“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.03.2009, 13:58
459

Azərbaycan deputatlarının Almaniyaya səfəri başa çatıb

A- A+

Milli Məclisin Almaniya-Azərbaycan dostluq qrupunun üzvləri Potsdam və Berlin şəhərlərində çoxsaylı görüşlər keçiriblər

Almaniya Federativ Respublikası Bundestaqının dəvəti ilə Milli Məclisin Almaniya-Azərbaycan dostluq qrupunun üzvləri bu il noyabrın 23-dən 27-dək Almaniyada səfərdə olmuşlar.  

Nümayəndə heyətinə Milli Məclisin üzvləri Fəttah Heydərov, Rövşən Rzayev, Adil Əliyev, Çingiz Əsədullayev, Fuad Muradov, Fazil Mustafa və Əhməd Vəliyev daxil idilər. Nümayəndə heyətinə F.Heydərov başçılıq etmişdir.

Nümayəndə heyətinin üzvləri səfərin ilk günü səfər proqramına uyğun olaraq Potsdam şəhərinə səfər edərək Brandenburq əyalət parlamentinin sədri Qünter Fritşlə görüşmüşlər. Görüş zamanı ölkələrarası münasibətlərin hazırkı vəziyyəti və onun daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılmış, Azərbaycanda həyata keçirilən islahatlar, onun siyasi və iqtisadi inkişafı haqqında ətraflı məlumatlar alman tərəfinə çatdırılmışdır. Tərəflər ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün bu cür görüşlərin və faydalı fikir mübadilələrinin vacibliyini vurğulamışlar. Milli Məclisin üzvləri Brandenburq əyalət parlamentinin bir neçə komissiyaları ilə də ayrıca görüşlər keçirmişlər. Nümayəndə heyətinin üzvləri daha sonra Potsdam şəhərində bir sıra elmi tədqiqat mərkəzləri ilə tanış olmuşlar. Daha sonra Brandenburq əyalət parlamenti tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilmişdir.

Martın 24-də Almaniya-Azərbaycan Forumunun sədri, Almaniyanın keçmiş dövlət katibi O.Hauzer Milli Məclisin üzvləri ilə görüşərək iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparmışdır. Elə həmin gün axşam Azərbaycanın Almaniyadakı Səfirliyi binasında Almaniya Bundestaqının və MM üzvlərinin, Berlin senatının nümayəndələrinin, Almaniyanın tanınmış elm, siyasət və mədəniyyət xadimlərinin, habelə Almaniyadakı Azərbaycan diaspor cəmiyyətlərinin sədrlərinin iştirakı ilə rəsmi qəbul təşkil edilmişdir. Səfir Pərviz Şahbazov tədbiri açaraq iştirakçıları salamlamış, Almaniya-Azərbaycan münasibətlərinin dinamik inkişafını vurğulayaraq, bu səfərin əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirmişdir.

Azərbaycan nümayəndə heyəti adından Milli Məclisin üzvü F.Heydərov çıxış edərək Azərbaycanın Almaniya ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini qeyd etmiş və əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulamışdır. Bundestaq üzvü, Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun sədri Şteffen Rayxe çıxış edərək parlamentlərarası əlaqələrin belə inkişafının sevindirici hal olduğunu bildirmiş və bu münasibətlərin gələcək inkişafına da böyük nikbinliklə baxdığını ifadə etmişdir. Daha sonra iştirakçılar ziyafət süfrəsinə dəvət olunmuşlar. Tədbir münasibətlərin inkişafı baxımından faydalı olmuşdur.

Nümayəndə heyəti martın 25-də “EİTİ” cəmiyyəti (Xammal istehsal olunan ölkələrdə şəffaflıq təşəbbüsü) və “Transparency İnternational” təşkilatının banisi Peter Ayqner və bu təçkilatların əməkdaşları ilə, Almaniya Bundestaqının vitse-prezidenti Susanna Kastnerlə, Bundestaqın Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun sədri Şteffen Rayxe ilə, federal hökumətin İnsan hüquqları və Humanitar Yardım məsələləri üzrə müvəkkili cənab Qünter Nooke ilə görüşərək müzakirələr aparmışlar. Deputatlarımız həmçinin Almaniyanın nüfuzlu təşkilatları Konrad Adenauer Fondu, Fridrix Ebert Fondu, Haynrix Böll Fondu, Roza Luksemburq Fondu ilə görüşlər keçirmişlər.

Martın 26-da isə deputatlarımız AFR XİN Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə xüsusi tapşırıqlar üzrə səfir Hans Diter Lukasla görüşmüşlər. Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, siyasi, iqtisadi və humanitar sahələrdə Almaniya – Azərbaycan münasibətləri ətrafında müzakirələr aparılmışdır. Almaniyalı diplomat Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirmişdir. Milli Məclisin üzvləri daha sonra Bundestaqın xarici siyasət komissiyasının sədr Ruprext Polents və komissiya üzvləri ilə, Yaşıllar partiyasının deputatı, Bundestaq üzvü, Almaniya-Cənubi Qafqaz dostluq qrupunun sədr müavini Raynder Ştenblokla görüşlər keçirərək müxtəlif məsələlərə dair fikir mübadiləsi aparmışlar.

Almaniyadakı Azərbaycanlılarla iş üzrə Koordinasiya Mərkəzində Milli Məclisin üzvlərinin Azərbaycan diasporunun nümayəndələri ilə də görüş olmuşdur. Mərkəzin icraçı direktoru Samirə Patser-İsmayılova iştirakçıları salamlayaraq Azərbaycan diasporu və onun fəaliyyəti haqqında danışmışdır. Milli Məclisn üzvləri diaspor üzvləri ilə söhbət apararaq onların vəzifələri və problemləri ətrafında fikir mübadiləsi aparmışlar. Daha sonra deputatlar Almaniyada fəaliyyət göstərən “Azərbaycan evi” cəmiyyətinin təşkil etdiyi ziyafətdə iştirak etmişlər.

Səfərin sonuncu günü deputatlarımız Almaniyanın Sənaye və Ticarət Palatasının idarə rəisi Tobias Baumanla görüşmüşlər. Görüşdə Azərbaycan-Almaniya iqtisadi əlaqələri, alman sərmayələrinin Azərbaycan iqtisadiyyatına daha geniş miqyasda cəlb olunması imkanları və iqtisadi əməkdaşlıq üçün mövcud potensialdan daha geniş istifadə yolları müzakirə olunmuşdur. Səfir P.Şahbazov Azərbaycan nümayəndə heyətini bütün görüşlərində müşayiət etmişdir.
Milli Məclis üzvlərinin Almaniyaya səfəri martın 27-də başa çatmışdır.

Vüqar Seyidov, AzərTAc-ın xüsusi müxbiri, Berlin.

 

Almaniyadakı azərbaycanlı diaspor nümayəndələri ilə görüş

Martın 26-da Milli Məclisin Almaniya-Azərbaycan dostluq qrupunun üzvləri Berlin şəhərində Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzində Azərbaycan diasporunun üzvləri ilə görüşmüşlər. Milli Məclisin regional məsələlər daimi komissiyasının sədr müavini Fəttah Heydərovun rəhbərlik etdiyi nümayəndə heyətinə millət vəkilləri Rövşən Rzayev, Nizami İskəndərov, Fuad Muradov, Çingiz Əsədullayev, Fazil Mustafa və Əhməd Vəliyev daxil idi. Azərbaycan deputatlarının Berlində yaşayan soydaşlarımızla görüşündə ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov çıxış etmiş, Əlaqələndirmə Mərkəzinin icraçı direktoru Samirə Patser-İsmayılova qonaqları salamlayaraq mərkəzin fəaliyyəti haqqında məlumat vermişdir.

Görüşdə qeyd edilmişdir ki, son zamanlar Azərbaycan diasporunun işi çox canlanmışdır və özünün yetkinlik dövrünü yaşayır. Azərbaycanın dövlət qurumları indi Avropa ilə əlaqəni yeni formada, müasir dövrə uyğun, işgüzar tərzdə və ən əsası diasporun rolunu nəzərə alaraq təşkil edirlər. Bu məqamda Azərbaycanın Almaniyadakı səfirliyinin, Diaspor ilə İş Üzrə Dövlət Komitəsinin, həmçinin Milli Məclis deputatlarının diaspora diqqəti xüsusi qeyd edilmişdir. Vurğulanmışdır ki, Azərbaycan Respublikası və xaricdə yaşayan azərbaycanlılar arasında əlaqələr sistemli xarakter almışdır və dinamik şəkildə inkişaf edir.
AzərTAc, 29.03.2009.

 

 

Xəbərlər
Redaktorun seçimi