq hərəkatlarının tarixi təcrübələrinin nəzəri yekunudur. O, dünyada və ölkəmizdə gedən ictimai proseslərin tarixi mənasını Azərbaycan xalqının mənafeyi baxımından izah edir.

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. 
O, diktaturadan, avtoritarizmdən demokratiyaya keçid dövrünün nəzəriyyəsi, milli özgürlüyümüz haqqında təlimdir.

Azərbaycançılıq imperiyaçılığa qarşı müqavimətdə formalaşan istiqlal ideologiyasıdır. Azərbaycanın suverenliyi milli prinsipə əsaslanır, azərbaycançılıqda həm də onun ideoloji prinsipləri təsbit olunur. O, qlobal siyasət üçün nəzəri bazadır, çünki, dövlətlərə və xalqlara yeni ictimai sahman və təfəkkür koordinatları diqtə edir.

Milli ideologiya tipi kimi azərbaycançılığın aşağıdakı şərtləri var: maarifçilik yolu ilə inandırma, tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə və yenini yaratma.

Azərbaycançılığın tərkib hissələri bunlardır:

- Məfkurəçilik (ülgüçülük), yəni sosioloji aspekt

- İstiqlalçılıq (kökə qayıdış - azadlığın tarixən mənimsənilməsi)

- İttihadçılıq (birlikçilik). Onun üç bağlantısı var: a)vətəndaşlıq; b)gendaşlıq; c) dindaşlıq;

- Türkçülük (milli ideya kimi);

- İslamçılıq (ümmətçilik formasında) - Şərqdə ümmətçilik dövlət yaratmaq qüdrətinə malikdir.

- Ünsiyyətçilik. Vahid dillə (Azərbaycan türkcəsi) və mədəniyyətlə vəhdət.

Azərbaycançılıq dövlətçilik yolu ilə siyasi status alır və bu zaman aşağıdakı prinsipləri irəli sürür:

- Milli-siyasi özünüdərkə və siyasi şüurun təkamülünə yardım edir.

- İctimai münasibətləri sistemləşdirir, cəmiyyətin siyasi strukturlaşmasını təmin edir.

- Tarixi proseslərin xarakterinə istinadən dövlətin legitimliyini əsaslandırır.

- Cəmiyyətə uyğunlaşmır, onu yenidən yaradır, tarixi prosesləri izah edir və proqnozlaşdırır.

- Bütün bunlar əsasında uğurlu idarəçilik elmi kimi intensiv təkamül keçirir.

Azərbaycançılığın iqtisadi əsasları bunlardır:

- Azərbaycanı xammal istehsal edən ölkədən, hazır məhsul istehsal edən ölkəyə çevirmək.

- Regional iqtisadi zonalar yaratmaq, keçmiş qeyri-səmərəli təsərrüfat sistemindən xilas olmaq.

- Milli sərvət üzərində sərt dövlət nəzarəti qoymaq, «Torpaq kadastri» yaratmaq, mülkiyyətin əsas növü elan etmək.

- İqtisadi islahatları ümummilli marağın qorunmasına yönəltmək.

- Müəssisələri modernləşdirmək, iri korporasiyalar yaratmaq.

- Bazarı və valyutanı tənzimləmək.

- Dövlət mülkiyyətinin onun real dəyərindən aşağı satılmasını qadağan edən qanun qəbul etmək.

- İqtisadi müstəqilliyin (İqtisadi millətçiliyin!) hüquqi əsaslarını işləyib hazırlamaq.

Bütün bunlar ümummilli iradəni möhkəmlədir. Bu isə dövlətçiliyin başlıca tələbidir.

Azərbaycançılığın (Azərbaycanımızın!) taleyi dünya azərbaycanlılarının vətənçilik müstəvisində birliyindən asılıdır.

* * *

Mövzuya dair:

Nizaməddin Şəmsizadə, “Azərbaycançılıq”, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı, 2006.

Filologiya eləmləri doktoru, professor Nizaməddin Şəmsizadə tanınmış ədəbiyyatşünas-alim olmaqla yanaşı, Azərbaycançılıq ideologiyasının elmi tədqiqi ilə bağlı fəaliyyəti də vardır. «Azərbaycan ideologiyası» (1996) və yenicə çapdan çıxmış, həmin əsərin təzələnmiş nəşri olan «Azərbaycançılıq» (2006) kitablarının müəllifidir.

Ən qədim dövrlərdən günümüzəcən Azərbaycançılıq Azərbaycan xalqının müxtəlif dövrlərdə, müxtəlif adlarla, müxtəlif tərzdə təzahür edən ideoloji baxışlar sistemi kimi – kitabda ardıcıl izlənən bu məqam, həmçinin son əsrlərdə formalaşmış milli ideologiyamızın əsasında duran bir amil kimi nəzərdən keçirilir. Çağdaş Azərbaycançılıq da məhz bunun bəhrəsi olub, tarixi zəmin üzərində yetişir.

Azərbaycanşünaslıq görüşlərini müəlif dörd fəsildə təqdim edir: «Azərbaycançılığın təşəkkülü», «Azərbaycançılıq və Azərbaycan dövlətçiliyi», «Azərbaycançılığın üç təməli», «Milli ideologiya və mədəniyyət». Kitab «Gələcəyi yaradan nəzəriyyə: Azərbaycançılıq» adlı yekun oçerklə tamamlanır.

«Azərbaycançılıq» əsəri ideoloji çəkiyə malik olmaqla, eyni zamanda güclü müəllif vurğusu daşıyır; N.Şəmsizadənin istər tarixin qədim və orta çağlarında, istərsə də günümüzdə Azərbaycançılıq barədə mülahizələri çağdaş dövrün Azərbaycançılıq qəlibindən olub, bugündən tarixə yol açır. Kitabın üz və iç qabığında vahid Azərbaycanın xəritəsi təsvir olunmuşdur. Monoqrafiyanın redaktoru akademik Kamal Talıbzadədir.

 

Xəbərlər
Redaktorun seçimi