“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.07.2013, 10:20
1374

Azərbaycan tarixi günbəgün: 27 iyul

A- A+

27 iyul 1804 – Rusiya-İran müharibəsində ilk döyüş olub. İrəvan xanlığının Üçmüədzin kəndi (indiki Ermənistanın Eçmiədzin rayonu) yaxınlığında baş verən döyüşdə İran qoşunları rusları məğlub edib...

 

27 iyul 1804 – Rusiya-İran müharibəsində (1804-1813) ilk toqquşma - Üçmüədzin döyüşü olub. İrəvan xanlığının ərazisindəki Üçmüədzin kəndi (indiki Ermənistanın Eçmiədzin rayonu) yaxınlığında baş verən döyüşdə İran qoşunları rus qoşunlarını məğlub ediblər. Bunun ardınca, sentyabrın 4-də Qəmərli kəndi (indiki Ermənistanda Artşat qəsəbəsi) yaxınlığında ikinci döyüşdə də məğlub olan ruslar geri çəkiliblər. Lakin 1805-ci ilin əvvəlində, Şəki və Qarabağ xanlıqları istiqamətində yenidən yürüşə başlayan ruslar həmin ilin mayında (14 və 21 may) bağlanan Kürəkçay müqavilələri ilə hər iki xanlığı ələ keçiriblər.

 

27 iyul 1826 – Gəncədə çar Rusiyasının müstəmləkəçiliyi əleyhinə güclü üsyan baş verib. Bu, Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. Bu arada Rusiya ordusu artıq Naxçıvan və İrəvan xanlıqları uğrunda İranla müharibə aparırdı. Üsyan rus qoşunları tərəfindən amansızlıqla yatırılıb.

 

27 iyul 1997 – Prezident Heydər Əliyev ABŞ-a ilk rəsmi səfərə gedib. Avqustun 6-dək davam edən səfər gedişində Azərbaycan prezidenti əvvəlcə Nyu-Yorkda BMT-nin baş katibi Koffi Annan, NATO-nun baş katibi Xavyer Solana ilə, ABŞ-ın biznes dairələri ilə görüşlər keçirmiş, iyulun 29-da Vaşinqtona getmişdi. Avqustun 1-də Ağ Evdə ABŞ prezidenti Bill Klintonla danışıqlardan sonra iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini elan edən siyasi sənəd - Birgə Bəyannamə imzalanıb. Bundan əlavə, Azərbaycanın Dövlət Neft Şirkəti ilə ABŞ-ın "Shevron", "Exxon", "Mobil" və "Amoco” neft şirkətləri arasında 4 müqavilə imzalanıb.

 

27 iyul 2002 – Prezident Heydər Əliyev Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının ilk məzun buraxılışında iştirak edib. Ali Təyyarəçilik Məktəbi 1998-ci ildə Türkiyə Silahlı Qüvvələrinin yaxından iştirakı ilə, NATO standartlarına uyğun tədris və təlim sistemi üzrə yaradılmışdı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi