“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.11.2013, 09:36
1351

Azərbaycan tarixi günbəgün: 20 noyabr

A- A+

20 noyabr 1991 - Dağlıq Qarabağın Martuni (Xocavənd) rayonunun Qarakənd kəndi yaxınlığında içərisində Azərbaycanın dövlət və hökumət rəsmiləri olan "Mi-8" vertolyotu erməni qüvvələri tərəfindən vurulub. Vertolyotdakı 22 nəfər həlak olub...

 

20 noyabr 1930 – Görkəmli aktyor Gündüz Abbasov (1930-1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, "Telefonçu qız", "Babək", “Dədə Qorqud”, “Doğma sahillər”, “Yuxu” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Ədəbi yaradıcılıqla məşğul olub, hekayələr yazıb, tərcümələr edib.

 

20 noyabr 1935 – Tanınmış xanəndə, Xalq artisti, Prezident fərdi təqaüdçüsü Qədir Çərkəz oğlu Rüstəmov (1935-14.12.2011) Ağdam rayonunda anadan olub. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində Cabbar Qaryağdı oğlu rolunda çəkilib.

 

20 noyabr 1945 - Təbrizdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında başlanan milli-azadlıq hərəkatı həlledici mərhələyə qədəm qoyub - Azərbaycan Xalq Konqresi yaradılıb. Konqress Cənubi Azərbaycanda parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edib. Seçkilər dekabrın 1-də yekunlaşdı və Cənubi Azərbaycanın ilk qanunverici orqan - Milli Məclis formalaşdı. Dekabrın 12-də isə parlamentin qərarı ilə Pişəvərinin başçılığı ilə Milli Hökumət yaradıldı.

 

20 noyabr 1956 - Azərbaycan teatr tarixinin məşhur simalarından biri, aktyor, tərcüməçi, Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 21.31.1896, Ordubad - 1956) vəfat edib. “Səbuhi” (1941), “Fətəli xan” (1947) və s. filmlərdə çəkilib.

 

20 noyabr 1991 - Erməni silahlı qüvvələri Qarabağ münaqişəsi gedişində Azərbaycana qarşı ən böyük terror aktını həyata keçiriblər. Martuni (Xocavənd) rayonunun Qarakənd kəndinin səmasında içərisində Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu "Mi-8" vertolyotu raketlə vurulub. Vertolyotda olan 22 nəfərin hamısı, o cümlədən dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, SSRİ xalq deputatları Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, DQMV prokuroru V.Plavski, Dağlıq Qarabağ münaqişəsi regionunda Rusiya və Qazaxıstanın müşahidəçilər qrupunun rəhbərləri, jurnalistlər və vertolyotun heyət üzvləri həlak olmuşdu. Faciə ilə bağlı Azərbaycan ərazisində üçgünlük (21-23 noyabr) matəm elan edilib. Qarakənd terroru Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair iki ay öncə Jeleznovodskda əldə edilmiş razılaşmanın sonu oldu və münaqişə tam hərbi müstəviyə qədəm qoydu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi