Mücrüm Kərim (XIX əsrin 1-ci yarısı)
Azərbaycan şifahi xalq ədəbiyyatının ən çox yayılmış qollarından biri olan aşıq yaradıcılığı özünəməxsus geniş inkişaf yolu keçmiş, xalqın ictimai-siyasi həyatında, təfəkküründə silinməz izlər buraxmış, əsrlərin sınağından, süzgəcindən keçərək indiki, müasir mərhələyə çatmışdır. Azərbaycan aşıq poeziyası qədim Qarabağ torpağının ayrılmaz bir hissəsi olan və Qarabağ aşıq mühitinin aparıcı bir qolu olan Cəbrayıl torpağında da geniş inkişaf mərhələsi keçmişdir. Hələ XVI əsrdə aşıq yaradıcılığının babası hesab edilən dirili Dədə Qurbani bu torpaqda boy atmış, XIX əsrin məşhur qadın aşıq şairi Maralyanlı Aşıq Pəri burada doğulub məşhurlaşmışdır.
XIX əsrin birinci yarısında Cəbrayılda yaşamış sənətkarlardan biri də Mücrüm Kərim idi. Ehtimala görə o, XVIII əsrin axırlarında ailəsi ilə Girmanşah mahalından Qarabağa köçmüş, bir müddət Horovlu kəndində yaşamışdır.
Sonralar o, bu torpaqların sahibi Cəfərqulu ağaya müraciət edib torpaq istəyir. Cəfərqulu ağa da indiki Cəfəraabad kəndi olan ərazini ona bağışlayır. Bu kəndin Mücrüm Kərimə bağışlamasındsa Aşıq Pərinin (qonşu Maralyan kəndində yaşayırdı – red.) də müəyyən rolu olmuş, həmin torpaqların ona verilməsini Pəri də Cəfərqulu ağadan xahiş etmişdir.
Mücrüm Kərim ömrünün sonuna qədər həmin kənddə yaşamışdır. Məzarı Horovlu kəındi yaxınlığında, Şıx kəhrizi deyilən qədim qəbristanlıqdadır.
Mücrüm Kərimin yaradıcılığında aşıq şeiri üslubunda yazılmış əsərlər – qoşma, gəraylı, təcnis və divanilər əsas yer tutur. Bu şeirlər daha çox məhəbbət mövzusunda yazılmış və burada ictimai motivlərə də geniş yer verilmişdir:
Ey mənimlə həmdəm olam bivəfa,
Dərd əlindən ahu-zarım var mənim,
Təbibimsən, eyləməzsən dəvamı,
Nə sağalmaz yaralarım var mənim.
- deyərək sevgilisinin vəfasızlığından, ürəksizliyindən gileylənən şair başqa bir şeirində:
Fələyin əlindən qılan ahu-zar,
Biri mənəm, biri yarəb kim ola?
Güli ruxsarına çəkən intizar,
Biri mənəm, biri yarəb kim ola?
- deyə zəmanənin, dövranın vəfasızlığını, zülm və sitəmin ərşə qalxmasını, talesiz adamların acı həyatını qanlı göz yaşları ilə qələmə alırdı. M. Kərimin əsərləri sənətkarlıq cəhətdən də qiymətli nümunələrdir. Bu baxımdan onun təcnisləri də çox maraqlıdır.
Şair klassik üslubda olan qəzəl və müxəmməslərini də eyni ruhda yazmış, yüksək sənətkarlıq nümunəsu göstərmişdir.
Tariyel Abbaslı,
filologiya üzrə fəlsəfə doktoru
Mənbə:
http://www.fact-info.az/ts_general/azl/aktual_az/musahibe/musahibe-71.htm
* * *
Mücrüm Kərim aşıq şerinin müxtəlif janrlarında qələmini sınamışdır. Aşıq “Qarşı” təcnisinin möhür bəndində deyir:
Gir bağa gəşt elə olanda yar hey!
Sözün bülbül kimi olanda yar hey!
Özün Sultan Mahmud olanda yar hey!
Kərimi də oxşat Ayaza qarşı.
Məlum olduğu kimi, Həzrət Əlinin Novruzu, Koroğlunun Eyvazı, Sultan Mahmudun isə Ayazı oğul qədər sevdikləri dastan olmuşdur. Burada təşbeh olaraq göstərir ki, özün Sultan Mahmud olanda yar, məni də, Kərimi də Ayaza oxşat, ona bərabər tut. “Ha bular, bular” təcnisində Tufarqanlı Abbasın, Xəstə Qasımın:
Sərrafın dəstində nə danə dedim,
Xalın can quşuna nə danə dedim,
Sirrin, dərdin bilməz nadanə dedim,
Anlamaz, başını ha bular, bular. –
- söyləyir.
Burada “can quşu” insanın nəfəsidir, ona nə danə demədi. Nə də sirrini dərd bilməz nadanə demədi. Çünki beləsi dərdimi anlamaz, başını ha bular, bular. İkinci bənddə cinas qafiyələri daha gözəl düzümləndirir, hər misranın məna yükünü artırmağa çalışır.
Bənd belədir:
Bayqu üçün məskən oldu o diyar,
Qəmzən ilə bağrım başın odduyar,
Evdən çıxdı, yalın qılınc odur yar,
Bilirəm, qanıma ha bular, bular.
Bayqu məhəbbətlə bağlı bir ifadədir. Bayqu üçün o diyar məskən olanda qəmzələ bağrım başın oydu, ona görə də bu bəndin son beytində fikrini daha bədii boyalarla tamamlayır:
Bu Mücrüm Kərimi kim dərdə saldı?
Ah çəkib gözlərin ha bular, bular.
Təcnisdə yeni söz kəşfi, fikir axtarışı budur. Təcnisin hər misrası, hər bəndi ilə bədii söz xəzinəsinə yeni incilər gətirilir.
►Bax:
Sədnik Paşa Pirsultanlı (Paşayev). “Azərbaycan aşıq poeziyasinda və yazılı poeziyada təcnisin inkişaf tarixi”. GDU-nin nəşriyyatı, 2010. s. 56-58.
* * *
Mərhum yazıcı və ədəbiyyatşünas, professor Əzizə Cəfərzadə Mücrüm Kərimin XIX əsrin birinci yarısında yaşadığını və omrunun coxunu səyahətlərdə kecirdiyini bildirir. Tədqiqatcı Mucrim Kərimin muxtəlif əlyazma cunglərindən topladığı şeirlərini 1978-ci ildə "Sünbülüstan" adı ilə nəşr etdirmişdir.
Buradakı nümunələr həmin kitabcadan götürülmüşdür.
* * *
Qəzəllər
Cün eşitdim, ey əzizim, sahibazar-olmusan,
Gərdişi-dövran ilə dərdə giriftar olmusan.
İncinib nazik bədən ol bəstər icrə gah-gah,
Söylənən sözlərdən, aya, xeyli bimar olmusan?
Hadisati-ixtilafi-dövrdən zəhmət cəkib,
Möhnəti-amacgahi-cərxi-qəddar olmusan.
Paybənd etmiş səni ol həbsgahi-xanədə,
Necə gündür ol səbəbdən tərki-bazar olmusan.
Dərdi-sər vermiş sənə asibi-dövri-qəza,
Gül kimi rəngin solub, aludeyi-xar olmusan.
Mümkün olseydi olurdum xidmətində mustədam,
Yüzümə calma gunahım, etmə, bizar olmusan.
Bilməzəm cərxi-fələk qılmış səni aşuftəhal,
Yoxsa bicarə Kərim tək sinəəfkar olmusan?!
Bəxt mənə yar olub şahi-Suleyman bu gün,
Sayə salıb ustumə ol şəhi xaqan bu gün.
Gürdü ki, mən durmuşam zaru həzin dərdnak,
Görmək ilə aşiqə eylədi ehsan bu gün.
Mən fəqiri gorcəyin qıldı təbəssum rəvan,
Konlumu şad eylədi Yusifi-Kənan bu gün.
Yetər ki, bəyzadəmiz babasını görməyə,
Getmiş idi naz ilə sərvi-xuraman bu gün.
Qayıdışı ol zaman yolda mənə rast olub,
Etdi bazar əhlini əmrinə fərman bu gün.
Bar xuda eyləsin dovlətini mustədam,
Yavəri olsun anın xaliqi-yəzdan bu gün.
Ağlama zar, ey Kərim, şukr elə allıhana,
Rəyin ilə dovr edər gərdişi-dövran bu gün.
* * *
Bəxti-nafərcam tək acılmadı qarə sabah,
Ki, deyəm hali-dilim yari-cəfakarə sabah.
Məni rüsva elədi bəxti-siyahim gecələr,
Ki, necün gəlmədi bir dəm eləyə carə sabah.
Usanıb zülm binasından, edib şərmu həya,
Eyləmə sineyi-əfkarımı sədparə, sabah!
Yataram hicr dəmində, elərəm ahu fəğan,
Nəlur izhar edəsən halımı ol yarə, sabah!
Nə uzun oldu fəraqın gecələr, gəlmədi subh,
Yazığam, ruzi-vüsalə yetir, ol karə sabah.
Mənə ol qədr təğaful elədi munca zaman,
Az qalıbdır ki, olam dərbədər, avarə, sabah.
Kərimin kimsəsi yoxdur ki, deyə, hali-dilin;
Həmdəm ol bir necə dəm mən kimi qəmxarə, sabah.
* * *
Qoşmalar
Fələyin əlindən qılan ahu zar,
Biri mənəm, biri, yarəb, kim ola?
Güli-ruxsarına cəkən intizar,
Biri mənəm, biri, yarəb, kim ola?
Ey gözləri cəllad, qaməti mövzun,
Bu qədər bəndəni eyləmə dilxun,
Sərgəşteyi-aləm, halı digərgun,
Biri mənəm, biri, yarəb, kim ola?
Kərimin konlunu eyləmə viran,
Zülümdən usanıb, halına bir yan,
Hicran ələmindən didəsi giryan.
Biri mənəm, biri, yarəb, kim ola?
* * *
Gözəllərin şahı, şuxu nazənin,
Yetişibdi hökmun kulli-cəhanə,
Bilirsənmi necə yaxşı yaraşır,
Zərəfşan kəmərin, incə miyanə.
Gəlməyib dunyaya sən kimi dilbər,
Gulbərg-ləblərin yaquta bənzər,
Dolanım başına, ey pəripeykər,
Zulfimə subhlər eyləmə şanə.
Pərişan tellərin aldı qərarım,
Mayiləm hüsnünə, sevgili yarım.
Ceşmi-siyahımsan, lalə uzarım,
Olayım mən heyran sən kimi canə.
Şahibazi-aləm mən səni billəm,
Düşübən torpağa yolunda ölləm,
Daneyi-xalının qurbanı ollam,
Qəbul eyləyəsən, şahi-zəmanə.
Cəmalın artıqdır şəmsu qəmərdən,
Yolunda kecmişəm can ilə sərdən,
Bicarə Kərimi salma nəzərdən,
Əgərci kafərəm, gəldim imanə.
* * *
Mənbə:
XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.