“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.06.2014, 16:20
1828

Azərbaycançılıq - bizi birləşdirən dəyər

A- A+

İdeologiyanın gücü onun milli mənlik şüurunda nə qədər yer alması nöqteyi nəzərdən müqayisə edilərsə, onda biz azərbaycanlıların milli mənlik şüurunda yer almış azərbaycançılığın tarixi zərurət olduğunu dərk etməliyik.

Anar Həsənli

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Hüquqi maarifləndirmə sektorunun böyük məsləhətçisi

Milli dövlətə sahib olmaq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya xalqları sırasında layiqli yer tutmaq əzmıni nümayiş etdirmişdir. Bu mənada xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya bilmişlər.

Coğrafi determinizmə əsaslansaq qeyd etmək olar ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe Azərbaycan xalqının formalaşmasında mühüm faktorlardan biri olmuşdur. Biz bu gün Azərbaycanda yaşayan subetnosların mədəniyyətlərini, sayca çoxluq təşkil edən etnosla müqayisə etdikdə nə qədər oxşar və yaxın tarixi mədəni xüsusiyyətlərin şahidi oluruq. İdeologiyanın gücü onun milli mənlik şüurunda nə qədər yer alması nöqteyi nəzərdən müqayisə edilərsə, onda biz azərbaycanlıların milli mənlik şüurunda yer almış azərbaycançılığın tarixi zərurət olduğunu dərk etməliyik.

Azərbaycançılıq etnik, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycana olan sevgi və məhəbbətinin gündəlik həyat norması və fəaliyyət strategiyasıdır.

Azərbaycançılıq ideyasının tarixi kökləri qədimdir. Ancaq Azərbaycançılıq ideologiyasının formalaşma prosesi XX əsrin I rübünə təsadüf edən sosial-siyasi kateqoriyadır. Məhz bu dövrdə mədəni və siyasi mühitdə Azərbaycanın yeri və rolu ətrafında fikirlər ziddiyyətli də olsa formalaşmağa başlamışdı. Ancaq bu hələ elitar səviyyədə gedən proses idi. Bütünlükdə xalqın bu ideya ətrafında birliyi üçün zaman tələb olunurdu. Demokratik Cumhuriyyətin işğalından sonra isə bu ideya mühacirət fəaliyyəti formasına qədəm qoymuşdur. Ancaq, zaman keçdikcə Azərbaycanın tarixi mədəni dəyərlərinin zənginliyi, milli adət-ənənələrinin möhkəmliyi də artır. Dünyada baş verən qloballaşma prosesi yalnız regional inteqrasiya və transmilliləşmə ilə müşayiət edilmir. O həm də regional, lokal səviyyədə dezinteqrasiya yaradır, qloballaşmaya cəlb edilən yeni cəmiyyətlərin daxili tarazlığını pozur. Cəmiyyətdəki kollektiv, etnik, ərazi və sosial eyniliyin köhnə formalarının zəifləməsi və dağılması yeni struktur müxtəlifliyinin və sosial differensiasiyasının formalaşmasının təməlini yaradır. Mədəniyyət ideologiyaların mahiyyəti, dəyərlərin ümumsovet mədəniyyəti içərisində belə özünəməxsusluğunu yaşada bilirdi. 70-ci illərdə Azərbaycançılıq yeni vüsət xətti ilə seçilirdi. Azərbaycançılıq ideologiyasının təməl prinsipləri daha aydın görünməyə başlayırdı. H.Əliyevin bu istiqamətdə olan dəstəyi və tarixi təşəbbüsləri Azərbaycançılığın rolunu artırır və bu ideologiyanın formalaşması prosesini dərinləşdirirdi. Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyevin səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Dünya Azərbaycanlılarının I Qurultayında Heydər Əliyev bu barədə demişdir: «Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir».

Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvü şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. «Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq» - deyən Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərlərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də çox müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün də cəlbedicidir.

Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, bu gün «Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir». Bu interqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini, milli identifikasiyasını qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da azərbaycançılıq fəlsəfəsi təmin edir: «Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər».

Azərbaycançılıq həm də Azərbaycanın tarixini, mədəniyyətini dünyada təbliği deməkdir. Azərbaycanın böyük ədib və mütəfəkkirlərinin, alimlərinin, mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması da bui işin mühüm tərkib hissəsidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dövlətlərarası “Birliyin ulduzları” mükafatının təqdimetmə mərasimində çıxışı zamanı  hazırda Azərbaycanın və Bakı şəhərinin mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrildiyini söyləyib: “Bakıda hər il müxtəlif mövzulara həsr olunmuş beynəlxalq konfransların keçirilməsini buna nümunə göstərmək olar. Azərbaycan Avrasiyanın mərkəzində yerləşir və artıq yüzilliklərdir ki, özündə çoxsaylı mədəniyyət və sivilizasiyaların izlərini daşıyır. Keçən il Bakıda keçirilmiş Rusiya-Azərbaycan humanitar forumu, hər il keçirilən beynəlxalq foruma çevrilib. Fikrimcə, yaranmış problemləri aradan qaldırmaq yalnız ümumibəşəri dəyərlərə əsaslanmaqla mümkündür. Təhsil, elm və mədəniyyət sahəsində irimiqyaslı layihələr və iqtisadi əlaqələrin möhkmələndirilməsi ölkələrimizin sülh və çiçəklənməsinə xidmət edir”.

Nüfuzlu “Business-year” jurnalının Azərbaycana həsr olunmuş 2012-ci il tarixli xüsusi buraxılışında birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müsahibəsin də qeyd etdiyi kimi “Eurovision müxtəlif ölkələrin, müxtəlif xalqların və müxtəlif mədəniyyətlərin ümumi təntənəsidir. Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh və harmoniya içində dinc yanaşı yaşamışlar. Qitələrin və sivilizasiyaların qovuşuğunda yerləşən bir ölkə kimi, biz müxtəlif dinlərlə, müxtəlif mədəni dəyərlərlə, adət və ənənələrlə tanışıq. Bizim tolerantlıq ənənəmiz elə bir parlaq təməl yaradıb ki, Azərbaycana gələn hər bir təşkilatçı, müşahidəçi, yaxud adi tamaşaçı üçün hər cür şərait yarada bilərik. Ümid edirəm ki, Şərq memarlıq üslubu ilə müasir Avropa üslubunu özündə birləşdirən Bakının gözəlliyi özünün çeşidli aurası, mehribanlığı və qonaqpərvərliyi ilə hətta ən tələbkar qonaqların da istəyinə cavab verəcəkdir. “Eurovision-2012” mahnı yarışması ilə bağlı on minlərlə insan Bakıya gələcəkdir. Biz onları qəbul etməkdən məmnunuq”.

Həqiqətəndə yüksək təşkilatçılıq, adət-ənənə və tolerantlığımızın nümayişi nəticəsində Azərbaycan ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi zamanı Azərbaycana gələn on minlərlə turist üçün hər cür şərait yarada bildi və hər bir ölkə nümayəndəsi tərfindən bu məsələ xüsusi olaraq vurğulandı. Artıq Azərbaycanın bu təşkilatçılığı müsabiqə çərçivəsində bir standarta çevilriəcək, iştiarkçı dövlətlər üçün bir təcrübə, nümunə rolunu oynayacaq. 

Azərbaycanın tarixini, mədəniyyətini dünyada təbliği baxımından dünyada tanıdılması baxımından Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva da bu işi uğurla davam etdirməkdədir. Leyla Əliyeva Britaniya parlamentinin Lordlar Palatasında IDEA beynəlxalq ətraf mühit kampaniyasının təqdimatında Azərbaycanın tarixinə nəzər salaraq demişdir: «Mən Şərqdə ilk parlamentli demokratiya qurmuş, 1918-ci ildə qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən və qabaqcıl Qərb dəyərlərini mənimsəmiş ilk müsəlman ölkəsində doğulmaqdan çox qürur duyuram. Azərbaycan Şərq dünyasında ilk operanın, ilk musiqili komediyanın, ilk Qərb üslublu teatrın və ilk baletin vətənidir. Burada həm də müsəlman dünyasında ilk dəfə olaraq qadınlar üçün orta məktəb tikilmişdir. Mənim vətənim «ilklər» diyarıdır və hər zaman dözümlülüyü, dini və mədəni müxtəlifliyi, adət ənənələri ilə tanınmışdır. Azərbaycan kəsişmələr məkanıdır: Avropa və Asiya, Şərq və Qərb».

Azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvü şəkildə vəhdəti təşkil edir. Azərbaycançılıq keçmiş tarixi epoxaların mifologiyasını, mədəni kodlarını və rəmzlərini mənimsəyərək, onlardan yeni ideyaları əsaslandırmaq və milli dövlətin inkişafının yeni vektorunu müəyyənləşdirmək üçün istifadə edir. Indi o, cəmiyyətimizdə ən qurucu və dinamik qüvvədir. Azərbaycançılığın gücü həm də bundadır ki, o, fərdi maraqları və meylləri dövlətin siyasəti ilə birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamağa qadirdir.

Mədəniyyətin və əxlaqın qloballaşmanın mənfi steriotiplərinə qarşı müəyyən mənada müqavimət göstərdiyi bir dövrdə Azərbaycançılıq ideologiyasının əhəmiyyəti olduqca zəruridir. Bu baxımdan Azərbaycançılıq ideologiyasının bazisində Azərbaycan mədəniyyətinin özülü dayanır. Sosial psixoloji konteksdə mədəniyyət insan həyatına və psixikasına daha operativ və fasiləsiz təsiredici faktor olduğundan onun nizamlanmasına və dəyişilməz prinsiplərinin gündəlik fəaliyyət normalarına salınmasına ehtiyac böyükdür. Müasir dövrdə mədəniyyətlərə kənar və daxili təsirlərin müqayisəsində ikinci amilin çəkisinin daha ağır olduğu üzə çıxır. Mədəniyyət subyektdən irəli gələn dərketmə və inteqrasiya axını olduğu üçün dolayı və birbaşa interpretasiyaların ötürücüləri məhz daxili amillərlə reallaşır. Azərbaycançılıq azəri xalqının milli mənlik və ümumxalq mədəniyyətinin qorunması üçün zəruri ideologiyadır.

Akademik Ramiz Mehdiyev "Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi" əsərində qeyd etdiyi kimi, azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu, ilk növbədə, real müstəqilliyə nail olmağın, vahid və bölünməz Azərbaycanın qorunub saxlanması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.

Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. 2012-ci ilin astanasında yaranmış yeni şərait hər bir azərbaycanlının qarşısına yeni vəzifələr qoyur. Məhz bu vəzifələrin həyata keçirilməsi məqsədilə, Prezident İlham Əliyev Azərbaycanın perspektiv inkişaf hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə 2020-ci ilədək dövrü əhatə edən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının hazırlanmasına dair Sərəncam imzalamışdır. Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, sürətlə dünyaya inteqrasiya olunduğu indiki vaxtda azərbaycançılığın daha dərindən tədqiqi, onun dünya azərbaycanlıları arasında və bütövlükdə beynəlxalq miqyasda təbliği təkcə bugünün deyil, həm də gələcəyə baxışın tələbidir.

 

Xəbərlər
Redaktorun seçimi