“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.06.2015, 16:47
2286

Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası (1995)

A- A+

Strasburq, 1 fevral 1995-ci il

Bu Çərçivə Konvensiyasını imzalayan Avropa Şurasının üzv dövlətləri və digər dövlətlər,

Avropa Şurası üzvlərinin ümumi sərvəti olan ideal və prinsiplərin müdafiəsi naminə onların arasında daha sıx birliyə nail olmağı Avropa Şurasının məqsədi hesab edərək,

İnsan hüquqları və əsas azadlıqların himayə edilməsi və gələcəkdə də həyata keçirilməsini bu məqsədə çatmağın vasitələrindən biri hesab edərək,

9 oktyabr 1993-cü il tarixdə Vyanada qəbul edilən Avropa Şurasının üzv dövlətlərinin dövlət və hökumət başçılarının Bəyannaməsindəki müddəaları inkişaf etdirməyi və həyata keçirməyi arzu edərək,

öz müvafiq ərazilərində milli azlıqların mövcudluğunu müdafiə etmək əzmində olduqlarını bildirərək,

Avropa tarixində baş verən sarsıntıları Avropa qitəsində sabitlik demokratik təhlükəsizlik və sülh üçün milli azlıqları müdafiə etməyin zəruri olduğunun nümayişi hesab edərək,

plüralist və həqiqi demokratik cəmiyyətin milli azlıqlara mənsub istənilən şəxsin nəinki etnik, mədəni, dil və din özünəməxsusluğuna hörmət etməli, həm də bu özünəməxsusluğu ifadə etməyə, qoruyub saxlamağa və inkişaf etdirməyə imkan verən şərait yaratmalı olduğunu nəzərə alaraq,

mədəniyyət müxtəlifliyinin hər bir cəmiyyətin parçalanmasının deyil, zənginləşməsinin mənbəyi və amili olması üçün dözümlülük və dialoq şəraitinin yaradılmasının zəruri olduğunu nəzərə alaraq,

dözümlü və çiçəklənən Avropanın inkişafının nəinki dövlətlər arasındakı əməkdaşlıqdan asılı olduğunu, həm də, hər bir dövlətin konstitusiya və ərazi bütövlüyünə əməl etməklə yerli və regional hakimiyyətlər arasında sərhədyanı əməkdaşlığa əsaslandığını hesab edərək,

insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanı və ona əlavə Protokolları nəzərə alaraq,

Birləşmiş Millətlər Təşkilatının konvensiya və bəyannamələrindəki, Avropada təhlükəsizlik və əməkdaşlığa dair Müşavirənin sənədlərindəki, xüsusilə. 29 iyun 1990-cı il tarixli Kopenhagen sənədindəki milli azlıqların müdafiəsinə dair öhdəlikləri nəzərə alaraq,

üzv dövlətlərdə və bu sənədin iştirakçısı ola biləcək digər dövlətlərdə hüququn aliliyinə əməl, ərazi bütövlüyünə və dövlət suverenliyinə hörmət etməklə milli azlıqların və onlara mənsub hər bir şəxsin hüquq və azadlıqlarının səmərəli müdafiəsini təmin etmək üçün əməl edilməli prinsipləri və onlardan irəli gələn öhdəlikləri müəyyənləşdirmək əzmində olduqlarını bildirərək,

bu çərçivə Konvensiyasında təsbit edilən prinsipləri milli qanunvericilik və müvafiq dövlət siyasəti əsasında həyata keçirmək əzmində olduqlarını bildirərək,

aşağıdakılar haqqında razılığa gəldilər:

 

I BÖLMƏ

1-ci maddə

Milli azlıqların və bu azlıqlara mənsub şəxslərin hüquq və azadlıqlarının müdafiəsi insan hüquqlarının beynəlxalq müdafiəsinin ayrılmaz tərkib hissəsidir və bu keyfiyyətdə beynəlxalq əməkdaşlıq sahəsidir.

 

2-ci maddə

Bu çərçivə Konvensiyasının müddəaları vicdanla anlaşma və dözümlülük ruhunda dövlətlər arasında mehriban qonşuluq, dostluq münasibətləri və əməkdaşlıq prinsiplərinə əməl etməklə həyata keçirilir.

 

3-cü maddə

1. Milli azlılıqlara mənsub istənilən şəxs ona bu cür baxılıb baxılmamasını sərbəst seçmək hüququna malikdir və bu seçim, yaxud bu seçimlə bağlı hüquqların həyata keçirilməsi həmin şəxsi təhqir etməməlidir.

2. Milli azlıqlara mənsub şəxslər bu Konvensiyada təsbit edilmiş prinsiplərdən irəli gələn hüquq və azadlıqlardan fərdi qaydada, eləcə də, başqa şəxslərlə birlikdə istifadə edə bilərlər

 

II BÖLMƏ

4-cü maddə

1. Tərəflər milli azlıqlara mənsub istənilən şəxsin qanun qarşısında bərabərlik və qanunla bərabər müdafiə olunmaq hüququna təminat verməyi öhdələrinə götürürlər. Bununla əlaqədar milli azlıqlara mənsubluğa əsaslanan istənilən ayrı-seçkilik yasaq edilir.

2. Tərəflər bütün iqtisadi sosial, siyasi və mədəni həyat sahələrində milli

azlıqlara mənsub şəxslər ilə əhalinin əsas qrupuna mənsub şəxslər arasında tam və həqiqi bərabərliyi təşviq etmək üçün zəruri halda lazımi tədbirlər görməyi öhdələrinə götürürlər. Bununla əlaqədar Tərəflər milli azlıqlara mənsub şəxslərin xüsusi vəziyyətini lazımi qaydada nəzərə alırlar.

3. Əvvəlki bəndin müddəalarına uyğun olaraq, qəbul edilən tədbirlərə ayrı-seçkilik aktı kimi baxılmır.

 

5-ci maddə

1. Tərəflər milli azlıqlara mənsub şəxslərin öz mədəniyyətlərini dəstəkləmək və inkişaf etdirmək, eləcə də, onların özünəməxsusluğunun əsas ünsürlərini, yəni:

din. dil, ənənə və mədəni irslərini qoruyub saxlamaq imkanlarını təmin etmək üçün lazım olan şəraitin yaradılmasına kömək etməyi öhdələrinə götürürlər.

2. Tərəflər öz ümumi inteqrasiya siyasətlərinin inkişafı üçün gördükləri tədbirlərə zərər vurmadan milli azlıqlara mənsub şəxslərin iradələrinin ziddinə onların assimilyasiyası məqsədi daşıyan hər hansı siyasi və praktiki hərəkətlərdən çəkinirlər və bu şəxsləri belə assimilyasiyaya yönəldilmiş hər bir hərəkətdən qoruyurlar.

 

6-cı maddə

1. Tərəflər mədəniyyətlər arasında dözümlülük ruhunu və dialoqu təqdir edirlər, eləcə də, ərazilərində yaşayan bütün şəxslər arasında, onların dilindən etnik, mədəni, yaxud dini mənsubiyyətindən asılı olmayaraq, xüsusən təhsil, mədəniyyət və informasiya vasitələri sahəsində qarşılıqlı hörmətə, qarşılıqlı anlaşmaya və əməkdaşlığa kömək edən səmərəli tədbirlər görürlər.

2. Tərəflər etnik, mədəni, dil, yaxud din mənsubiyyətlərinə görə ayrı-seçkilik təhlükəsinin, yaxud aktlarının, düşmənçiliyin, yaxud zorakılığın qurbanı ola biləcək şəxslərin müdafiəsi üçün bütün lazımi tədbirləri görməyi öhdələrinə götürürlər.

 

7-ci maddə

Tərəflər milli azlıqlara mənsub hər bir şəxsin dinc yığıncaqlar keçirmək azadlığı və assosiasiyalar azadlığı, fikrini ifadə etmək azadlığı və düşüncə, vicdan və din azadlığı hüquqlarına hörməti təmin edirlər.

 

8-ci maddə

Tərəflər milli azlığa mənsub hər bir şəxsi öz dininə açıq şəkildə etiqad etmək, yaxud əqidəsini açıq şəkildə ifadə etmək hüququnu, eləcə də, dini müəssisələr, təşkilatlar və assosiasiyalar yaratmaq hüququnu qəbul etməyi öhdələrinə götürürlər.

 

9-cu maddə

1. Tərəflər milli azlıqlara mənsub istənilən şəxsin öz fikrini sərbəst ifadə etmək hüququna hər hansı bir fikrə tərəfdar olmaq və ictimai hakimiyyət orqanlarının müdaxiləsinə məruz qalmadan və dövlət sərhədindən asılı olmayaraq azlıqların dilində məlumat və yaxud ideyalar almaq və mübadilə etmək azadlığının daxil olduğunu qəbul etməyi öhdələrinə götürürlər. Tərəflər hüquq sistemləri çərçivəsində milli azlıqlara mənsub şəxslərin informasiya vasitələrindən istifadəyə yol tapmaq məsələsində ayrı-seçkiliyə məruz qalmamalarını təmin edirlər.

2. Əvvəlki bənd hər hansı bir ayrı-seçkiliyə yol vermədən və obyektiv meyarlar əsasında radio və televiziya verilişlərini, yaxud kinematoqrafiya müəssisələrini lisenziyalaşdırmada Tərəflərə maneçilik törətmir.

3. Tərəflər milli azlıqlara mənsub şəxslərin informasiya çap vasitələrini yaratmalarına və onlardan istifadə etmələrinə mane olmurlar. Radio və televiziya verilişlərinin hüquqi əsasları çərçivəsində onlar mümkün dərəcədə və əvvəlki bəndin müddəalarını nəzərə almaqla, milli azlıqlara mənsub şəxslərin öz informasiya vasitələrini yaratmaq və onlardan istifadə etmək imkanını təmin edirlər.

4. Tərəflər hüquq sistemləri çərçivəsində dözümlülüyü təqdir etmək və mədəni plüralizmi təmin etmək məqsədilə milli azlıqlara mənsub şəxslərin informasiya vasitələrindən istifadəyə yol tapmalarını yüngülləşdirmək üçün lazımi tədbirlər görürlər.

 

10-cu maddə

1. Tərəflər milli azlıqlara mənsub istənilən şəxsin öz azlıqlarının dilində şəxsi həyatda və ictimai yerlərdə şifahi və yazılı olaraq sərbəst və maneəsiz istifadə etmək hüququnu qəbul etməyi öhdələrinə götürürlər.

2. Milli azlıqlara mənsub şəxslərin xeyli sayda, yaxud ənənəvi olaraq yaşadıqları bölgələrdə bu haqda həmin şəxslər xahiş etdikdə və belə xahişlər real tələbata uyğun olduqda Tərəflər onlarla inzibati hakimiyyət orqanları arasındakı münasibətlərdə azlıqların dilindən istifadəyə imkan verən şəraiti mümkün dərəcədə təmin etməyə çalışacaqlar.

3. Tərəflər milli azlıqlara mənsub istənilən şəxsin həbs edilməsinin səbəbləri, xarakteri və ona qarşı irəli sürülən istənilən ittihamın səbəbi haqqında qısa müddət ərzində başa düşdüyü dildə məlumat almaq, eləcə də lazım gəldikdə tərcüməçinin köməyindən pulsuz istifadə etməklə bu dildə öz müdafiəsini təşkil etmək hüququna zəmanət verməyi öhdələrinə götürürlər.

 

11-ci maddə

1. Tərəflər milli azlıqlara mənsub istənilən şəxsin öz soyadını, adını və atasının adını bu azlıqların dilində işlətmək hüququnu, eləcə də hüquq sistemlərində təsbit edilmiş tələblərə uyğun olaraq, onların rəsmi şəkildə tanınmaq hüququnu qəbul etməyi öhdələrinə götürürlər.

2. Tərəflər milli azlıqlara mənsub istənilən şəxsin ictimai yerlərdə öz azlıqların dilində lövhələr, yazılar və xüsusi xarakterli digər informasiyalar yerləşdirmək üququnu qəbul etməyi öhdələrinə götürürlər.

3. Milli azlıqlara mənsub şəxslərin xeyli sayda və ənənəvi olaraq yaşadıqları rayonlarda Tərəflər zəruri halda digər dövlətlərlə sazişlərə də daxil etməklə, hüquq sistemləri çərçivəsində konkret şəraiti nəzərə almaqla kifayət qədər ehtiyac olarsa, həm də azlıqların dilində ənənəvi yerli adlara, küçə adlarına və əhali üçün digər topoqrafik məlumatlara dair göstəricilərin qoyulmasını təmin edirlər.

 

12-ci maddə

1. Tərəflər, zəruri halda həm öz milli azlıqlarının, həm də əhalinin əsas qrupunun mədəniyyəti, tarixi, dil və dini ilə bağlı bilikləri yaxşılaşdırmaq üçün təhsil və elmi araşdırmalar sahəsində tədbirlər görürlər.

2. Bu kontekstdə Tərəflər xüsusən müəllimlərin hazırlanması, məktəblərin dərsliklərlə təmin edilməsi və müxtəlif icmalardan olan şagird və müəllimlər arasında əlaqələrin yaxşılaşdırılması üçün lazımi şəraiti yaradırlar.

3. Tərəflər milli azlıqlara mənsub şəxslərin bütün səviyyələrdə təhsildən istifadəyə yol tapmaları üçün onları eyni imkanlarla təmin etməyi öhdələrinə götürürlər.

 

13-cü maddə

1. Tərəflər öz təhsil sistemləri çərçivəsində milli azlıqlara mənsub şəxslərin təhsil sahəsində özəl müəssisələri yaratmaq və onları idarə etmək hüququnu qəbul edirdilər.

2. Bu hüququn həyata keçirilməsi Tərəflər üçün heç bir maliyyə öhdəliklərini irəli sürmür.

 

14-cü maddə

1. Tərəflər milli azlıqlara mənsub istənilən şəxsin öz azlıqların dilini öyrənmək hüququnu qəbul etməyi öhdələrinə götürürlər.

2. Tərəflər mümkün dərəcədə öz təhsil sistemləri çərçivəsində milli azlıqlara mənsub şəxslərin xeyli sayda, yaxud ənənəvi olaraq yaşadıqları bölgələrdə buna kifayət qədər tələbat olduqda, bu azlıqlara mənsub olan şəxslərin öz azlıqlarının dilini öyrənmək, yaxud bu dildə təhsil almaq üçün lazımi imkanlara malik olmalarını təmin etməyə çalışırlar.

3. Bu maddənin əvvəlki bəndinin müddəaları rəsmi dilin öyrənilməsinə, yaxud bu dildə tədrisə zərər yetirmədən həyata keçirilir.

 

15-ci maddə

Tərəflər, milli azlıqlara mənsub şəxslərin mədəni, ictimai və iqtisadi həyatda, eləcə də, dövlət işlərinin, xüsusən onların mənafeyi ilə bağlı olan dövlət işçilərinin idarə olunmasında səmərəli iştirak etmələri üçün lazımi şəraitin yaradılmasını öhdələrinə götürürlər.

 

16-cı maddə

Tərəflər milli azlıqlara mənsub şəxslərin yaşadığı hər hansı bir bölgədə əhalinin struktur tərkibini dəyişərək, bu Çərçivə Konvensiyasında ifadə edilən prinsiplərdən irəli gələn hüquq və azadlıqlarını məhdudlaşdırmaq məqsədi güdən tədbirləri görməkdən çəkinirlər.

 

17-ci maddə

1. Tərəflər milli azlıqlara mənsub şəxslərin başqa dövlətlərin ərazilərində daimi yaşayan şəxslərlə, xüsusən ortaq etnik, mədəni, dil və ya din mirasına malik şəxslərlə sərhədyanı azad və dinc əlaqələr qurmaq və bu əlaqələri davam  etdirmək hüququnun həyata keçirilməsinə maneçilik törətməməyi öhdələrinə götürürlər.

2. Tərəflər milli azlıqlara mənsub şəxslərin qeyri-hökumət təşkilatlarının fəaliyyətində istər milli, istərsə də beynəlxalq səviyyədə iştirak etmək hüququnun həyata keçirilməsinə maneçilik törətməməyi öhdələrinə götürürlər.

 

18-ci maddə

1. Tərəflər müvafiq milli azlıqlara mənsub şəxslərin müdafiəsini təmin etmək üçün zəruri halda başqa dövlətlərlə, o cümlədən qonşu dövlətlərlə ikitərəfli və çoxtərəfli sazişlər imzalanmasına səy göstərirlər.

2. Zəruri halda Tərəflər sərhədyanı əməkdaşlığın təşviqinə yönəlmiş tədbirlər görürlər.

 

19-cu maddə

Tərəflər zəruri halda yalnız beynəlxalq hüquq sənədlərində, xüsusilə insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada nəzərdə tutulan məhdudlaşdırmalara və ya geri çəkilmələrə bu çərçivə Konvensiyasındakı prinsiplərdən irəli gələn hüquq və azadlıqlara aid olduqları ölçüdə yol verməklə, göstərilən prinsiplərə əməl etməyi və onları həyata keçirməyi öhdələrinə götürürlər.

 

III BÖLMƏ

20-ci maddə

Bu çərçivə Konvensiyasında ifadə edilən prinsiplərdən irəli gələn hüquq və azadlıqlar həyata keçirilərkən, milli azlıqlara mənsub hər bir şəxs milli dövlət qanunvericiliyinə əməl edir və digər şəxslərin, xüsusilə əhalinin əsas qrupuna, yaxud başqa milli azlıqlara mənsub şəxslərin hüquqlarına hörmət göstərir.

 

21-ci maddə

Bu çərçivə Konvensiyasında heç nə ayrılıqda hər hansı bir şəxsin beynəlxalq hüquq prinsiplərinə, xüsusən, dövlətin suveren bərabərlik, ərazi bütünlüyü və siyasi müstəqillik prinsiplərinə zidd hər hansı bir fəaliyyətlə məşğul olmaq və  ya hər hansı bir hərəkətə yol vermək hüququnun nəzərdə tutulması kimi yozula bilməz.

 

22-ci maddə

Bu çərçivə Konvensiyasında Razılığa gəlmiş Tərəflərdən hər hansı birinin qanunvericiliyinə, yaxud həmin Tərəfin iştirakçısı olduğu istənilən başqa bir Müqaviləyə uyğun olaraq insan hüquqlarından və əsas azadlıqlardan hər hansı birinin məhdudlaşdırılması, yaxud pozulması kimi yozula bilməz.

 

23-cü maddə

Bu çərçivə Konvensiyasında ifadə edilən prinsiplərdən irəli gələn hüquq və azadlıqlar insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın, yaxud ona əlavə edilən protokolların predmeti olduğu dərəcədə sonuncu sənədlərin müddəalarına uyğun hüquq və azadlıqlar kimi başa düşülür.

 

IV BÖLMƏ

24-cü maddə

1. Bu çərçivə Konvensiyasının Razılığa gəlmiş Tərəflər tərəfindən həyata keçirilməsinə nəzarət etmək səlahiyyəti Avropa Şurasının Nazirlər Komitəsinə verilmişdir.

2. Avropa Şurasının üzvü olmayan Tərəflər Konvensiyanın həyata keçirilməsi mexanizmində müəyyənləşdiriləcək şərtlərlə iştirak edirlər.

 

25-ci maddə

1. Bu çərçivə Konvensiyasının Razılığa gəlmiş Tərəflərdən hər hansı birinə münasibətdə qüvvəyə minməsindən sonra bir il müddətində həmin Tərəf bu Konvensiyada ifadə edilən prinsiplərin həyata keçirilməsi üçün qəbul edilən qanunvericilik tədbirləri və digər tədbirlər haqqında Avropa Şurasının Baş katibinə tam məlumat verir.

2. Sonralar hər bir Tərəf vaxtaşırı və hər dəfə Nazirlər Komitəsindən müvafiq xahiş gəldikdə bu çərçivə Konvensiyasının həyata keçirilməsi ilə bağlı istənilən məlumatı Baş Katibə verir.

3. Bu maddənin müddəalarına uyğun olaraq Baş Katib verilən bütün məlumatları Nazirlər Komitəsinə göndərir.

 

26-cı maddə

1. Bu çərçivə Konvensiyasında ifadə edilən prinsiplərin həyata keçirilməsi üçün hər hansı bir Tərəfin qəbul etdiyi tədbirlərin adekvatlığı qiymətləndirilərkən, Nazirlər Komitəsinə milli azlıqların müdafiəsi sahəsində səriştəsi olan üzvlərdən təşkil edilmiş məsləhət Komitəsi kömək edilir.

2. Məsləhət komir isinin tərkibi, eləcə də, onun iş prosedurası bu çərçivə Konvensiyasının qüvvəyə minməsindən sonra bir il müddətində Nazirlər Komitəsi tərəfindən müəyyən edilir.

 

V BÖLMƏ

27-ci maddə

Bu çərçivə Konvensiyası Avropa Şurasının üzv dövlətləri tərəfindən imzalanmaq üçün açıqdır.

Konvensiyanın qüvvəyə mindiyi tarixə qədər, Nazirlər Komitəsinin Konvensiyanı imzalamağı təklif etdiyi istənilən digər bir dövlət üçün də imzalanmağa açıqdır. O, təsdiq edilməli, qəbul edilməli və bəyənilməlidir. Təsdiq etmə, qəbul etmə və bəyənmə haqqında sənədlər saxlanmaq üçün Avropa Şurasının Baş Katibinə təhvil verilir.

 

28-ci maddə

1. Bu çərçivə Konvensiyası Avropa Şurasının on iki üzv dövlətinin 27-ci maddənin müddəalarına uyğun olaraq bu çərçivə Konvensiyası ilə bağlı olmağa razılıqlarını bildirdikləri tarixdən üç ay vaxt bitdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

2. Sonralar bu çərçivə Konvensiyası ilə bağlı olmağa razılaşdığını bildirən hər hansı bir üzv dövlət üçün bu çərçivə Konvensiyası, təsdiq etmə, qəbul etmə, yaxud bəyənmə haqqında sənədlərin saxlanmaq üçün təhvil verdiyi tarixdən üç ay vaxt bitdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

 

29-cu maddə

1. Bu çərçivə Konvensiyası qüvvəyə mindikdən və razılığa gəlmiş dövlətlərlə məsləhətləşmədən sonra Avropa Şurasının Nazirlər Komitəsi Avropa Şurasının Nizamnaməsinin 20-ci Maddəsinin (d) bəndində nəzərdə tutulduğu kimi, özünün əksəriyyət tərəfindən qəbul olunan qərarına əsasən Avropa Şurasının üzvü olmayan və 7-ci maddənin müddəalarına uyğun olaraq, Konvensiyanı imzalamaq təklifini alan, ancaq onu hələ imzalamamış istənilən bir dövlətə, həmçinin Avropa Şurasının üzvü olmayan istənilən digər dövlətə bu çərçivə Konvensiyasına qoşulmağı təklif edə bilər.

2. Qoşulan hər bir dövlət üçün bu çərçivə Konvensiyası qoşulma haqqında sənədin Avropa Şurasının Baş Katibinə saxlanmağa verildiyi tarixdən üç ay vaxt bitdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

 

30-cu maddə

1. İstənilən dövlət təsdiq elmə, qəbul elmə, bəyənmə, yaxud qoşulma haqqında sənədi imzalayarkən, yaxud saxlanılmağa təhvil verərkən beynəlxalq münasibətlərinə görə məsuliyyət daşıdığı və bu çərçivə Konvensiyasının tətbiq ediləcəyi ərazini və ya əraziləri göstərə bilər.

2. İstənilən dövlət sonralar istənilən vaxtda Avropa Şurasının Baş Katibinin adına göndərdiyi ərizədə bu çərçivə Konvensiyasının tətbiqini ərizədə  göstərdiyi istənilən başqa bir əraziyə aid edə bilər; həmin ərazidə bu çərçivə Konvensiyası belə bir ərizənin Baş Katib tərəfindən alındığı tarixdən üç ay vaxt bitdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

3. Əvvəlki iki bəndin müddəaları əsasında istənilən ərazi barəsində verilən istənilən ərizə Baş Katibə xəbərdarlıq məktubu göndərmək yolu ilə geri götürülə bilər. Geri götürülmə qərarı Baş Katibin belə xəbərdarlıq məktubunu aldığı tarixdən üç ay vaxt bitdikdən sonra gələn ayın birinci günü qüvvəyə rninir.

 

31-ci maddə

1. İstənilən Tərəf istədiyi vaxt Avropa Şurasının Baş Katibinə xəbərdarlıq məktubu göndərərək bu çərçivə Konvensiyasını etibarsız elan edə bilər.

2. Bu etibarsız elan etmə Baş Katibin belə xəbərdarlıq məktubunu aldığı tarixdən altı ay vaxt keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

 

32-ci maddə

Avropa Şurasının Baş Katibi Avropa Şurasının üzvü olan dövlətlərə, bu çərçivə Konvensiyasını imzalayan başqa dövlətlərə və ona qoşulan bütün dövlətlərə aşağıdakılar haqqında xəbər verir:

a) istənilən imzalanma haqqında;

b) təsdiqetmə, qəbuletmə, bəyənmə, yaxud qoşulma haqqında istənilən  sənədin saxlanılmağa verilməsi haqqında;

c) bu çərçivə Konvensiyasının 28, 29 və 30-cu maddələrinə uyğun olaraq, onun qüvvəyə mindiyi hər bir tarix haqqında;

d) Bu çərçivə Konvensiyasına aidliyi olan istənilən digər akt, xəbərdarlıq, yaxud məlumat haqqında.

 

Bu çərçivə Konvensiyasını buna səlahiyyəti olan aşağıdakılar təsdiqləmək üçün onu imzaladılar.

1995-ci il fevralın 1-də Strasburqda ingilis və fransız dillərində hazırlanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir; tək bir nüsxədə saxlanılmaq üçün Avropa Şurasının arxivinə verilir. Avropa Şurasının Baş Katibi imza və möhürlə təsdiq edilmiş surətləri Avropa Şurasının üzvü olan hər bir Dövlətə, eləcə də bu Konvensiyanı imzalamaq, yaxud qoşulmaq təklifi edilən hər bir dövlətə göndərir.

 

Xəbərlər
Redaktorun seçimi