“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.12.2014, 18:07
439

Məşədi Əbdül Şahin (1844-1900)

A- A+

Məşədi Əbdül Hüseynəli oğlu Muradlı (Məşədi Əbdül Şahin) - şair. 

Məşədi Əbdül Şahin 1844-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Tıcarətlə məşğul idi. Əsasən Petrovskidə alış-veriş edirdi. Şahin və Rahzən təxəllüsləri ilə qəlb əfsunlayan şeirlər yazırdı.

Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Qarabağın xoştәb vә әhli-zövq şüәralarından birisi dә Әbdül ibn Hüseynәli ibn Mәşhәdi Muraddır. Amma mәrhum Әbdül anasının adı ilә mәşhur idi. Belә ki, cәmi Qarabağ әhli ona Fatıoğlu Әbdül deyәrdi. Tәvәllüdü vә hәmçinin tәlimü tәrbiyәsi Şuşa qalasında olubdur. İyirmi il bundan әqdәm köçüb Petrovskiyә orada alış-veriş ilә mәşğul olurdu. Bir neçә sәnә bundan irәli vәfat edibdir. Sinni әlli beşdәn altmışa kimi çatmışdı".

Məşədi Əbdül Şahin 1900-cü ildə vəfat edib.

* * *

Yaradıcılığı

 

Salıb mәni qәmi-eşqin bir elә halә, balam,

Göz ilә görmәyәsәn, gәlmәzәm xәyalә, balam!

 

Şikayәti-şәbi-hicranı birbәbir edәrәm,

Yetişsә bir dә әlim damәni-vüsalә, balam!

 

Qaşın şәbahәti tiği-Әliyyi-İmrandır,

Üzün Mәhәmmәdә bәnzәr, qaşın hilalә, balam!

 

Siyahpuş olub gizlәnibdi zülfündә,

Yәqin kәmindә yatıb arizindә xalә, balam!

 

Tamami-xәlq edәr Kәbeyi-xudayә sücud,

Әgibdi qibleyi-qaşın mәni şimalә, balam!

 

Yenә xummar gözün ox çәkib kәman tutmuş,

Yәqin veribdir ona lәblәrin piyalә, balam!

 

Olur günah edәn mәrd davәrә Rәhzәn,

Sәnә mәhaldır üsyan gәlә xәyalә, balam!

* * * 

Ya rәb, nә oldu bülbülә gülzarә gәlmәdi,

Şaxi-gül üstә gәlmәyә göftarә, gәlmәdi?!

 

Ya mümkün olmadı keçә seyli-sirişkimi,

Ya kim, düşüb yüzündә gözü qarә, gәlmәdi.

 

Müjgan oxun o qaşı kaman vurdu sinәmә,

Sәyyadә bax ki, seydә vurub yarә, gәlmәdi.

 

Can riştәsi әlimdә bәha tari-zülfünә,

Gözlәr gözüm o Yusifi, bazarә gәlmәdi.

 

Hәr qәdr dәydi sәngi-mәlamәt bu cismimә,

Bir dәm hәdisi-eşqini inkarә gәlmәdi.

 

Qәddim kәman olub qaşı tәk intizardәn,

Bәxtim kimi o türrәlәri qarә gәlmәdi.

 

Şahin, sәbu su üstә sınar, şanә zülfdә,

Yoxsa çәkildi zülfdә dil darә, gәlmәdi?!

* * *

Mənbə:

Ənvər Çingizoğlu. Məşədi Murad uşağı. "Soy" dərgisi, 10(18) 2008

* * *

►Mözuya dair:

Fatıoğlu Əbdül

Şuşada bəzi adamları anasının adı ilə adlandırmaq qədimdən dəb halını almışdı. Şəhərin hörmətli şəxslərindən olan Hüseynəlinin də oğlu anasının adı ilə çağrılır və bütün Qarabağda Fatıoğlu Əbdül kimi tanınırdı.

1849-cu ildə Şuşada anadan olan Əbdül təhsilini burda almış, ərəb, fars və rus dillərini də öyrənmişdir Uşaqlıqdan şairlər arasında, şer həvəskarları əhatəsində böyümüş, poeziyada qələmini sınamış və özünü bir şair kimi təsdiq eləmişdi. Əbdülün fitri istedadını görən Mir Möhsün Həvvab gənc şairi rəhbərlik etdiyi “Məclisi-fəramuşan” ədəbi dərnəyinə götürmüş və onun püxtələşib-formalaşmasında mühüm rol oynamışdır.

Gənc şair əvvəlcə “Rəhzən”, sonralar isə “Şahin” təxəllüsü ilə yazıb-yaratmışdır.”Əbdül artıq hazırcavab, zoşsöhbət və baməzə bir vücud idi. Ona binaən ürəfa və üdəbalar indində onun xatiri əziz və möhtərəm idi” (Firudun bəy Köçərli). Şairin lirik şerləri, aşiqanə qəzəlləri az vaxtda onu təkcə Qarabağda yox, həm də Azərbaycanın digər ədəbi mərkəzlərində məşhurlaşdırmışdı.

Deyildiyinə görə, Əbdülün bədahətən dediyi şeilərə heç kəs cavab verə bilməzmiş. Amma nədənsə şair Mir Möhsün Həvvab onun şerlərini, “həzliyyat və hədyanlardan” ibarət hesab edir.

Əbdül Şahin gənc yaşlarında ziyarətə getdiyinə görə onun adının əvvəlinə “Məşədi” sözü də əlavə olunmuş və xalq arasında Məşədi Əbdül kimi tanınmışdır.

Məşədi Əbdül Şahin sonralar Şimali Qafqaza köçüb, bir müddət müəllimliklə və ara-sıra alış-verişlə məşğul olmuş, 1900-cü ildə qürbətdə vəfat etmişdir.

Vasif Quliyev,

yazıçı-jurnalist

 

Xəbərlər
Redaktorun seçimi