“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.12.2020, 17:00
1316

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

A- A+

“Allahın xeyir-duası ilə əta olunmuş birlik və həmrəyliyimizi gələcək nəsillər üçün qoruyub saxlamağa borcluyuq”

Azərbaycanın ərazi bütövlüyü yolunda canını fəda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də ölkəmizin hər yerində bir dəqiqəlik sükutla yad olunub. Azərbaycandakı dini konfessiyaların məbədlərində anım mərasimləri keçirilib.

***

Bakıdakı Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, vəhdət namazı qılınıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu zəfər çalaraq tarixdə yeni səhifə açdı. Vətən yolunda şəhid olanlar Allah yanında ən yüksək məqamdadırlar. Həm Birinci Vətən müharibəsi, həm də İkinci Vətən müharibəsi dövründə şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin! Sünni və şiə məzhəbində olanlar bu gün şəhidlərimizin ruhuna birlikdə dualar etdilər.

***

Dekabrın 4-də Bakıdakı Müqəddəs Məryəm katolik kilsəsində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsi yad edilib.

Azərbaycanda Katolik kilsəsinin apostol prefekturasının ordinarisi Vladimir Feketenin iştirakı ilə keçirilən mərasimdə dini ayinlər icra edilib, şəhidlərin ruhuna dualar oxunub.

Vladimir Fekete jurnalistlərə bildirib ki, bu kədərli, eyni zamanda, əlamətdar gündə müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərinin xatirəsini birgə anırlar.

“Biz Allahın xeyir-duası ilə əta olunmuş birlik və həmrəyliyimizi gələcək nəsillər üçün qoruyub saxlamağa borcluyuq. Katolik Kilsəsi Azərbaycanın hakimiyyət orqanlarına, şəxsən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, eləcə də bütün dini icmaların liderlərinə xalqın birliyinin qorunması və möhkəmləndirilməsində müstəsna roluna görə minnətdardır. Biz əminik ki, son söz ölümün deyil, həyatın olacaq”, - deyə Vladimir Fekete vurğulayıb.

Katolik kilsəsinin apostol prefekturasının ordinarisi Azərbaycan xalqına sülh və rifah arzulayıb.

***

Bakıda Avropa Yəhudiləri sinaqoqunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib. Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın ruhu anılıb.

Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqalın iştirakı ilə dini ayinlər yerinə yetirilib, şəhidlərin ruhuna dualar oxunub.

Şneor Seqal bildirib ki, biz şəhidlərimizin xatirəsi üçün bugünkü ibadətlə kifayətlənməməliyik. O deyib: “Onlar bizə Qələbə bəxş etdilər, torpaqlarımızı işğaldan azad etdilər və biz oraya qayıda bilərik. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir şəhidin xatirəsi bizim üçün mühümdür”.

Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski deyib: “Bu gün biz torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verən əsgərlərimizin xatirəsi qarşısında ailələrimizlə, yəhudi qardaşlarımızla birgə baş əyirik. Prezident İlham Əliyevin rəhbərliyi altında bizim rəşadətli ordumuz işğalçıları torpaqlarımızdan qovdu. Bütün ölkə Vətənimizin azadlığı uğrunda canından keçən övladlarımızın, oğullarımızın ruhu qarşısında baş əyir”.

***

Dekabrın 4-də Bakıdakı Müqəddəs “Mirodaşıyan Qadınlar” kafedral kilsəsində də Vətən müharibəsində canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.  Erməni təcavüzünün qurbanları olmuş dinc sakinlərin də xatirəsi yad edilib.

Sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein (Aleksandr ata) jurnalistlər qarşısında çıxış edib. O vurğulayıb ki, rəşadətli Azərbaycan döyüşçüləri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müqəddəs borclarını yerinə yetiriblər. Vətənimizin torpaqlarını çoxillik işğaldan azad etmək naminə canlarından keçmiş bu igidlərin xatirəsi əbədi yaşayacaq.

Arxiyepiskop vurğulayıb ki, Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri bu ölkəni özləri üçün doğma ev hesab edir, ona görə də milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşı son damla qanına qədər öz Vətənini qorumağa hazırdır.

Daha sonra arxiyepiskop Aleksandr və baş keşiş Leonid Miltıxın iştirakı ilə şəhidlərin xatirəsinə dualar oxunub.

** Qeyd. Mirodaşıyan qadınlar – İsa Məsihin ölümündən (çarmıxa çəkilməsindən) sonra onun tabutuna miro (xristian ayinlərində istifadə olunan, ölünün bədəninə çəkilən xüsusi rayihəli yağ) gətirən və İsa Məsihin dirilməsinin (dirilib göylərə çəkilməsinin) şahidi olan qadınlar (Mariya Maqdalina və başqaları). “Mirodaşıyan qadınlar” xristianlıqda müqəddəs sayılırlar.

 

Xəbərlər
Redaktorun seçimi