“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.05.2014, 12:33
1724

Kütləvi şüurun transformasiyası prosesində Azərbaycançılıq ideologiyasının rolu

A- A+

İdeologiya sabit və kollaps dönəmində kütlə tərəfindən mənimsənilə və maddiləşə bilər. Lakin onun ümumi şəkildə kütləvi şüura çevrilməsi üçün mümkün şərtlər yetişməlidir...

İdeologiya bir xalqın adət-ənənəsini, həyat tərzini, yaşam formasını və fəaliyyət istiqamətlərini özündə ehtiva edən baxışlar sistemidir. O, insanların gündəlik şüurunu nəzəri-konseptual səviyyəyə qaldıraraq, məxsus olduğu sosiumun perspektiv inkişaf yolunda digər həmvətənlərilə sıx birləşməyi həyata keçirir. İdeologiya insanlarda milli düşüncəni formalaşdırmaqla, ayrı-ayrı sosial sinif və qrupları eyni məqsəd və hədəf ətrafında toplayır. Milli düşüncəni mənimsəmiş hər bir fərd sonda ümumi milli düşüncəyə sahib toplumu əmələ gətirir. Beləliklə də, kütləvi şüurun formalaşmasında iştirak edən ideologiya cəmiyyəti vahid ideya ətrafında toparlayır (3, str. 412).

İdeologiya sabit və kollaps dönəmində kütlə tərəfindən mənimsənilə və maddiləşə bilər. Lakin onun ümumi şəkildə kütləvi şüura çevrilməsi üçün mümkün şərtlər yetişməlidir.

Kollaps dövründə kütlə ümumi ideya ətrafında birləşərək, vahid hədəfə doğru gedən orqanizmə çevrilir. Burada kütlə müxtəlif sinif və təbəqələrin nümayəndələrindən ibarət olsa da, o, ümumi düşüncəyə hakim olur. Bu cür kütləvi şüur qısamüddətli olsa da, cəmiyyətin birləşməsi və inkişafı üçün real şərait yaradır. Ümumi düşmənin təcavüzünün qarşısının alınması və ya imperiya əsarətindən xilas olmaq, müstəqillik naminə vuruşmaq amili cəmiyyətin hər bir üzvünü kütləvi şüur daşıyıcısına çevirir (4, str. 187). Kütləvi şüurun sözügedən forması məqsədə nail olanadək mövcud olur, sonradan isə onun yoxaçıxma ehtimalı ortaya çıxır. Belə bir təcrübə ilə biz XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda rastlaşırıq.

1988-ci ildə həm müstəqillik naminə, həm də ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ilhaq etməsinin qarşısını almaq məqsədilə azərbaycanlılar vahid məqsəd ətrafında birləşdilər. Lakin burada insanları hərəkətə gətirən, ümummilli maraqlar ətrafında birləşdirən qısamüddətli məqsəd olmuşdu. Məqsədə nail olduqdan sonra daha həmin kütləvilik və izdiham görünmədi. Yəni, insanların malik olduqları milli enerjini, kütləvi düşüncə və davranış formasını qoruyub saxlayacaq siyasi ideologiya işlənmədiyindən cəmiyyətdə kütləvilik itdi.

Aydın olur ki, situativ şəkildə meydana çıxan qısamüddətli kütləvi şüurun daşıyıcıları yalnız məqsəd və hədəf ətrafında birləşirlər. Onlar ideologiyanı uzunmüddətli tərəqqini nəzərdə tutan baxışlar sisteminə çevirə bilmirlər.

Lakin kütləvi şüurun sabit dönəmdə stabil qalmasında ideologiyanın çox böyük rolu olur. Bu zaman cəmiyyəti qısamüddətli məqsədlər deyil, sosiumun, bütövlükdə, dövlətin inkişafını özündə ehtiva edən baxışlar meydana çıxır. Artıq ideoloji baxışları kütləvi düşüncə tərzinə çevirmiş sosiumun üzvləri qarşıya qoyulmuş hədəfə vurmaq üçün birgə çalışır. Eyni zamanda, xalqın milli-mənəvi dəyərlərini özündə ehtiva edən siyasi ideologiya kütləvi şüurun transformasiyasını da həyata keçirir və eyni platforma üzərində yeni düşüncə tərzinin formalaşmasını şərtləndirir. Cəmiyyəti mənəvi olaraq, dirçəldəcək, xalqın kreativ potensialını reallaşdıracaq, kütləvi şüuru uğurlu dövlət quruculuğunun başlıca amilinə çevirəcək belə bir ideoloji sistem isə 1993-cü ildə hakimiyyətə gəlmiş Heydər Əliyevin siyasətində öz əksini tapdı. Bununla da, cəmiyyəti vahid ideya və məqsəd ətrafında birləşdirəcək, həmçinin, ölkənin daxili və xarici siyasətində kütləvi şüuru səfərbər edəcək mexanizm kimi milli ideologiya həmin dönəmin prioritetinə çevrildi və bu ideologiya “Azərbaycançılıq” adı ilə meydana gəldi.

Ramiz Mehdiyev “Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi” məqaləsində yazır ki, o, ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə kimi meydana gəldi (1, səh 3).

"Azərbaycançılıq" ideologiyası hər şeydən əvvəl ölkədə milli ahəngdarlığı təmin etməklə yanaşı, konfessiyalar və etnoslar arasında dinc yanaşı yaşamağı təmin etdi. Təbii ki, bu faktı ümumilikdə Azərbaycanda kütləvi şüurun transformasiyasında ilkin faktor hesab etmək olar. Çünki, o, ayrı-ayrı düşüncə tərzinə və fəaliyyət formalarına məxsus xalqların ümumi taleh və gələcək naminə birgə mübarizə aparması üçün real zəmin yaratdı.

Hər kəsə bəllidir ki, 1991-1993-cü illərdə ölkədə hökm sürən anarxiya və ideoloji boşluq nəticəsində Azərbaycan coğrafiyasında yaşayan xalqların çoxəsrlik ənənədən və tarixdən gələn birliyini möhkəmləndirəcək ideoloji konsepsiya ortaya qoyulmadı. Bu səbəbdən də anti-Azərbaycan dairələri asanlıqla etnoslararası münaqişəni qızışdırır və ölkə daxilində etnik parçalanmalara yol açırdılar. Elə ölkənin şimalında ləzgilərin, cənubunda talışların, şimal-qərbində avarların mərkəzdənqaçma  meyilləri və separat fəaliyyətləri ideoloji boşluqdan irəli gələn problemlər idi. Məhz, polietnik coğrafi məkanda elə bir ideoloji konsepsiya işlənilməli idi ki, o, həm tarixi keçmişi, həm adət-ənənəni, həm xalqların milli-mənəvi dəyərlərini, həm mentalitetini, siyasi şüurunu, siyasi mədəniyyətini, həm də kütləvi düşüncə və davranış formalarını özündə ehtiva etsin.

Lakin sözügedən dövrdə nə İslamçılıq, nə türkçülük, nə avropaçılıq, nə də digər şovinist və radikal xüsusiyyətli ideologiyalar yuxarıda söylənilən amilləri özündə birləşdirə bildi. Bu mənada Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ortaya qoyulmuş "Azərbaycançılıq" ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, bazar iqtisadiyyatının, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapdı. Məhz, ideologiya kimi “Azərbaycançılıq” müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosio-mədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirdi və o, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin mühüm əsasını təşkil etdi. Bununla da, Azərbaycançılıq ideologiyası şovinizm əvəzinə cəmiyyətə vətənpərvərlik gətirməklə, etnoeqoizmi məhv etdi və Azərbaycanda kütləvi şüurun transformasiyası üçün məqbul olan ilkin amili formalaşdırdı. Eyni məqamda, Heydər Əliyevin 2001-ci il noyabr ayının 9-da Dünya Azərbaycanlılarının I qurultayında söylədiyi "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" fikirləri "Azərbaycançılığın" cəmiyyətimizin bu günü və gələcəyinin müasir ideoloji qavrayışı ilə sıx çulğaşdığını nümayiş etdirdi (2, səh 29).

Beləliklə də, "Azərbaycançılıq" ideologiyası ölkədə vahid cəmiyyət, vahid xalq formalaşdırdı. "Azərbaycançılıq" ideologiyasının Azərbaycanda kütləvi şüurun transformasiyası prosesi çərçivəsində növbəti təsir faktoru vahid xalqın kütləvi siyasi şüurunun formalaşması ilə bağlı oldu. Məhz, insanların siyasi strukturlarla münasibətlərini müəyyənləşdirən hissi və nəzəri təsəvvürlər bütövlükdə siyasi şüurda öz əksini tapdı.

Bu mənada, “Azərbaycançılıq” ideologiyası azərbaycanlılarda kosmopolit və xəyal düşüncələrini sıxışdıraraq, konkret rasional ideyalar formalaşdırdı. Artıq dövlətin maraqları yalnız siyasi elitanı deyil, həm də cəmiyyəti düşündürür və xalq firavan həyat naminə ölkənin gələcəyi üçün hakimiyyətlə sıx işləyir. Məhz, bu amil onu göstərir ki, “Azərbaycançılıq” ölkədə kütləvi siyasi şüuru formalaşdıra bildi.

Göründüyü kimi, vahid siyasi subyekt kimi, dövlətin gələcək inkişaf sektorları ilə bağlı ictimai-siyasi proseslərdə aktiv iştirak edən cəmiyyətimiz ümumi mövqedən çıxış edərək milli maraqların müdafiəçisi rolunda çıxış etməklə, “Azərbaycançılığın” siyasi şüura təsir gücünü nümayiş etdirdi. O, eyni zamanda, Azərbaycan cəmiyyətində siyasi davranışın da xüsusiyyətlərinin dəyişməsində əhəmiyyətli dərəcədə rol oynadı (5, səh. 234).

Bu mənada demək olar ki, mühüm ictimai-siyasi proseslərdə bütün etnik qrupların ümumi siyasi-iqtisadi və sosial şərait naminə dövlətçiliyi müdafiə etməsi faktorları kütləvi siyasi şüurun və davranışın yaranmasına işarə edirdi. Ölkədə vətəndaş-dövlət münasibətlər sisteminin inkişaf etməsi, insanlarla dövlət strukturları və institutları arasında etimad mühitinin formalaşması açıq şəkildə isbatladı ki, "Azərbaycançılıq" ideologiyası Azərbaycanda aktiv və dinamik işləyən kütləvi siyasi şüuru və davranışı bərqərar etdi. Bunun nəticəsidir ki, 2003-cü il prezident seçkilərində 77 faiz, 2008-ci ildə 87 faiz, 2013-cü ildə isə təqribən 85 faiz səs Prezident İlham Əliyevin lehinə verilib, həmçinin, 2000, 2005 və 2010-cu illərdə keçirilmiş parlament seçkilərində seçicilərin 60 faizdən çoxu Yeni Azərbaycan Partiyasına tərəfdar çıxıb, nəhayət, 2002 və 2009-cu illərdə keçirilmiş referendumlarda əhalinin (aktiv seçicilərin) 80 faizdən çoxu iştirak edib. Əlbəttə, ortada olan faktlar sübut edir ki, "Azərbaycançılıq" ideologiyasını mənimsəmiş cəmiyyətimiz ölkənin inkişafı üçün doğru yolu seçməkdə kütləvi siyasi iradə və davranış ortaya qoydu.

Göründüyü kimi, nəzəri biliklərlə «Azərbaycançılıq» ideologiyasının təcrübi təsirlərinin üst-üstə düşməsi cəmiyyətin siyasi şüurunun, siyasi davranışının, siyasi mədəniyyətinin və siyasi mentalitetinin yüksəlməsinə səbəb oldu. Artıq əminliklə demək olar ki, “Azərbaycançılıq” ideologiyası ölkəmizdə kütləvi şüurun transformasiyasında əhəmiyyətli rol oynadı və firavan gələcək naminə polietnik coğrafiyanı vahid sosial-siyasi məkana çevirdi. “Azərbaycançılıq” ideologiyası cəmiyyətdə perspektiv inkişaf vektorları haqqında düşünmək və ümumi mənafe naminə birgə hərəkət etmə vərdişləri yaratdı. Beləliklə də, aydın olur ki, “Azərbaycançılıq” ideologiyası xalqımızın kütləvi siyasi şüur, kütləvi siyasi mədəniyyət və kütləvi siyasi davranış kimi sosial-tarixi və siyasi faktorlara sahib olmasını şərtləndirdi, həmçinin, uğurlu transformasiya prosesinə təkan verdi.

Ramil Vəlibəyov

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı

QEYDLƏR:

1. Ramiz Mehdiyev. “Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi”. “Azərbaycan” qəzeti. 09.11.2007, səh. 3

2. Ramiz Mehdiyev. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə. II hissə. «Şərq-Qərb», Bakı, 2007. səh. 29

3. Mухаев Р.Т. Политология. «Проспект», Mосква, 2010. стр. 412

4. Aртемов Q.П. Политическая социология. «Lогос», Mосква, 2003. стр. 187

5. Hacıyeva Vəsilə. Siyasi orqanizm: elementlər, əlaqələr, proseslər. «Elm», Bakı, 2008. səh. 234

http://strategiya.az/index.php?do=xeber&id=2592

Xəbərlər
Redaktorun seçimi