Azərbaycan tarixi günbəgün: 20 dekabr
20 dekabr 1994 - ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsi regionunda atəşkəsə nəzarətlə bağlı Yüksək Səviyyəli Planlaşdırma Qrupu təsis olunub...
20 dekabr 1905 - Tənqidçi, ədəbiyyatşünas Atababa Musaxanlı (1905 - 1941) anadan olub.
20 dekabr 1991 - Ali Sovetin Milli Şurası "Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə münasibəti haqqında" qərar qəbul edib. Qərarda bildirilirdi ki, Azərbaycan Respublikasının "indiki vəziyyətdə MDB-yə qoşulması" məqsədəuyğun sayılmır. Bununla belə, prezident A.Mütəllibov dekabrın 21-də Almatıda keçirilən sammitdə MDB-nin təsis olunması barədə sazişə imza atmışdı. Lakin sənəd Milli Şura tərəfindən ratifikasiya olunmadı. Nəhayət, 1993-cü ilin sentyabrında, artıq Heydər Əliyev iqtidarı dövründə parlament Azərbaycanın MDB-yə üzvlüyünə razılıq verdi.
20 dekabr 1991 - Keçmiş SSRİ respublikalarından birinci olaraq Litva Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arsında diplomatik münasibətlər isə xeyli sonra, 1995-ci il noyabrın 20-də quruldu.
20 dekabr 1993 - Parisdə rəsmi səfərdə olan prezident Heydər Əliyev Azərbaycanın ATƏM-in (1995-ci ilədək ATƏT belə adlanırdı) əsas sənədlərindən olan "Yeni Avropa üçün Paris Xartiyası"na qoşulması barədə sənədi imzalayıb. Avropada yeni geosiyasi reallıqları əks etdirən sənəd 1990-cı ildə ATƏM-in Paris sammitində qəbul olunmuşdu.
20 dekabr 1994 - ATƏT-in Budapeşt sammitinin (5-6 dekabr 1994) nəticələrinə əsasən, Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə təşkilatın Yüksək Səviyyəli Planlaşdırma Qrupu təsis olunub. ATƏT-ə üzv ölkələrin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan bu təsisat Ermənistan-Azərbaycan münaqişəsi regionunda atəşkəsə riayət olunmasına nəzarət edir.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: