2001-ci il - xronika
25 yanvar 2001 - Fransanın Strasburq şəhərində, Avropa Şurasının qərargahında Azərbaycan və Ermənistanın Avropa Şurasına qəbulu mərasimi keçirilib. Mərasimdə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan iştirak ediblər. Hər iki ölkə Avropa Şurasına üzvlüklə bağlı öhdəliklər paketində Dağlıq Qarağbağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasına dair müddəaya imza atmışdı.
26 yanvar 2001 - Parisdə Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Növbəti danışıqların mart ayında keçiriləcəcəyi elan edilib.
22 fevral 2001 - Azərbaycan XİN Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun 1997-1998-ci illərdə tərəflərə rəsmən təklif etdiyi üç nizamlama planını ("Paket həll", "Mərhələli həll" və "Ümumi dövlət" planı) ilk dəfə mətbuat səhifələrində geniş ictimaiyyətin müzakirəsinə çıxarıb.
23-24 fevral 2001 - Milli Məclisdə ölkə rəhbərliyinin, siyasi qüvvələrin, politoloqların iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair açıq müzakirələr başlanıb. İki gün sürən müzakirələrin yekunu olaraq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyündən kənarda həll yolunun olmadığı bir daha vurğulanıb. Müxalifət tərəfindən ölkə rəhbərliyinin apardığı danışıqlar kursuna alternativ olaraq heç nə təklif edilməyib.
4-5 mart 2001 - Parisdə Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar keçirilib. İki gün sürən edən danışıqlar Ermənistanın kompromissiz mövqeyi üzündən nəticəsiz bitib.
15 mart 2001 - ABŞ dövlət katibi Kolin Pauell Azərbaycan və Ermənistan prezidentlərinin növbəti danışıqlar raundunu Florida ştatının Ki Vest şəhərində keçirmək təşəbbüsü ilə çıxış edib. Danışıqların aprelin əvvəlində keçiriləcəyi elan edilib.
3 aprel 2001 - ABŞ-ın Florida ştatının Ki Vest şəhərində Azərbaycan-Ermənistan danışıqları öncəsi Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı rəsmi bəyanat yayıb. Sənəddə ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı qeyd olunurdu. Ki Vest sammiti ABŞ dövlət katibi Kolin Pauellin təşəbbüsü ilə keçirilirdi.
4-7 aprel 2001 - Ki Vestdə (ABŞ) Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında Qarabağ nizamlanması tarixində ən uzun danışıqlar raundu keçirilib. Dörd gün sürən danışıqlar rnəticəsiz başa çatıb. Vasitəçilər növbəti danışıqların iyunda Cenevrədə (İsveçrə) keçiriləcəyini bəyan ediblər.
9 aprel 2001 - Ki Vest (Florida) danışıqları başa çatdıqdan sonra Vaşinqtona gələn Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ prezidenti Corc Buşla ayrı-ayrılıqda görüşləri olub. ABŞ rəhbəri Qarabağ münaqişəsində sülhə nail olmaq üçün vasitəçiliyin davam etdiriləcəyini bəyan edib.
18 may 2001 - Bakıya səfərə gələn Minsk Qrupunun həmsədrləri Kerri Kavano (ABS), Nikolay Qribkov (Rusiya) ve Filip de Suremen (Fransa) Azərbaycan prezidenti Heydər Əliyevlə danışıqlar aparıblar. Görüşdən sonra mətbuat qarşısına çıxan vasitçilər müzakirələrin gərgin keçdiyini bildiriblər. Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə gözlənilən görüşün hələlik baş tutmayacağını bildiriblər.
Bu müzakirələrin pərdəarxası bir il sonra (iyun 2002) qismən aydınlaşacaq və məlum olacaq ki, Ermənistan tərəfi Paris (mart 2001) və Ki Uest (aprel 2001) danışıqlarında Qarabağ nizamlanmasında «dəhliz mübadiləsi»nə (Dağlıq Qarabağla Ermənistan arasında «Laçın dəhlizi» və Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında «Mehri dəşlizi») ilkin razılıq versə də, sonradan geri çəkilib.
19 may 2001 - ATƏT-in Minsk Qrupunun həmsədrləri ilk dəfə olaraq Dağlıq Qarabağ separatçıları ilə görüşə (Xankəndi-Stepanakert) Azərbaycanın işğal olunmuş ərazilərindən keçərək gediblər. Bunadək vasitəçilərin Dağlıq Qarabağa səfərləri Ermənistan ərazisindən gerçəkləşirdi.
24-25 may 2001 - Yerevanda Ermənistan və Rusiya prezidentləri Robert Koçaryan və Vladimir Putinin görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə olunub.
1 iyun 2001 - MDB dövlət başçılarının Minskdə (Belarus) keçirilən sammiti çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü olub. Görüşdə Rusiya prezidenti Putin Azərbaycanı Ermənistanla iqtisadi ve humanitar əlaqələr qurmağa cağırıb. Putinin sözlərinə görə, ölkələri bir-birine bağlayan elementlər nə qədər cox olsa, munaqisənin həlli daha tez tapılar. Azərbaycan prezidenti isə beynəlxalq vasitəçilərə və Ermənistana mesaj göndərib. Heydər Əliyev bildirib ki, Bakı hələlik hərbi dildə danışmır, amma həmişə belə olmayacaq. O, Azərbaycanda əhalinin böyük hissəsinin sülh danıışqlarına artıq inanmadığını və işğal olunmuş torpaqları müharibə yolu ilə azad etməyin tərəfdarı olduğunu bildirib.
22 iyun 2001 - ATƏT-in Minsk Qrupunun həmsədrləri Maltada Qarabağ nizamlanmasının vəziyyətinə dair məsləhətləşmələr aparıblar.
26-28 iyun 2001- Malidə (Afrika) İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər Nazirləri Şurasının növbəti illik toplantısı keçirilib. Toplantının yekun sənədləri arasında Dağlıq Qarabağ münaqişəsinə dair üç qətnamə də yer alıb. Qətnamələrdən biri Ermənistanın Azərbaycana təcavüzünün pislənməsi, digər ikisi isə işğal olunmuş ərazilərin bərpasına və azərbaycanlı köçkünlərə humanitar yardımın göstərilməsini nəzərdə tutur. İKT müstəvisində bu cür sənədlərin qəbulu artıq ənənə halını alıb. Eynilə üç qətnamə qurumun bir il öncə (iyun 2000) Malayziyada keçirilən XİN başçıları toplantısında da qəbul edilmişdi.
10-12 iyul 2001 - ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona növbəti səfər ediblər. Vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün hazırlanması ilə bağlı müzakirələr aparıblar.
1 avqust 2001 - MDB dövlət başçılarının Soçidə (Rusiya) keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında növbəti görüş keçirilib.
Avqustun sonunda Azərbaycan və Ermənistana səfər edən ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavini Elizabet Cons iki ölkənin rəhbərliyi ilə Qarabağ nizamlanması ilə bağlı müzakirələr də aparıb.
Sentyabrda sülh prosesinin sürətlənəcəyi barədə bəyanatlar səslənməyə başlayıb. Lakin 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror olayları bütün dünyanın diqqətini özünə cəlb edib. Qarabağ məsələsi və digər regional problemlər bir müddət beynəlxalq siyasətin gündəmində arxa plana keçib.