Azərbaycan tarixi günbəgün: 21 yanvar
21 yanvar 1732 – Səfəvi dövləti ilə Rusiya arasında bağlanan Rəşt müqaviləsi ilə ruslar I Pyotrun vaxtında işğal olunan Xəzəryanı Azərbaycan ərazilərini geri qaytarıb...
21 yanvar 1732 – Səfəvi (İran) dövləti ilə Rusiya arasında Rəşt müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Rusiya I Pyotrun vaxtında işğal etdiyi Xəzəryanı əraziləri - Kür çayından şimalda yerləşən Azərbaycan torpaqlarını Səfəvi dövlətinə qaytarıb. Öz növbəsində, Səfəvi dövləti də Rusiyanın regiondakı rəqibi olan Türkiyəni (Osmanlı imperatorluğunu) bu ərazilərə buraxmamaq barədə öhdəlik götürüb. Bundan əlavə, müqaviləyə əsasən, Rusiya tacirləri Səfəvi dövləti ərazisində rüsumsuz ticarət etmək hüququ əldə etdilər.
21 yanvar 1990 – Heydər Əliyev Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək Sovet Ordusunun Bakıda törətdiyi 20 Yanvar qırğınını pisləyən bəyanat verib. Sovet İttifaqının rəhbərliyindəki yüksək vəzifələrdən azad olunduqdan (1987) sonra təqiblərə məruz qalan və həmin dövrdə Moskvada xəstəxanada müalicə olunan Heydər Əliyev ağır gündə öz xalqı ilə həmrəy olduğunu nümayiş etdirib.
21 yanvar 1992 – Azərbaycan İsveçrə Konfederasiyası və Lixtenşteynlə diplomatik münasibətlər qurub.
21 yanvar 2000 – Görkəmli bəstəkar, xalq artisri Süleyman Əyyub oğlu Ələsgərov (22.2.1924, Şuşa - 2000) vəfat edib.
21 yanvar 2008 – Tanınmış müğənni, SSRİ xalq artisti Lütfiyar İmanov (1929-2008) vəfat edib. Azərbaycan opera səhnəsinin görkəmli nümayəndəsi olan Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabad rayonunda anadan olmuşdu.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: