“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.07.2013, 10:11
1386

Azərbaycan tarixi günbəgün: 13 iyul

A- A+

13 iyul 2006 – Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı keçirilib...

 

13 iyul 1830 – Rusiya çarı I Nikolay Azərbaycandan Sibirə və başqa yerlərə sürgün edilmiş şəxslərin bağışlanılması, onların müsadirə edilmiş torpaqlarının özlərinə qaytarılması haqqında qanun imzalayıb. Rusiya çarının bu qərarı 1813 və 1828-ci ildə İranla müharibənin yekunu olaraq işğal olunmuş Şimali Azərbaycan torpaqlarında rus işğalına qarşı kəndli çıxışlarını, qismən də olsa, səngitmək niyyəti daşıyırdı.

 

13 iyul 1889 - Görkəmli maarif xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889-1960) anadan olub. Xosrov Axundzadə Qarabağın tanınmış pedaqoqlarından olub. Şuşa Mədəni Maarif Texnikumunun, digər təhsil ocaqlarının qurulmasında fəal iştirak edib. 1960-cı il mayın 10-da vəfat edib.

 

13 iyul 1992 – Azərbaycan Respublikası ilə Oman dövləti arasında diplomatik münasibətlər qurulub. Oman dövləti Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb.

 

13 iyul 1996 – Prezident Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və Avropa İnsan Haqları Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib. Bundan az öncə (28 iyun 1996) Azərbaycan Avropa Şurasında “xüsusi dəvət edilmiş qonaq” statusu almışdı. 

 

13 iyul 2006 – Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı keçirilib. Təntənəli mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstanın prezidentləri İlham Əliyev, Əhməd Necdət Sezər və Mixeil Saakaşvili, layihədə təmsil olunan neft şirkətlərinin rəhbərləri, ümumilikdə 30-dək ölkənin nüymayəndə heyəti iştirak etmişdi. BTC neft kəmərinin işə salınması Azərbaycanın müstəqil neft strategiyasının zəfəri idi. 1999-cu ilin 18 noyabrında BTC-yə dair “İstanbul bəyannaməsi»nin imzalanması ilə başlanan çətin yol uğurla başa çatmışdı. Kəmərin uzunluğu 1768 km (443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisində), gündəlik nəqletmə gücü 1 mln. barreldir. Neft kəməri 2008-ci ildən ixrac gücü ilə işləyir.  

 

13 iyul 2012 - Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb. 2013-2017-ci illərdə Bakıda və regionlarda 10-dək “ASAN xidmət” (ASAN – ingiliscə Azerbaijan Service and Assessment Network – Azərbaycan xidmətlər və qiymətləndirmə şəbəkəsi) mərkəzləri istifadəyə verilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi