“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.04.2009, 13:25
546

Dağlıq Qarabağ məsələsi BMT-nin Təhlükəsizlik Şurasında gündəmə gəlib

A- A+

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev: “Münaqişənin həll olunmamasının əsas səbəbi Ermənistanın mövcud siyasətidir”

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev aprelin 21-də qurumun Təhlükəsizlik Şurasının (TŞ) iclasında çıxış edərək Ermənistanı Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlar üzərində hüquqi suverenlik əldə etmək cəhdlərində ittiham edib. 

APA-nın ABŞ bürosunun məlumatına görə, TŞ-nin "Beynəlxalq sülhün təmin edilməsi və təhlükəsizlik: vasitəçilik və münaqişələrin çözülməsi" adlı iclasında Aqşin Mehdiyev rəsmi İrəvanı Dağlıq Qarabağı qanunsuz, beynəlxalq hüquq normalarına zidd olaraq silah tətbiq etmək və etnik təmizləmə apararaq ələ keçirdiyini deyib: "Ermənistan açıq olaraq BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrinə hörmətsizlik göstərir, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir, işğal olunmuş ərazilərdə hərbi qüvvələrini saxlamaqla işğalçı niyyətini ortaya qoyur. Bu yanaşma qeyri-konstruktiv və qeyri-realdır. Ermənistanın mövcud siyasəti münaqişənin həllinə xidmət etmir və onun həll olunmamasının əsas səbəbidir".


Diplimat TŞ üzvlərinin diqqətinə çatdırıb ki, Ermənistanın siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, ölkənin hər 8-ci vətəndaşı məcburi köçkünə çevirib: "Rəsmi İrəvan bununla da əsas beynəlxalq hüquq normaları olan ərazi bütövlüyü, hərbi qüvvənin istifadəsini qadağan edən prinsipləri pozub".

Səfir Mehdiyev Dağlıq Qarabağın Azərbaycan ərazi bütövlüyü çərçivəsində özünüidarəetmə statusunun müəyyən edilməsi üçün bir neçə prinsipial şəraitin yaradılmasını labüd sayıb. O, işğal olunmuş ərazilərdə bu gün mövcud olan reallıqda ərazinin statusunu müəyyən etmək cəhdlərini beynəlxalq hüquq normaları, sülh, demokratiya, regionun stabilliyi və əməkdaşlıq ideyalarına zidd olduğunu deyib: "Dağlıq Qarabağın Azərbaycan çərçivəsində özünü idarəetmə statusu ilə bağlı danışıqlara başlamazdan əvvəl müəyyən əhəmiyyətli addımlar atılmalıdır. Birincisi və ən vacibi, hərbi işğal faktoru münaqişənin həlli kontekstindən çıxarılmalıdır. Ermənistan işğal olunmuş ərazilərdən hərbi qüvvələrini tam çıxarmalıdır. Ərazilərin qaytarılması prosesinin uzadılması onsuz da mürəkkəb vəziyyətdə olan münaqişənin həllini daha da çətin vəziyyətə sala bilər. İşğal olunmuş ərazilərin azad olunmasından sonra, məcburi köçkünlər rahat və təhlükəsiz şəraitdə Dağlıq Qarabağ və ətraf rayonlara qayıtmalıdırlar. Bundan sonra regionun iqtisadi inkişafına start verilməli və bütün kommunikasiya xətləri açılaraq hər iki tərəfin istifadəsinə verilməlidir".

Daimi Nümayəndəliyin rəhbəri kifayət qədər uzun müddət ATƏT çərçivəsində aparılan danışıqların hələ ki, heç bir nəticə vermədiyini deyib. Buna baxmayaraq, səfir Azərbaycanın münaqişənin siyasi üsullarla, konstruktiv şəkildə həllində israrlı olduğunu bildirib. Sözlərinə sübut kimi, o, Baş Assambleyanın 62-ci sessiyasında qəbul olunan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı" qətnamədə rəsmi Bakının beynəlxalq hüquq çərçivəsində konstruktiv güzəştlərə getməyə razı olması barədə mövqeyinin təsbit olunduğunu xatırladıb.

APA.

Xəbərlər
Redaktorun seçimi