1989-cu il - xronika
12 yanvar 1989 - SSRİ Ali Sovetinin Rəyasət Heyəti "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında" fərman verib. Fərmana əsasən, Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə birbaşa Moskvaya tabe olan "Xüsusi İdarə Komitəsi" yaradıldı.
Moskvanın qərarı guya münaqişənin səngiməsinə yönəlmişdi. Gerçəkdə isə Arkadii Volskinin rəhbərlik etdiyi "komitə" Dağlıq Qarabağın Azərbaycanın suverenliyindən çıxarılmasına xidmət edirdi. Əhalinin geniş etiraz çıxışlarından sonra "Xüsusi İdarə Komitəsi" həmin ilin noyabrında Bakının formal tabeçiliyində olan Təşkilat Komitəsi ilə əvəzləndi.
14 iyul 1989 - Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi (Steparakert) şəhərində azərbaycanlı əhaliyə qarşı terror aktı həyata keçirilib. R.Zorge küçəsi, 51 ünvanında törədilən partlayış nəticəsində onlarla insan yaralanıb, 26 azərbaycanlı ailəsi evsiz qalaraq şəhəri tərk etməli olub. Ermənilərin Dağlıq Qarabağdakı azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə kampaniyası güclənməkdə idi.
29 iyul 1989 - Azərbaycandan Ermənistana gedən dəmir yolu xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlanıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması başlanıb.
16 avqustun 1989 - Erməni separatçıları Stepanakertdə (Xankəndi) «səlahiyyətli nümayəndələr qurultayı" keçirərək Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət statusundan imtina edilməsi barədə qərar qəbul ediblər.
27 avqust 1989 - Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Dağlıq Qarabağın erməni əhalisinin "səlahiyyətli nümayəndələr qurultayı"nın qərarlarını qeyri-qanuni elan edib.
16 sentyabr 1989 - Azərbaycan SSR Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətində "Xüsusi İdarə Komitəsi"nin ləğv olunması ilə bağlı SSRİ Ali Sovetinin Rəyasət Heyəti qarşısında vəsatət qaldırıb. "Xüsusi İdarə Komitəsi" bölgədə erməni separatçılığının güclənməsinə xidmət edirdi.
Noyabrda SSRİ Ali Sovetinin razılığı ilə Dağlıq Qarabağ üzrə yeni qurum - formal olaraq Bakıya, əslində isə yenə Moskvaya tabe olan Respublika Təşkilat Komitəsi yaradıldı.
16 sentyabr 1989 - Erməni təxribatçıları Azərbaycana qarşı daha bir terror aktı həyata keçiriblər. Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun partladılması nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.
28 noyabr 1989 - SSRİ Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyətin normallaşdırılması tədbirləri haqqında" qərar qəbul edib. Sənədə əsasən, Dağlıq Qarabağda Moskvanın birbaşa idarəçilik forması - Xüsusi İdarə Komitəsi (1989-cu il yanvarın 12-də yaradılmışdı) ləğv olunub, onun əvəzində Respublika Təşkilat Komitəsi yaradılıb.
Bundan əlavə, muxtar vilayətin Xalq Deputatları Sovetinin fəaliyyəti bərpa olunub. DQMV üzrə Təşkilat Komitəsinin rəhbəri vəzifəsinə Azərbaycan KP MK-nın 2-ci katibi Viktor Polyaniçko təyin edilib.
Respublika Təşkilat Komitəsi, Bakının formal tabeçiliyində olsa da, gerçəkdə Moskvanın nəzarətində fəaliyyət göstərirdi.
1 dekabr 1989 - Zəngəzurun ermənilərə verilməsinin (1 dekabr 1920) 69-cu ildönümündə Ermənistan SSR-in Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edib. O vaxtkı SSRİ Konstitusiyasını, eləcə də beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozan bu addımla ErmənistanAzərbaycana qarşı ərazi iddiasını rəsmən elan etmiş oldu.
7 dekabr 1989 - Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ermənistan parlamentinin Dağlıq Qarabağın ilhaq edilməsi barədə qərarına (1 dekabr 1989) bir həftə sonra münasibət bildirib. Ali Sovetin Rəyasət Heyəti qərarı "Azərbaycan SSR-in suverenliyinə yolverilməz müdaxilə" kimi dəyərləndirib.
8 dekabr 1989 - Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları silahlı hücumlarla müşayiət olunmağa başlayıb. Erməni silahlı dəstələrinin Azərbaycanın sərhəd bölgələrinə intensiv basqınları baş verib. Artıq azərbaycanlıların Ermənistandan deportasiyası tamamilə başa çatdırılmışdı və növbəti mərhələ kimi Dağlıq Qarabağdakı azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə kampaniyası start götürmüşdü.
Dekabrın ikinci yarısında erməni silahlı dəstələrinin təxribatçı aksiyaları Dağlıq Qarabağ Muxtar Vilayətindən kənara çıxdı, Ermənistandan gətirilən silahlı dəstələr Xanlar (indiki Göygöl) və Şaumyan (indiki Goranboy rayonunun ərazisi) rayonlarındakı erməni yaşayış məntəqələrində yerləşdirilməyə başladı.