“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.06.2014, 20:33
1805

1993-cü il - xronika

A- A+

9 fevral 1993 - Azərbaycan Ordusunun Dağlıq Qarabağın şimalındakı birləşmələri xəyanət nəticəsində mühüm strateji mövqeləri itiriblər. Korpus komandiri, Qarabağ üzrə prezidentin səlahiyyətli nümayəndəsi Surət Hüseynovun əmri ilə qoşun birləşmələri Ağdərə rayonundakı mövqelərdən geri çəkilməyə başlayıb. Fevralın 10-da ölkə rəhbərliyi Serət Hüseynovu tutduğu vəzifələrdən azad edib.

 

19 fevral 1993 - Milli Məclisin qapalı iclasında ölkədəki hərbi-siyasi böhran müzakirə edilib. Hərbi rəhbərlikdəki böhranın əsas günahkarlarından olan müdafiə naziri Rəhim Qazıyev istefa verməyə məcbur olub.

 

28 fevral 1993 - Erməni terror qrupu Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarını partladıb. Terror aktı nəticəsində 11 nəfər həlak olub, 18 nəfər yaralanıb.

 

27 mart 1993 - Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonuna hücumu başlayıb.  

 

2 aprel 1993 - Ermənistan silahlı qüvvələri bir həftə sürən genişmiqyaslı hücumdan sonra Kəlbəcər rayonunu işğalı ediblər. Kəlbəcər (ərazisi 3 min kv. km) Azərbaycanın Dağlıq Qarabağdan kənarda işğal olunmuş ikinci rayonu (1992-ci ilin mayında işğal olunmuş Laçından sonra), Dağlıq Qarabağla Ermənistan arasında mühüm strateji bölgə idi.

İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşdü, rayon mərkəzi, 150-yə yaxın kənd, onlarla tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" sanatoriyası Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrildi. Kəlbəcərin işğalı zamanı 458 nəfər həlak olmuş, rayonun yüzlərlə sakini, o cümlədən qadın, uşaq və qoca əsir götürülmüşdü.

 

6 aprel 1993 - BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə bağlı (Kəlbəcərin işğalından sonra) Təhlükəsizlik Şurasının sədrinin bəyanatı qəbul olunub. Bu, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT çərçivəsində qəbul edilmiş ilk sənəd idi.

 

13 aprel 1993 - ABŞ Dövlət Departamenti ilk gəfə olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vaşinqtonun rəsmi mövqeyini açıqlayıb.

Bəyanatda ABŞ-ın Ermənistan-Azərbaycan müharibəsinin dayandırılması və ATƏT-in Minsk konfransı çərçivəsində danışıqların başlanmasına nail olmaq əzmi vurğulanırdı.

* * *

14 aprel 1993 - Böyük Britaniya, Pakistan və Misir adından erməni qüvvələrinin Kəlbəcərin işğalını pisləyən və Qarabağdakı müharibəni dayandırmağa çağıran bəyanat yayılıb.

* * *

16 aprel 1993 - Kəlbəcərin işğalı ilə bağlı respublikada hərbi və ictimai-siyasi vəziyyət gərginləşib.

Hakimiyyətdaxili ixtilaf zəminində İsgəndər Həmidov daxili işlər naziri vəzifəsindən istefa verib, bu posta Abdulla Allahverdiyev təyin olunub.

* * *

29 aprel 1993 - İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana hərbi təcavüzünü və Azərbaycan torpaqlarının işğalını pisləyən qətnamə qəbul edib.

* * *

30 aprel 1993 - BMT Təhlükəsizlik Şurası (TŞ) Azərbaycanla Ermənistan arasında münasibətlərə dair 822 saylı qətnamə qəbul edib.

Qətnamə BMT Təhlükəsizlik Şurası sədrinin 6 aprel 1993-cu il tarixli "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi barədə" Təhlükəsizlik Şurasının sədrinin bəyanatına əsaslanmışdı. Sənəddə Kəlbəcərin Ermənistan Silahlı Qüvvələri tərəfindən deyil, "yerli erməni qüvvələri" tərəfindən işğal edildiyi vurğulanırdı.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair sonrakı qətnamələrində (853, 874, 884) də eyni tezis əsas tutulurdu və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz faktı diqqətdənkənar qoyulurdu.

* * *

2 iyun 1993 - Azərbaycan dəmir yolunda ermənilərin növbəti təxribatı həyata keçirilib. Bakı dəmir yolu vağzalında törədilmiş partlayış nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəyib.

Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin casusu kimi Azərbaycana göndərildiyini, təxribatçı qrupun Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətdiyini etiraf edib.

* * *

10 iyun 1993 - NATO-ya üzv və tərəfdaş ölkələrin məşvərət qurumu olan Şimali Atlantika Əməkdaşlıq Şurası BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini (30 aprel 1993) dəstəkləyən bəyanat qəbul edib.

Bəyanatda döyüş əməliyyatlarının dərhal dayandırılması, işğalçı qoşunların Kəlbəcər rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından çıxarılması çağırışı yer almışdı.

* * *

27 iyun 1993 - Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın şimalında Ağdərə (Mardakert) rayon mərkəzini ələ keçiriblər.

Ağdərə 1992-ci ilin yayında Azərbaycan ordu hissələrinin nəzarətinə keçmişdi. Ağdərə şəhəri ilə yanaşı, rayonun bir neçə kəndini ələ keçirən ermənilər Ağdam şəhərinin bir neçə kilometrliyinə gəlib çıxıblar.

* * *

3 iyul 1993 - Milli Məclis Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin genişlənməsi ilə əlaqədar beynəlxalq təşkilatlara, dünya dövlətlərinə ünvanlanan bəyanat qəbul edib.

Bəyanatda dünya birliyinə Ermənistanın hərbi təcavüzünü dayandırmaq üçün təsirli tədbirlər görmək çağırışı yer almışdı.

* * *

6 iyul 1993 - İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının İstanbulda keçirilən zirvə toplantısında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən bəyanat qəbul olunub.

Sammit iştirakçıları Ermənistanı işğalçılıq müharibəsini dayandırmağa çağırıblar.

Azərbaycan rəhbəri Heydər Əliyev ölkədəki ağır vəziyyətlə əlaqədar sammitdə iştirak etmirdi.

ECO təşkilatına 10 müsəlman ölkəsi - Türkiyə, İran, Pakistan, Əfqanıstan, Mərkəzi Asiyanın beş respublikası və Azərbaycan - daxildir.

* * *

12 iyul 1993 - Azərbaycan rəhbərliyinin tələbi ilə regiona gələn ATƏM-in Minsk qrupunun sədri Mario Raffaelli (İtaliya) erməni silahlı qüvvələrinin hücumlarına məruz qalan Ağdam rayonunda vəziyyətlə tanış olub.

Sonra Xankəndi və Yerevana gedən ATƏMrəsmisi ermənilərin girovluqdan azad etdikləri azərbaycanlılarla Bakıya qayıdıb və Ermənistanın işğalının qarşısını almağa söz verib. Raffaellinin səfərinin "yekunu" olaraq iyulun 23-də Ağdam işğal olundu.

* * *

22 iyul 1993 - Erməni silahlı qüvvələri Qarabağ münaqişəsi zonasından kənarda olan Tərtər və Qazax rayon mərkəzlərini raket atəşinə tutub. Hər iki şəhərdə ümumilikdə 11 dinc sakin həlak olub, 30-dək adam yaralanıb.

* * *

23 iyul 1993 - Ermənistanın silahlı qüvvələri Ağdam istiqamətində genişmiqyaslı hücumdan sonra rayonun Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edərək səhər erkən Ağdam şəhərinə daxil olublar.

Günün ikinci yarısında şəhər tamamilə işğal olunub. Sonrakı günlərdə erməni qüvvələri Ağdam rayonunun üçdə ikisini işğal etdi.

Ağdamın işğalı Azərbaycanın Dağlıq Qarabağın ətrafında Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itkisi idi. Ağdam Dağlıq Qarabağ ətrafında ən böyük rayon (əhalisi 160 min nəfər) idi və onun süqütu Azərbaycanın daha dörd rayonunun işğalını labüd etdi.

Ağdamın işğalından dərhal sonra ermənilərin Füzuli-Cəbrayıl istiqamətində hücumu başlandı.

* * *

24 iyul 1993 - Erməni qüvvələrinin Ağdamı işğal etməsi ilə əlaqədar Rusiya XİN və ABŞ Dövlət Departamenti bəyanat yayıb. Rusiyanın bəyanatı tərəflərə atəşkəsi dayandırmaq çağırışından ibarət idi.

ABŞ daha konkret mövqe bildirərək Qarabağ ermənilərini "düşmən niyyətli hərbi əməliyyatları dayandırmağa" çağırmışdı. Qarabağ danışıqlarına vasitəçilik edən ATƏM-in Minsk konfransının sədri Mario Raffaellinin (İtaliya) bəyanatında isə "erməni silahlı qüvvələrindən" işğal olunmuş ərazilərdən çıxmaq tələb olunurdu.

Lakin bu bəyanatların heç birində Azərbaycan torpaqlarının işğalının Ermənistan tərəfindən həyata keçirildiyi qeyd olunmurdu.

* * *

29 iyul 1993 - BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və Ağdamın işğalı ilə bağlı 853 saylı qətnamə qəbul edib.

Qətnamədə erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması tələb olunurdu.

Lakin sənəddə Ermənistanın adı təcavüzkar kimi hallanmırdı. Bundan öncəki 822 saylı və sonrakı 874, 884 saylı qətnamələr də təxminən eyni məzmunda qəbul olunmuşdur.

* * *

6 avqust 1993 - Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu istiqamətində geniş hücumu başlanıb. Erməni qoşunlarının hissələri Məngələnata yüksəkliyini ələ keçirərək Füzuli şəhərinə yaxınlaşıblar. Azərbaycan Milli Ordusunun hissələri hücumu, çətinliklə də olsa dəf edərək erməni qüvvələrini strateji əhəmiyyətli yüksəkliklərdən vurub çıxarıblar.

Lakin iki həftə sonra erməni qüvvələrinin yeni hücümü Füzuli şəhəri və rayonun böyük hissəsinin işğalı ilə nəticələndi.

* * *

12 avqust 1993 - ATƏT-in Minsk qrupunun toplantısında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822 (Kəlbəcərin işğalı ilə bağlı) və 853 (Ağdımın işğalı) saylı qətnamələrin yerinə yetirilməsi üzrə "Təxirəsalınmaz tədbirlər qrafiki" qəbul olunub.

Sənəd erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxmasını nəzərdə tuturdu, lakin kağız üzərində qaldı. Erməni qüvvələri isə beynəlxalq birliyin laqeydliyi fonunda işğalın coğrafiyasını daha da genişləndirdilər.

* * *

13 avqust 1993 - Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan cənubda - Füzuli və Cəbrayıl rayon mərkəzləri istiqamətində genişmiqyaslı hücumu başlanıb.

Ölkədə yaranmış ağır siyasi və hərbi böhran ermənilərin hücumunun qarşısını almağa imkan vermədi.

Hücumun ilk mərhələsində hər iki rayonun Dağlıq Qarabağın inzibati sərhədləri boyunca yerləşən kəndləri işğal olundu.

* * *

16 avqust 1993 - Ermənistan silahlı qüvvələrinin Cəbrayıl-Füzuli istiqamətində irimiqyaslı hücumu Cəbrayılın Quşçular, Qışlaq, Doşulu, Əfəndilər, Qaracallı, Balyand, Süleymanlı kəndlərinin işğalı ilə nəticələnib.

Füzuli istiqamətindəAşağı Veysəlli, Zərgər, İşıqlı və s. kəndlər ermənilərin əlinə keçib.

Erməni hərbi birləşmələri hər iki rayon mərkəzinin bir neçə kilometrliyində qərar tutublar.

* * *

18 avqust 1993 - BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından qeyd-şərtsiz çıxarılması barədə Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub.

Bəyanat Azərbaycan Ali Sovetinin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin Ermənistanın hərbi təcavüzünün genişlənməsi ilə bağlı BMT rəhbərliyinə ünvanladığı məktub əsasında qəbul olunmuşdu.

Lakin bəyanatda onun icrası ilə bağlı hər hansı mexanizm nəzərdə tutulmadığı üçün o, deklarativ sənəd olaraq qaldı.

* * *

23 avqust 1993 - Azərbaycan Qarabağ cəbhəsində iki böyük itkiyə məruz qalıb.

Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Füzuli və Cəbrayıl rayonlarının böyük hissəsi, o cümlədən hər iki rayon mərkəzi işğal olunub.

Cəbrayıl rayonunun ərazisi 1050 kv km, əhalisi təxminən 57 min nəfər idi. Hazırda rayonun bütün ərazisi (96 kənd) işğal altındadır.

Füzuli rayonu (ərazisi 1386 kv km, əhalisi təxminən 100 min nəfər) bütünlüklə işğal olunsa da, 1993-cü ilin delabrı - 1994-cü ilin yanvarında sonradan Azərbaycan Ordusu bəzi Arazboyu kəndləri, o cümlədən Horadiz qəsəbəsini düşməndən azad etdi. Yaşayış məntəqələrinin yenidən qurulmasından sonra həmin ərazilərdən köçkün düşmüş əhalinin böyük qismi öz torpaqlarına geri qayıtdı.

* * *

25 avqust 1993 - ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Marqareta af Uqqlas erməni silahlı qüvvələrinin Azərbaycan ərazisində işğalçılıq əməliyyatlarının genişlənməsi ilə bağlı bəyanat verib.

ATƏT sədri prezident Levon Ter-Petrosyana müraciət edərək erməni qüvvələrini Qubadlı və Zəngilan rayonlarının işğalından çəkinməyə çağırıb.

Lakin Ermənistan rəhbərliyi bu çağırışı rədd etdi və avqustun sonunda Qubadlı rayonu işğal olundu.

* * *

31 avqust 1993 - Ermənistanın silahlı qüvvələrinin davam edən təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağdan kənarda daha bir rayonu - Qubadlı işğal olunub.

Qubadlı rayonunun ərazisi 802 kv km, əhalisi isə işğal zamanı 31 min nəfər idi. Qubadlı şəhəri və rayonun 90-a yaxın kəndi bir neçə günün içində Ermənistan silahlı qüvvələrinin əlinə keçib. Qubadlının işğalından sonra erməni qüvvələrinin Zəngilan rayonu ətrafında mühasirə halqası daha da daralıb.

* * *

10 sentyabr 1993 - ABŞ prezidenti Bill Klinton Azərbaycan rəhbəri Heydər Əliyevə məktub göndərib.

Məktubda Amerika tərəfi Azərbaycan rəhbərliyindən Bakı-İcevan və Bakı-Naxçıvan dəmir yolunun bərpasını xahiş edirdi.

Bunun müqabilində isə Azərbaycana humanitar yardımları qadağan edən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin (1992-ci ildə Konqresdə qəbul olunmuşdu) ləğvi vəd edilirdi.

Azərbaycan rəhbərliyi bu təklifi rədd etdi.

* * *

24 sentyabr 1993 – Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə daxil olub.

Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən sammitində ölkəmizin quruma üzvlüyü barədə sənədləri imzalayıb. Azərbaycan MDB-yə üzv olmaqla Rusiyanın Qarabağ məsələsində ermənipərəst mövqeyini qismən də olsa, neytrallaşdırmaq niyyəti güdürdü.

* * *  

25 sentyabr 1993 - MDB dövlət başçılarının Moskvada keçirilən sammitində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında ilk təkbətək danışıqlar olub.

Rusiya prezidenti Boris Yeltsinin vasitəçiliyi ilə baş tutan görüşdə cəbhə xəttində atəşkəs imkanları müzakirə olunub.

Lakin erməni qüvvələri qısa fasilədən sonra, oktyabrın əvvəlində yenidən Qarabağın cənubunda - Cəbrayıl-Füzuli rayonları ərazisində işğalçılıq hücumlarını davam etdirib.

* * *

8 oktyabr 1993 - Moskvada Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın dövlət başçıları Boris Yeltsin, Heydər Əliyev, Levon Ter-Petrosyan və Eduard Şevardnadze arasında görüş olub.

Dövlət başçıları Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Bu, "Qafqaz dördlüyü" formatında keçirilən ilk görüş idi.

* * *

14 oktyabr 1993 - BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 874 saylı qətnamə qəbul edib.

Sənəd oktyabrın 8-də Moskvada keçirilmiş yüksək səviyyəli Azərbaycan-Ermənistan danışıqlarının nəticəsi olaraq qəbul edilmişdi. Bu, Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin ali qurumu tərəfindən qəbul edilən sayca üçüncü qətnamə idi.

Sənəd ümumi xarakterli idi və tərəfləri münaqişənin dinc yolla həllinə çağırmaqla kifayətlənirdi.

* * *

24 oktyabr 1993 - Ermənistanın işğalçı qüvvələri Qarabağın cənubunda yeni hücuma keçiblər. Füzulinin Horadiz qəsəbəsi ətrafında və Arazboyu kəndlərində döyüşlər başlanıb.

* * *

27 oktyabr 1993 - Erməni silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və Arazboyu kəndləri - Azərbaycan-İran sərhədinin 40 km-i işğal olunub.

Cəbrayıl rayonunun Arazboyu kəndləri və Zəngilan rayonu erməni işğalçı qüvvələrinin mühasirəsinə düşüb.

* * *

Həmin gün Bakıda səfərdə olan İran prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani Azərbaycan prezidenti Heydər Əliyevlə görüşdən sonra Ermənistanın təcavüzünü pisləyən bəyanat verib.

İran prezidentinin Ermənistan rəhbərliyi ilə telefon danışıqlarından sonra işğalçı qüvvələrin hücumuna qısa ara verilib, Arazboyu bölgələrdə mühasirəyə alınmış əhali İran ərazisinə keçib.

* * *

Həmin gün Prezident Heydər Əliyev BMT Təhlükəsizlik Şurasına müraciət edərək qurumu Ermənistanın təcavüzünü dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

* * *

28 oktyabr 1993 - ABŞ Dövlət Departamenti Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalşılıq əməliyyatlarını (Zəngilan, Cəbrayıl, Füzuli rayonları) genişləndirməsi ilə bağlı bəyanat verib.

Bəyanatda erməni qüvvələrindən BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə əməl etmək, qoşunları işğal etdikləri ərazilərdən çıxarmaq tələb olunurdu. Vaşinqtonun çağırışı erməni tərəfdən saya salınmadı.

* * *

29 oktyabr 1993 - Ermənistan silahlı qüvvələrinin hücumu Zəngilan rayonunun, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrinin işğalı işə başa çatıb.

Zəngilan rayonunun mərkəzi və 93 yaşayış məntəqəsi (707 kv km) erməni qüvvələrinin əlinə keçib. Rayonun 35 min nəfər əhalisi didərgin düşüb.

Zəngilan Ermənistanın hərbi təcavüzü zamanı Azərbaycanın sonuncu işğal edilən rayonudur. Erməni təcavüzü zamanı rayonun 200-dək sakini həlak olub.

* * *

1 noyabr 1993 - Prezident Heydər Əliyevin fərmanı ilə yenidən təşkil edilmiş Azərbaycan Respublikası Müdafiə Şurasının ilk toplantısı keçirilib.

Toplantıda Müdafiə Nazirliyinin rəhbər strukturlarında kadr dəyişiklikləri edilib, Nurəddin Sadıqov müdafiə məsələləri üzrə dövlət müşaviri, Nəcməddin Sadıqov müdafiə nazirinin 1-ci müavini və Baş Qərargah rəisi təyin olunub.

* * *

2 noyabr 1993 - Prezident Heydər Əliyev xalqa müraciət edərək ölkə əhalisini geniş səfərbərliyə çağırıb. Müraciətdən sonra minlərlə insan Milli Orduya səfərbər olundu.

Dövlət başçısı cəbhə xəttinə gedərək hərbi əməliyyatların hazırlanmasına rəhbərlik etdi. Noyabrın ortalarında Ermənistan ordusunun hücumlarının qarşısı alındı, dekabrda isə Azərbaycan qoşunları Füzuli rayonunun Arazboyu kəndləri istiqamətində əks-hücuma keçdi.

* * *

9 noyabr 1993 - Avropa Birliyi Qarabağ münaqişəsi barədə bəyanat qəbul edib. Bu, Avropa Birliyinin münaqişəyə ilk rəsmi münasibəti idi.

Bəyanatda erməni qüvvələrinin işğal hərəkətinin davam etməsi pislənilir, ev-eşiyindən didərgin düşmüş əhaliyə yardım göstəriləcəyi bildirilirdi.

* * *

12 noyabr 1993 - BMT Təhlükəsizlik Şurası Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı 884 saylı qətnamə qəbul edib.

Sənəd Ermənistan silahlı qüvvələrinin hücumları (Zəngilan rayonunun, Cəbrayıl və Füzulinin Arazboyu ərazilərinin işğalı) ilə bağlı Azərbaycan rəhbərliyinin BMT-yə müraciətindən sonra qəbul edilmişdi.

Bu, Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin sayca 4-cü qətnaməsi idi.

Sənəddə erməni (Ermənistan deyil!) silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxması tələb edilirdi. Lakin bu sənəddə də işğala son qoymaq üçün praktik mexanizm yer almamışdı.

* * *

20 dekabr 1993 - Parisdə rəsmi səfərdə olan prezident Heydər Əliyev Azərbaycanın ATƏM-in (1995-ci ilədək ATƏT belə adlanırdı) əsas sənədlərindən olan "Yeni Avropa üçün Paris Xartiyası"na qoşulması barədə sənədi imzalayıb.

Avropada yeni geosiyasi reallıqları əks etdirən sənəd 1990-cı ildə ATƏM-in Paris sammitində qəbul olunmuşdu.

* * *

22 dekabr 1993 - Ermənistanın işğalçı qüvvələrinin hücümlarını dəf edən Azərbaycan Milli Ordusunun hissələri Fizüli rayonunun Arazboyu yaşayış məntəqələri istiqamətində əks-hücuma keçiblər.

Uğurlu əməliyyat nəticəsində rayonun bir sıra kəndləri və Horadiz qəsəbəsi işğaldan azad edildi.

* * *

24 dekabr 1993 - Prezident Heydər Əliyev ilk dəfə iştirak etdiyi MDB sammitində (Aşqabad) bəyanatla çıxış edərək Birlik ölkələrini Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibət bildirməyə çağırıb.

Lakin MDB ölkələri bu məsələdə obyektiv mövqe tutmaqdan yayınıblar və ötən müddətdə qurum Ermənistanın işğalçılıq siyasətinə münasibət bildirməyib.

Aşqabad sammitində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü də nəticəsiz bitib.

 

Xəbərlər
Redaktorun seçimi