“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 19:35
1740

Sədullah Bərdəi (XIV-XV əsrlər)

A- A+

Bərdədə aparılan arxeoloji işlərin nəticəsi sübut edir ki, Hülakilər dövründə (1256-1357) şəhərin üç əsrlik tənəzzülündən sonra yenidən tərəqqi etməsi dövrü başlanır. Təbii ki, belə yüksəliş şəhərdə sənət və sənətkarlıq, incəsənət və mədəniyyətlə yanaşı, elm və tədrisəmeylli adamların da yetişməsinə səbəb olmuşdur.

Bu zaman Bərdə şəhərində müxtəlif janrlarda yazan şairlər, görkəmli dilçilər, bilikli hüquqşünaslar da yetişmişlər. Həmin dövrdə yaşayıb yaratmış alim, şair, dilçi, özünəməxsus dəsti-xəttə malik, təmiz yaradıcılıq təfəkkürü olan sənətkarlardan biri də Sadəddin Sədullah Bərdəi olmuşdur.

Sədullah Bərdəi təqribən XIV əsrin ikinci yarısında Bərdədə anadan olmuşdur. Yay istirahətini doğma Kəpki adlı gözəl yaylaqlarda keçirərdi. Azərbaycan EA Respublika Əlyazmaları İnstitutunda onun həmin yaylaqlara yazmış olduğu çoxlu şeirləri saxlanılır. Ərəb dilində yazılmış bu şeirlər Sədullahın öz dövrünün dərin bilikli və həssas poetik təbə malik şair olmasına dəlalət edir.

XIV – XV əsrlərin qüdrətli şairlər dəstəsinə daxil olan Sədullah öz şeirlərində yaşadığı diyarın gözəlliklərini, saf və ülvi məhəbbətini, zamanın haqsızlıqlarını, özünün keçirdiyi təlaş, iztirab və kədəri həssaslıqla tərənnüm etmişdir. Şair özünün “Hədaiq – dəqaiq” adlı əsərində bayatı da yazmışdır. Bayatılar eşq, məhəbbət, sədaqət, dostluq, vətənə sevgi, gəncliyin tərbiyəsi kimi son dərəcə nəcib mənəvi-sosial problemlərə həsr edilmişdir.

Bu bayatıların əksəriyyəti altılıq üslubu ilə tamamlanmışdır. Burada birinci qoşa misra dövrün ictimai haqsızlığı və bərabərsizliyinə, ikinci azad sevgi, saf məhəbbət, sevmək və sevilmək kimi arzuya, üçüncü sətir qoşası isə etibarsız, namərd, səbatsız adamların ifşasına və bəzən də tərbiyəvi mövzuya həsr edilmişdir. Həmin bayatılardan bir neçəsini təqdim edirik:

Əzizi gördü günü,

Sinəmdə kor dügünü.

Könül sevdiyin istər,

Göz istər gördügünü.

Namərdə söy əyilməz,

Mərd deməz gördügünü.

 * * *

Əzizi mən də munun,

Nəsi var məndə munun?

Çox cəfalar çəkmişəm,

Yolunda mən də munun.

O cənnətə çıraqdır,

Kösöyü məndə munun.

 * * *

Əziziyəm səlamət,

At oxunu səlamət.

Təkəbbür olmaginən,

Hər yetənə salam et.

Düşmə dilin oduna,

Sərin olsun səlamət.

Göründüyü kimi, ilk dəfə Bərdəi tərəfindən yazılmış bu altılıqda şair öz fəlsəfi fikrini aydın, səlis, poetik dillə və böyük ustalıqla ifadə etmişdir.

Mərhum tədqiqatçı Asya Məmmədovaya görə, altılıqla yanaşı, dörd misralı bayatısı da çoxdur. Bu da Sədullah Bərdəinin dədə-babadan süzülüb gələn bu folklor janrını çox yaxşı bilməsini sübut edir. Dördlüklər onun “Hədaiq adlı bayatılar” cüngündə verilmişdir.

Sədullah Bərdəi öz dövrünün görkəmli dilçilərindən biri olmuş, hətta məşhur dilçilərin əsərlərinə şərh yazmış, əlavələr, düzəlişlər etmiş və o dövr məktəbləri üçün dərslikləri də olmuşdur. O, XII əsrdə yaşamış görkəmli ərəb dilçisi Məhəmməd əz-Zəməşxari tərəfindən tərtib edilmiş dərsliklərə əlavə şərh yazmış, düzəlişlər etmiş və hətta, ayrı-ayrı sözlərin məntiqi-sistematik təhlilini də vermişdir.

Bunlar Sədullahın Bərdəinin dilçi qüdrətini və gücünü, dərin, hərtərəfli biliyə malik olmasını bir daha sübuta yetirir. Şair əsərində ərəb dilinin qrammatikasında fel, onun növləri, ərəb dilində onun işlənməsi və yerini dərindən təhlil etmişdir. Bu isə görkəmli alim Sədullah Bərdəinin dünyanın ən çətin dillərindən biri olan ərəb dilinin qanunlarını çox yaxşı bilməsinə dəlalət edir.

Onun “Həda-iq-əd-dəba-ik fi şərhi risalət əlamət əl-xəqain” adlı əsəri orta əsr dilçiliyi, ədəbiyyatı, fəlsəfə və məntiqi tarixinin öyrənilməsi baxımından da böyük elmi əhəmiyyət kəsb edir.

Sədullah Bərdəinin, ərəb dilindəki sərf-nəhvinin tədqiqatçılarından olan filologiya elmləri namizədi Nailə Ağayevanın fikrincə, bərdəli alimin əlyazmalarının ən qədim nüsxəsi Britaniya muzeyində saxlanılır. Mütəxəssislərin fikrincə, onun yazılması tarixi 1409-cu ilə təsadüf edir. Hər halda, şairin ölümü həmin tarixdən sonradır, heç şübhəsiz ki, onun ölümü XV əsrin birinci rübündə olmuşdur. Müəllifin dünyanın müxtəlif kitabxana, muzey və əlyazmalar fondunda saxlanılan əsərlərinin hərtərəfli tədqiqi Azərbaycan xalqına, onun elm tarixinə son dərəcə qiymətli bir töhfə olardı.

* * *

Mənbə:

Nuriyеv A., «Kоmmunizm yоlu» qəzeti, 1986, 17 iyun.

“Bərdə və bərdəlilər” (Bibliоqrafik məlumat kitabı, tərtib edəni Xuraman Ismayılоva) – Bakı, «Nərgiz» nəşriyyatı, 2010, – 448 səh.

 

Xəbərlər
Redaktorun seçimi