“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.12.2014, 12:36
3540

Ağabəyim ağa Cavanşir (1780-1832)

A- A+

Ağabəyim ağa İbrahimxəlil xan qızı Cavanşir 1780-ci ildə Şuşada anadan olub. Ağabəyim ağa (Ağabacı) - Azərbaycanın şairə-qadınlarından idi, Qarabağ xanı İbrahim xanın qızı, İran şahı Fətəli şahın arvadı olmuşdur.

Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır.

Fətəli şah «hər iki tərəfin xatircəmliyi üçün» İbrahim xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir.  

İbrahim xan bu nigaha qol qoyur və öz sevimli qızını İran hökmdarı Fətəli şaha ərə verir.Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu.

Maraqlı olan bu faktdan çıxış etsək və bu günün prizmasından dövrü gender müstəvisində təhlil etsək, Ağabəyim Ağa insan hüquqçusu qismində çıxış etməyibmi?!

Bu, Azərbaycanın qadın tarixidir.Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrəqərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır.

1811-ci ildə o, Fransız imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napaleon Bonaparta məktub göndərmişdi. Rusiya - İran münasibətlərinin barışıqla nəticələnməsi işində də Ağabəyim Ağanın rolu az olmamışdır. Rus çariçası Ağabəyim Ağaya göndərdiyi məktubunda yazırdı: «Ey Bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci Zöhrəsi, tale ulduzu olmuşsunuz».

Ağabəyim Ağaya Qarabağı çox sevən, öz torpağının həsrəti ilə yaşayan, ermənilərin xəyanətinə nifrət edən bir ictimaiyyətçi də demək olar.

Digər bir mənbənin yazdığı kimi, İrəvan xanı «Sarı Aslan» ləqəbli Həsən xanı rus əsirliyindən qurtarmaqda da köməkçi olmuş, onu əsirlikdən qurtarmışdı.

1832-ci ildə Tehranda vəfat edib və Darül-İman adlanan Qum şəhərində dəfn olunub.

* * *

Yaradıcılığı

Qərib bir diyarda ömür-gün sürən, min nazın, nemətin içində bəslənən Ağabəyim vətən həsrətini söylədiyi bayatılarda dilə gətirir:

Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

Qələm də, bayatı da, göz yaşları da vətən həsrətini ovuda bilmir. Ağabəyim ağanın könlünü şad etmək, onu sevindirmək üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırır. Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin. Bəlkə onda könlu toxtayar. Hətta bağbanı da Şuşadan gətirirlər.

Bu gülüstanın da adını "Vətən bağı" qoyurlar. Ağabəyim həmin bağa seyrə çıxarkən çox qəmlənir. Dərindən ah çəkərək ağlayır. Bütün saray əhli bu vəziyyətə heyrət kəsilir. Çünki "Vətən bağı" elə Şuşanın bir parçası idi. Ağabəyim üzüntüsünü belə ifadə edir:

"Vətən bağı" al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.

* * *

Ayrılığın hekayəti  

Araz boyu atlar dördnala çaparaq Xudafərin körpüsünə yaxınlaşsa da, süvarilər istəklərinə çata bilmədilər. Onların haqlamaq istədiyi dəstə çoxdan Arazın o tayına keçmişdi. Əllərindən almaq istədikləri ləl-cavahiratı da aparmışdılar. Qaralan havanın rəngindən xiffət tökülürdü. Şamaxının hakimi Mustafa xan aldığı xəbərdən sarsılaraq öz-özünə pıçıldadı: "Ah, İbrahimxəlil xan, bəs sən qızı mənə verəcəkdin?!. Sözünün üstündə durmadın!".  

Mənzil başına tələsən dəvə karvanının bəzəkli "salonunda" yol gedən Ağabəyim ağa isə göz yaşı tökərək sanki Arazın sularında dəfn olan arzularına ağı deyirdi:  

Səndə məskən salan nə bəxtiyardır,

Səfalı qoynun, xoş ab-havan vardır.

Dəvənin boynunda səfərə çıxan

Zəng kimi könlüm də sənə bağlıdır.  

Bəllidir ki, Ağa Məhəmməd şah Qacar Şuşada öldürüldükdən sonra oğlu Fətəli şah İran taxt-tacına sahib oldu. Qarabağ xanı İbrahimxəlil isə böyük diplomat idi. Dövlətlər arasında münasibətlərdə gərginlik olmasın deyə, Ağa Məhəmməd şah Qacarın cənazəsini hörmət və ehtiramla Tehrana yola saldı. Onun bu nəcibliyi İran şahının çox xoşuna gəlmişdi. Bunun əvəzinə Qarabağdan Qacarı dəfn etməyə göndərilən adamlara xələt bağışlamış, hətta İbrahimxəlil xanın özünə müxtəlif hədiyyələr, eləcə də qılınc və qızıl suyuna çəkilmiş yəhər göndərmiş, üstəlik, İbrahimxəlil xanla qohum olmaq istəyini də bildirmişdi. İbrahimxəlil xan bu qohumluğu ürəkdən istəməsə də, münasibətlərin düzəlməsi və Qarabağı İran qoşunlarının hücumundan qorumaq üçün qızı Ağabəyim ağanı Fətəli şaha vermək məcburiyyətində qalıb. O, bu qohumluğu məhz bu niyyəti üçün qəbul edib. Bu səbəbdən də ağıllı və sevimli qızını dədə-baba qaydası ilə İran şahına ərə verib.   

Bir Novruz bayramında baş tutan bu izdivac əslində Ağabəyim ağanın da ürəyincə deyildi. Onun könlündə başqa bir məhəbbətin tumurcuqları göyərirdi. Təəssüf ki, taleyin yazdığına boyun əyməli oldu. Tehrana yola düşməmişdən öncə Şuşanı, onun güllü yaylaqlarını, dağlarını, meşələrini son dəfə seyr etdi, buz bulaqlarından su içdi. Vətənin bütün gözəlliklərini, Şuşanın bütün füsunkarlığını gözləri ilə yaddaşına həkk etdi. Deyilənə görə, Ağabəyim ağa çox zehinli, hafizəli, dünyagörüşlü, savadlı olub. Ərəb, fars dillərində səlis danışırmış. Quranı əzbər bilirmiş. Şeirə böyük həvəsi varmış. Füzulini çox sevərmiş. Şeirləri Şuşada dillər əzbəri olan Vaqifin yaradıcılığına məftun kəsilərmiş. Onun haqqında çoxlu əfsanə, rəvayət var. Bu əfsanələrin, deyimlərin kökü də həqiqətlərə bağlanır.  

Fətəli şah Ağabəyim ağanın təkcə gözəlliyinə deyil, ağlına, dərrakəsinə də məftun kəsilib. Onu həddən artıq çox sevərmiş. Çalışırmış ki, Ağabəyim ağa heç vaxt qəmlənməsin, dərd çəkməsin. Onun darıxmaması üçün əlindən gələni edərmiş. Deyilənə görə, Ağabəyim ağanı ovutmaq, könlünü ələ almaq heç cür mümkün deyilmiş. Baxmayaraq ki, o, sarayda baş hərəm idi. Arzuları, istəkləri dərhal yerinə yetirilirdi. Hətta Fətəli şah çox vaxt onun sözü ilə durub-otururdu. Çalışırdı ki, Ağabəyim ağa vətən xiffəti çəkməsin. Bu səbəbdən də Tehranda onun üçün Qarabağ üslubunda saray tikdirmişdi. Hətta onun ətrafındakı bağları, bağçaları, su arxlarını, bulaqları Şuşadakı kimi düzəltdirmişdi. Lakin heç bir sərvət, yaradılan yüksək şərait Şuşanı əvəz edə bilmirdi. Deyilənə görə, bir dəfə oxuduğu məşhur bayatını Fətəli şah da eşidib, ürəyi riqqətə gəlib:  

Mən aşiqəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Bayatı iki əsrdir ki, vətən həsrətində qovrulanların dilinin əzbəridir. Böyük mənalar, əhəmiyyət kəsb edən bu bayatı həm də Qarabağın, musiqi beşiyimiz Şuşanın simvoluna çevrilib. Bu bayatını eşitdikdən sonra Fətəli şah fikirləşir ki, gərək Tehranda elə bir bağ saldırsın ki, Şuşada bitən ağac, meyvə, gül kolları burada da olsun. Hətta torpağı da, bağbanı da Şuşadan gətizdirərək Tehranda nəhəng bir bağın yaranmasına nail olub. "Vətən bağı" adlanan bu bağ cənnət guşəsinə bənziyərmiş. Güzarını həmin bağa salan Ağabəyim ağa bülbüllərin nəğməsinə qulaq asıb, hər gülün, çiçəyin ətrini qoxlayıb, ağaclara diqqət yetirib. Bu zümrüd libaslı bağda xarı bülbüldən başqa hər şey vardı. Bu Şuşa gülünün də özünəməxsus qəribəliyi var. Başına ha fırlan, dolan, min cür nazını çək. Şuşadan başqa heç harada bitməz. Ağabəyim ağa bağı seyr etdikdən sonra kədərli bir şeir yazıb. İndi də müğənnilərin böyük şövqlə oxuduğu o məşhur mahnının sözləri belədir:  

"Vətən bağı" al-əlvandır, 

Yox içində xarı bülbül.  

Nədən hər yerin əlvandır,  

Köksün altı, sarı bülbül?!  

Səhərin gülşən çağında,

Nə gəzirsən bağı, bülbül?! 

Oxudun, ağlım apardın,  

Oldun mənə yağı, bülbül! 

 

Bülbül, sən nala çəkərsən, 

Göz yaşın gilə tökərsən,  

On bir ay cəfa çəkərsən,  

Bir ayı da zarı, bülbül! 

 

Bülbül, geyibsən al yaşıl,  

Qolların boynumdan aşır.

Ağlamaq mənə yaraşır,  

Qoy ağlayım, barı, bülbül! 

 

Bülbül səni kim uçurtdu,  

Kim daldan dala qaçırtdı,  

Kim sənə badə içirtdi,  

Kimlər oldu saqi, bülbül?!  

Ömrünün sonuna kimi vətən həsrəti çəkən Ağabəyim ağanın bir çox şeirləri həm İranda, həm də doğma vətənində dildən-dilə keçərək yaşayıb. Bəzilərinin heç ona məxsus olduğu da uzun müddət bilinməyib. Qəribçiliyin çox əziyyətini çəkən bu incə ruhlu xanımın şikayət dolu namələrindən biri də belədir:  

Əfsus ki, yarım gecə gəldi, gecə getdi,  

Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.  

Bu qəzəlin bizə bəlli olan misraları ancaq bunlardır. Bəlkə də Cənubi Azərbaycanda bu qəzəlin hamısı var. Tədqiqatçı V.Quliyev söyləyir ki, İranda fars dilində Ağabəyim ağanın şeirləri mütləq var. Çünki Ağabəyim ağa "Ağabacı" təxəllüsü ilə həm Azərbaycan, həm də fars dilində lirik, aşiqanə, eyni zamanda vətən niskilli şeirlər yazıb. Bir neçə il Tehranda qaldıqdan sonra ömrünün sonuna kimi Qum şəhərində yaşayan Ağabəyim ağa Cavanşir təxminən 50 yaşında dünyasını dəyişib.  

Təəssüf ki, bu unudulmaz xanımın həyat və yaradıcılığı o qədər də dərindən araşdırılmayıb, yazdıqları toplanıb çap edilməyib. Şeirləri sadəcə olaraq dildən-dilə keçərək bugünümüzə qədər gəlib çatmışdır. Tədqiqatçılar təsdiqləyirlər ki, Ağabəyim ağa Ağabacıdan böyük ədəbi irs qalıb. Heç ola bilməz ki, bu cür istedad sahibinin yazdıqları itib-batsın. Şeirləri çox olsa da, olmasa da, Ağabəyim ağanın bircə bayatısı elə uzunömürlüdür ki, onun sayəsində də Azərbaycan ədəbiyyatında əbədiyaşarlıq tapıb. Xan qızının fars dilində yazdığı bir qəzəlinin sətri tərcüməsi belədir: "Ta qiyamətə qədər yazılsa qurtarmaz, nə sənin gözəlliyinin dəftəri, nə mənim ayrılığımın hekayəti". Bu gözəlliyin dəftəri yəqin ki, Şuşadır! İndi də bizim dərdimizə, həsrətimizə çevrilən Şuşa! Allah sənə rəhmət eləsin, Ağabəyim ağa!

Flora Xəlilzadə,

“Azərbaycan” qəzeti, 2011.- 9 fevral.- S. 7.

* * *

►Mövzuya dair:

Könüllü girovluğu ilə ailəsini qorumuş xan qızı-şah xanımının qüssəli hekayəti

 

Tarixin üzü qara olsun! Elə şəxsiyyətlər var ki, onlar haqqında bircə cümləlik yazımız yoxdur. Bir qədər dəqiqləşdirim – öz yazımız. Ümid qalır əcnəbi salnaməçinin insafına – nəyi düz, nəyi əskik qələmə aldığı ta Qiyamətədək müəmma olaraq qalacaq. Agabacı ağa, yaxud Ağabəyim xanım kimi çağırılan Qarabağ xanının qızı haqqında olduğutək.

Şah sarayında zifaf gecəsi

Əski salnamələrdə və elə indiki bəzi tarixi kitablarda da yazırlar ki, Ağa Məhəmməd şah Şuşada öldürülür. Fətəli şah Qacar hakimiyyətə gəlir. Az sonra İbrahim Xəlil xan Şuşaya qayıdır və hakimiyyətini bərpa edir. Qacar sarayına etibar qazanmaq və münasibətlərini möhkəmləndirmək üçün o, qızı Ağabəyim xanım 1801-ci ildə Fətəli şaha ərə verir. O vaxt deyildiyi kimi, “hər iki tərəfin xatircəmliyi üçün”.

Saray tarixinin bilicisi, babası İbrahim Xəlilin Osmanlı sarayında elçisi olmuş, özü də Cümhuriyyət dönəmində Türkiyədə səfir olan Yusif Vəzir Çəmənzəminliyə görə, Ağabəyim xanımın ilk və son eşqi əmisi Mehralı bəyin oğlu Məhəmməd bəy imiş.

Lakin bu eşq dastanı açıldığı vaxtda da qapanıb. Güman ki, xan nəslindəki ikitirəliyin, düşmənçiliyin bir səbəbi də buymuş. Bu eşq macərası haqda, əlbəttə, nə “Qarabağnamələr”də, nə də digər salnamələrdə bircə cümlə belə keçmir. Lakin hər halda gümanı kənara atmağın da yeri deyil.

O, girov idi. Canlı girov. Sərt qaydaları olan o dövrdə Ağabacı ağa saraylara “peşkəş edilən” yeganə xan övladı deyildi. Və xan qızı öz varlığı ilə, sözsüz ki, sülhün qoruyucusu olduğunu dərk edirdi.

Burda nöqtə qoydum. Gerisini iranlı tarixçi Mehdi Bamdad deyəcək. “Lakin Fətəli şahın lap əvvəldən İbrahim Xəlil xanın qızından xoşu gəlmirdi. Bunun səbəbi İbrahim Xəlil xanın onun əmisi Ağa Məhəmməd xana çətinliklər törətməsi, yenidən Qafqaza qoşun yeritməsinə və nəhayət, həlak olmasına səbəb olması idi, yaxud da ortada hər hansı başqa səbəb vardı. Fətəli şah ömrünün sonuna kimi onunla bir yataqda yatmır, amma talaq da vermir və qadın Qumda ondan ayrı yaşayırdı” (Mehdi Bamdad. İranın görkəmli şəxsiyyətlərinin tərcümeyi-halı, Tehran, I cild, s.12.).

Ömrünün sonunadək bakirə qalmış şah xanımı haqqında digər salnaməçilər, o cümlədən Mirzə Fəzlullah Şirazi-ye-Xavəri, Məhəmməd Həsən xan Etimadüs-səltənə (və sadalamadığım daha neçə tarixçi) də yazırlar ki, Fətəli şah zifaf gecəsi xan qızının yanına girdikdən cəmi on beş dəqiqə sonra ordan dəli kimi çıxdı və bircə kəlmə söz dedi: “İbrahim xanın qızı məni ilan kimi çaldı”. Bundan sonra o, qəzəblə öz otağına doğru yürüdü”.

Yalan-doğru deyirlər, zifaf gecəsi Ağabəyim xanım şahı anasının rəsmi libasında qarşılayır. Nikahlı arvadını anasının paltarında görən şahın gözləri kəlləsinə çıxır.

Birinci xanımın nüfuzu

Agabacı ağa 1780-ci ildə Şuşada anadan olmuşdu. O, gözəl və istedadlı olmaqla yanaşı, atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi. Onun fitri istedadı, diplomat məharəti və bədii ustalığı dillər dastanı idi. Şah sarayında ikən Ağabəyim xanım Avropanın ümumişlək dili olan fransızcanı da mükəmməl mənimsəmişdi. O zamanlar Qacar elçilərinin çoxu erməni tacirləri idi (bu ayrıca bir mövzu olduğundan dərinə getmirəm), lakin Avropa sarayları ilə məktublaşma işlərində də şah xanımı çox fəal idi.

1811-ci ildə o, Napaleon Bonaparta məktub göndərmişdi. Rusiya çariçası ilə məktublaşmışdı. “Ey bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci zöhrəsi, tale ulduzu olmuşsunuz”, - deyə rus imperatriçası Ağabəyim xanım yazmışdı.

1812-ci ildə İngiltərə səfiri Ser Qor Ouzli İranda danışıqlar aparırdı. Səfirin xanımı da ölkənin birinci xanımı ilə görüşməkdə israrlıydı. Sarayın məlaikəsi Ağabacı Ağa ilə görüşü ingilis səyyahı-diplomatı Ceymz Moriyer belə təsvir edir: “Kraliça Ağabacının taxtda oturduğu böyük bir saraya girməsi üçün səfirin qadınına bələdçilik etdilər. Onun əynindəki geyim Qacar dövlətinin ehtişamını göstərirdi. Kraliçanın əynindəki paltarların qızıl düymələri parıldayırdı. Kraliçanın üzərində o qədər qızıl, ləl-cavahirat var idi ki, o, sərbəst hərəkət edə bilmirdi” (Ceymz Moriyer. İkinci səfər. Tehran, “Tus” nəşriyatı, 1386 (2007), s. 213-214.).

Və əsas mətnə qayıdıram. Saraydakı görüşdə səfirin qadını Ağabacı ağaya İngiltərə kraliçası adından bir ənbər – qiymətli ətir hədiyyə etmişdi.

Zəruri haşiyə: yalnız şah xanımları qızıl düymə və qumaş parçadan libas geyə bilərdi. Bu qədim bir ənənə, yazılmamış qanun idi. Və nə qədər təəcüblü səslənsə də, xanlıqlar dövründə qızılı paltarı yalnız bir hakim – İrəvan sərdarı Hüseynqulu xanın hərəmləri geyinirdi. Bu müstəsna ixtiyarı ona heç kim verməmişdi, ancaq və ancaq xanın şah sarayındakı fövqəladə nüfuzundan irəli gəlirdi. Üstəlik, xanın qızı Fətəli şahın sevimli xanımı idi.

Yeri gəlmişkən, İrəvan xanının ruslara əsir düşmüş qardaşı yüzbaşı Həsən xanın azad olunması da, deyilənə görə, Ağabacı ağanın xidmətidir.

Mehdi Bamdad yazır: “Dəfələrlə belə olurdu ki, artıq yaşı ötmüş Ağabacı ağa otağa daxil olanda, Fətəli şahın diqqət mərkəzində olan cavan və yaraşıqlı xanımı Tacüd-dövlə ona hörmət əlaməti olaraq dərhal ayağa qalxır və Ağabacı ağa əyləşənə kimi ayaq üstə dururdu”.

Əminə Pakrəvan “Abbas Mirzə və Azərbaycan” adlı əsərində Ağabacı xanımın şah sarayındakı intriqalarda fəal iştirakına diqqət çəkdirir. Mühafizəkar qüvvələrin tədqiqi ilə üzləşmiş şahzadə Abbas Mirzənin tərəfini tutan şah xanımı Abbas Mirzə ilə İbrahim Xəlil Cavanşir arasında bir çox hallarda vasitəçilik edir: “İbrahim Xəlil gizlicə Abbas Mirzəyə xəbər göndərdi ki, “Şuşaya hücum etsəniz, şəhər darvazalarını Azərbaycan ordusunun üzünə açacağıq”. Lakin ruslar tərəfindən dəstəklənən xanın yaxınlarından biri bu xəbəri duydu və rusların yardımı ilə İbrahim Xəlil xanı Şuşadan qaçmağa məcbur etdi. Bu hadisədən xəbərdar olan Abbas Mirzə, İbrahim Xəlil xanın yardımına tələsdi. Ancaq Xudafərin körpüsündən çox uzaqlaşmamışdı ki, gözlənilməz bir hadisə ilə qarşılaşdı. Təqribən yüz süvari yas içində İbrahim Xəlil xanın cənazəsini Xudafərinə doğru daşıyırdı. Yaşlı xan bütün ailə üzvləri ilə bir yerdə öldürülmüşdü”.

Kədər sarayı

Mirabbas Mirbağırzadə yazır: “Ağabəyim ağa Qacar sarayında “Ağabacı” adlanırdı. Ağabacı xanım olduqca ləyaqətli, vüqarlı və əzəmətli xanım idi. Oxumuşdu, aqilə, kamilə və ədibə idi”.

Əsas bələdçimiz Mehdi Bamdad isə yazır ki, Qarabağın böyüklərindən olan Məlik bəy Ağabacıya vəzirlik edirdi. ”Möhtərəm” ləqəbi ilə tanınan Ağa Bəhram onun xacələrindən idi. Keykavus Mirzə ilə Mürəsse xanımı ona oğulluğa və qızlığa vermişdilər. Ağabacının şahdan övladı olmadı, çünki kəbindən sonra bir ər kimi Fətəli şahın diqqətini cəlb etməmiş və bakirə qalmışdı. Bir gün Fətəli şah öz yaxınlarına demişdi: ”Ağabacı gözümə ilan kimi görünür”. Bununla belə, Fətəli şahın yanında uca məqamı, yeri və hörməti vardı.

Ağabacı ağa məğrur qadın idi və onun yanında ədəbsizliyə yol verilməsin deyə, çox vaxt imamzadə Qasim məqbərəsindəki hücrəsində tənha qalırdı. Sonralar Qumu ona verdilər.

Qarabağdan gətirdiyi, hamısı zəkalı və tanınmış şəxslərdən ibarət olan 200-dən artıq xidmətçi və nökər ona qulluq edirdi, Qumun vergisinin bir hissəsi də ona çatırdı”.

Vüsalına yetməmiş şah xanımı hicri-qəməri 1248-ci ildə Qumda vəfat etdi və orada torpağa tapşırıldı.

Bu bacarıqlı xan qızının həm də şer təbi vardı və ”Məluli” təxəllüsü ilə yazırdı. Fətəli şahla zifaf gecəsi cəmi bir neçə sual-cavabla keçmiş, ertəsi gün səhər Ağabacı ağa azəri türkcəsində bu sadə və anlaşıqlı beyti zümzümə etmişdi:

Yarım gecə gəldi, gecə qaldı, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə qaldı, necə getdi.

Bu yanıqlı bayatı da onundur:

Əziziyəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!

Bayatının müəllifi üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırmışdı. Gülüstana “Vətən bağı” adı verirlər. Fətəli şah Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin. Ağabəyim ağa “Vətən bağı”na tamaşa edib üzüntüsünü belə ifadə edir:

“Vətən bağı” al-əlvandır,

Yox üstündə Xarıbülbül.

Nədən hər yerin əlvandır,

Köksün altı sarı, bülbül.

Bəzi mənbələr Ağabacı Ağanın “Tuuti” təxəllüsü ilə də türkçə və farsca şeir də yazdığına işarə edir. Onun farsca şeirləri “Divani-Baci” adı ilə yayımlanıb.

“Qarabağ şikəstəsi” də Ağabacı Ağanın ayağına yazılır. Sözləri və musiqisi ilə birgə. “Qarabağ şikəstəsi”ndəki qüssə, kədər qürbətin mahiyyətini anladır:

Mən aşiqəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Xan qızı Ağabəyim xanım haqqında bu qədər yaza bildim. Bakıda. Qarabağın unudulmadığı “qürbətdə”.

Əziz Rzazadə,

Kulis.az

 

Xəbərlər
Redaktorun seçimi