“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.06.2014, 11:39
1743

1999-cu il - xronika

A- A+

11 mart 1999 - Avropa Parlamenti "Qafqazda sülh prosesinə dəstək" adlı qətnamə qəbul edib. Sənəddə ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 1998-ci ilin noyabrında tərəflərə təqdim etdiyi "ümumi dövlət" planına dəstək ifadə olunub, Azərbaycanın bu planı rədd etməsi tənqid edilib. Milli Məclis qətnamənin qərəzli məqamlarına etiraz olaraq Avropa Parlamentinə müraciət (19 mart) göndərib.

 

24 aprel 1999 - Vaşinqtonda NATO-nun 50 illik yubileyi münasibətilə keçirilən sammitdə iştirak edən Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan ABŞ-ın dövlət katibi Madlen Olbraytın vasitəçiliyi ilə görüşüblər. Bu görüşdən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağ nizamlanması ilə bağlı çoxsaylı görüşlər seriyası başlandı.

 

May ayında Ermənistanda keçirilən parlament seçkilərində Qarabağ məsələsi əsas siyasi spekulyasiya predmeti idi. Seçkilərdə (30 may) Qarabağ müharibəsində Ermənistanın müdafiə naziri olmuş Vazgen Sarkisyanın Respublika Partiyası və Ermənistanın keçmiş sovet lideri Karen Demirçyanın Xalq Partiyasının siyasi ittifaqı - «Birlik» bloku qalib gəldi. Vazgen Sarkisyan Ermənistanın baş naziri, Karen Dəmirçyan isə parlamentin sədri oldu.

 

16 iyul 1999 - İsveçrənin Cenevrə şəhərindəki Jato qəsrində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib. Bu görüşlə yüksək səviyyəli Qarabağ danışıqları intensiv mərhələyə qədəm qoydu.

 

22 avqust 1999 - Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ nizamlanmasına dair növbəti görüş keçirilib.

 

25 sentyabr 1999 - ABŞ dövlət katibi Madlen Olbrayt Azərbaycan prezidenti Heydər Əliyevə məktub göndərərək Qarabağ münaqişəsinin həlli üçün daha cəsarətli addımlar atmağı xahiş edib. Madlen Olbrayt eyni məzmunlu məktubu Ermənistan prezidentinə də göndərmişdi.

 

11 oktyabr 1999 - Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu (Naxçıxan Muxtar Respublikası) ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin ilk sərhəd görüşü idi. Həmin gün Azərbaycan və Ermənistan müdafiə nazirlərinin də görüşü olub və tərəflər atəşkəs rejimini möhkəmləndirmək barədə razılığa gəliblər.

 

22 oktyabr 1999 - Avropa Birliyinin ali icra orqanı olan Avropa Komissiyası Cənubi Qafqazla bağlı qəbul etdiyi qərarda Azərbaycanı Ermənistanla iqtisadi əməkdaşlığa çağırıb. Rəsmi Bakı bu tövsiyəni rədd edib.

 

26 oktyabr 1999 - ABŞ dövlət katibinin müavini Stroub Telbott Dağlıq Qarabağ danışıqlarındakı vəziyyəti müzakirə etmək üçün Yerevana, oradan Bakıya gəlib. Bu, Qarabağ sülh danışıqlarının intensiv mərhələsi idi və noyabrda ATƏT-in İstanbul sammitində müəyyən razılaşmanın imzalanacağı gözlənilirdi.

Bu arada Azərbaycanda xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə, XİN başçısı Tofiq Zülfüqarov, prezidentin köməkçisi Eldar Namazov istefa vermişdilər və gözlənilən sülh anlaşması ilə bağlı ictimai rəydə geniş ajiotaj vardı.

Lakin oktyabrın 27-də Ermənistanda baş verən parlament terroru sülh imkanlarını tamamilə heçə endirdi. Ermənistan parlamentindəki terror aktında Nairi Unanyanın başçılıq etdiyi silahlı dəstə baş nazir Vazgen Sarkisyanı, parlamentin sədri Karen Dəmirçyanı, hökumət üzvü və parlamentin deputatı olan daha 6 nəfəri qətlə yetirmişdi. Ermənistanda daxili siyasi vəziyyət iflic oldu. Sifarişçiləri indiyədək naməlum qalan bu terror aktı Qarabağ sülh prosesini də faktiki dayandırdı.

 

18-19 noyabr 1999 - İstanbulda ATƏT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammiti keçirilib. Sammitin yekunlarına dair "İstanbul bəyannaməsi", "Avropada adi silahlı qüvvələr haqqında" müqavilənin adaptasiya olunmuş variantı, Avropa Təhlükəsizliyi Xartiyası qəbul olunub. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) XİN başçılarının iştirakı ilə qısa görüşü olub.

 

Xəbərlər
Redaktorun seçimi