“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.08.2014, 14:20
1970

Dağlıq Qarabağ münaqişəsinin başlanması

A- A+

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı mərhələsi 1987-ci ilin sonunda Daqlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi (Stepanakert) şəhərində, həmçinin Ermənistan SSR-də azərbaycanlı əhaliyə qarşı hücumlarla başlandı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı mərhələsi 1987-ci ilin sonunda Daqlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi (Stepanakert) şəhərində, həmçinin Ermənistan SSR-də azərbaycanlı əhaliyə qarşı hücumlarla başlandı.

Münaqişənin niyə məhz bu vaxt alovlanması maraq doğura bilər. Baxmayaraq ki, Mixail Qorbaçov SSRİ rəhbərliyinə 1985-ci ildə gəlmişdi və nəzəri cəhətdən ermənilər Qarabağ münaqişəsini 1986-cı ildə, yaxud 1987-ci ilin əvvəlində, Sov. İKP MK-nın bədnam fevral plenumundan dərhal sonra (həmin plenumda M.Qorbaçovun "milli məsələlərin həllində əyintilər" barədə tezisi ölkədə separatizmin baş qaldırması üçün ideoloji baza sayıla bilərdi) başlaya bilərdilər.

Lakin ermənilərin Qarabağ avantürasına 1987-ci ilin sonunda başlaması səbəbsiz deyildi. Çünki həmin vaxtadək bu avantüranı əngəlləyəcək mühüm faktor mövcud idi – həmin vaxtadək Heydər Əliyev hələ Moskvada, Kremldə idi və erməni dairələri bu gerçəklə hesablaşmağa məcbur idilər.

Və heç təsadüfi deyil ki, erməni lobbisi Qarabağ kartının işə salınması üçün Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşmasını səbirsizliklə gözləyirdilər. 1987-ci ilin 22 oktyabrında həmin gün yetişdi. Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postundan istefaya göndərildi.

Mixail Qorbaçov Heydər Əliyevi istefaya göndərməklə həm də ermənilərin çoxdan gözlədikləri addımı atdı. Heydər Əliyevin Kremldən getməsi ermənilərin oraya yolunu daha da genişləndirdi. Artıq erməni lobbisinin nümayəndələri Qorbaçovun kabinetindən, onun xanımı Raisanın qılığından çıxmaq bilmirdilər. Qorbaçovdan Qarabağ məsələsinə dair razılıq alınması isə çox çəkmədi.

1987-ci ilin noyabr ayının 18-də akademik Abel Aqanbeqyan Fransanın "Humanite" qəzetinə verdiyi müsahibəsində Qarabağ avantürasına start verdi: "Mən iqtisadçı kimi əmin edirəm ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermənistan SSR-ə birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi təklifim var və onu artıq təqdim etmişəm. İnanıram ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq".

Aqanbeqyan fikrini əsaslandırmaq üçün partiyanın rəhbər göstərişlərinə - Qorbaçovun yuxarıda qeyd etdiyimiz 1987-ci ilin fevral plenumundakı səsləndirdiyi "milli məsələlərin həllində təəssüfdoğurucu gecikmə aradan qaldırılmalıdır" tezisinə istinad etməyi də unutmamışdı.

Erməni akademikin Parisdə verdiyi müsahibə Qarabağda separatizm hərəkatının başlanması üçün həlledici siqnal oldu. DQMV ərazisində fəaliyyətə başlayan separatçı "Krunk" təşkilatının üzvləri prosesə daha praktik təkan vermək üçün Moskvaya, Kremlə getdilər.

Sov.İKP MK-nın milli məsələlər üzrə şöbəsinin müdiri V.Mixaylov M.Qorbaçovun adından Qarabağ ermənilərinə dəstək vəd etmişdi. M.Qorbaçovun köməkçisi David Şahnazaryan isə soydaşlırına bildirmişdi ki, baş katib Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə haqlarına hörmətlə yanaşır və onların tələblərini qanuniləşdirməyə hazırdır.

Bir sözlə, 1988-ci ilin yanvarınadək Qarabağ münaqişəsinin alovlanması üçün bütün hazırlıqlar tamamlanmışdı. Bundan sonra ermənilər əməli işə keçdilər - Moskvadan və Yerevandan gələn təlimatlara əsasən, Xankəndidə "miatsum" çağırışı ilə mitinqlər başlandı.

Sözsüz ki, bu kampaniyanın qarşısını vaxtında və effektli şəkildə almaq olardı. Amma bunun üçün Azərbaycanın rəhbərliyində güclü şəxsiyyətin, həm Moskvanı, həm də erməni avantüraçılarının cavabını verməyi bacaran liderin olması birinci şərt idi. Və nə yazıqlar ki, biz Qarabağ münaqişəsinin ilk mərhələsindəcə baş verənlərə adekvat münasibət göstərə və konfliktin gələcək miqyasını, fəsadları önləmək üçün real tədbirlər görə bilmədik.

20 fevral 1988-ci il tarixində DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər.

22 fevral 1988-ci il tarixində Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.

Münaqişənin alovlandığı günlərdə Azərbaycanın rəhbəriliyi vəziyyəti adekvat qiymətləndirib təsirli tədbir görmək əvəzinə Bakının zavod-fabriklərində çalışan "erməni zəhmətkeşləri" televiziya ekranına çıxararaq onları Dağlıq Qarabağdakı bir qrup ekstremistin əleyhinə danışdırmaqla məşğul idi. Rəsmi çıxışlar ermənilərlə azərbaycanlıların tarixi dostluq münasibətlərinin təbliği üzərində köklənmişdi.

Bu azmış kimi, respublika rəhbərliyi "göz qayırdığı yerdə vurub qaşı da çıxardı". DQMV Xalq Deputatları Soveti adından 1988-ci il fevralın 20-də qəbul edilmiş qərardan sonra Azərbaycan KP MK-nın 1-ci katibi Kamran Bağırov Moskvadan təşrif buyurmuş Siyasi Büronun üzvləri Razumovski və Demiçevin iştirakı ilə Stepanakertdə vilayət partiya təşkilatının plenumunu keçirdi. Plenumda Bakıya nisbətən loyal mövqeyi ilə seçilən B.Gevorkovu qatı ekstremist, "Krunk" təşkilatının rəhbəri və Xankəndidəki mitinqlərin aparıcısı olan V.Poqosyanla əvəzlədi.

Faktiki olaraq Moskvanın xeyir-duası və respublika rəhbərliyinin razılığı ilə Dağlıq Qarabağ rəsmən baş separatçının nəzarətinə verildi. Sonrakı hadisələr Azərbaycanın o vaxtkı rəhbərliyinin erməni avantürasına qarşı nə qədər hazırlıqsız və bacarıqsız olduğunu açıq nümayiş etdirdi.

Fevralın sonunda Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtda erməni xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış qəsdlər törədildi.

26-28 fevral 1988-ci il tarixində Sumqayıt iğtişaşları nəticəsində 26 erməni və azərbaycanlı öldürüldü. Qeyd etmək lazımdır ki, bu hadisələrin fəal iştirakçılarından biri ermənilərin qətli və onlara qarşı zorakılıqda, ermənilərin yaşadığı rayonlardakı qırğınlarda bilavasitə iştirak etmiş Sumqayıt sakini olan milliyyətcə erməni Eduard Qriqoryan idi.

Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət şöbəsinin 22 dekabr 1989-cu il tarixli qərarı ilə Qriqoryan 12 il həbs cəzasına məhkum edildi. Məhkəmə Qriqoryanın iğtişaşlar və qırğınların təşkilatçılarından biri olması barədə qərar qəbul etdi. Şahidlər və hadisə qurbanlarının ifadələri göstərdi ki, Qriqoryanda ermənilərin yaşadığı mənzillərin siyahısı var idi və o, digər üç erməni ilə birlikdə ermənilərə qarşı özünün şəxsən iştirak etmişdi. Onun qurbanları (hamısı erməni) Qriqoryanı zorakılığın təşkilatçılarından və fəal iştirakçılarından biri kimi qeyd etdilər.

Əslində erməni rəhbərliyinə geniş anti-Azərbaycan kampaniyasına başlama və Azərbaycana qarşı təcavüzkar addımlara bəraət qazandırma vasitəsi kimi zəruri olan Sumqayıt hadisələri əvvəlcədən planlaşdırılmış və hazırlanmışdı.

Çox keçmədən Sumqayıt hadisələrinin nə üçün törədildiyi aydın oldu. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən dərhal Ermənistanda yaşayan azərbaycanlılara qarşı və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən qoparılıb çıxarılması üçün istifadə edildi.

1988-ci il martın 10-da İrəvandan cənubda azərbaycanlılara məxsus Mehmandar kəndinin 4 sakini qətlə yetirildi. Martın 25-də Ararat rayonunun azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında İrəvan yaxınlığındakı Azərbaycan kəndlərinə yenidən basqın edildi. Tarixdə azərbaycanlılara qarşı dəfələrlə təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başladı.

Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. "1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi.

1988-1989-cu illər ərzində azərbaycanlılar Ermənistanı tərk etməyə məcbur edildilər. Kütləvi deportasiya zamanı ən azı 216 azərbaycanlı öldürülmüş və 1 154 azərbaycanlı yaralanmışdır. Ermənistanlı qaçqınlar – təxminən 200 min nəfər – Azərbaycana gəlməyə başladılar.

23 sentyabr 1989-cu il tarixində Azərbaycan SSR Ali Soveti “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, “Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir” və “Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər”.

1 dekabr 1989-cu il tarixində Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərar qəbul etdi. 10 yanvar 1990-cı il tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” qərar qəbul etmişdir. Qərarda Ermənistan SSR ilə Dağlıq Qarabağın Azərbaycan SSR-in razılığı olmadan yenidən birləşdirilməsinin qeyri-qanuni olması bildirilmişdir.

20 yanvar 1990-cı il tarixində Mixail Qorbaçov dövründə Sovet rəhbərliyinin razılığı ilə Sovet ordusunun hissələri Bakıya göndərilmişdir. Onların görünməmiş vəhşiliklə həyata keçirdiyi hərəkətlər nəticəsində yüzlərlə azərbaycanlı öldürülmüş və yaralanmışdır.

1991-ci ildə keçmiş SSRİ-nin mərkəzi hüquq-mühafizə orqanları Dağlıq Qarabağ xaricində fəaliyyət göstərən onlarla erməni silahlı qrupunu həbs etmişdir. Belə ki, Azərbaycanın Xanlar (indiki Göygöl) rayonunun Çaykənd kəndi erməni silahlı qrupları tərəfindən cinayətkar mərkəzə çevrilmişdi. Buradan qonşu kəndlər və yollar bombardman edilir və top atəşinə tutulur, yerli azərbaycanlı əhali qorxu və vahimə içində saxlanılırdı. 1989-cu ildən 1991-ci ilədək Çaykənddə və ətraf ərazilərdə 54 nəfər yerli sakin erməni silahlı qruplarının qurbanına çevrilmişdir.

30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi.

2 sentyabr 1991-ci il tarixində Dağlıq Qarabağ Vilayət və Şaumyan rayon Xalq Deputatları Sovetlərinin birgə iclasında Azərbaycanın DQMV və Şaumyan rayonu sərhədləri çərçivəsində “Dağlıq Qarabağ Respublikası”nın yaradılması bəyan edildi.

18 oktyabr 1991-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur.

20 noyabr 1991-ci il tarixində Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında içərsində Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu vertolyot erməni qüvvələri tərəfindən vuruldu. 

26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqqında” Qanun qəbul etdi.

1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara – Azərbaycana qarşı elan olunmamış müharibəyə başladı.

 

Xəbərlər
Redaktorun seçimi