“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.12.2009, 22:05
348

Ermənistan referendumlu status əvəzinə beş rayonu qaytarmağa hazırdır

A- A+

Qarabağda müharibə başlayacağı təqdirdə isə erməni tərəf Rusiyanın hərbi yardımına ümid bəsləyir

Azərbaycan və Ermənistan prezidentlərinin Almaniyadakı görüşündən (22 noyabr) günlər ötsə də, bu danışıqlar ətrafında spekulyasiyalar səngimir. Buna əsas səbəb isə, öncəki görüşlərdən fərqli olaraq, bu dəfə hər iki tərəfin prosesdəki «müəyyən irəliləyişlər»dən söz etməsidir. 

Xatırladaq ki, hələ Mühnen görüşünün səhərisi «Euronews» telekanalı prezidentlərin «çərçivə sazişinin imzalanması ilə bağlı razılığa gəlməsi» barədə xəbər yaymışdı. Bunun ardınca Türkiyənin informasiya vasitələri danışıqlarda Dağlıq Qarabağ ətrafında daha öncə ilkin razılıq əldə olunan beş rayona əlavə olaraq Kəlbəcər barəsində də müəyyən anlaşma əldə olunmasını xəbər verdilər. Hərçənd istər vasitəçilərin, istərsə də Bakı və Yerevanın ümumi şablon ifadəli bəyanatlarından bu yöndə dəqiq bir fikir kəsdirmək mümkün deyildi.

Bu arada Türkiyənin «Hürriyət» qəzeti yenə dəqiqləşdirilməyən mənbələrə əsasən, prezidentlərin son görüşündə Qarabağ nizamlanmasına dair müəyyən irəliləmənin əldə olunduğunu xəbər verir.

Qəzetin yazdığına görə, Münhen görüşü barədə Ankaraya çatan ilkin məlumatda prezidentlərin, «konkret nəticəyə gələ bilməsələr də», problemin həlli ilə bağlı Minsk Qrupu həmsədrlərinin təqdim etdiyi «Madrid prinsipləri» ilə ATƏT-in Helsinki Yekun Aktı çərçivəsində irəliləyiş əldə olunmasına cəhd göstəriblər.

Qəzetin yazdığına görə, Münhen görüşündə əldə olunan irəliləyişlər bunlardır:

- Dağlıq Qarabağla bağlı yekun anlaşma üçün təməl olacaq çərçivə anlaşması üzərində fikir mübadiləsi aparılıb;

- Dağlıq Qarabağ ətrafında Ermənistanın işğalı altında olan 7 rayondan (Kəlbəcər, Laçın, Qubadlı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan) 5-nin boşaldılması məsələsində razılığa gəlinib;

- Boşaldılacaq 5 rayonun hansılar olacağı hələlik dəqiqləşməyib;

- Rəsmi Yerevan Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yaradan Laçın dəhlizinin boşaldılmasının bu mərhələdə gündəmə gətirilməsinin qəti əleyhinə olduğunu bildirib;

- Dağlıq Qarabağın yekun statusuna dair qərarın referendum əsasında müəyyənləşməsi prinsipcə müvafiq sayılıb.

Qəzet onu da nəzərə çatdırır ki, Azərbaycan Xarici İşlər Nazirliyi, habelə Ermənistan XİN Münhen görüşündə müəyyən irəliləyişə nail olunduğunu bildiriblər.

Qəzet Münhen görüşü barədə təfərrüatın mənbəyini açıqlamasa da, informasiyanın Türkiyə XİN-dən sızdığını işarə verir. Qəzet vurğulayır ki, Münhen görüşdən sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla telefonla danışıb və görüşü barədə məlumat alıb.

Əslində bütün bu informasiyalarda prinsip olaraq yeni heç də yoxdur. Çünki 2007-ci ilin noyabrından danışıqlar masasında olan «Madrid prinsipləri»nin əsas müddəaları da, onların arasındakı əsas düyün nöqtələri ümumən bəllidir.

Xatırladaq ki, Azərbaycan prezidenti noyabrın 20-də Kəlbəcərdən olan köçkünlərlə görüşündə danışıqların hansı mərhələdə olduğunu nəzərə çatdırmışdı: «Ermənistan tərəfinin razı olduğu ilk variant ondan ibarətdir ki, onlar qoşunlarını ancaq 4 rayondan çıxaracaqlar. O rayonlar ki, Araz çayı boyu, dəmir yolunun üstündə yerləşir. Ondan sonra qalan rayonlar da müəyyən olunmamış vaxtadək qalacaq onların təsiri altında, onların sərəncamında. Danışıqlar prosesində birinci mərhələrdə 5 rayon - ondan sonra 6-cı Kəlbəcər, sonra Laçın azad olunmalıdır. Amma bu da hələ məsələnin tam həlli deyildir. Biz istəyirik ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıtsınlar».

Bütün bunlar Azərbaycan tərəfin danışıqlarda üzərində israr etdiyi məsələlərdir.

Erməni tərəf isə bunun qarşılığında, əvvəla, Dağlıq Qarabağın öz müqəddəratını azad təyin etmək hüququnun (referendum yolu ilə) tanınmasını istəyir. Üstəlik Laçında dəhlizin qalmasında israrlıdır.

Odur ki, bütün bu məsələlər uzlaşmadan sülh prosesində nəticədən danışmaq əbəsdir.

Dünən (26 noyabr) Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov yenidən bu məsələyə qayıdıb. «Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında “Hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmayıb” prinsipinə əsaslanır», - deyə o, Türkiyə mətbuatında prezidentlərin Münhen görüşünün nəticələri ilə bağlı açıqlanan detallara münasibət bildirərək deyib.

Mətbuat katibi Azərbaycanın mövqeyini bir daha xatırladaraq qeyd edib ki, öncə Dağlıq Qarabağ ətrafındakı ərazilər işğaldan azad edilməli, infrastruktur bərpa olunmalı, köçkünlər doğma yerlərinə qayıtmalı, Dağlıq Qarabağa müvəqqəti status verilməli, daha sonra isə yekun status müəyyənləşdirilməlidir.

Əslində bu məqamlar ümumən «Madrid prinsipləri»ndə də əksini tapıb. Lakin indiyədək bu layihədə əsas düyün nöqtəsi - Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşməsi mexanizmi və bölgəyə veriləcək özünüidarənin hüdudları - həllini tapmayıb.

Xatırladaq ki, «Madrid layihəsi»nin əsas detalları bu ilin iyulunda açıqlanmışdı və onun əsas maddələri bunlardır: 

1. Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması.

2. Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi.

3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması.

4. Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hüquqi səlahiyyəti olan arzunun ifadə etmək hüququ.

5. Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ.

6. Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi.

Göründüyü kimi, ortada olan və hələlik uzlaşdırılması mümkün görünməyən əsas məsələ məhz Dağlıq Qarabağın yekun statusu ilə bağlı məsələdir.

Bu arada Qarabağ məsələsinin yenidən hərb müstəvisinə yuvarlanması ehtimalı istər Azərbaycan və Ermənistan, istərsə də xarici ölkə mediasında müzakirə olunmaqda davam edir.

Dünən İspaniyanın «El Mundo» qəzeti bu mövzuda yazı dərc edib. Məqalədə qeyd olunur ki, əgər Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Ermənistan ilk addım kimi qondarma Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq və ona heç kim mane olmayacaq.

Qəzet onu da qeyd edir ki, Azərbaycan Qarabağ məsələsinin həllinə nail olmaq üçün son dönəmdə Rusiya ilə dialoqu aktivləşdirib. "El Mundo" türkiyəli ekspert Güner Özkana istinad edərək yazıb ki, Azrəbaycanın Rusiya ilə yaxınlaşmasına səbəb Türkiyə, Avropa Birliyi və ABŞ-ın Qarabaq probleminin həlli üçün ciddi iş görməməsi ilə bağlıdır.

Bu arada erməni tərəfi də Azərbaycandan səslənən hərbi notlu bəyanatlar qarşısında, ilk növbədə, Rusiyanın dəstəyinə ümid bəsləyir. Çünki Ermənistan Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan) müttəfiqdir.

Yeri gəlmişkən, bu günlərdə Rusiya prezidenti Dmitri Medvedev Belarus mətbuatına müsahibəsində bu təşkilat çərçivəsində qarşılıqlı hərbi yardım məsələsinə toxunub: «Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında üzv ölkələrin təhlükəsizliyi ilə bağlı müddəalar NATO-da mövcud olan təhlükəsizlik öhdəlikləri ilə eynidir. NATO-ya üzv ölkələrdən birinə qarşı hərbi hücum bütövlükdə alyansa qarşı hucum kimi qiymətləndirilir. Eyni prinsip bizim kollektiv təhlükəsizik haqqında müqavilədə əksini tapıb. Hərçənd biz hərdən bunu unuduruq, lakin əslində bu müqavilədə ciddi tərəfdaşlıq öhdəlikləri, o cümlədən hərbi öhdəliklər mövcuddur».

Erməni tərəf Rusiya prezidentinin bu açıqlamasını məmnunluqla qarşılayıb. «Prezident Medvedevin son bəyanatı göstərir ki, Rusiya, ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətləri ilə eyni xətti yeridərək, Qarabağ münaqişəsində yeni müharibənin alovlanmasına imkan vermək niyyətində deyil», - deyə Ermənistanın hərbi eksperti Ruben Mehrabyan bildirib.

Erməni ekspertin fikrincə, Rusiya Azərbaycanın nəzərinə çatdırır ki, Qarabağ məsələsində sülh yolu ilə nizamlama xəttindən kənara çıxmaq hansı ağır nəticələr doğura bilər. Onun sözlərinə görə, kollektiv təhlükəsizlik haqqında müqavilə Ermənistana Azərbaycanla mümkün müharibə halında Rusiyadan hərbi dəstək almağa tam əsas verir.

Vüqar Orxan, “525-ci qəzet”, 27.11.2009.

Xəbərlər
Redaktorun seçimi