“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.06.2014, 18:00
3782

Qarabağ X-XV əsrlərdə

A- A+

“Qarabağ” anlayışının meydana gəlmə tarixi barədəki mülahizələr yekdil deyil və bu səbəbdən mübahisəlidir. Qarabağın V-X əsrlər dövrü üçün ən mötəbər istinad mənbəyi kimi qiymətləndirilən Musa Kalankatlının “Albaniya tarixi” əsəri bir neçə dəfə erməni, rus və digər xarici dillərə tərcümə edilərək nəşr olunub, hər dəfə də üzərində qərəzli düzəlişlər edilib və bu halda bizim dövrümüzə gəlib çatıb.

Belə uydurma və qondarma xarakterli düzəlişlərin bəziləri haqqında akademik Ziya Bünyadov 1990-cı ildə əsərin rus dilində nəşrinin “Müqəddimə”sində məlumat verib:

 

Odur ki, bir çox tədqiqatçılar Qarabağın tarixi ilə bağlı istinad edilən “ilk yazılı məlumat”ların (Musa Kalankatuklunun “Albaniya tarixi”) inandırıcı görünmədiyini nəzərə çatdırırlar.

Məsələn, Rəşid Göyüşov “Qarabağın keçmişinә sәyaһәt” kitabında (Bakı, “Azәrnәşr”, 1993) yazır: ”Bu heç də o demək deyildir ki, “Qarabağ” sözü XII-XIV əsrlərdə yaranmışdır. Çox güman ki, o uzun müddət şifahi surətdə geniş xalq kütlələri arasında işləndikdən sonra yazılı ədəbiyyata düşmüşdür”.

 

Başqa müəlliflər, məsələn, A.A.Bakıxanov Babək hərəkatının ilk dəfə Qarabağda başlaması, R.Yüzbaşov VII-XVII əsrlərdə Qarabağ adlı mühüm bir şəhərin mövcud olması, İran Azərbaycanından Kiçik Qafqaza gedən böyük ticarət yolunun məhz bu şəhərdən keçməsi barədə mülahizələr irəli sürüblər.

 

24 avqust 944 - Rus (slavyan) tayfalarının qoşunları Azərbaycan torpaqlarına daxil olaraq Bərdə şəhərini ələ keçiriblər. Həmin dövrdə Qafqazda böyük ticarət mərkəzi olan şəhər Kiyev-rus knyazı İqorun quldur dəstələri tərəfindən talan edilib, əhaliyə divan tutulub.

Bundan bir qədər əvvəl (914) rus-slavyan tayfaları Azərbaycanın Xəzərsahili bölgələrinə ilk istilaçı yürüş etmişdilər. Həmin dövrdə Azərbaycan ərazisində dövlətçiliyin (şimalda Şirvanşahlar, cənubda Salarilər dövləti) zəif olması xarici hücumları dəf etməyə imkan vermirdi.

Qarabağa gəldikdə isə, bir sıra mənbələrdən aydın olur ki, artıq XII-XIII əsrlərdə Qarabağ adı məşhurlaşaraq yazılı ədəbiyyata düşmüşdür. Qarabağın qədim və orta çağlar tarixinin hərtərəfli araşdırılması tarixşünaslığımızın aktual məsələlərindən ən önəmlisidir.

Azərbaycanda geniş ərazini əhatə edən Qarabağ mənbələrdə əksər hallarda “Arran Qarabağı” kimi verilir.

“Arran Qarabağı” termininə ilk dəfə Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” əsərində 1284-cü илиn hadisələrindən bəhs olunarkən təsadüf olunur (Raşid ad-din Fazullax. Djami at-tavarix. T. III. Sostaviteli nauçno-kritiçeskoqo teksta na persidskom əzike-A. A. Ali-zade. Perevod s persidskoqo əzika A. K. Arendsa. Baku, 1957, s. 170; Piriyev V. Z Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003, s. 98).

Dövrün tarixçiləri bu ərazini “Arran Qarabağı” adlandırmaqla onu başqa Qarabağlardan, ilk növbədə Türkmənistanın cənub-şərq və Əfqanıstanın şimal-qərb ərazilərində mövcud olan “Baqdis Qarabağı”ndan fərqləndirmək istəmişlər. (PiriyevV. Z. Gös. əsəri, s. 98).

 

Qarabağın tarixən bir-biri ilə sıx, iqtisadi və mədəni əlaqədə olan dağlıq və düzən əraziləri coğrafi baxımdan Arranın tərkib hissəsi idi. Qaynaqlarda bəzən Qarabağ ilə Arran eyniləşdirilib vahid ərazi kimi də təqdim olunurdu. Arran daha geniş ərazini əhatə edən inzibati-coğrafi vahid olub, Azərbaycanın bir hissəsi hesab olunmuşdu.

Qarabağ Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhərinin təbiri ilə desək “Arranın paytaxtı”, daha doğrusu onun mərkəzi hesab olunurdu (Əbu Bəkr əl-Qütbü əl-Əhəri. Tarix-e Şeyx Uveys. Fars dilindən tərcümə və müqəddimə, şərhlər və qeydlər M. D. Kazımov və V. Z. Piriyevindir. Bakı, 1984, s. 57).

“Qarabağ” istilahı XIV yüzilliyin sonu-XV yüzilliyin əvvəllərində “Arran” termini ilə yanaşı işlənmiş, bəzən onu əvəz etmiş və inzibati ərazi baxımından isə Arranın mərkəzi sahələrini əhatə etmişdi. Qarabağ dağlıq və dağətəyi yerləri birləşdirən vahid ərazidən ibarət olmuşdu.

Qarabağ Arranın tərkib hissəsi kimi XIV-XV yüzilliklərdə Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrin mərkəzlərindən biri idi. Elxanilər dövlətinin hökmdarlarının daim Qarabağda qışlamaları, bir sıra dövlət səviyyəli hadisələrin burada baş verməsinə səbəb olmuşdu.

Elxani hökmdarlarından üçü - Qazan xan, Arpa xan və Ənuşirəvan səltənət taxtına Qarabağda çıxmış, ikisi isə - Arqun və Əbu Səid Qarabağda vəfat etmişlər (Piriyev V. Z. Gös. əsəri, s. 101-102).

1335-ci ildə Elxani hökmdarı sultan Əbu Səidin ölümündən sonra Elxanilər dövlətinin tənəzzülə uğraması, parçalanması və nəhayət süqut etməsi Qarabağda da öz təsirini göstərmişdi. Qarabağ hakimi Əmir Surğan və anası Satıbəy Xatun Hülakilər dövlətində şiddətlənən feodal ara müharibələrinin fəal iştirakçılarına çevrildilər.

1338-ci ildə hakimiyyət uğrunda mübarizə aparan feodal qrupları ilk növbədə çobanilərlə cəlairlər arasında bağlanan müqaviləyə əsasən Arranın tərkib hissəsi kimi Satıbəy Xatun və Əmir Surğanın sərəncamında qaldı.

Qarabağ hakimi Satıbəy Xatunun Hülakülər dövlətinin padşahı seçilməsindən başlayaraq Qarabağ uzun müddət Çobanilərin fəaliyyəti ilə bağlı tarixi hadisələrin mərkəzində durmuşdu (Həmdullah Mustofi Qəzvini. Zeyl-e Tarix-e qozide. Giriş, tərcümə, şərhlər və göstəricilər M. D. Kazımovun və V. Z. Piriyevindir, Bakı, 1986, s. 32; Piriyev V. Z. Göstərilən əsəri, s. 103. ).

 

XIV yüzilliyin II yarısında Azərbaycan Cəlairilər dövlətinin tərkibinə daxil olduqdan sonra Qarabağ ərazisi də bu dövlətin nəzarətinə keçdi. Sultan Əhmədin hakimiyyətinin ilk vaxtlarında Qarabağ Cəlairi əmirləri tərəfindən idarə olunurdu.

Əmir Teymurun Azərbaycana yürüşlərindən sonra Qarabağ, demək olar ki, tamamilə onun buradakı canişinlərinin tabeliyində olmuşdu. Qarabağ Əmir Teymurun qış iqamətgahına çevrilmişdi.

Dövrün mənbələrində Teymurun və eləcə də ondan əvvəlki Hülaku və Cəlairi şahzadələrinin Qarabağda qışlamaları barədə çoxsaylı faktlara təsadüf olunur. Əmir Teymur Qarabağ ərazisindən özünün qərbdəki düşmənlərinə qarşı mübarizəsində başlıca istinadgah kimi istifadə edirdi.

24 may 1388 - Qara Məhəmmədin başçılıq etdiyi Qaraqoyunlu tayfasının qoşunları Teymurun müttəfiqi olan Cəlairi əmirlərinin müqavimətini qıraraq Təbrizə daxil olublar. Bu, Qaraqoyunlu qüvvələrinin Teymurun hökmranlığına qarşı ilk uğurlu döyüşü idi.

XV yüzilliyin əvvəllərində tərkibinə Qarabağın da daxil olduğu Cəlairilər dövləti Əmir Teymurun yürüşü nəticəsində dağıldı. Sultan Əhməd Bağdada qaçdığı üçün Azərbaycanı Əmir Teymur oğlu Miranşah idarə edirdi.

1404-cü ilin martında Əmir Teymur Qarabağ qışlağından Səmərqəndə dönən zaman Hülakü ulusuna daxil olan ərazilərin idarəsini nəvəsi Ömər Mirzəyə tapşırdı (Sümer F. Kara Koyunlular. I cilt, Ankara, 1967, s. 70).

 

1405-ci ildə Teymurun vəfatı onun imperiyasında sülalə ixtilaflarına, övladları arasında hakimiyyət uğrunda arasıkəsilməyən toqquşmalara zəmin yaratdı. Azərbaycan yeni müharibələr meydanına çevrildi. Əlverişli siyasi vəziyyətdən faydalanan yerli hakimlər xalq kütlələrinin yardımı ilə müstəqillik uğrunda mübarizəyə başladılar (Azərbaycan tarixi. Yeddi cilddə. Üçüncü cild, Bakı, 1999, s. 78).

Bu mübarizəyə Şirvanşah İbrahim (1382-1417) rəhbərlik edirdi. Ölkənin ayrı-ayrı vilayətlərində yadelli ağalığına qarşı başlanan mübarizədən istifadə edən I İbrahim 1406-ci ildə Kür çayını keçərək Gəncəni və Qarabağın böyük bir hissəsini nəzarət altına aldı. Qaynaqların qeyd etdiyinə görə, bu dövrdə Qarabağın hakimi Qaramanlı tayfasından olan Yar Əhməd olmuşdu.

Bu zaman Gəncə və Qarabağ hakimi Yar Əhməd Qaraman, Şirvanşah I İbrahim, Ərdəbil hakimi Bistam Cagir, Şəki hakimi Seydi Əhməd Teymuri Ömər Mirzəyə qarşı mübarizədə öz qüvvələrini birləşdirdilər. Ömər Mirzə birləşmiş qüvvələrlə döyüşə girməkdən çəkinərək geri döndüyü üçün Azərbaycanın şimal torpaqları Teymurilərdən tamamilə azad edildi.

1406-cı ilin mayında Şirvanşah I İbrahimTəbrizi ələ keçirsə də, Cəlairi Sultan Əhmədin Bağdaddan yürüş xəbərini eşidərək geri dönmək məcburiyyətində qaldı. Şirvanşah I İbrahimin Azərbaycan torpaqlarını birləşdirmək təşəbbüsü bir nəticə vermədi. Bu dövrdə Cənubi Azərbaycan torpaqları Teymuri Əbu Bəkrin hakimiyyəti altında qalmışdı.

 

Bu arada Qaraqoyunlu Qara Yusif 1406-cı ildə Naxçıvan və 1408-ci ildə isə Sərdrud döyüşlərində Teymuri Əbu Bəkri məğlub edərək Teymurilərin Azərbaycandakı ağalığına son qoydu.

1410-cu ildə Qara Yusif Təbriz yaxınlığında keçmiş müttəfiqi Sultan Əhmədi məğlub edərək Cəlairi dövlətinə son qoydu və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövlətini yaratdı.

Qaraqoyunlu dövlətinin tərkibinə Qarabağ, Cənubi Azərbaycan, indiki Ermənistanın ərazisi, Gürcüstanın bir hissəsi, Şərqi Anadolunun bir hissəsi, Ərəb İraqı və Əcəm İraqı daxil oldu (Azərbaycan tarixi, Üçüncü cild, s. 81; Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixişünaslığında. Bakı, 2000, s. 56; Efendiev O. A. Karabax vsostave qosudarstv karakoyunlu, Akkoyunlu i Sefevidov (XV-XVIIvv. ). // Karabax. Oçerk istorii i kulturı. Bakı, 2004, 62-63).

 

Qarabağın Qaramanlı tayfaları Qaraqoyunlu tayfa ittifaqına daxil olaraq bu dövlətin siyasi tarixində əhəmiyyətli rol oynadılar.

1412-ci ilin dekabrında Qara Yusifin Şirvanşah I İbrahim, Şəki hakimi Seydi Əhməd və gürcü çarı Konstantinin birləşmiş qüvvələrinə qarşı döyüşdə Yar Əhmədin rəhbərliyi altında “Qaraman əsgərləri” yaxından iştirak etmişdi. Kür çayının sahilində baş verən bu döyüşdə Qara Yusif Qarabağ dəstələrinin yardımı ilə qələbə qazandı (Petruşevskiy İ. P. Qosudarstva Azerbaydjana v XV v. Sb. Statey po istorii Azerbaydjana, Vip. 1, Baku, 1949, s. 160; Nəcəfli T. H. Göstərilən əsəri, s. 58-59; Efendiev O. A. Karabax v sostave. . . , s. 62).

1420-ci ildə Qara Yusifin ölümü Teymuri Sultan Şahruxun Azərbaycanı işğal etməsinə şərait yaratdı. Arran Qarabağında qışlayan Sultan Şahruxun hüzuruna gəlmiş qonşu hakimlər arasında Qarabağ hakimi Yar Əhməd Qaramanla yanaşı qardaşı Şirzad da olmuşdu (Xavafi Fasix. Mudjmali Fasixi. Perevod, predislovie i ukazateli D. Ö. Ösupovoy, Taşkent, 1980, s. 188).

1421-ci ilin aprelində Sultan Şahruxun Qarabağı tərk etməsi ilə teymurilərə qarşı Gəncə və Bərdədə Yar Əhməd Qaramanlının üsyanı başladı. Teymuri tarixçisi Fəsih Xəvafi yazır ki, bu zaman Qara köpəkdə (hazırda Füzuli şəhərinin şimal-şərqində-T. N. ) olan Sultan Şahrux oğlu Baysunqur Bahaduru Yar Əhmədə qarşı göndərdi (Xəvafi F. Gös. əsəri. S. 190).

Faruk Sümer yazır ki, Yar Əhməd Qaramanlı Gəncə-Qarabağ ətrafında Cağatay ulusundan vergi toplayan təhsildarlara hücum edərək mallarını əllərindən almışdı. Buna görə də, Şahrux Baysunquru Yar Əhmədin üzərinə göndərdi. O, Gəncəni tərk edərək Gürcüstan torpağındakı Esfərzən qalasına sığınsa da, aman verilərək Şahruxun hüzuruna gətirildi və əfv olundu (Sümer F. Gös. əsəri, s. 118; Efendiev O. A. “Vseobşoe istorie Xafiza Abru kak istoçnik po istorii Zaqafqaziya pervoy çetverti XV v. // istoçnikovedçeskie raziskanie 1979. Tbilisi, 1984, s. 226-227”).

Fəsix Xəvafi yazır ki, Sultan Şahrux Qaraqoyunlu İsgəndərlə Aləşgərd döyüşündə vuruşan zaman Yar Əhməd Qaramanlı Bərdə qalasından gətirilərək edam olundu (Xəvafi F. Gös. əsəri, s. 19).

Bu zaman Qaraqoyunlu İsgəndər Sultan Şahruxun Azərbaycanda möhkəmlənməsinə ciddi müqavimət göstərmişdi. Qaraqoyunlular arasında ara müharibələrinin başlanmasına baxmayaraq, İsgəndər dövlətin bütövlüyünü qoruyub saxlamışdı.

1429-cu ildə Sultan Şahrux Azərbaycana II yürüşü zamanı Səlmas döyüşündə İsgəndəri məğlub edərək Azərbaycana yiyələnmiş və ölkəni tərk edən zaman hakimiyyəti İsgəndərin qardaşı Əbu Səidə versə də, az sonra İsgəndər hakimiyyəti qardaşından geri almışdı.

 

1435-ci ildə Sultan Şahrux Azərbaycana yenidən yürüş etmiş və Qarabağda qışlamışdı.

1436-cı ilin yazında Sultan Şahrux Azərbaycanın idarəsini İsgəndərin digər qardaşına - Teymurilərin aslılığını qəbul edən Cahanşaha tapşırmışdı. İsgəndər bununla razılaşmayaraq hakimiyyətini qəsb edən qardaşına qarşı mübarizəyə başlamışdı.

1438-ci ildə “dövlətinin əsas əmirlərindən” olan Piri bəy Qaramanlının Cahanşahın tərəfinə keçməsi nəticəsində Həft-Çeşmə yaxınlığında qardaşı ilə döyüşə girməyən İsgəndər Əlincə qalasına qaçdı və orada öldürüldü (Tehrani Ə. Kitab-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz, şərhlər və göstəricilərin müəllifi Rahilə Şükürova, Bakı, 1998, s. 90; Sümer F. Gös. əsəri, s. 139; Efendiev O. A. Karabax v sostave. . . , s. 62).

Güman etməyə əsas vardır ki, bu zaman Piri bəy Qaramanlı Gəncə və Bərdə hakimi olmuş və görünür Yar Əhməd Qaramanlını əvəz etmişdi. Cahanşahın dövründə də Qarabağ Qaraqoyunlu dövlətinin tərkibində qalmışdı.

1467-ci ildə Cahanşahın Uzun Həsənlə döyüşdə öldürülməsindən sonra Qarabağ qaraqoyunluların digər torpaqları kimi Ağqoyunluların nəzarətinə keçmişdi. Cahanşahın oğlu Həsən Əli atasının öldürülməsindən sonra ordu toplayaraq vəziyyətdən çıxmağa çalışmışdı.

1468-ci ildə Cahanşahın oğlu Həsən Əli Mərənd yaxınlığında Uzun Həsənlə döyüşdə məğlub olaraq xilas olmaq üçün Qarabağa qaçmış və Bərdəyə gəlmişdi.

Əbubəkr Tehrani yazır ki, Cahanşahın ölümündən sonra həmin vilayətin hakimi olmuş Piri bəy Qaramanlının övladları Həsən Əli Mərəndi əvvəlcə onu tutub Uzun Həsənin hüzuruna göndərmək istədilər, lakin sonra bu fikirdən daşınıb ona imkan verdilər ki, Ərdəbilə getsin və böyük şeyxlərin hüzuruna pənah aparsın (Tehrani Ə. Gös əsəri, s. 250; Efendiev O. A Karabax v sostave. . . , s. 62).

Dövrün qaynaqlarında Qarabağ Sultan Şahrux ordusunun ənənəvi qışlaq yeri kimi xatırlansa da, bu vilayət haqqında konkret məlumatlar çox azdır.

 

Uzun Həsənin oğlu Sultan Yaqubun hakimiyyəti dövründə (1478-1490) Gəncə və Bərdə vilayətləri mərkəzi hakimiyyətin yerli tayfa başçılarının təyin etdiyi şəxslərin idarəsi altında qalmaqda davam etmişdir.

Ağqoyunlu tarixçisi Fəzlullah ibn Ruzbehan Xuncinin qeyd etdiyinə görə, Gəncə və Bərdə vilayətlərinin idarəsi Sultan Yaqub tərəfindən oğlu Baysunqura həvalə olunmuşdu (Xindci F. R, Tarix-i alam-ara-yi Amini. Perevod s anqliyskioqo na ruskiy T. A. Minorskoy. Bakı, 1987, s. 87; Efendiev O. A. Karabax v sostave. . . , s. 63).

F. R. Xunci Səfəvi Şeyx Heydərin 1488-ci ildə Şirvan və Dağıstana yürüşü zamanı Qarabağ haqqında müəyyən məlumat verir. Müəllif yazır ki, Şeyx Heydər “Bərdə vilayətində olan Calabert dairəsinə çatan zaman baş qazinin mülkü olan bu ərazini qarət etdi və zimmilər icmasının əmlakını müsadirə etdi. Bu zimmilər (yəni xristian albanlar-T. N. ) sülh şəraitində yaşayaraq cizyə və uşr vergisini ödəmiş, əzabdan və zülmdən azad olmuşdular” (Xunci F. R. Gös. əsəri, s. 86).

F. R. Xunci Sultan Yaqubun hakimiyyəti dövründən danışarkən yazır ki, o qış dövrünü ya Təbrizdə, ya da Qarabağda Qaraağacda keçirirdi (Xunci F. R. Gös əsəri, S. 119; Efendiev O. A. Karabax v sostave. . . , s. 63).

 

Dövrün qaynaqlarında Qarabağ Sultan Yaqubun oğlu Baysunqurun qısa hakimiyyəti dövrünün hadisələri şərh olunarkən yenidən xatırladılır.

1492-ci ildə Eybə Sultan Bayandurla Baysunqur arasındakı döyüş Gəncə və Bərdə arasında baş vermişdi. Dövrün qaynağının verdiyi məlumata görə, Eybə Sultan öz bayrağı altında Qarabağ Qacarlarını birləşdirə bilmişdi. Buna görə də, baş vermiş döyüşdə Baysunqur məğlub olmuş və 1493-cü ilin avqustunda Bərdə ətrafındakı ikinci döyüşdə də öldürülmüşdü (Xunci F. R. Gös. əsəri, s. 143-144).

Bu fakt bir daha təsdiq edir ki, artıq bu dövrdə Qacar tayfası Qarabağda yaşayırdıAzərbaycan Səfəvi dövlətinin yaranmasında əsas rol oynayan Qızılbaş tayfalarından biri olan Qacarların mənşəyi və Azərbaycanda məskunlaşması tarixilə bağlı tarixşünaslıqda müxtəlif yanaşma mövcuddur.

Türk tarixçisi Z. V. Toğanın qənaətinə görə, Qacarlar Azərbaycana Oğuz xanın İran səfərlərində gəlib yerləşmiş və monqolların Azərbaycana yürüşləri vaxtı Xalxal ətrafında yaşamışdılar. Qacarlar Hülaku ordusuna yardım edərək onlarla birlikdə Şam tərəflərinə göndərilmiş, Əmir Teymur və Qaraqoyunlular dövründə isə oradan təkrar Azərbaycana qayıtmışdılar (Toğan Z. V. Azərbaycan etnoqrafisinə dair. // “Azərbaycan Yurt Bilgisi”, c. II, sayı 14, İstanbul, 1933, s. 56; Bu haqda geniş məlumat üçün bax: Nəcəfli T, Nəcəfli G. Role of Qacars in Azerbaijans politikal life in XVI-XVII centrues. // Azerbaydjan i azerbaydjani. Baku, 2006, 1-4, s. 137-138).

“Qızılbaşlar tarixi” müəllifinin təsdiq etdiyinə görə, Qacarlar qədimdən Gəncə və Bərdədə yaşamışlar və onların bir qismi Şamdan gəlmişdir (“Qızılbaşlar tarix i”. Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir, Bakı, 1993, s. 36).

Bu faktlar bir daha təsdiq edir ki, Oğuz boylarından olan Qacarlar hələ monqol yürüşləri ərəfəsində Azərbaycanda yaşamış və monqol hücumları qarşısında digər türkmanlarla yanaşı Şərqi Anadoluya çəkilməli olmuşdu. XV yüzillikdə Qacarlar Ağqoyunlu tayfa birliyinə daxil olmuşdu.

 

XV yüzilliyin 90-cı illərində Ağqoyunlu taxt-tacı uğrunda şiddətli mübarizədə Qarabağda yaşayan Qacarların yaxından iştirak etdiyini dövrün qaynaqları təsdiq edir.

XV yüzilliyin son rübündə şeyx Heydərin ətrafında toplanmış Qızılbaş tayfaları arasında Qarabağ Qacarları da xüsusi yer almışdı.

İ. P. Petruşevskinin fikrincə, XV yüzilliyin sonunda qızılbaş tayfalarına vaxtilə Ağqoyunlu tayfa birliyinə olan Qacar (Ağqoyunlu Qacar) türk tayfası da qoşulmuşdu (Petruşevskiy İ. P. Oçerki po istorii feodalnıx otnoşeniy v Azerbaydjane i Armenii v XVI v. v. , L. , 1949, s. 91).

XV yüzilliyin sonunda Azərbaycan Ağqoyunlu dövlətində daxili ziddiyyətlər daha da kəskinləşmiş və 1500-cü ildə dövlət Ağqoyunlu əmirləri arasında parçalanmışdı.

Cənubi Azərbaycan, Qarabağ, Naxçıvan və Diyarbəkr Sultan Əlvəndin, Ərəb İraqı, Fars və Kirman isə Sultan Muradın əlində qalmışdı (Petruşevskiy İ. P. Qosudarstva Azerbaydjana v XV v, s. 179; Efendiev O. A. Obrazovanie azebaydjanskoqo qosudarstva Sefevidov v naçale XVI v. Baku, 1961, s. 84).

1499-cu ildə İsmayıl Lahicanı tərk edib Ərdəbil istiqamətində hərəkət edən zaman onun yanındakı sadiq müridləri arasında Qara Piri bəy Qacar da olmuşdu. Zeynəlabdin Əli “Təkmilətül-əxbar” əsərində yazır ki, göstərdiyi igidliyə görə “Tozqoparan” ləqəbini alan Qara Piri bəy Qacar İsmayıl tərəfindən 1501-ci ildə Ağqoyunlu Əlvəndə qarşı göndərilən avanqard qüvvələrə rəhbər təyin edilmişdi (Efendiev O. A. Obrazovanie azebaydjanskoqo qosudarstva Sefevidov. , s. 146).

XVI yüzilliyin başlanğıcında Qarabağ Azərbaycan Səfəvilər dövlətinin tərkibinə mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyi kimi daxil olmuşdu.

 

Beləliklə, XV yüzillikdə Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və Azərbaycan dövlətlərinin tərkibində qalıb. Bu dövrdə Qarabağ əhalisinin əsas hissəsini Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu tayfa birliklərinə daxil olan türkdilli Azərbaycan tayfaları və onun oymaqları təşkil etmişdir.

Qarabağ əhalisi və onun etnik tərkibi haqqında ən mühüm məlumat 1593-cü ildə Osmanlı maliyyə məmuru İmamzadə Mehmed tərəfindən tərtib olunan “Gəncə-Qarabağ icmal dəftərin”də verilmişdir (Bax: Kırzıoğlu F. 1593 (H. 1001) yılı Osmanlı vlayet Tahrir defterinde anılan Gence-karabağ sancaqları “Ulus” ve “Oymakları”-Edebiyyat Fakültesi Araştırma Dergisi ahmet Safaroğlu Özel Sayısı, sayı 10, Ankara, 1979).

Qaynağın təsdiq etdiyinə görə, Qarabağda Qaramanlı, Qacar, Baharlı, Hacılı, İyirimidördlü, Otuzikili, Şəmsəddinli, Qapanlı və digər türk tayfaları yaşamışdı.

 

Xəbərlər
Redaktorun seçimi