“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.10.2009, 08:43
380

Türkiyə baş naziri Azərbaycan millət vəkilləri ilə görüşüb

A- A+

Səməd Seyidov: “Hörmətli baş nazirlə görüşdən çox xoş hisslərlə çıxdıq”

Türkiyədə səfərdə olan Azərbaycan parlamentinin 11 millət vəkilindən ibarət nümayəndə heyəti oktyabrın 14-də Ankarada baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

 

Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin üzvləri Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Rövşən Rzayev, Qənirə Paşayeva, Mübariz Qurbanlı, Qüdrət Həsənquliyev, Əkrəm Abdullayev, Gültəkin Hacıbəyli, Asəf Hacıyev və Fəzail Ağamalı daxildir.

Görüşdən sonra Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidov jurnalistlərə açıqlama verib.

S. Seyidov görüşdən çox məmnun qaldıqlarını bəyan edib: “Hörmətli baş nazirlə görüşdən çox xoş hisslərlə çıxdıq. Bölgədə sülh, əməkdaşlıq və iqtisadi inkişafın təmin edilməsi mövzusunda çox dəyərli söhbət apardıq. Baş nazir Azərbaycan parlamentində dediyi sözləri bir daha təsdiqlədi. Türkiyə öz siyasətində Azərbaycanın maraqlarını hər zaman nəzərə alacaq, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlardan istifadə edəcək”.

S. Seyidov bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyənlər niyyətlərinə nail ola bilməyəcəklər: “Münasibətlərimiz “bir millət, iki dövlət” prinsipi ilə inkişaf edir və edəcək. Heç kimin problem yaratmağa gücü çatmaz. Bizim ürəyimizdə Türkiyə sevgisi var”.

S. Seyidov Türkiyə-Ermənistan yaxınlaşmasını nəzərdə tutaraq bölgədəki sülh proseslərində Azərbaycanın maraqlarının mütləq nəzərə alınacağını bir daha vurğulayıb: “Baş nazir Ərdoğanın sözləri Azərbaycanda çox yüksək qiymətləndiriləcək. Biz çox razı qaldıq. Türkiyədəki görüşlərimiz davam edəcək”.

Azərbaycan nümayəndə heyətinin üzvü Asəf Hacıyev də APA-ya açıqlamasında baş nazirlə görüşün uğurlu alındığını deyib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndə heyətini bir daha əmin edib ki, Ermənistan imzalanan protokollardan sonra lazımi addımlar atmalıdır:

“Türkiyənin baş naziri dedi ki, Ermənistanın protokollar imzalandıqdan sonra lazım addımları atmayacağı təqdirdə, rəsmi Ankaranın mövqeyinin necə olacağı aparıcı dövlət başçılarının diqqətinə çatdırılıb. Rəcəb Tayyib Ərdoğan dedi ki, bunu Ermənistan da gözəl bilir və Ermənistanın hansı addımlar atacağını gözləyirlər. Baş nazir “İndi növbə Ermənistanındır. Əgər Ermənistan bu addımı atmayacaqsa, vəziyyət yaxşı olmayacaq” söylədi”.

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu il mayın 13-də Azərbaycan Milli Məclisindəki çıxışında Azərbaycanın işğal olunmuş torpaqları azad edilmədən Ermənistanla sərhədlərin açılmayacağını bəyan edib.

* * *

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycan millət vəkilləri ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Məhmət Əli Şahin Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov da iştirak edib.

Görüşdən sonra jurnalistlərə açıqlama verən Azərbaycan Milli Məclisinin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov işğal olunmuş torpaqlar azad olunmadan Ermənistanla sərhədlərin açılmasının ortaya problemlər çıxara biləcəyini bildirib:

“Bu proseslər paralel aparılmalıdır ki, bölgədə sülh bərqərar olsun, bütün dövlətlər arasında yaxşı dostluq münasibətləri qurulsun. İşğal məsələsi, Dağlıq Qarabağ problemi aradan qalxmayana qədər bölgədə sülh olmayacaq. Biz, qardaş Türkiyədən ədalətli qərar gözləyirik və əminəm ki, Türkiyə Böyük Millət Məclisi ədalətli qərar qəbul edəcək.

* * *

 Azərbaycanlı deputatlar Türkiyənin hakim partiyasında görüş keçiriblər

Türkiyə-Ermənistan protokolları ilə bağlı Azərbaycanın narahatlığını Türkiyə rəhbərliyinə çatdırmaq Ankaraya gedən azərbaycanlı deputatlar Fəzail Ağamalı, Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Əkrəm Abdullayev, Asəf Hacıyev, Mübariz Qurbanlı, Qənirə Paşayeva və Gültəkin Hacıbəyli oktyabrın 14-də hakim Ədalət və İnkişaf Partiyasında olublar.

“Media forum” “CNN Türk”ə istinadla xəbər verir ki, 11 nəfərlik heyəti AKP-də xarici əlaqələr üzrə başqan müavini, keçmiş dövlət naziri Gürşad Tüzmən qəbul edib.

 * * *

Oktyabrın 14-də azərbaycanlı deputatlar Türkiyənin “ana muxalifət” partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykalla görüşüblər.

* * *

Azərbaycan millət vəkili Türkiyə telekanallarında çıxış edib

Azərbaycan Milli Məclisinin üzvlərindən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir. APA-nın xəbərinə görə, nümayəndə heyətinin tərkibində olan millət vəkili Qənirə Paşayeva oktyabın 13-də Türkiyənin Star, Kanal D, CNN Türk, Haberturk televiziyalarında canlı yayımlara qoşulub, həmçinin İhlas Xəbər Agentliyinə və “İnternethaber” xəbər portalına müsahibə verib.

Millət vəkili çıxışlarında Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini 15 ildən artıqdır ki, işğal altında saxlandığını, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün uzun illərdir öz yurd-yuvasına dönə bilmədiyini vurğulayıb. Türkiyənin Ermənistanla sərhədini də məhz bu ölkənin Azərbaycan ərazilərini işğal etməsinə etiraz olaraq, Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra bağladığını xatırladan Q. Paşayeva “Azərbaycan hesab edir ki, bu siyasət bundan sonra da davam etməlidir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çəkilmədən Türkiyə bu ölkə ilə münasibətlər qurmamalı və sərhədlərini açmamalıdır” - deyib.

Q. Paşayeva Türkiyə rəsmilərinin Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağı və əlaqələrin qurulmayacağına dair verdikləri açıqlamalarını da qeyd edib və bu açıqlamaların təsdiqi olaraq TBMM-nin Türkiyə və Ermənistan arasındakı protokolları imzalamayacağına ümid etdiklərini bildirib.

Xəbərlər
Redaktorun seçimi