“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 19:27
1984

Şeyx İbrahim Gülşəni (Bərdəi) (1426-1533)

A- A+

Şeyx İbrahim bin Məhəmməd bin Şəhabəddin Gülşəni XV əsrin tanınmış şairlərindən biridir. O təxminən 1426-1427-ci illərdə Bərdədə doğulmuş, hələ uşaq yaşlarından öz istedadı ilə başqa yoldaşlarından fərqlənmişdir.

Gənc ikən Bərdədən Təbrizə gəlmiş, burada Dədə Rövşəninin tələbəsi olmuşdur. “Xəlvətiyyə” sufi təriqətinin görkəmli nümayəndələrindən olan Rövşəni sonralar bu təriqətin “Rövşəniyyə” qolunu yaratmışdır.

Yüz ildən artıq ömr sürmüş şair 1533-cü ildə Misirdə vəfat etmişdir.

* * *

Gülşəni Bərdəinin yaradıcılığı XV–XVI əsrlərə – Azərbaycanın ictimai-mədəni həyatının yeni yüksəliş dövrünə təsadüf edir. Məhəmmədəli Tərbiyət XVI əsrdə yaşamış türk tədqiqatçısı Əhməd Əfəndi Taşkeprilüzadənin “Şəqayiqi-neməniyyə”sinə istinad edərək, Bərdəinin 1426-cı ildə doğulduğunu, adının isə bütövlükdə Şeyx İbrahim ibn Şahabəddin Gülşəni olduğunu yazır. Seyid İsmayıl Sadiq Kamal da “Şərhi-Əsmayi-ənbiyanın, övliyanın qüssəsi” əsərində Gülşəninin həmin ildə Azərbaycanda anadan olduğunu nəzmlə qələmə almışdır.

Əhməd Həlmi isə Gülşəninin həyatı ilə bağlı məlumatı genişləndirmişdir. Onun yazdıqlarından məlum olur ki, Bərdəi iki yaşında ikən atasını itirmiş, əmisi Seyid Əlinin himayəsində tərbiyə almış, atasından ona çoxlu kitab qalmışdır.

Gənc yaşlarında Bərdədən Təbrizə gələn Gülşəni XV əsrin filosofu Seyid Yəhya Şirvani Bakuvinin yetirməsi Dədə Ömər Rövşəninin tələbəsi olmuş və onun məsləhəti ilə əvvəlki təxəllüsü “Heybəti”ni “Gülşəni” ilə dəyişdirmişdir. Orta əsrlərdə yaşamış bir çox şəxsiyyətlər haqqında maraqlı məlumatlar verən “Silsilənameyi – məaşaixi-əhli təriqət” də Gülşəni adı çəkilmiş, Rövşənidən sonra onun yerinə keçmək hüququ qazandığı göstərilmişdir.

Bir müddət Türkiyə və Misirdə yaşamış Gülşəni yerli əhali tərəfindən doğma övlad kimi sevilmişdir. Qaynaqların verdiyi məlumatlara görə, yüz ildən artıq ömür sürən şair 1533-cü ildə Misirdə vəfat etmişdir.

Onun oğulları Şeyx Əhməd Xəyali, Məhəmməd Zəfi, nəvəsi Şeyx Siffəti, nəticəsi Haləti də şair olmuşlar. Onların həyat və yaradıcılığı haqqında Əlaəddin İbrahim Qovşanın “Rəsmli yeni lüğət və ensiklopediya”sından, “Türkcə yazma divanlar” və s. əsərlərindən qısa məlumat almaq olar.

Yaşadığı dövrdən sonrakı yüzilliklər ərzində Gülşəni haqqında bir çox tanınmış alimlərin dəyərli fikirlərinə baxmayaraq, vətəni Azərbaycanda onun həyat və yaradıcılığı indiyədək əhatəli öyrənilməmiş, əsərləri çap edilməmişdir. Gülşəninin ədəbi irsi “Ruznamə”, “Qədəmnamə”, “Simurqnamə”, “Pəndnamə”, “Məsnəviyi-xəfi”, İbn-Əl-Farizin “Qasideyi taiyyə”sinə yazdığı cavabdan və Azərbaycan,ərəb, fars dillərində olan divanlardan ibarətdir.

Gülşəni Bərdəinin əsərləri dünyanın müxtəlif əlyazma xəzinələri və kitabxanalarında mühafizə edilməkdədir. Misirin Xidviyyə, İstanbulun Universitet və Millət, Rusiyanın Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq bölməsi kitabxanalarında Gülşəni Bərdəinin divanları saxlanılır.

Gülşəninin əlimizdə olan divanına 68 qəzəl və qəsidəsi daxildir. Bu əlyazma tam olmasa da, Gülşəninin yaradıcılığı haqqında müəyyən təsəvvür verir. Divandakı şeirlər onun klassik Şərq ədəbiyyatına, xalq yaradıcılığına, folklora bağlılığı, özünəməxsus üslubu olduğunu aydın göstərir.

Gülşəni yaradıcılığının dəyəri və gözəlliyi dərinlik və sadəliyindədir. O, yaradıcılığında müəllimi Rövşənidən bol-bol bəhrələnmişdir. Bərdəi şəxsiyyət kimi Rövşəninin yetirməsi və eyni zamanda bir şair kimi onun davamçısıdır.

Gülşəni Bərdəinin şeirləri – eşq, məhəbbət, sədaqət, dostluq haqqında himndir. Əsərlərinin dili ilə həmahəng elmi dil nümunəsi tək diqqəti cəlb etdiyi kimi, sadə xalq danışığına yaxınlığı ilə də maraq doğurur.

Tanınmış türk tədqiqatçısı Vəsfi Mahir Qocatürk Gülşəninin dilində bariz bir sadəlik əsasında azəri ləhcəsi (Azərbaycan dili A.M.) qalan bir səmimiyyət olduğunu qeyd edərkən, şairin əlimizdəki divanında olmayan aşağıdakı şeirini nümunə göstərmişdir:

Bənim könlüm alan dilbər,

Gedər derlər, gedər derlər.

Bəni Məcnun tək o Leyla

Edər derlər, edər derlər.

Nə sevdadır deyiniz bana,

Eşidib qalmanız tana

Könül bəndən qaçıb ona,

Gedər derlər, gedər derlər.

Bərdəinin bütün əsərlərinin bir yerə toplanıb tədqiq edilməsi, elmi tənqidi mətnlərinin hazırlanması azərbaycanşünaslıq, eləcə də türkologiya qarşısında duran vacib problemlərdən biridir.

Aşağıda Şeyx İbrahim Gülşəni Bərdəinin yeganə nüsxə olan 1614-cü ildə üzü köçürülmüş əlyazma divanından seçmələri oxuculara təqdim edirik:

Eşqə könül verməyən cananı qıymaz bana,

Bəlləgini tərk edüp, qal ilə gəlməz bana.

Eşqi murad edübən tərki-murad etməyən,

Olubanı namurad, eş ilə uymaz bana.

Eşq ilə Məcnun olan əql ilə divanəvəş,

Olubani münkirim, qal ilə gəlməz bana.

Diri ikən ölüymüş, istəyibən bulmazam,

Çünki diri olmayan eşq ilə duymaz bana.

Cani-cahandan köçüb, istəməyən eşqərin,

Dirilu üçün eşqlə cananı verməz bana.

Bir nəfər yüz belə can verübəni almayan.

Diləsəm ondan baha eşq ilə saymaz bana.

Eşq oduna yanmayan, Gülşəndir, sanmanuz.

Rövşənin yürəki mehr ilə yanmaz bana.

Gəl, ey Misri-dilim dilbər,

Əzizi canımın, cananı dilbər.

Günəş kimi nəzirün yox cahanda,

Mələksima gözəllər canı, dilbər,

Cahanda xublarının təndə rəvanı,

Bilindi səndən imiş canı, dilbər,

Məzəllahki, edəm səndən özgə,

Davasız dərdimə dərmanı, dilbər.

Yunban həsrətündən axıduram,

Gözümdən yaş yerinə qanı, dilbər,

Cahanda Rövşənidən özgə degil,

Bana, ey Gülşəni, sən xanı dilbər.

Gülüstan xar olubdur bana sənsiz,

Genişlik dar olubdur bana sənsiz,

Çıxıb sevdası eşqimin başuma,

Xəyalun yar olubdur bana sənsiz.

Fəragun zikri söyləmək dilümdən,

İnildə zar olubdur bana sənsiz.

Cahanda bir nəfəs, ey dilbəri-şux,

Dirilmək ar olubdur bana sənsiz.

Fəragun zövqüdür ağudan acı,

Ki, zəhri-mar olubdur bana sənsiz.

Yanaram həsrətindən gecə-gündüz,

Çü hicran nar olubdur bana sənsiz.

Dəmadəm Gülşəni der Rövşəniyə,

Rəqibim yar olubdur bana sənsiz.

* * *

Gülşəninin yaradıcılığı azərbaycanca, farsca, ərəbcə yazdığı divanlardan. “Məsnəviyi-xəfi” və “Raznamə” məsnəvilərindən ibarətdir.

* * *

Qəzəllər.  

Eşqə könül verməyən canını qıymaz bana...  

Eşqə könül verməyən canını qıymaz bana,

Bənligini tərk edüp eşq ilə gəlməz bana.

Eşqi murad edübən tərki-murad etməyən,

Olubəni namurad eşq ilə uymaz bana.

Eşq ilə Məcnun olan əql ilə divanəvəş,

Olubəni münkirim qal ilə gəlməz bana.

Diri ikən ölüymüş, istəyübən bulmazam,

Çünki diri olmuyan eşq ilə duymaz bana.

Cani-cəhandan keçüp istəməyən eşq ərin,

Dirlik içün eşq ilə canını verməz bana.

Bir nəfəs yüz belə can verübəni almıyan

Diləsəm ondan bəha eşq ilə saymaz bana.

Eşq oduna yanmayan Gülşənidir sananuz,

Rövşəninin yürəgi mehr ilə yanmaz bana.

* * *

İstəyüp dərdinə eşqin bulmazam andan dəva...  

İstəyüp dərdinə eşqin bulmazam andan dəva,

Nə qədərdür yaşuma çün bilməzəm andan qəza.

Bir nəfəsdə yüz bəlasin çəkmədin eşqin nedim?

Çün usanmaz könlüm andən çəkübən yüz bin bəla.

Gün kimi yüzüm sürübən hər qapudan istərəm,

Sevdügimin izi-tozun gözimə kəhli-cila.

Alalı könlümi verməz bir pəripeykər nedim?

Çün könül nedə, dilər kim canımı daxı ala.

Nasehim tərki-həva deyübəni ögüb verər,

Bilməzəm tərkündən alun nədür anunçun həva.

Girəli medani-eşqə başumu top etmişəm,

Kim çalub çövkan dilər ardına düşüp qova.

Rövşəni pərvərdəsidir Gülşəni anun içün,

Gün kimi rövşən görünür aləmə andan ziya.

* * *

Əcəb yüzin görən necə qılar tab...  

Əcəb yüzin görən necə qılar tab,

Çu andan bibədəl olur şeyxlə şab.

Əcəb nərgislərin uyur oyanux,

Görənün gözünə necə girər xab.

Əcəb durci-göhər kimi dəhandan

Düşünmidür görünən madəri-tab.

Əcəb ay kimi alınundan münəvvər,

Cəhanda varmıdur bir taqi-mehrab.

Əcəbmi təşnəliqdən can verərsə,

Görənlər ləblərüni lə’li-sirab.

Əcəbmi, ey pəri, yüzin görəndə

Günəş sararuban, qararə möhtab.

Əcəbmi gözlərümdən yaş yerinə

Axudam həsrətündən seyli-sürxab.

Əcəbmi Gülşəninün Rövşəniçün

İnildü zarisin manəndi-dulab.

* * *

Ağlamaqdan gülməz imiş şad olub bir dəm qərib...  

Ağlamaqdan gülməz imiş şad olub bir dəm qərib,

Fikri-zikri olubanu dərd ilə ney dəm qərib.

Vay əgər həsrətlə verəm canımı axır nəfəs,

Görmədən sevdüklərimi dünyadan gedəm qərib.

Vay əgər həsrətlə verəm canımı axır nəfəs,

Görmədən sevdüklərimi dünyadan gedəm qərib.

Sevnişür xəlqi cahanun ay görüb bayram içün

Yaslu kimi qayğuludur movt ilə ol dəm qərib.

Dönübən sahib əzayə ün çökübən dərd ilə

Gözlərindən axıdırmış yaş yerinə dəm qərib.

Ya ilahi, Rövşənidən ayru zari-hüzn ilə

Gülşəni kimi cahanda olmasun adəm qərib.

* * *

Bəni hər dəmdə nedim öldürür eşq...

 

Bəni hər dəmdə nedim öldürür eşq,

Qara yerə dirilmə girdürür eşq.

Qılup rüsvavü məlamət rindü bədnam

Cəhan xəlqini bana güldürür eşq.

Nedim Məcnun kibi xəlqi cəhanun

Yerub sevmədügini sevdürür eşq.

Girüb bazari-hüsnə sevduginə

Bəha can ver, deyübən öldürür eşq.

Olub məst, xiyalun unuduram,

Özüm xafi önümə düşürür eşq.

Nə sevdadır başumda püxtəvü xam

Ki, mehr ilə dəmadəm pişirür eşq.

Qiyamətdür məgər bu səpvqamət

Ki, həşrin xəlqün ana düşürür eşq.

Cəhan qovğasın aşiq başına

Aru kimi yığuban düşürür eşq.

Demin rüsvavü rində, saxla canun

Qaçan gizləyüb ani yaşurur eşq.

Gözüm dəryasının rövşən suyunu

Bulandırub rəvandan aşurur eşq.

Bana der Gülşəni kim Rövşəninün

Xiyalundan bilumi şaşurur eşq.

* * *

Mənbə:

Azərbaycan klassik ədəbiyyatından seçmələr. Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, səh. 232-235.

Musayeva A. “Elm və həyat” – 1984 – № 9

“Bərdə və bərdəlilər” (Bibliоqrafik məlumat kitabı, tərtib edəni Xuraman Ismayılоva) – Bakı, «Nərgiz» nəşriyyatı, 2010, – 448 səh.

 

Xəbərlər
Redaktorun seçimi