“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.09.2013, 10:13
1681

Azərbaycan tarixi günbəgün: 20 sentyabr

A- A+

20 sentyabr 1994 – Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının işlənməsinə dair beynəlxalq kontrakt imzalanıb...

 

20 sentyabr 1827 – Rusiya-İran müharibəsi gedişində general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları İrəvan xanlığının strateji əhəmiyyətli Sərdərabad qalasını ələ keçiriblər. Qərbi Azərbaycanda qədim türk məskənlərindən olan Sərdarabad Ermənistan sovetləşəndən sonra eyniadlı rayonun mərkəzi olub, 1935-ci ildə Ermənistan SSR-in Hoktemberyan (Oktyabr) rayonu adlandırılıb.

 

20 sentyabr 1907 – Tanınmış riyaziyyatçı, akademik Əşrəf Hüseynov (1907-1980) Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olub. Azərbaycan dilində “İnteqral tənliklər” və “Çoxluqlar nəzəriyyəsi” dərsliyi­nin ilk müəllifi olub. 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1965-ci ildən Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru, 1970-1980-ci illərdə Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik katibi olub.

 

20 sentyabr 1918 – Türkmənistanın Xəzər sahilindəki Krasnovodsk (indiki Türkmənbaşı) şəhəri yaxınlığındakı Ağcaqum çölündə "26 Bakı komissarları" güllələnib. Stepan Şaumyanın başçılıq etdiyi “Bakı Kommunası” süqut edəndən (31 iyul) sonra onun üzvləri “Sentrokaspi” hökuməti tərəfindən həbs edilmiş, Qafqaz İslam Ordusunun şəhərə hücumu zamanı isə Krasnovodska qacmışdılar. Orada «26-lar» ingilislərin nəzarətində olan yerli eser hökuməti tərəfindən tutulmuş və Bakını əldən verməkdə ittiham olunaraq güllələnmişdilər. "26-lar" sovet tarixində müsbət ideoloji retuşda təqdim olunurdu, Bakıda onların xatirəsinə abidə qurulmuşdu. Sovetlər dağılandan sonra "Bakı Kommunası”nın gerçək tarixi, Azərbaycan xalqına qarşı etdiyi cinayətlər uzə çıxdı.

 

20 sentyabr 1921 – Görkəmli astronom, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının banisi, akademik Hacıbəy Sultanov (1921-2008) anadan olmuşdur.

 

20 sentyabr 1928 – Tanınmış ictimai-siyasi xadım, hüquq elmləri doktoru Murtuz Nəcəf oğlu Ələsgərov (1928 - 7.8.2012) anadan olub. Murtuz Ələsgərov 1996-2005-ci illərdə Azərbaycan parlamentinin sədri olub. 2005-2010-cu illərdə 3-cü çağırış Milli Məclisin deputatı olub. Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini idi.

 

20 sentyabr 1993 - Görkəmli kinorejissor ("Onun böyük ürəyi", "Ulduzlar sönmür"), ssenarist Əjdər İbrahimov (29.4.1919-1993) vəfat edib.

 

20 sentyabr 1994 – Bakıda, "Gülüstan" sarayında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının işlənməsinə dair beynəlxalq kontraktın imzalanma mərasimi keçirilib. “Əsrin müqaviləsi”ni ARDNŞ və ABŞ, Britaniya, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanının 11 neft şirkəti imzayıb. Bu müqavilə ilə Azərbaycanın yeni neft strategiyasının əsası qoyulub. Prezident Heydər Əliyevin fərmanı ilə 20 sentyabr Azərbaycanda Neftçilər günü kimi qeyd olunur. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi