“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.02.2017, 18:53
1169

Davamlı inkişaf: nəzəriyyədən nəticəyə (2008)

A- A+

Regional inkişaf proqramının uğurlu icrası Azərbaycanın uzunmüddətli sosial-iqtisadi prioritetlərini təmin edir...

⇔ ⇔ ⇔ 

"Hər bir adamın əməlləri onun gördüyü işlərdə öz əksini tapır. Söz demək, vəd vermək olar. Amma əgər bunların arxasında konkret işlər dayanmırsa, heç bir əhəmiyyəti yoxdur. Ona görə mən həmişə demişəm, bir də demək istəyirəm ki, bizim siyasətimiz bizim işimizdir" - İlham Əliyevin bu sözlərini onun prezidentlik fəaliyyətinin bütün sahələrinə şamil etmək olar. Lakin, zənnimizcə, bu fikrin ən praktik ifadəsini Azərbaycanın sosial-iqtisadi inkişaf mənzərəsində, ələlxüsus da regional inkişaf müstəvisində görmək mümkündür.

Azərbaycanın yeni inkişaf mərhələsinin ən əhatəli fəaliyyət strategiyasını əks etdirən «Regionların sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı»nın dördüncü ilinə yekun vuruldu. İndiyədək bu proqramın məqsəd və vəzifələri, icra vəziyyəti və perspektivləri ən müxtəlif səviyyələrdə, fərqli rakurslardan nəzərdən keçirilib. Sözsüz ki, proqrama daha əhatəli qiymət onun icrası tam yekunlaşdıqdan sonra veriləcək. Azərbaycanın növbəti mərhələ üzrə sosial-iqtisadi inkişafı da bu nəticələrin üzərində qurulacaq.

Bununla belə, 5 ilə nəzərdə tutulan proqramın artıq 4 ildə əsasən icra olunduğunu nəzərə alsaq, bir sıra məqamları qeyd etmək mümkündür. Söhbət, ilk növbədə, proqramın nəzəri əsaslarının, proqnoz hədəflərinin praktikda necə əks olunmasından gedir. Məlum olduğu kimi, regional inkişaf proqramı İlham Əliyevin 2003-cü ilin prezident seçkiləri kampaniyasında bəyan etdiyi tezislərin əsasında tərtib olunmuşdur.

Azərbaycanın gələcək sosial-iqtisadi inkişaf kursunun vacib istiqamətlərini ehtiva edən həmin tezisləri belə sıralamaq olardı: neft strategiyasının həyata keçirilməsi və bu zəmin üzərində iqtisadiyyatın qeyri-neft sektoruna təkan verilməsi, regionların ahəngdar inkişafının təmin olunması, sahibkarlıq və özəl biznesin fəaliyyətinin təşviq edilməsi, işsizliyin və yoxsulluğun tədricən aradan qaldırılması, ölkədə köklü sosial islahatların başlanması. Qeyd etmək lazımdır ki, bu istiqamətlərdə öncəki illərdə xeyli iş görülmüş, 1996-cı ildən başlanan sabit iqtisadi inkişaf bir sıra proqramların (torpaq islahatı, özəlləşdirmənin birinci mərhələsi) icrası ilə müşayiət olunmuşdu. Azərbaycanın 2004-cü ildən sonra başlanan sürətli iqtisadi inkişafı və neft gəlirləri bu istiqamətdə daha geniş perspektivlər açırdı.

Regional inkişaf proqramının qəbulu məhz bu perspektivlərə hesablanmışdı. Çünki 2004-cü ilədək Azərbaycanın ümumi iqtisadi inkişafında (özəlliklə neft-qaz sahəsində) böyük uğurlar əldə olunsa da, regionlar bu inkişaf tempindən geri qalmışdı. Ölkənin sənaye potensialının, əsas infrastruktur obyektlərinin Bakıda cəmləşməsi, regionlardakı istehsal və xidmət obyektlərinin fəaliyyətinin zəifləməsi əhalinin paytaxta axınını sürətləndirmişdi. Əyalətlərlə paytaxt arasındakı fərq sosial sahədə - səhiyyə, təhsil, kommunal xidmətlər, əhalinin gəlirlərində də aşkar nəzərə çarpırdı.

Odur ki, regionların inkişaf proqramı ölkənin ahəngdar sosial-iqtisadi tərəqqisini təmin etməklə yanaşı, bölgələrdə işsizlik probleminin həllinə əsaslı töhfə verməli idi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, proqramın əsas uğurlarından biri məhz bu sahədə əldə olunan nəticələrdir: «2003-cü ildə biz bəyan etmişdik ki, Azərbaycanda yoxsulluğun və işsizliyin aradan qaldırılması üçün 5 il ərzində 600 min yeni iş yeri açılmalıdır. Artıq dörd il ərzində 650 min yeni iş yeri açılmışdır ki, onlardan 480 mini daimi iş yerləridir. Bu o deməkdir ki, insanlar işlə təmin olunur, yerli istehsal güclənir. Yerli istehsalın güclənməsi nəticəsində Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edir».

Əlamətdar faktdır ki, ötən müddətdə ölkədə açılan iş yerlərinin 80 faizdən çoxu regionları əhatə edir. Digər tərəfdən, yeni iş yerlərinin 85 faizi qeyri-dövlət sektorunda, o cümlədən 13-14 faizi kənd təsərrüfatında, 10 faizə qədəri emal sənayesində, 9 faizi tikinti sahəsində yaradılıb. Məhz bunun nəticəsidir ki, ötən dörd ildə Azərbaycanda iqtisadiyyatın (ümumi daxili məhsul - ÜDM) yüksək artım tempinə (2 dəfədən çox) müvafiq olaraq qeyri-neft sektoru da sürətli inkişaf müstəvisinə çıxıb və 2004-2007-ci illərdə bu sahədə artım 90 faiz təşkil edib. Təkcə 2007-ci ildə ölkədə 300-dən çox emal sahəsi, 800-dən çox tikinti müəssisəsi, 600-ə yaxın kənd təsərrüfatı müəssisəsi, 1700-dən çox ticarət və xidmət müəssisəsi açılıb ki, onların da təxminən yarısı regionların payına düşür. 
Digər tərəfdən, prezident İlham Əliyev bir fikri daima nəzərə çatdırır ki, ölkədə aparılan iqtisadi siyasətin, bu sahədə icra olunan proqramların son məqsədi yüksək statistik göstəricilər deyil, mövcud iqtisadi artımın əhalinin gündəlik həyatında, rifahında öz əksini tapmasıdır. Ötən müddətdə büdcə vəsaitlərinin sürətli artımı, ölkə üzrə yoxsulluq səviyyəsinin ciddi şəkildə azalması buna sübutdur. 2003-cü ildə 1,2 milyard dollar olan dövlət büdcəsi 2008-ci ildə 10 milyard dollardan çoxdur. 2003-cü ilədək Azərbaycanın büdcəsi 12-15 faiz artırdısa, 2004-cü ildən etibarən bu artım ildə 40-70 faiz təşkil edib.

Düzdür, hələlik ölkədə pensiya və minimum əməkhaqqının səviyyəsi əhalinin güzəranını tam təmin etmək imkanında deyil və bunu İlham Əliyev öz çıxışlarında diqqətə çatdırır. Eyni zamanda, ötən müddətdə ölkə başçısının sosial sahədə qəbul etdiyi qərarların mühüm qismi bu istiqamətə yönəlib. O cümlədən minimal pensiya və əməkhaqqı 2003-cü ilin sonundakı 12 manatdan 2008-ci ilin əvvəli üçün 60 manata çatıb. Bu gün ölkədə 80 mindən çox ailə dövlətin ayırdığı ünvanlı sosial yardımla əhatə olunub və bu, hər ailə üçün ayda 80-85 manat (100 dollar) təşkil edir.

Sosial sahədə atılan bu və digər addımların nəticəsində 2003-cü ildə ölkə üzrə 49 faiz təşkil edən yoxsulluq səviyyəsi üç dəfə azalaraq 2008-ci ilin yanvarında 16 faizə enib. Sözsüz ki, aparılan uğurlu iqtisadi siyasət irəlidəki illərdə sosial problemlərin daha sürətli həllinə təkan verəcək. Onu da qeyd edək ki, regional inkişaf proqramının hədəfləri sırasında 2004-2008-ci illərdə ölkə üzrə orta aylıq əmək haqqının 3 dəfə artırılması nəzərdə tutulurdu. Mövcud büdcə proqnozları bu hədəfin reallaşmasına əsas verir. 2004-cü ilin əvvəlində 80 manat həcmində olan orta əməkhaqqının 2008-ci il ərzində 230-240 manata  çatması gözlənilir.

Regional inkişaf proqramının digər proqnozlarından biri 2008-ci ildə ÜDM-in adambaşına düşən həcmini 3000 dollara çatdırmaq idi. 2003-cü ilin sonunda bu göstərici 900 dollar olmuşdu və beş ildə onun 3 dəfədən çox artırmaq kifayət qədər yüksək hədəf sayılırdı. Lakin ölkənin iqtisadi artım tempi bu proqnozları xeyli üstələdi və artıq 2007-ci ilin yekunlarına görə, ÜDM-in adambaşına düşən həcmi 3500 dollar təşkil edib, 2008-ci ilin sonunda bu göstəricinin 4500 dollara (yəni ümumilikdə 5 dəfə artım) çatacağı gözlənilir. Bu isə artıq Şərqi Avropa ölkələrinin göstəricilərinə yaxınlaşmaq deməkdir. Bu gün həmin ölkələrin bir çoxunda sözügedən 8-9 min dollar təşkil edir.

Regionların inkişaf proqramının uğurlu icrası dövlətin sahibkarlığa, özəllikdə aqrar sektora geniş dəstəyi ilə müşayiət olunur. Dövlət tərəfindən hər il sahibkarlara güzəştli kredit olaraq təxminən 100 milyon dollar vəsait ayrılır, təxminən bu qədər də məbləğ (80 milyon manat) fermerlərə dotasiya (hər hektar əkin sahəsi üçün 40 manat) olaraq verilir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması yönündə ardıcıl tədbirlər görülür. Bu baxımdan sahibkarlıq fəaliyyətinin qeydiyyatında «bir pəncərə» sisteminə keçidi xüsusi qeyd etmək gərəkdir.

Ötən müddətdə dövlət tərəfindən həyata keçirilən geniş infrastruktur layihələri də özəl sektorun güclənməsinə xidmət edir. 2003-cü illə müqayisədə 2008-ci ildə dövlət tərəfindən investisiya qoyuluşu ümumilikdə 30 dəfə artaraq 2,8 milyard manata (3,4 milyard dollar) çatacaq. Bir neçə ilə öncəyədək Azərbaycan hökuməti ayrı-ayrı infrastruktur layihələri ilə bağlı xarici kreditorlarla uzun danışıqlar aparmalı olurdu, indi isə ən böyük layihələr ölkəmizin öz imkanları hesabına həyata keçirilir.

Digər tərəfdən, ölkə rəhbərliyi geniş investisiya qoyuluşu siyasətində makroiqtisadi sabitlik məsələsini də diqqətdə saxlayır, o cümlədən Neft Fondundan yalnız ən vacib sahələrə maliyyə ayrılır. Məsələn, 2008-ci ildə Neft Fondundan məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşməsinə ümumilikdə 700 milyon dollaradək vəsait xərclənməsi nəzərdə tutulub. Bununla yanaşı, ölkəmizin beynəlxalq müstəvidə özünü etibarlı biznes tərəfdaşı kimi təsdiq etməsi ayrı-ayrı layihələrə xaricdən kredit götürülməsində də heç bir problem yaratmır.

Bu xüsusda bir məqamı qeyd etmək istərdik. Hakimiyyətin sosial-iqtisadi siyasətini təftiş edən müxalifət dairələrinin spekulyativ çıxışlarının bir qismi də Azərbaycanın xarici borcları ilə bağlıdır. Qeyd olunur ki, maliyyə imkanları artan ölkə xaricdən kredit götürülməməlidir. 2007-ci ilin yekunlarına görə, Azərbaycanın xarici borcu 2,272 milyard dollara çatıb və bu, ÜDM-ə nisbətdə təxminən 8 faiz, ölkə əhalisinin sayına nisbətdə isə adambaşına 264 dollar təşkil edir. Onu da qeyd edək ki, beynəlxalq praktikada ÜDM-in 30 faizinədək borclanma normal hal sayılır. Yeri gəlmişkən, 2004-cü ildə Azərbaycanın xarici borcu ÜDM-in 19 faizini təşkil edirdi, yəni ötən müddətdə xarici borc ölkənin iqtisadi imkanlarına real nisbətdə iki dəfədən çox azalıb.

Digər tərəfdən, 2007-ci ilin yekunlarına görə, Azərbaycanın xarici borcundan 3 dəfədən çox valyuta ehtiyatı (7,2 milyard dollar) var və bu vəsaitlər qarşıdakı 10-12 ildə 20-30 dəfə artacaq. Xarici borcun adambaşına nisbətinə gəldikdə isə, Azərbaycanda bu göstərici üzrə əksər MDB ölkələrindən, o cümlədən dünyanın iri neft-qaz ixracatçısı kimi maliyyə sarıdan korluq çəkməyən Rusiyadan (bu ölkənin 47 milyard, yaxud adambaşına 350 dollar xarici borcu var) irələdədir. Bu gün inkişaf etmiş dövlətlər, o cümlədən onlarla ölkəyə kredit paylayan Birləşmiş Ştatlar da beynəlxalq maliyyə qurumlarından milyardlarla dollar borc götürür. Bir sözlə, borclanma yalnız maliyyə imkanları məhdud ölkələr üçün problem sayıla bilər. Misal üçün uzağa getmək lazım deyil. Qonşu Ermənistan xarici borcunun bir qismini (Rusiyaya) özünün sənaye müəssisələri ilə ödəməyə məcburdur.

Azərbaycanın artan iqtisadi vəsaitləri isə ölkə daxilində vəsait qoyuluşunu genişləndirməklə yanaşı, bizə tərəfdaş olan ölkələrə (Gürcüstan, Türkiyə, Ukrayna) investisiya yönəltməyə də imkan yaradır. Ölkəmizin qarşıdakı illərdə gözlənilən iqtisadi yüksəlişi bu sahədə daha geniş layihələri həyata keçirməyə imkan verəcək. O cümlədən regionların inkişafı yeni mərhələyə qədəm qoyacaq. Ölkə başçısının göstərişi ilə 2009-2013-cü illəri əhatə edən yeni proqram hazırlanır və onun başlıca hədəfləri də bəllidir: «Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Yeni proqramda bütün məsələlər, hər bir kəndin məsələsi öz həllini tapmalıdır. Növbəti illərdə daha da fəal işləməliyik ki, Azərbaycanda yoxsulluq, işsizlik tamamilə aradan qaldırılsın».

Vüqar Orxan 

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu 

«525-ci qəzet», 21.02.2008 

 

Xəbərlər
Redaktorun seçimi