“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.10.2009, 08:13
375

“Türkiyə parlamenti Azərbaycanı narahat edəcək hər hansı addım atmayacaq”

A- A+

Murat Mərcan: “Protokollar üçün zaman məhdudiyyəti yoxdur. Bizim komissiyada 2000-ci ildən bəri gözləyən anlaşmalar da var”

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Murad Mərcanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 28-də Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. 

Nümayəndə heyətinin rəhbəri Murad Mərcan jurnalistlərə açıqlamasında səhər ilk öncə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüklərini deyib.

Azərbaycana səfərlərindən çox şad olduqlarını bildirən M. Mərcan Azərbaycan və Türkiyənin “bir millət, iki dövlət” olduğunun bir daha şahidi olduqlarını deyib: “Bu səfərdə məqsəd parlamentlərarası əlaqələri daha da gücləndirmək, Azərbaycan prezidenti ilə görüşüb, Türkiyə Böyük Millət Məclisinin mövqeyini nəzərə çatdırmaqdır”.

Bakıdakı Türk Şəhidliyində yenidən Türkiyə bayraqlarının dalğalanmasından məmnunluq duyduqlarını bildirən M. Mərcan jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların onun rəhbərlik etdiyi Xarici əlaqələr komissiyasında nə zaman müzakirəyə çıxarılacağı barədə suala cavabında M. Mərcan bunları deyib: “Protokolların nə zaman müzakirə olunacağını biz müəyyənləşdiririk. İndiki məqamda bizim komissiyada 2000-ci ildən bəri gözləyən anlaşmalar da var. Bu protokolları imzalamaq üçün zaman məhdudiyyəti yoxdur. Hər zaman demişik ki, Türkiyə Böyük Millət Məclisi Azərbaycan xalqını narahat edəcək hər hansı bir addım atmayacaq. Bunun üçün hamınızın əmin olması lazımdır”.

Nümayəndə heyəti bundan sonra Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət edib.

M. Mərcan Türk Şəhidliyində yenidən Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalanmasının qürur verici olduğunu deyib.

Heyətin üzvü, Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Şenol Bal jurnalistlərə açıqlamasında bildirib ki, heç bir qüvvə Azərbaycan və Türkiyənin arasına girib, nifaq sala bilməz: “Buna heç kimin gücü çatmaz. Biz toplum olaraq buna imkan verməyəcəyik”.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Türkiyə parlamentinin xarici əlaqələr komissiyasının sədri Murad Mərcan (AKP, Əskişəhir millət vəkili), Şaban Dişli (AKP, Sakarya millət vəkili), Zeynəb Dağı (AKP, Ankara millət vəkili), Fevzi Şanverdi (AKP, Hatay millət vəkili), Abdullah Çalışkan (AKP, Kırşehir millət vəkili), Mehmet Çərçi (AKP, Manisa milət vəkili), Əhməd Dəniz Bölükbaşı (MHP, Ankara millət vəkili) və Şenol Bal (MHP, İzmir millət vəkili), Türkiyə Xarici İşlər Nazirliyindən, səfir Akın Alqan, nazirliyin Qafqaz və Orta Asiya İdarəsinin müdir müavini Ahmet Rza Demirer, TBMM-in Xarici əlaqələr və protokol şöbəsinin əməkdaşları Kürşad Melik Sarıarslan, Bülent Erten, Hatice Er Ars daxildir.

Nümayəndə heyəti bu gün Milli Məclisin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsində görüş keçirəcək. Bundan başqa nümayəndə heyətinin Atatürk Mərkəzi ilə tanışlığı nəzərdə tutulur.

Oktyabrın 29-da millət vəkilləri Xarici İşlər Nazirliyində görüşlər keçirəcək, axşam saatlarında isə “Gülüstan” sarayında Türkiyənin Cümhuriyyət Bayramı ilə əlaqədar Türkiyə səfirliyinin verdiyi ziyafətdə iştirak edəcək.

Nümayəndə heyəti oktyabrın 30-da Ankaraya qayıdacaq.

Xəbərlər
Redaktorun seçimi