“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.11.2014, 20:05
2012

12 noyabr Azərbaycan Konstitusiyası günüdür

A- A+

1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən Əsas Qanun ötən dövrdə iki dəfə islahata məruz qalıb

12 noyabr Azərbaycanda Konstitusiya günüdür. 1995-ci il noyabrın 12-də birinci çağırış Milli Məclisə seçkilərlə eyni gündə keçirilən ümumxalq referendumunda Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olunub.

Konstitusiyanın mətni 1995-ci il noyabrın 27-də Milli Məclis tərəfindən təsdiqlənərək qüvvəyə minib. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr Konstitusiya günü və rəsmi dövlət bayramı (qeyri iş günü) elan olunub. 2006-cı ildə rəsmi bayramların qeyd olunmasını nizamlayan qanunvericiliyə (Əmək Məcəlləsi) edilən əlavə və düzəlişlər nəticəsində Konstitusiya gününün rəsmi bayram statusu saxlanılsa da, 12 noyabr iş günü elan edilib.

1995-ci ildə Azərbaycan Respublikasının Əsas Qanunun qəbulu təkcə ölkədə yeni hüquqi bazanın yaradılması demək deyildi. Bu, mahiyyət etibarilə Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin açılması idi. Müstəqilliyin ilk illərindən siyasi çəkişmələr, hakimiyyət böhranı, qiyam və çevriliş cəhdləri ilə silkələnən Azərbaycan üçün yeni Konstitusiyanın qəbulu həm də çoxdan gözlənilən daxili sabitliyin bərqərar olması demək idi.

Yeni Konstitusiya Azərbaycanın hüquq müstəvisinə də istiqrar və aydınlıq gətirdi. Çünki 1995-ci ilədək bu sahədə də qarışıqlıq vardı.

Sovet dövründən qalan qanunvericilik bazası, 1991-ci il oktyabrın 18-də qəbul olunan və keçid dövr səciyyəsi daşıyan «Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı», daha sonra qəbul edilən konstitusion qanunlar, onlara edilmiş çoxsaylı əlavə və düzəlişlər - 1995-ci ilədək Azərbaycan dövləti belə hüquqi qarışıqlıq atmosferində yaşamalı olmuşdu.

Təsadüfi deyil ki, bu müddətdə ölkədə baş verən dövlət çevrilişi cəhdləri də nəticə etibarilə Azərbaycanda sabit olmayan dövlət idarəçiliyini konstitusion çərçivədən çıxarmağı hədəfləyirdi. 1995-ci ilin martında sonuncu qiyam cəhdinin yatırılması Azərbaycanda qeyri-konstitusion yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoymaqla yanaşı, sabit dövlət quruculuğu prosesini də dönməz etdi.

1995-ci il iyunun 5-də prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyasının ilk iclası keçirildi. Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı. Bir neçə ay ərzində mətbuatda bu mövzuda diskussiyalar getdi, ayrı-ayrı məsələlər, o cümlədən Konstitusiyada dövlət dilinin adının (Azərbaycan dili) necə təsbit olunması ilə bağlı geniş mütəxəssis auditoriyasının iştirakı ilə toplantılar keçirildi. Son olaraq referendum öncəsi bir daha toplanan Konstitusiya komissiyası layihənin yekun variantını razılaşdırıraq onu referenduma çıxardı.

1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyasının mətnində demokratik inkişaf, hüquqi dövlətçilik, hakimiyyət bölgüsü, insan haqlarına təminat və s. məsələlərə dair mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətləri əks tapmışdı. Eyni zamanda, bu, Azərbaycanın müstəqil dövlətçilik tarixinin ilk Əsas Qanunu oldu.

Məlum olduğu kimi, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiya qəbul etmək mümkün olmamışdı. Sonrakı sovetlər dönəmində qəbul edilmiş konstitusiyalar isə mahiyyət etibarilə müstəqil dövlətçilik və suveren xalq anlayışlarına uyğun gəlməyən formal sənədlər idi.

Yeri gəlmişkən, sovet dönəmində Azərbaycanda üst-üstə dörd dəfə Əsas Qanun qəbul olunub. 1921-ci ildə sovet Azərbaycanın ilk Konstitusiyası 1-ci Ymumazərbaycan sovetlər qurultayında qəbul olunmuşdu. Həmin sənəddə sosialist Azərbaycanının suveren respublika olması, deklarativ şəkildə də olsa, qeyd edilmişdi.

1925-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul olunanda respublika "Zaqfederasiya" deyilən qurama birliyin subyekti idi. 1936-cı ildə SSRİ-də Stalin Konstitusiyasının qəbulu ilə Zaqfederasiya ləğv olundu, müttəfiq respublikaların konstitusiyaları isə daha mürtəce şəkil aldı.

1937-ci ildə qəbul edilən Azərbaycan SSR-in sayca üçüncü konsitusiyasında hər şey Moskvaya tabe olunmuşdu. Hətta Azərbaycan SSR-də dövlət dilinin də rus dili olduğu təsbitlənmişdi.

1978-ci ildə Azərbaycanda sovet dönəminin sonuncu Əsas Qanununu qəbul edildi. O vaxt respublikaya rəhbərlik edən Heydər Əliyevin səyləri ilə həmin Konstitusiyada "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" müddəası əksini tapdı.

1991-ci ildə SSRİ-nin süqutu ilə qırmızı konstitusiya tarixi də qapandı. 1991-ci il oktyabrın 18-də Ali Sovetdə qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı keçid dövrü üçün müvəqqəti Əsas Qanun olaraq nəzərdə tutulmuşdu. Nəticədə bu keçid dövrü, qeyd etdiyimiz kimi, dörd il çəkdi.

Nəhayət, 1995-ci ilin 12 noyabrında Azərbaycanda ümumxalq referendumu ilə müstəqil dövlətçiliyin bütün parametrlərini özündə ehtiva edən Konstitusiya qəbul olundu. Beş bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan Konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayırılması idi. Əsas Qanununun təxminən üçdə biri (3-cü fəsil, 48 maddə) məhz bu sahəni əhatə edir.

Lakin bu müddəaların Konstitusiyada təsbitlənməsi ilə iş bitmirdi, onları reallıqda təmin etmək lazım idi. 1995-ci ilin 12 noyabrından sonrakı dövrə nəzər salsaq, görərik ki, bu istiqamətdə geniş hüquqi islahatlar həyata keçirilib.

1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. O vaxt hətta Avropa Şurasının üzvü olan bir çox ölkələr analoji addım atmamışdılar.

14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 8-də prezident Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı - mətbuat üzərində senzura tamamilə ləğv edildi.

1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu - ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə ölkəmiz bir sıra konvensiyalara qoşuldu, dövlətin hüquqi sisteminin demokratik dünya standartlara uyğunlaşdırılması davam etdi. 2002-ci ildə İnsan hüquqları üzrə müvəkkil - Ombudsman təsisatı fəaliyyətə başladı.

Bütün bu proseslər, habelə zaman və şəraitin diqtə etdiyi digər dəyişikliklər Konstitusiyanın da yeniləşməsi zərurətini yaratmışdı. 2002-ci il avqustun 24-də keçirilən ümumxalq referendumunda Konstitusiyaya 24 maddə üzrə 39 dəyişiklik edildi. Bu yeniliklər Konstitusiyada hakimiyyətin bölüşdürülməsi, insan hüquqlarının təminatı və siyasi proseslərdə demokratikliyin artırılması üçün daha geniş hüquqi baza yaratdı. Konstitusiyanın 130-cu maddəsinə edilən düzəlişə əsasən, hər bir vətəndaşa ölkənin ali məhkəmə instansiyasına - Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ təmin edildi.

2009-cu il martın 18-da Konstitusiya yenidən ümumxalq səsverməsi ilə islahata məruz qaldı. Əsas Qanunun ümumilikdə 29 maddəsinə əlavə və dəyişikliklər edildi. O cümlədən Konstitusiyanın 101-ci maddəsində bir şəxsin dalbadal iki dəfədən artıq prezident seçilməsini qadağan edən müdddəa aradan qaldırıldı.

Sözsüz ki, həyat və zaman dəyişdikcə gələcəkdə də dövlətin hüquqi sistemində, onun Konstitusiyasında təkmilləşmə, islahatlar yenə zəruri olacaq. Amma əsas olanı odur ki, bu dəyişikliklər nəticə etibarilə ilə Azərbaycan dövlətinin güclənməsinə, ölkə vətəndaşlarının hüquqlarının, şəxsi rifahının daha möhkəm təminatına yol açsın.

Ən böyük diləyimiz isə, təbii ki, Əsas Qanunumuzun təməl müddəalarının ölkəmizin bütün ərazisində bərqərar olması, Konstitusiyanın 11-ci maddəsində («Ərazi») təsbit olunmuş «Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir» prinsipinin gerçəkdə öz əksini tapmasıdır.

Vüqar Orxan, “525-ci qəzet”, 12.11.2009.

►Bax: Azərbaycan Respublikasının Konstitusiyası

 

Xəbərlər
Redaktorun seçimi