“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.01.2013, 16:54
1149

Azərbaycan tarixi günbəgün: 31 yanvar

A- A+

31 yanvar 1884 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə (1884-1955) Bakının Novxanı kəndində anadan olub.

Rəsulzadə 1904-ci ildə “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatının qurucularından olub. 1908-ci ildə İrana gedərək Məşrutə inqilabında iştirak edib. İnqilabın məğlubiyyətindən sonra (1911) Türkiyəyə gedib. 1913-cü ildə çarın elan etdiyi amnistiyadan sonra Bakıya qayıdıb və “Hümmət”in əsasında yaradılan “Müsavat” partiyasına rəhbərlik edib.

1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib. Həmin il mayın 27-də Seymin azərbaycanlı deputatları Rəsulzadənin sədrliyi ilə Azərbaycan Milli Şurasını yaradıblar, 28 mayda Xalq Cümhuriyyəti elan olunub.

Cümhuriyyətin süqutundan sonra Rəsulzadə Moskvaya aparılıb, bir müddət orada yaşadıqdan sonra mühacirətə gedib.1922-ci ildən Türkiyədə, 30-40-cı illərdə Avropada Azərbaycan siyasi mühacirətinə rəhbərlik edib. 1947-ci ildə Türkiyəyə qayıdıb. 1955-ci ildə Türkiyədə vəfat edib. Qəbri Ankaranın Əsri məzarlığındadır.

 

31 yanvar 1902 – Şamaxı şəhərində güclü zəlzələ böyük dağıntı və tələfat (yüzlərlə insan) törədib, əhalinin əksəriyyəti şəhəri tərk etməli olub. Azərbaycanın seysmik bölgələrindən olan Şamaxıda 1856, 1861 və 1872-ci illərdə də dağıdıcı zəlzələlər baş verib.

 

31 yanvar 1992 – Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlər qurulub.

 

31 yanvar 2006 – Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun «2005-ci ilin adamı» mükafatı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya təqdim olunub. Mehriban Əliyeva ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliği üçün gördüyü işlərə, geniş xeyriyyəçilik fəaliyyətinə görə bu mükafata layiq görülmüşdü. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi