“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.06.2013, 09:18
1346

Azərbaycan tarixi günbəgün: 24 iyun

A- A+

24 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Xalq Cümhuriyyətinin müvəqqəti dövlət rəmzi elan edilib...

 

24 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının (ikinci hökumət) qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti dövlət rəmzi elan edilib. Həmin vaxt milli hökümət Gəncədə, Xalq Cümhuriyyətinin müvəqqəti paytaxtında fəaliyyət göstərirdi. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin 9 noyabrında Bakıda, Xalq Cümhuriyyəti 3-cü hökumətinin qərarı ilə qəbul olunub.

 

24 iyun 1920 – Təbrizdə Cənubi Azərbaycan Milli Hökumətinin fəaliyyətə başlaması ümumxalq bayramına çevrilib. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Milli Hökumətin qurulması bir gün öncə - 23 iyunda elan edilmişdi. Xiyabaninin rəhbərliyi altında Təbriz üsyanı 1920-ci ilin 7 aprelində qalib gəlmişdi. Milli Hökumətinin fəaliyyətə başlaması ilə bağlı bütün müəssisələrdə, tədris ocaqlarında iş dayandırılmış, bazarlar bağlanmışdı. Milli Hökumətin qərarı ilə, mərkəzdən göndərilmiş bütün dövlət məmurları, İran valisi də daxil olmaqla, Təbrizdən çıxarıldılar. Bu, faktiki olaraq, Cənubi Azərbaycanda mürtəce şahlıq rejiminin - İran hakimiyyətinin devrilməsi və milli dövlətçilik ənənələrinin dirçəlişi demək idi. Milli Hökumət isə müstəqil demokratik respublika funksiyasını yerinə yetirirdi.

Bununla belə, Cənubi Azərbaycan türklərinin tamamilə müstəqil yaşamaq əzminə rəğmən, Milli Hökumət bütün İranın demokratikləşdirilməsi və ölkədə konstitusiyalı quruluş yaradılması, başqa sözlə, Cənubi Azərbaycanın tam müstəqilliyi uğrunda deyil, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində milli muxtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparırdı. Lakin Milli Hökumətin ömrü bir neçə ay oldu, 1920-ci ilin 14 sentyabrında Xiyabani qətlə yetirildi və üsyan yatırıldı.

 

24 iyun  1938 – I çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilib. 310 nəfərlik parlamentə 107 fəhlə, 88 kolxozçu və 115-i ziyalı-qulluqçu seçilmişdi. Xalq deputatlarının 72-si qadınlar idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi şəraitdə Ali Sovet qanunverici orqan olaraq formal fəaliyyət göstərirdi.

 

24 iyun 1938 – Azərbaycan Respublikasının 2-ci prezidenti, milli-azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin qurucusu və əvəzsiz sədri Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 1970-ci illərdən milli oyanış və disident hərəkatında yer alıb, 1975-76-cı illərdə BDU-da tarix müəllimi işləyərkən millətçi və antisovet təbliğatı aparmaq adıyla ilyarım azadlıqdan məhrum edilib. 1980-ci illərin sonunda Azərbaycanda xalq hərəkatına rəhbərlik edib, 1989-cu ilin iyulunda Xalq Cəbhəsinin sədri seçilib.

1992-ci il iyunun 7-də Azərbaycan Respublikasının prezidenti seçilib. Bir il sonra, 1993-cü ilin iyununda Surət Hüseynovun başçılıq etdiyi hərbi qiyamla siyasi müxalifətin əlbir səyləri ilə hakimiyyətdən getməyə məcbur olub. 1997-ci ilin oktyabrınadək Naxçıvanda, Kələki kəndində yaşayıb. Daha sonra Bakıya dönərək yenidən aktiv siyasətdə yer alıb. 2000-ci il avqustun 22-də vəfat edib. Bakıda, Fəxri Xiyabanda dəfn olunub.

 

1993 – Milli Məclisdə ölkədəki ağır siyasi böhran geniş müzakirə olunub. Prezident Əbülfəz Elçibəylə (iyunun 18-nə keçən gecə Bakını tərk edərək Kələki kəndinə getmişdi) danışıqlar aparmaq üçün Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində getmiş bir qrup ziyalılının nəticəsiz geri dönməsindən sonra parlament Konstitusiyanın tələbini nəzərə alaraq prezident səlahiyyətlərinin Ali Sovet sədrinə verilməsi barədə qərar qəbul edib.

Parlamentin qərarı ilə Ali Sovetin sədri Heydər Əliyev Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb. Ölkədə növbədənkənar prezident seçkiləri 1993-cü il oktyabrın 3-də keçirildi. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi