“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.06.2014, 10:06
1954

Azərbaycan dilinin inkişafinda söz sərraflari və tarixi şəxsiyyətlərin rolu

A- A+

Azərbaycan mədəniyyəti tarixində tək-tək ziyalı tapmaq olar ki, o, mütəfəkkir, böyük dramaturq, dil məsələlərində alovlu və prinsipial mübariz Mirzə Fətəli qədər əlifba problemini ön plana çəkmiş olsun...

“Azərbaycan xalqının dili onun milli varlığını

müəyyən edən başlıca amillərdəndir” (Heydər Əliyev)

Heydər Əliyev türk dünyası yazıçılarının III qurultayında etdiyi tarixi nitqində (6 noyabr 1996-cı il) yazıçı, şair və söz sərraflarının mənəvi sərvətlərimizin, dilimizin qorunmasında, onların təbliğ olunmasındakı xidmətlərinə çox böyük qiymət vermiş və fikrini belə ümumiləşdirmişdir: «Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Dilimizi isə yaşadan, zənginləşdirən, inkişaf etdirənlər şairlərimiz, yazıçılarımız olmuşdur. Biz, adətən, böyük tariximiz haqqında, xalqımızın böyük mədəniyyəti haqqında danışarkən birinci növbədə onların yaratdıqları bədii əsərlərə, şairlərimizin, yazıçılarımızın əsərlərinə istinad edir, bunları nümunə gətirir və təbliğ edərək, eyni zamanda, öz tariximizi, mədəniyyətimizi təbliğ edirik» (H.Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı, Bakı, «Ozan», 1999, s.388).

Heydər Əliyevin bu mühüm tezisi konkret tarixi şəxslərin yadolunması anlarında bir qədər də konkret şəkildə açıqlanır. Onun müdriklik mücəssəməsi, bəşəri ideyalar carçısı, dahi söz ustadı M.Füzulinin 500 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsində (8 noyabr 1996-cı il) dediyi müdrik bir kəlam olduqca dəyərlidir: «... M.Füzuli əsərlərinin çox hissəsini türk dilində, bu günkü Azərbaycan dilində yazmışdır. Bu, M.Füzulini ondan əvvəl, sonra yaşamış, yaratmış və xalqımıza məxsus olan bir sıra şairlərdən, alimlərdən fərqləndirən amildir. Biz Füzulinin «Leyli və Məcnun» poemasını, onun türk dilində yazdığı divanını bu gün də dilimizdə rahat oxuyur, anlayırıq. .... M.Füzulinin ən böyük xidmətlərindən biri də öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, türk dilini, ana dilini (Azərbaycan dilini - V.Ə.) yaşatmasından, onu yüksəklərə qaldırmasından ibarətdir» (H.Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı, B., 1999, s.348-349).

O, fikrini başqa bir nitqində bir qədər də açıqlayır. Onun dahi S.Vurğunun 90 illik yubiley gecəsində (6 mart 1997-ci il) söylədiyi nitqində klassiklərimizin dilimizin daha da   gözəlləşməsində, zənginləşməsində, səlisləşməsində və şirinləşməsindəki xidmətlərini xüsusi vurğulayır: «İndiki dilimiz - türk dilləri qrupuna məxsus olan Azərbaycan dili türk dillərinin kökündən gələn Azərbaycan dili məhz S.Vurğun kimi şəxsiyyətlərin yaradıcılığı nəticəsində, onların şerlərinin, əsərlərinin nəticəsində bu qədər gözəlləşib, bu qədər zənginləşib, səlisləşib, şirinləşibdir. Biz bu dilimizlə fəxr edirik və fəxr edə bilərik» (Yenə orada, s.363).

Bir qayda olaraq Azərbaycan tarixindən söhbət gedərkən A.Bakıxanov, Azərbaycan  ədəbiyyatından söhbət gedərkən Xəqani, Nizami, Füzuli, Nəsimi, Xətai, Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə, N.Nərimanov, Sabir, H.Cavid, Aşıq Alı, Aşıq Ələsgər, S.Vurğun, Müşfiq, R.Rza, M.Araz, B.Vahabzadə kimi onlarca sənət fədaisi, Azərbaycan incəsənətindən və musiqisindən söhbət gedərkən Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, S.Bəhlulzadə yada düşür, Azərbaycan teatrından, elmindən söhbət açarkən neçə-neçə şəxsiyyətlər sadalanır.

Heydər Əliyev Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı söhbətlərində iki görkəmli şəxsin xidmətlərini çox böyük hörmətlə yad edir: yazıçı-dramaturq Mirzə Fətəli Axundov və yazıçı, dövlət xadimi Nəriman Nərimanov. Bu şəxslər, həqiqətən bütün varlıqları ilə xalqına, dilinə bağlı olmuşlar. Azərbaycan dili tarixinin əvəzsiz tədqiqatçısı prof. Ə.Dəmirçizadənin təbirincə desək, «M.F.Axundov ümumi Şərq xalqlarını, xüsusən azərbaycanlıları maarifləndirmək, yeni mədəniyyət aləminə daxil etmək, feodalizm, despotizm və [17-18] din əsarətindən xilas etmək uğrunda mübarizə apararkən, ictimai ünsiyyətin əvəzsiz vasitəsi -mədəniyyətin forması və ən kəskin silahı olan dili nəzərdən qaçırmamış, hətta dil və onun təzahur forması olan yazı (yəni özünün qəbul etdiyi kimi - «Qrafik dil») məsələsi ilə xüsusi məşğul olmuşdur. O, dil və dilçilik məsələləri ilə həm nəzəri, həm də əməli surətdə məşğul olmuş, əməli əhəmiyyəti olan ən mühüm sahələrə əl atmış və ən xəstə cəhətləri sağaltmağa cidd-cəhd ilə çalışmışdır» (Klassiklərimiz dil və yazı haqqında, B., 1981, s.14).

Azərbaycan mədəniyyəti tarixində tək-tək ziyalı tapmaq olar ki, o, mütəfəkkir alim, böyük dramaturq, dil məsələlərində alovlu və prinsipial mübariz M.F.Axundov qədər əlifba problemini ön plana çəkmiş olsun. Onun fikrincə, dil və yazı mədəni yüksəliş üçün çox mühüm və əvəzsiz bir vasitədir. Böyük dramaturq öz yaradıcılığında şer, dram, nəsr dilinə, terminalogiyanın məsələlərinə toxunmuş, Azərbaycan dilinin orfoqrafiya və orfoepiyası üçün dəyərli fikirlər söyləmiş, yazıda aydınlığı, dəqiqliyi təmin etməkdə durğu işarələrinin vacibliyini elmi şəkildə şərh etmişdir. Bir sıra durğu işarələrinin – sual /?/, mötərizə /( )/, dırnaq /«»/, qoşa nöqtə /:/, üç nöqtə /.../, nida /!/ işarələrini yeni əlifbaya - latın qrafikalı əlifbaya ilk gətirən məhz o olmuşdur. Cəhalətin hökm sürdüyü və dilçilik elminin inkişaf etmədiyi XIX əsrdə M.F.Axundov ürək ağrısı ilə yazırdı: «Bizim gələcək övladlarımız bu ideyanı həyata keçirməyi, şübhəsiz, məmləkətin hər cür tənzimat və tədbirlərindən qabaq və üstün sayacaqlar. Övladlarımız və gələcək nəsil görəcəklər ki, müasirlərimiz nə qədər şüursuz olmuşlar və minlərlə təəssüf edəcəklər. Bizim ideyamızı həyata keçirəcək, qəbrimizin üstündə abidə qoyacaqlar. O zaman mənim arzum yerinə yetəcək və mən indidən rahat ola bilərəm. Hərçənd mən o sevincli və könül açan epoxaya qədər yaşayacağam» (Klassiklərimiz dil və yazı haqqında, B., 1981, s.37-38).

Həyatda qəribə işlər olur. Onun ideyalarının və arzularının həyata keçməsində bir neçə dəfə məqam yaransa da, uğursuz olmuş. M.F.Axundovun arzu və istəkləri, ideyaları neçə illər sonra XXI əsrin əvvəllərində həyata keçirən müstəqil Azərbaycan Respublikası və onun prezidenti Heydər Əliyev oldu. Fikrimizin təsdiqi üçün 1997-ci ilə qayıdaq. 30 oktyabr 1997-ci ildə Azərbaycan yazıçılarının X Qurultayı keçirilirdi. H.Əliyev qurultayda «Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın sərvətidir və intellektual mülkiyyətimizdir» mövzusunda geniş və dərin məzmunlu bir nitq söyləmişdir. Nitqinin bir hissəsi Azərbaycan xalqının yazı mədəniyyətinə, XIX-XX əsrlərdə bu sahədə gedən proseslərdən, M.F.Axundovun tarixi, özü də əvəzsiz xidmətlərindən, onun uzaqgörənliyindən söz açır. H.Əliyevin bu istiqamətdə düşüncələrini olduğu kimi bir daha xatırlatmaq çox vacibdir. O, üzünü qurultay nümayəndələrinə tutaraq deyirdi: «Biz indi latın əlifbasına keçirik. Görürsünüz ki, keçmək də çətindir. Bu barədə qərar qəbul edilərkən nə qədər müzakirələr gedirdi. Kimi deyirdi keçək, kimi deyirdi keçməyək. Hətta bəziləri deyirdi ki, gəlin ərəb əlifbasına qayıdaq. Xatirinizdədir, 1990-91-ci illərdə belə söhbətlər gedirdi. Qərar qəbul olunub, ancaq biz latın əlifbasına keçə bilmirik. Mən göstəriş vermişəm və bütün dövlət sənədləri latın əlifbası ilə yazılır. Ancaq onları başqa yerlərə göndərəndə çoxları oxumaqda çətinlik çəkirlər. Nə üçün belə olubdur? Bu təbiidir, çünki bir əlifbadan başqasına keçmək asan deyil. Mənim xatirimdədir, 1939-cu ildə latın əlifbasından kiril əlifbasına keçəndə nə qədər böyük çətinliklər yarandı. Bilmirəm, burada oturanların bəlkə də bir çoxu onu xatırlamır, amma mənim xatirimdədir. Bəli, mən orta məktəbi Azərbaycan dilində latın əlifbası ilə bitirmişəm, indi də bu həm təbii, həm də çətin prosesdir. Amma biz bu yolu keçəcəyik Ancaq baxın, keçən əsrin, XIX əsrin ortalarında M.F.Axundov Azərbaycanda latın əlifbasını tətbiq etməyə çalışıbdır. Onun bu barədə fəaliyyəti məlumdur. Mən onun bir neçə məktubuna baxdım, arxivdəki məktublarının bəziləri ilə tanış oldum. Bunu keçmişdə də deyirdim. Amma bu son zamanlar mən onu xatırladım, hafizəmdə bir daha təzələdim. O, nə qədər uzaqgörən bir insan imiş! Çünki latın əlifbasını təbliğ etmək istəmişdir. Xatirinizdədir ki, o, Tbilisidən İstambula getmiş, iki ay çalışmış, hətta ona orada bir orden də vermişdilər. Amma latın əlifbası qəbul etməmişdilər. Bu gün də demək lazımdır ki, məhz Sovet hakimiyyəti dövründə o vaxtkı insanlar 1926-cı ildə Azərbaycanda latın əlifbasının tətbiq edilməsinə nail oldular. Lakin ondan təxminən 10-11 il sonra latın əlifbasını bizim əlimizdən aldılar. İndi biz M.F.Axundovun XIX əsrin ortalarındakı arzularını, niyyətlərini həyata keçiririk. Amma ümidvaram ki, bunu əlimizdən daha heç kim ala bilməyəcəkdir. Çünki biz artıq müstəqil bir dövlətik və müstəqilliyimiz də daimidir, əbədidir» (H.Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı, B., «Ozan», 1999, s.421-422).

Mənəvi dəyərlərimizdən, xalqımızın ictimai-siyasi, sosial problemlərindən söhbət gedərkən N.Nərimanov kimi tarixi bir şəxsiyyətin xidmətlərini mütləq qeyd etmək lazımdır. XX əsrin əvvəllərində N.Nərimanov yazıçı, müəllim, həkim, ictimai xadim, dövlət rəhbəri kimi mənəvi dəyərlərimizin qorunub saxlanması, xalqımızın maariflənməsi üçün dəyərli işlər görmüşdür. Bunlardan ən önəmlisi onun Azərbaycan dili ilə bağlı söylədiyi fikirlər və gördüyü işlərdir. Bu təbii bir haldır. İctimai-siyasi məsələlərlə məşğul olan şəxs üçün dil müstəsna rola malikdir. Çünki dil sadəcə olaraq adi ünsiyyət vasitəsi deyil, prof. Ə.Dəmirçizadənin dediyi kimi: «Dil - müəllimin aləti, təlim və tədris vasitəsi olduğu kimi, yazıçının da bədii məhsul vasitəsidir; dövlət xadiminin isə ictimai anlaşma vasitəsi və mübarizə silahıdır» (Yenə orada, s.39). [21-22]

N.Nərimanov yazılarında ən çox ədəbi dil, ədəbi dil və şivə, ədəbi dilin lüğət tərkibi, fonetika, qrammatika, yazı, əlifba və durğu işarələri məsələlərinə toxunub faydalı fikirlər söyləmişdir. O, dil haqqında düşüncəsini, ana dilinin fəlsəfəsini hələ 1906-cı ildə «Həyat  qəzetində»  (№181) şairanə tərzdə belə ifadə etmişdir: «Ana dili... Nə qədər rəfiq, nə qədir ali hissiyatı qəlbiylə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzimli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, şəfqəti madəranəsini sənə o dildə bəyan edibdir; bir dil ki, sən daha beşikdə ikən, bir laylay şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhən ən dərin guşələrində nəqş bağışlayıbdır! Bir dil ki, həyat və kainat haqqında ilk əvvəl o dil sayəsində bir fikir hasil edibsə, cisim və ruhun möhtac olduğu muradı o dildə tələb eyləyibsən... Bir dil ki, ibtida o dildə yaxşı-yaman bilibsən...».

Mənbə: Vilayət Əliyev. Heydər Əliyevin dil siyasəti. Bakı, «Nurlan», 2003.

 

Xəbərlər
Redaktorun seçimi