“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 19:11
2949

VII-XII əsrlərdə Azərbaycan şeiri

A- A+

VII əsrin 40-cı illərindən Azərbaycan üzərinə müntəzəm hərbi yürüşlər təşkil edən ərəb xilafəti VIII əsrin 30-cu illərində bu ölkəni tamamilə öz hökmranlığı altına aldı. Öz hakimiyyətlərini möhkəmlətmək üçün yeni dini ideologiya gətirmiş ərəblər Azərbaycanın müxtəlif dinli əhalisinə islamı qəbul etdirməklə, bir növ əhalinin etnik birliyinin sürətlənməsinə və möhkəmlənməsinə şərait yaratmış oldular. Vahid, güclü imperiya tərkibində feodal çəkişmələrindən və digər xarici müdaxilələrdən, müvəqqəti də olsa, yaxa qurtarmış Azərbaycanda ictimai həyatın başqa sahələri ilə yanaşı, mədəniyyətin və ədəbiyyatın inkişafı üçün də müəyyən imkanlar yarandı.

VII-XI əsrlərdə yaşayan Azərbaycan şair və mütəfəkkirləri ümumi islam mədəniyyəti daxilində ərəbcə yazıb-yaratsalar da, bu, Azərbaycan ədəbiyyatının gələcək inkişafı üçün təsirsiz qalmadı. VII-IX əsrlərdə baş vermiş arasıkəsilməz üsyanlar, xüsusən məşhur Babək hərəkatı nəticəsində zəifləyib laxlamış islam imperiyası IX əsrin sonlarından etibarən get-gedə Azərbaycanda ancaq öz nominal hakimiyyətini saxlaya bilir. Bu dövr Azərbaycanında Məzyədilər (861-1027), Sacilər (879-930), Salarilər (X-XI əsrlər), Rəvvadilər (979-1054), Şəddadilər (971-1086) kimi əslində müstəqil olan feodal dövlətləri meydana çıxır. Bütün bunlar mədəniyyət və ədəbiyyatın da başqa, əvvəlkindən fərqlənən yolla inkişaf etməsinə imkan yaradır. 1054-cü ildə Azərbaycanın Səlcuqilər dövləti tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verərək bir sıra görkəmli sənətkarların meydana çıxmasına şərait yaratdı. Bu işdə Azərbaycan atabəylər dövlətinin (1136-1225) müstəsna rolunu da unutmaq olmaz. Əlverişli coğrafi mövqeyinə görə dünyanın bir çox ölkələrinin iqtisadi-ticarət əlaqələrinin kəsişmə nöqtəsində duran Azərbaycan eyni zamanda əsrlərdən bəri dürlü mədəniyyətlərin, ədəbiyyatların qovuşma nöqtəsi olmuşdur.

Təsadüfi deyil ki, zəngin folklor ənənələri ilə seçilən bu ölkə X əsrin sonu, XI əsrin əvvəlindən başlayaraq yazılı ədəbiyyat sahəsində də Yaxın və Orta Şərq regionunda mərkəzi yerlərdən birini tutmağa, öz orijinal ideya-bədii xüsusiyyətlərini başqa ədəbiyyatlara təlqin etməyə başlamışdı. XII əsrdə həmin təkamülün təbii nəticəsi kimi Nizaminin bədii dühası yarandı və sonrakı ədəbi inkişafa əsrlər boyu qüvvətli müsbət təsir göstərdi.

XI-XII əsrlər Azərbaycanındakı ədəbi yüksəlişi çox mürəkkəb iqtisadi-ictimai və mədəni şərait, klassik şəxsiyyətlər yaratmışdı. “Azərbaycan poeziya məktəbi” adı ilə məşhur olan bu dövr ədəbiyyatının formalaşması və inkişafını Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beyləqani və nəhayət, Nizami Gəncəvi kimi klassiklər müəyyən etmişlər. Bu poeziya məktəbi əsrlər boyu Azərbaycanda ana dilində yaranmış zəngin şifahi xalq ədəbiyyatına, Yaxın və Orta Şərq ədəbiyyatına, habelə antik ədəbiyyat ənənələrinə əsaslanırdı. VII-VIII əsrlərdə yaranmış və ənənələri XII əsrə qədər gəlib çıxmış ərəbdilli Azərbaycan ədəbiyyatının da nüfuzu böyük idi.

Məlumdur ki, ərəblər istila etdikləri xalqların yazılı abidələrini saf-çürük edir, əsasən tarixi xronikaları öz dillərinə çevirir, qalanlarını isə məhv edirdilər. Məsələn, məşhur sasani xronikası “Xudaynamə”nin başına məhz belə bir iş gəlmişdi. Ərəb dilinə tərcümə ediləndən sonra əsərin orijinalı yandırılmışdı. Bədii əsərlərə gəlincə, ərəblər onlara o qədər də meyl göstərmirdilər.

Maraqlıdır ki, yunan fəlsəfəsinə aid çoxlu əsərlər ərəb dilinə tərcümə edildiyi halda zəngin yunan bədii ədəbiyyatından bir nümunə belə çevrilməmişdi.  Güman etmək olar ki, ərəb istilasına qədər Azərbaycan yazılı ədəbiyyatının da müəyyən abidələri olmuş, lakin onlar məhv edilərək bizə gəlib çatmamışdır. Hər halda azərbaycanlı şairlərin ərəb dilində yazdıqları ilk şeirlərə VII əsrin sonu, VIII əsrin əvvəllərindən etibarən təsadüf etmək olur. Müxtəlif ərəb qəbilələrinin mavlası (azad əsiri) olan və “Əl-Azərbaycani” nisbəsi ilə yazıb-yaradan bu şairlərin əsərlərindən bəzi örnəklər məcmuələrdə dövrümüzə gəlib çatmışdır.

VII-VIII əsrlərdə Mədinədə və Məkkədə yaşayıb-yaratmış Azərbaycan şairlərindən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz, tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir. Bunu mütəxəssislər də təsdiq edirlər: “VII-VIII əsrlərdə yaşayıb-yaratmış və məvali şairlər adı altında ədəbiyyat tarixinə daxil olmuş Musa Şəhəvat, İsmayıl ibn Yəsar və Əbül-Abbas əl-Əma kimi azərbaycanlı şairlər ərəbdilli poeziyanın inkişafına xeyli kömək etmişlər. Bununla yanaşı onlar öz xalqlarının bədii və fəlsəfi təfəkkürü ilə bağlı olmuşlar.

Onların yaradıcılığı sübut edir ki, Azərbaycan xalqının həmin dövrdəki bədii təfəkkürü digər müsəlman xalqlarının mədəni səviyyəsindən heç də geri qalmamış, bir çox millətlərin birgə səyi nəticəsində meydana gəlmiş ərəbdilli poeziyanın yeni keyfiyyətlər kəsb etməsində, forma və məzmunca dərinləşməsində, ictimai və siyasi həyata dərindən nüfuz etməsində öz faydasını əsirgəməmişdir. Azərbaycanlı ruhu, azərbaycanlı təfəkkürü, azərbaycanlı zövqü ərəbdilli ədəbiyyata daxil olaraq bu ədəbiyyatın mövzuca genişlənməsinin əsas amillərindən birinə çevrilmişdir” (Mahmudov M. VII-XII əsrlərdə ərəbcə yazmış Azərbaycan şairləri. Bakı, Elm, 1983, s.76.)

Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI əsrə qədər, yəni Qətran Təbrizinin yaradıcılığa başladığı dövrədək davam etmişdir. X-XII əsrlərdə Azərbaycan ədəbiyyatında bu poeziyanı Bərakəveyh Zəncani, İskafi Zəncani, Xəttat Nizami Təbrizi, Əbu Nəsr Mənsur Təbrizi, Xətib Təbrizi, Məsud ibn Namdar, Ömər Gənci kimi şairlər təmsil etmişlər. Həmin Azərbaycan şairləri klassik ərəb poeziyasına xas olan məcazlar sistemini işlətməklə yanaşı, yeri düşdükcə doğma vətənlərinin rəngarəng təbiətini, mərd, yenilməz insanlarını da təsvir etmişlər ki, bu da onların əsərlərinə müəyyən milli kolorit gətirmişdir. Çoxu Mədinə, Bağdad və b. şəhərlərdə yaşayıb-yaratmış Azərbaycan şairlərinin yaradıcılığında əsas motivlərdən biri vətən həsrəti olmuşdur. XII əsr şairi Ömər Gəncinin yazdığı aşağıdakı parça bunun səciyyəvi nümunəsidir:

Sürüb dəvələrini mənim yurduma çatsan,

Dostlarıma, unutma, məndən yetir bir salam.

Bu dərdə dözməyimdən, ayrılıq əzabından -

Danış bir-bir onlara, mən necə xəstəhalam.

Söylə ki, onları mən hər yadıma saldıqca -

Gəlib keçir gözümdən bir də o günlər tamam.

Ətirli meh əsdikcə səhər dost diyarından,

Qəlbim yarpaq tək əsir, tapmır bir ləhzə aram.

Qətran Təbrizi yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mütəfəkkir şair farsdilli Azərbaycan poeziyasının ilk görkəmli nümayəndəsidir. Farsdilli Azərbaycan poeziyası dedikdə, sadəcə olaraq, coğrafi sərhədlərlə məhdudlaşan bir ədəbi hadisə yox, öz ideya-estetik əsası və təkraredilməz xüsusiyyətləri ilə seçilən müstəqil, orijinal ədəbi məktəb nəzərdə tutulur.

Təbriz yaxınlığındakı Şadiabad qəsəbəsində mülkədar ailəsində anadan olmuş Qətran gənc  yaşlarında şairliyə başlamış, az bir zamanda istedadlı sənətkar kimi məşhurlaşaraq saraya dəvət edilmişdir. Müxtəlif hökmdarların mədhinə həsr olunmuş qəsidələr Qətran divanının əsas hissəsini təşkil edir. Lakin bu onun bədii-estetik dəyərini heç bir şəkildə azaltmır. Xüsusilə ona görə ki, divanda Qətranın yaşayıb-yaratdığı tarixi dövrün bir sıra ictimai-siyasi hadisələri çox dəqiq əksini tapmışdır. Şairin iki Azərbaycan hökmdarı - Əbül Həsən Ləşkəri və Əmir Cəfər arasında barışıq münasibəti ilə yazdığı qəsidə bu cəhətdən çox səciyyəvidir. Bu əsərlərdə Qətranın vətənsevər düşüncələri və yüksək hissləri diqqəti cəlb edir. Qətran xarici müdaxiləçilərə layiqli cavab verə biləcək, vahid, güclü Azərbaycan arzusundadır, buna görə də əmirlər arasındakı adi bir saziş, barışıq belə onu sevindirir, ümidlərini qüvvətləndirir.

Qəsidələrin nəsib (giriş) hissəsində Qətran sənətkarlığı daha parlaq şəkildə meydana çıxır. Əsasən baharın təsvirinə aid olan bu hissələrdə şair hər dəfə yeni-yeni bədii təsvir vasitələri tapır, dar bir mövzu çərçivəsində vurduğu təkrarsız naxışlarla oxucunu heyran qoyur. Qətran vəsfdən müxtəlif hadisə və məfhumların geniş təsvirində istifadə edir. Bu cəhətdən baharın mozaika təsiri bağışlayan rəngarəng təsviri xüsusilə seçilir:

Eyləyir dünyaya fərvərdin (1) yeli hər dəm səfər,

Eylədikcə hər səfər dünyaya o çalmış zəfər.

Eyləyir bülbül fəğan gülşəndə hər saət yenə,

Nazlanır güllər baxıb gördükcə hər dəm nalələr.

Tutiyə bənzər şəqayiq dimdiyində qır tutub,

Suri zərdir, üstünü qıpqırmızı tozlar bəzər.

İldırım şimşək çaxar daim buludlar oynaşar,

Sanki zənci ordusu tatar görüb xəncər çəkər.

Bənzəyir bağlarda nərgiz bütlərin əllərinə,

Qol-bilək mina tamam, ovcu hənadır sərbəsər.

Göl külək əsdikcə bənzər köksünə şahinlərin,

Sanki tovuzdur, qızılgül, bağda açmış balü pər.

 * * *

Qeyd: (1) Fərvərdin - İran günəş təqviminin birinci ayı (21 mart - 20 aprel).

 * * *

Qətran Təbrizinin rubailərində məhəbbət lirikası daha qüvvətlidir. Maraqlıdır ki, bu rübailərdə bədii zəmin kimi ondan əvvəlki fars poeziyasından daha çox Azərbaycan şifahi xalq ədəbiyyatının təsiri nəzərə çarpır. Qətran divanındakı rübailərdə aparıcı meyl fəlsəfi asketizm deyildir. Bu əsərlər vəzninə və bədii təsvir vasitələrinə görə rübai adlansalar da, ideya və sənətkarlıq cəhətdən bizim bayatılara daha yaxındır. Bayatılarda olduğu kimi, bu rübailərin çoxunda da əsas poetik fikir son iki misrada verilir.

Ey hüsnü gözəllər qibləsi olan,

Ürəyin ürəyi, ruha, cana can.

Dedim ürək verib almışam səni -

Yox, canımı versəm, yenə ucuzsan.

Azərbaycan xalqının təfəkkür tərzi Qətranın əsərlərində silinməz izlər buraxmış, şair yeri gəldikcə çoxlu türk sözləri işlətmişdir. “Çuval”, “cinağ”, “bəkməz”, “tağ”, “yun”, “dağ”, “ayaq” və s. türk sözləri Qətranın bədii leksikonunda xüsusi diqqəti cəlb edir. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir. Mübaliğəsiz demək mümkündür ki, Qətran poeziyasının spesifik dili azərbaycanca düşünüb farsca yazan bir sənətkarın dilidir. Bu xüsusiyyət, ümumiyyətlə, farsdilli Azərbaycan poeziyası üçün səciyyəvidir.

XI əsrdə Azərbaycanda yaşayıb-yaratmış ərəbdilli Azərbaycan şairləri haqqında az məlumat qalmış, onların əsərlərindən yalnız ayrı-ayrı nümunələr Əbül-Həsən əl-Baxərzinin “Dumyat əl-qəsr və usrat əhləl-əsr” məcmuəsində qorunub saxlanmışdır (Mahmudov M. Göstərilən əsəri, s.84-85.). XI əsrin ikinci yarısından etibarən Zaqafqaziyanı fəth edən səlcuqilər farsdilli poeziyanın inkişafı üçün yeni şərait yaradırlar. “İlk baxışda nə qədər təəccüblü görünsə də, səlcuqların gəlişi fars ədəbi dilinin Zaqafqaziyada yayılmasına kömək göstərirdi” (Bertels E.G. Nizami i Fizuli. - M., 1962, s.34.).

Y.E. Bertels bu hadisəni onunla izah edir ki, səlcuq hökmdarlarının öz dövlət aparatları olmadığına görə, işğal etdikləri ölkənin dövlət aparatını və bütövlükdə saray adət-ənənəsini qoruyub saxlamağa məcbur olmuşdular. Saray şairləri və saray ədəbiyyatı da bu ənənənin ayrılmaz hissələrindən biri idi.

XII əsrdə Azərbaycan ədəbi məktəbinin bir sıra parlaq siması yetişir. Bunların sırasında Şihabəddin Sührəvərdi və Eyn-əl-Quzat Miyanəci kimi sufi şairlər, Əbül-üla Gəncəvi, Məhsəti Gəncəvi, Fələki Şirvani, İzzəddin Şirvani, Mücirəddin Beyləqani, Qivami Mütərrizi, Xaqani Şirvani kimi saray şairləri və azad sənətkarlar var idi.

Əlbəttə, birinci iki şairin sufi adlandırılması heç də qalanlarının sufizmdən büsbütün kənar olduqları demək deyil. O dövrdə sufizm o qədər qüvvətli fəlsəfi-estetik cərəyan idi ki, sənətkarların çoxu bu və ya digər dərəcədə onun təsirinə qapılırdılar. Həm də nəzərə alınmalıdır ki, bizim çox vaxt düşündüyümüz kimi, sufizm yalnız tərkidünyalıq və mütilik təbliğ edən dini-mistik cərəyan deyildi - bu əlamətlər çox vaxt sufizmin ayrı-ayrı mütərəqqi qolları üçün zahiri, formal pərdə rolunu  oynayırdı. Qaba yun paltar - kəpənək geyib asketik həyat sürən və asketik görüşlər təbliğ edən sufilərdən başqa bir də fikir sufiləri - filosof şairlər var idi. Bəzən ən mütərəqqi fikirlər sufizm məcazları, rəmzləri vasitəsilə təmsil edilirdi.

Təsadüfi deyil ki, mütərəqqi sufizm həmişə ortodoks islamla müxalifətdə olmuş, mürtəce,  mühafizəkar ruhanilər imkan düşdükcə mütərəqqi görüşlü sufilərə divan tutmuşlar. Buradan belə bir məntiqi nəticə çıxır ki, sufizmin mütərəqqi qoluna mənsub olanlar eyni zamanda hakim siniflərlə də müxalifətdə olmuşlar. Azərbaycan filosofu və şairi Eyn əl-Quzat Miyanəci də məhz öz kəskin sufiyanə çıxışlarının qurbanı olmuş, 32 yaşında vəhşicəsinə öldürülmüşdür. Zəmanəsinin görkəmli filosoflarından biri kimi tanınan Eyn əl-Quzatın həm də yüksək şairlik istedadı olmuş, şeir texnikasında, məcazların işlənməsində, lirik hisslərin və təbiət lövhələrinin təsvir və tərənnümündə öz müasirlərindən xeyli seçilmişdir.

XII əsr Azərbaycan poeziya məktəbinin güclü bir qolu Şirvanşahlar sarayında yaranıb, Xaqani kimi böyük sənətkar yetirmişdir. Bu qolun əsasını qoyanlardan biri Əbül-Üla Gəncəvidir. Əbül-Üla gözəl şair olmaqla yanaşı, bacarıqlı ustad - müəllim kimi bir çox istedadlı sənətkarların yetişib boya-başa çatmasına şərait yaratmışdır. Şirvanşahlar sarayının “məliküşşüəra”sı (şairlər padşahı) vəzifəsinə qədər yüksəlmiş Əbül-Üla Gəncəvinin divanı bizə gəlib çatmasa da, əldə olan nümunələrə əsasən onun şeir sənətində yüksək məharət göstərdiyini təsdiq edə bilərik.

Müxtəlif məxəzlərdə bizə natamam bir qəsidəsi və bir rübaisi gəlib çatmış şairlərdən biri də  İzzəddin Şirvanidir. Qəsidədən göründüyü kimi, İzzəddin təbiət lövhələri yaratmaqda, orijinal poetik məcazlar tapmaqda müasirlərindən geri qalmamışdır. İzzəddin Şirvaninin şeri sənətkarlıq cəhətdən, gözlənilməz bədii fikir söyləmək baxımından daha maraqlıdr:

Kuyində fələk dün gecə görcək məni sordu:

“Kim saldı səni bu hala? Dur bir mənə göstər”.

“Yarın o xumar gözləri” - dindim. Dedi: “Heyhat!

Pis sərxoş olublar, səni, qaç, öldürəcəklər”.

XII əsr Azərbaycan poeziya məktəbinin Şirvan ədəbi birliyinə (əgər belə demək mümkünsə) daxil olan istedadlı şairlərdən biri də Fələki Şirvanidir. Xaqani ilə təxminən yaşıd olsalar da, sənətdə onun şagirdi olmuşdur. Bunu Xaqani özü Fələkinin ölümünə yazdığı mərsiyədə qeyd edir. Əbül-Üla Gəncəvidən və İzzəddin Şirvanidən fərqli olaraq, Fələki irsindən daha çox bədii nümunə bizə gəlib çatmış, onun “Divan”ı Londonda və Tehranda nəşr edilmişdir. Şirvan sarayında yaşayıb-yaradan şairlərdən çoxunun acı qisməti - həbsxana Fələkini də bir müddət öz qoynunda “bəsləmiş”, bir sıra qəmli şeirlərin meydana çıxmasına səbəb olmuşdur. Şairin həbsxanada əzab-əziyyət çəkdiyi “Nist” (“Deyil”) rədifli şeirindən də bu aşkar görünür.

Ümumiyyətlə, Şirvan sarayında yaranmış şikayətnamələri nəzərdən keçirdikdə belə qənaətə gəlmək olur ki, burada sənətin inkişafı və sənətkarın əmin-amanlığı üçün o qədər də sağlam mühit olmamışdır. Əlbəttə, bunu, mütəxəssislərin çox vaxt izah etdikləri kimi, yalnız şairlərin bir-birinə qarşı həsəd və paxıllığı ilə aydınlaşdırmaq doğru olmazdı. Güman ki, şairlərin əzab və  məhrumiyyətlərə məruz qalmasının əsas səbəbi yüksək mənsəbli feodal ağalar imiş. Onların başında vəzir olması da ağlabatandır (Nizaminin “Yeddi gözəl” poemasındakı məşhur Rast-Rövşəni yada salaq).  Hər halda Fələkinin və Xaqaninin həbs olunmaları, Əbül-Ülanın isə belə bir təhlükəyə məruz qalması feodal sarayları üçün səciyyəvi hadisə idi və təzkirələrin yazdığına görə, belə bir “şərəfə nail olmaq” qorxusunu vaxtilə Məhsəti xanım da keçirmişdi.

Təzkirələr Məhsəti Gəncəvinin Sultan Səncər (1118-1157) sarayında yaşayıb-yaratdığını göstərirlər. Lakin indinin özündə belə, bu şair haqqında bioqrafik məlumatlar yox dərəcəsindədir. Məhsəti Gəncəvinin rübailərində orta əsrlərin qabaqcıl bədii təfəkkürü səviyyəsində bir sıra fəlsəfi fikirlər və intim hisslər incə bir sənətkarlıqla öz əksini tapmışdır. Bəzən Məhsəti Gəncəvinin rübailərini Şərqin nəhəng simalarından biri olan Ömər Xəyyamın eyni janrda yazılmış əsərləri ilə müqayisə edirlər. Doğrudur, Məhsəti yaradıcılığında bu ruhda bir neçə rübai vardır, lakin onların əsas hissəsi Qətran Təbrizinin və İzzəddin Şirvaninin yuxarıda nəzərdən keçirdiyimiz rübaisi ilə həmahəngdir və XII əsr Azərbaycan poeziya məktəbinin aydın seçilən möhrünü öz üzərində gəzdirir.

Mücirəddin Beyləqani Eldəgizlər sarayında yaşamış, öz qəsidə, qəzəl və rübailərini bu sarayın hökmdarlarına həsr etmişdir. Şirvanşahlar sarayından fərqli olaraq, bu saraydakı şairlər nisbətən sakit ömür sürmüş, hətta Nizaminin yazdığı kimi, “Gecədə yüz xəzinə” almışlar. Buna baxmayaraq, Eldəgizlər sarayında Mücirəddin Beyləqani kimi bir şairə də böhtan atılmış, onu dövlət sirrini açmaqda təqsirləndirmişlər. Şairin aşağıdakı beytləri bu hadisəyə işarə edir:

Məni cahan tanıdı xidmətində, ey şahım!

Ağıllılar arasında adım olub əzbər.

...Mən olmadımsa əgər xidmətində bir neçə vaxt, -

Demək deyildi ki, ruhum dəxi uzaqda gəzər.

Uzaq atan məni şahın soyuqluğu oldu,

O nazənin ürəyin, var güman, yenə isinər.

Xoşbəxtlikdən məsələ tez aydınlaşdırılmış, həbsiyyə şeirləri yazmağa ehtiyac qalmamışdır.

Mücirəddin Beyləqani “Divan”ı, demək olar ki, tam şəkildə dövrümüzə qədər gəlib çatmış, əsərin tənqidi mətni 1979-cu ildə bir neçə əlyazma nüsxəsi əsasında Təbrizdə nəşr edilmişdir. XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə xas olan yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı və s. xüsusiyyətlər Mücirəddin Beyləqani yaradıcılığına da yad deyildir. Bu məktəbin əlamətlərindən biri də xalq sənətinə, folklor surətləri və ifadələrinə, aforizimlərə güclü meyldir. Saysız-hesabsız nümunələrlə təsdiq oluna biləcək bu fikri Mücirəddin Beyləqani yaradıcılığından gətirdiyimiz bir beytlə əyaniləşdirmək olar:

Diləklə bir kəsə vəslin sənin nəsib olmaz -

Olarmı ağzı şirin, kim ki, hey şəkər düşünə?

Öz müasirləri kimi Mücirəddin Beyləqani də incə poetik tapıntı - nüktə yaratmağın ustasıdır. Şairin “Divan”ı başdan-başa belə nümunələrlə doludur. Klassik ədəbiyyatda əsrlər boyu istifadə olunan ənənəvi poetik obrazlar Mücirəddin yaradıcılığında hər dəfə yeni rəngdə, yeni çalarda çıxış edir, yeni baxımdan mənalandırılır, buna görə də həmişə təzə, canlı görünür. Bu cəhət ümumiyyətlə, XII əsr Azərbaycan ədəbi məktəbinə xasdır. Zəmanədən, dünyadan şikayət, qeyri-müəyyən gələcək qarşısında çaşqınlıq hissindən doğan bədbinlik bu dövr şairlərinin yaradıcılığında özünü göstərən motivlərdəndir. Məhz bu motivin təsiri ilə böyük Nizami bir az sonra “Ölmüşlərlə doğulmamışları” zəmanənin ən xoşbəxt adamları hesab edəcək.

Hər cür şərin banisi olan fələk obrazı Mücirəddin şeirlərində xüsusi parlaq boyalarla təsvir edilir: Ulduzları bir çıraq kimi əlində tutub hər yeri dolaşan, azacıq xoşbəxtlik əlaməti gördüyü hər bir yeri xarabazara döndərən bu qoca yalquzaq hələ heç kimə kamınca yaşamaq səadəti nəsib etməmişdir. Ondan belə bir payı ummaq da sadəlövhlük, ağılsızlıq əlamətidir.

Xaqani yaradıcılığı XII əsr Azərbaycan ədəbi məktəbinin zirvələrindən biridir. Xaqani poeziyası lirik-fəlsəfi şerin nailiyyətlərinin yekunu, Nizami dühasının epik-romantik zirvəsinə keçid mərhələsidir. Bu poeziya həm ideya istiqamətinə, ictimai motivlərinin dərinliyinə, həm də bədii keyfiyyətlərinə görə Nizamiyə qədərki şerin ən yüksək mərhələsini təşkil edir. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şamaxıda doğulmuş Əfzələddin Bədil Əli oğlu Xaqani mürəkkəb, ziddiyyətli bir yaradıcılıq yolu keçmişdir. Öz dövrünün görkəmli alimlərindən olan əmisi

Kafiəddin Ömər ibn Osmanın rəhbərliyi altında mükəmməl təhsil almış Xaqani çox gənc yaşlarından yaradıcılığa başlamış, əmisinin arzusuna uyğun olaraq Həqayiqi təxəllüsü ilə şeirlər yazmışdır. Müasirləri olan Azərbaycan şairləri kimi Xaqani də poeziyasını Xorasan ədəbi məktəbinin Ünsüri, Sənai kimi nümayəndələrinin yaradıcılığı ilə müqayisə etsə də, əslində bu məktəbdən tamamilə fərqlənən, ideya-estetik xüsusiyyətlərinə görə Yaxın və Orta Şərqdə bənzərsiz bir şeir məktəbinin yaradılmasında fəal iştirak edənlərdən biri idi.

Xaqani yaradıcılığında diqqəti ən çox cəlb edən cəhət hər beytdə, hər misrada özünü göstərən dərin elmilikdir. Həm də bu elmilik quru, yorucu bir dildə yox, şirin, cazibədar poeziya dili ilə təqdim edilir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla elmi dünyagörüşü ilə islam dünyagörüşünü qarşılaşdırır. Azərbaycan ədəbiyyatında ilk poema sayılan “Töhfətül-İraqeyn” əsərində bu cəhət daha əyani şəkildə əksini tapmışdır. Şair Xızrın dili ilə qədim yunan fəlsəfəsinə “münasibətini” bu cür ifadə edir:

De, nə vaxta qədər sən belə heyran

Çürük fəlsəfədən dəm vuracaqsan?

Əslinə baxanda “fəlsəfə” sözü

“Səfeh” kəlməsinə yaxındır düzü:

Ayrı bir mənası olmamış dərin -

Quranın, danılmaz bu hədislərin -

Qabağında yəqin anlayar hər kəs,

Yunan fəlsəfəsi bir yuna dəyməz.

Sonralar eyni ədəbi fəndi Nizami də işlədəcək, mömin Bişrin Qurana istinadən gətirdiyi “təkzibedilməz dəlillərlə” Məlixanın elmi müddəalarını rədd edəcək. Əlbəttə, bu halda Xaqani, yaxud Nizaminin məhz hansı tərəfdə durduqlarını qəti söyləmək çətindir, lakin əsas məsələ bunda deyildir: ondadır ki, hər iki mütəfəkkir axtarır, şübhə edir, sxolastik çərçivəni laxladıb “tozsuz pəncərədən günəşə” (Nizami) tərəf boylanırlar. Elə bu dərin skeptisizm də məntiqi cəhətdən Xaqaninin zəmanədən narazılığını əsaslandırır. Şəxsi həyatındakı uğursuzluğun bu narazılığa müəyyən təsiri olsa da, bunun başlıca motiv olduğunu düşünmək sadəlövhlükdür. Xaqaninin zəmanəyə qarşı dərin məzəmmətlə dolu misralarını oxuduqca istər-istəməz düşünürsən ki, o, Şirvan zindanlarından olmazın əzab-əziyyətlər çəkməsəydi belə, tez-tez əzizlərini itirməsəydi belə, zəmanə ilə “düşmənçiliyindən” əl çəkməyəcəkdi.

Yaradıcılığındakı bu motivlərə görə Xaqani mütərəqqi sufilərə çox yaxınlaşır. “Fələyi yıxmaq üçün göylərə nərdivan tapmayan” şair əlacı “başını ayaq edib qaçmaqda”, yəni mənəvi asketizmdə görür.

Qəsidə və məsnəvilərində əsasən ictimai ittihamçı olan Xaqani qəzəllərində hər şeydən əvvəl  lirikdir. Xaqani həm də qəzəli müstəqil janr kimi formalaşdıran ilk şairlərdən biri sayılır. Xaqani qəzəllərinin təhlilinə yüksək estetik meyarla yanaşmaq lazımdır. Şair gözlənilməz poetik tapıntılarla, obrazlarla təkraredilməz gözəllik yaradır və bu gözəlliklə də oxucunu heyrətləndirir. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu, yoluxucu heyrətdir - yəni şair özü gözəllikdən heyrətlənmiş və bunu o qədər gözəl təsvir, tərənnüm etmişdir ki, oxucunu da ovsunlayır. Klassik poeziyada “yaralı sinə” obrazı çox işlənib. Lakin Xaqaninin bu obraza yanaşma üsuluna hələ heç kəsdə təsadüf edilməmişdir: yar aşiqin sinəsini öz kirpikləri ilə deşir. Bu işdən onun məqsədi o deyil ki, aşiqin əzab-əziyyətindən zövq alsın, əksinə, o, aşiqini lazımınca yüksək qiymətləndirdiyindən onun sinəsini qiymətli inci hesab edir. İncidə isə, təbiidir ki, deşik açarlar.

Xaqaninin özündən sonrakı Yaxın və Orta Şərq, eləcə də Azərbaycan şairlərinə çox böyük təsiri olmuşdur. Xaqani ideyaları, fikirləri, Xaqani obrazları yaradıcılıqdan yaradıcılığa uzun müddət səyahət etmiş, neçə-neçə sənətkarın yazı üslubunu müəyyənləşdirmişdir. Təkcə onu göstərmək kifayətdir ki, Nizami kimi nəhəng mütəfəkkir-şair belə Xaqani poeziyasının nüfuzedici təsirindən müsbət mənada yaxa qurtara biməmişdir. Bu isə təbii idi. Eyni ədəbi məktəbin nümayəndələri nə qədər orijinal olsalar da, haradasa ümumilik təşkil etməli, hansı bir nöqtədəsə kəsişməli, fikir, obraz işlətmək məqamında səsləşməlidirlər.

Ümumiyyətlə, bu dövr şairlərinin yaradıcılığına xas olan incə yumor, eyham Xaqani poeziyasını da fərqləndirir. Ara-sıra diqqəti cəlb edən bu cizgilər şairin yaradıcılığında özünü müəyyən dərəcədə göstərən bədbinliyin tutqun rənglərini açır, onu bir qədər yumşaldır. Nizami yaradıcılığında olduğu kimi, Xaqani şeirlərindəki yumordan da folklor yumorunun ətri gəlir desək, səhv etmərik. Təsadüfi deyil ki, şair bu məqsədlə atalar sözü və məsəllərdən geniş istifadə edir. Məsələn:

Eşşəyə dedilər: “Buyur toya gəl”,

Eşşək qəh-qəh çəkib güldü nəhayət.

Dedi: “Siz istəyən rəqqas deyiləm,

Nə də çalğıçı tək tapmışam şöhrət.

Hamballıq etməyə çağırırsınız,

Su, odun daşımaq lazımdır əlbət”.

Təkcə Azərbaycan ədəbiyyatında deyil, eləcə də Yaxın və Orta Şərq regional ədəbiyyatında orijinal hadisə sayılan Xaqani sənətkarlığı XII əsrdən bəri şair və ədəbiyyatşünaslar tərəfindən sevilə-sevilə tədqiq və tərənnüm edilmiş, örnək qaynağı olmuşdur. Avropa şərqşünasları da böyük şairin heyrətamiz sənətkarlığına laqeyd qalmamışlar. XVII əsrin ikinci yarısından etibarən adı Avropa oxucusuna tanış olan Xaqani haqqında ilk elmi monoqrafiya da XIX əsrin ikinci yarısında Avropada yaranmışdır. Hazırda xaqanişünaslıq yeni inkişaf mərhələsinə çatıb müasir ədəbiyyatşünaslıq elminin tələbləri səviyyəsində dursa da, şairin tükənməz sənət xəzinəsində araşdırılmamış hələ çox inci qalıb.

Ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılığı, XI əsrin birinci yarısından formalaşmağa başlayıb, yüksələn xətlə XIII əsrə qədər gəlib çatan farsdilli Azərbaycan poeziya məktəbinin inkişaf yolu barədə bəsit də olsa, təsəvvür yaratmağa cəhd etdik.

Haqqında danışdığımız sənətkarların çoxu yalnız şair olmaqla qalmamış, yaşadıqları dövrün tələbləri əsasında bir çox elm sahələri ilə maraqlanmış, bir sözlə, sinkretik zəka sahibi olmuşlar. İstər Xaqani, istərsə də Nizami yaradıcılığında elə nümunələr tapmaq olar ki, onları oxuyanda düşünürsən: bu misraların müəllifi dövrünün görkəmli alimi olmuş, öz elmi ideyalarını gözəl poetik dillə şərh etmişdir. Eyn Əl-Quzat Miyanəci və Şəhabəddin Sührəvərdi kimi sufi filosoflar üçün isə bu sözləri müstəqim mənada işlətmək olar.

Orta əsr ərəb qəsidələrində olduğu kimi, Azərbaycan şairlərinin də bu janrda yaratdıqları mədhiyyələrin çoxu təbiətin və məşuqənin tərifi ilə başlanır, sonra müəllif əsl mətləbə keçib cəmiyyət məsələlərindən bəhs edir, təmtəraqla dövrünün hökmdarı yaxud başqa bir məşhur şəxs haqqında danışır, ondan səxavət gözləyir.

Müəyyən əlamətlərə malik olması heç də XII əsr Azərbaycan poeziya məktəbini ümumən Azərbaycan ədəbiyyatından ayırmır. Bu məktəblə genetik əlaqələr Həsənoğludan, Qazi Bühranəddindən, Nəsimidən, Füzulidən başlamış bu günə qədər bütün Azərbaycan ədəbiyyatında çox aydın nəzərə çarpır; bu məktəb sonrakı ədəbiyyat üçün ideya-obraz xəzinəsi rolunu oynayır. Onun ən böyük nailiyyəti Xaqani və Nizami yaradıcılığıdır. Bu iki nəhəngsiz isə Azərbaycan ədəbiyyatının sonrakı inkişafını təsəvvür etmək çətindir.

Teymur Kərimli

filologiya elmləri doktoru, professor

* * *

Mənbə:

Azərbaycan klassik ədəbiyyatından seçmələr. VII-XII əsrlər Azərbaycan şeiri. Üç cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 424 səh.

 

Xəbərlər
Redaktorun seçimi