“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.11.2009, 22:04
543

Әliklilər, ceklilər və yergüclülər

A- A+

Azərbaycanın etnik cəhətdən rəngarəng bölgələrindən olan Quba rayonunda, Şahdağın ətəklərində salınmış Xınalıq, Buduq, Qrız, Hapıt kəndlərində  xınalıqlılar, buduqlular, qrızlılar və qrız etnosuna aid edilən hapıtlılar, ceklilər, əliklilər, yerguclülər yaşayırlar.

Qrızlıların subetnik qruplarından olan ceklilər, əliklilər və yergüclülər rayonun eyniadlı yaşayış məntəqələrində - Cek, Əlik və Yergüc kəndlərində yaşayırlar. Qrızlılar kimi onların da ilkin yaşayış məntəqəsi qədim Qrız kəndi olmuş və tədricən buradan ayrılaraq öz kəndlərini salmışlar. Hazırda hapıtlılar, ceklilər, əliklilər və yergüclülər qrız etnosuna aid edilən və qrız dilinin hapıt, cek və əlik dialektində danışan subetnoslar olaraq tanınırlar.

Cek kəndi Xınalığa doğru uzanan dağ yolunda sonuncu kənddir və Qudyal- çayın qolu olan Ağçayın sol sahilində, Cek qayaları kimi tanınan yüksəklik- lərin üzərində, Əlik, Buduq, Qrız, Yergüc, Qalayxudat kəndlərinin əhatəsində yerləşir. Bu kəndə getmək üçün sıldırımlı aşırımların və dərin dərələrin olduğu təhlükəli Çayqovuşan ərazisindən keçmək lazım gəlir.

Əlik kəndi isə bir qədər aralıda, eyni adlı Əlik çayının sahilindəki çökəklik- də salınmışdır. Deyilənə görə, kəndin adı bu hidronimdən götürülmüşdür. Әlik sözü türk dillərində «dağ çuxuru, çökəklik» anlamını verən alık kəlməsindən yaranmışdır.  Kənd dəniz səviyyəsindən təqribən 1500 metr yüksəklikdə yerləşir. Hazırda buradakı 50 evdə 300 nəfərədək insan yaşayır. Əlik digər Şahdağ kəndləri kimi qədim yaşayış məntəqələrindən biridir. Buradakı qədim məzar- lıqda aparılan tədqiqatlar zamanı Xınalıq və Qrız kəndlərində olduğu kimi bir neçə təbəqədən ibarət qəbirlər aşkar edilmişdir.

Əlik kəndinin şərqində yerləşən Yergüc kəndində isə hazırda heç kəs yaşa- mır. Kəndin son sakini burada 2006-cı ildə 110 yaşında vəfat etmişdir. XIX əsrin 30-40-cı illərindən etibarən sosial-iqtisadi səbəblərdən yergüclülər, onların gülxatınlılar, qarabığlılar və təhməzlilər kimi nəsilləri tədricən qədim yaşayış məskənlərini tərk edərək, münbit və yaşayış üçün əlverişli ərazilərə, məsələn, Xaçmaz rayonunun ərazisinə köç etməyə başlamışlar. Yergüclülər öz kəndləri- nin adını da özləri ilə aparmış, Xaçmazda eyni adlı Yergüc yaşayış məntəqəsini salmışlar. Bundan başqa, yergüclülər Qubanın Davudoba, Xaçmazın Sərkərli, Armudpadar, Hacıəlibəy, Uzunoba kəndlərinə də yayılmışlar.

Qrız etnosuna qohum qruplar olaraq ceklilər, əliklilər və yergüclülər də Qafqaz Albaniyasının qədim hər (er) tayfalarının varislərindən hesab olunurlar. Qrızlıların etnik adlandırılması olan hər etnonimi onun qohum qrupları olan ceklilər, əliklilər və yergüclülərin də etnik adlandırılmasında özünü bü- ruzə verməkdədir. Belə ki, əliklilər özlərinə ilaqar deyirlər. Burada -ar, -ər (hər) etnonimi iştirak edir. Qrızlılar və hapıtlılar da əlikliləri ilaqar, cekliləri isə cegər adlandırırlar. Vaxtilə qrızlıların bir qrupunun yaşadığı Yergüc (Ər- güc) kəndinin adında da fonetik dəyişikliyə uğramış hər etnonimi özünü bü- ruzə verir. Qeyd etmək lazımdır ki, qrızlılar Yergüc kəndinin adını hər zaman Әrgüc kimi tələffüz ediblər. Ceklilər, əliklilər və yergüclülər də bütün Şahdağ xalqları kimi özlərini alban tayfalarından biri sayırlar. Xınalıqlılar cekliləri, əlikliləri, yergüclüləri və onların məskunlaşdıqları kəndləri özünəməxsus şə- kildə adlandırırlar. Məsələn, əliklilərə legid, əliklilərin yaşadığı Əlik kəndinə isə Lig, ceklilərə inçid, Cek kəndinə isə İnci deyirlər. Qeyd etmək lazımdır ki, bu spesifik adları xınalıqlılar ancaq öz dillərində və bir-biri ilə ünsiyyət zama- nı işlədirlər. Qrızlılar Əlik kəndini Әlig, Yergüc kəndini Әrgüc, Cek kəndini Cəg adlandırırlar. Ceklilər isə özlərinə cəg və ya cəgid deyirlər.

Ceklilər öz dillərini ceka mez, əliklilər isə ilaq deyirlər. Hazırda ilaq di- lində təxminən üç yüzə yaxın adam danışır. Qeyd etdiyimiz kimi, qrız dilinin qrız-yergüc, hapıt, cek, əlik kimi dialektləri müəyyənləşdirilmişdir. Qrız-yer- güc dialektindən 29 kənddə, hapıt dialektindən 8 kənddə, cek dialektindən 6 kənddə, əlik dialektindən isə yalnız Əlik kəndində istifadə edilir. Qrız dilinin yergüc dialektini yergüclülərin yalnız yaşlı nəsli xatırlayır, lakin istifadə etmir. Xaçmaz rayonunun Yergüc kəndində yaşayan yergüclülər vaxtilə yergüc dilində danışsalar da, Şahdağ ətrafındakı əsas kəndlərindən Xaçmaz ərazisinə köçdükdən sonra dillərini, demək olar ki, unutmuşlar. Gənclərin əksəriyyəti- nin isə bu dil haqqında təsəvvürləri belə yoxdur.Qrız dilinin hapıt dialekti kimi cek və əlik, həmçinin yergüc dialektləri də XIX əsrdə bəzən müstəqil dillər kimi qəbul edilirdi. XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid ədəbiyyatda isə Qrız, Buduq, Xınalıq, Hapıt, Əlik, Cek, hətta hazırda tamamilə tərk edilmiş Yergüc kəndi də daxil olmaqla, onların hər birinin ayrıca dilinin olduğu qeyd olunurdu.52 Alman etnoqrafı İohan Qerber də əlik və hapıt dillərinin müstəqil dillər olduğunu bildirmişdi.53 Sovet dövrünün dilçi alimləri Cek, Əlik və Yergüc kəndlərinin hər birini müstəqil dil qrupuna aid etmiş, Şahdağ xalqlarının xınalıq, buduq, qrız, hapıt, cek, əlik və yergüc dillərində danışdıqlarını vurğulamışlar. Ötən əsrin 30-cu illərində qafqazşünas alim N.Marr Şahdağ xalqlarının beş müstəqil dilinin (xınalıq, cek, hapıt, buduq, qrız) olması qənaətinə gəlmişdi.54 Lakin tədricən hapıt, cek, əlik və yergüclülərin dilləri qrız dilinin lokal dialektləri olaraq qəbul edilmişdir.

Əliklilər və ceklilərin özləri də hapıtlılar kimi qrız tayfalarından olduqla- rını, dillərinin isə daha çox hapıt dilinə yaxın olduğunu söyləyirlər. Şahdağ kəndlərində, xüsusilə də Qrız, Əlik və Cek kəndlərində qrız dilini və onun dia- lektlərini araşdırmış fransalı qafqazşünas Jül Otye əlik dialektinə həsr olunmuş elmi əsər nəşr etdirmişdir.

Ümumiyyətlə, qrız dili və onun dialektləri kimi qəbul edilən cek, hapıt, əlik, yergüc dillərinin qrammatikası, xüsusilə də say sistemi və qohumluq bildirən sözlər, demək olar ki, eynidir. Məsələn, qrızlılar ataya bəy, ceklilər isə bay deyirlər. Qrızlılarda və ceklilərdə bəyər kəlməsi «hörmətli kişilər» mənasındadır. Çeklilərin və qrızlıların işlətdiyi bəy termini həm də qədim müraciət formasıdır. Çox hörmətli, ağsaqqal adama müraciət zamanı da Azərbaycan türklərində olduğu kimi bəy deyirlər. Maraqlıdır ki, qrızlılar və ceklilər Azər- baycan türklərini azərbay adlandırırlar.

Şahdağ xalqlarının əksəriyyəti kimi ceklilər, əliklilər və yergüclülər də iki- dillidirlər. Bu xalqların öz aralarındakı əsas ünsiyyət dili ana dilləri olmaqla bərabər, onlar həm də Azərbaycan dilində danışırlar. Hələ XIX əsrdə İ.Qer- ber Şahdağ xalqları arasında ikidillilyin olduğunu qeyd edirdi. O yazırdı ki, onların hər biri, xüsusilə də buduq- lular və əliklilər Azərbaycan dilini yaxşı bilirlər.

Qeyd edək ki, XIX əs- rin əvvəllərinə aid miqra- siya meyilləri Cek və Əlik kəndləri üçün də səciyyəvi olmuşdu. Belə ki, sosi- al-iqtisadi şəraitlə əlaqədar olaraq, ceklilər və əliklilə- rin bir hissəsi əlverişli təbii iqlim şəraiti olan bölgələrdə – Xaçmaz, İsmayıllı, Qəbələ və Ağdaş rayonlarında məskən salmışlar. Statis- tik məlumata görə, XIX əsrdə baş vermiş həmin miqrasiya prosesi nəticəsin- də Qrız, Cek və Əlik kəndlərində cəmi 1037 nəfər insan qalmış, əvəzində isə yuxarıda adları çəkilən bölgələrdə 23 yeni kənd salınmışdı.58 Yeni ərazilərdə məskunlaşmış ceklilər və əliklilər haqqında ətraflı məlumat vermiş XIX əsr müəllifi, statistik və etnoqraf Nikolay Zeydlis «Rusiya imperiyasının yaşa- yış məntəqələrinin siyahısı. Bakı quberniyası. 1859-1864-cü illər» hesabatında vaxtilə Cek kəndinin 294 tüstüdən (evdən) ibarət olduğunu, sonralar buradan Baqi oba, Ağarəhim oba, Dəyirman oba, Çuxur oba, Ağarza oba, Әliməmməd oba, Xamuştəpələr, Sultan oba, Sultanmahmud oba, İbrahim oba, Ağalar oba, Həşim oba, Şıxı oba, Çoban oba, Rəhim oba, Qıraqlı oba, Müzəffər oba, Aşur oba, Almazqazmalar, Daşdəmir oba, Heydər oba, Ağarza oba, Әbdüləziz oba, Әlimirzə oba, Әzizbəy oba, Ramazan oba, Molla oba, Davud oba, Məlik oba, Şirin oba, Xırdaoymaq, Məlik oba, Әlirza oba, Səfixan oba kimi kiçik məhəllə-nəsillərin ayrıldığını qeyd etmişdir. Elə həmin mənbəyə əsasən, XIX əsrdə Əlik kəndindən Daldəlik, Canaxar, Məmərzabəy oba, Meyralı qışlağı, Hümməti qışlağı, Yusuf qışlağı, Әhmədxan qışlağı, Mollamahmud qışlağı, Mürsəli qışlağı kimi nəsillər yeni məskənlərə köç etmişlər.  Rusiya imperiya- sının Azərbaycan ərazilərini işğal etməsinədək çeklər Quba qəzası əhalisinin 4,2 %-ni təşkil etsələr də, XIX əsrin sonlarınadək Cek kəndindən köçənlərin ümumi sayı 294 ailə olmuş və nəticədə burada cəmi 14 ailə qalmışdı.60 Lakin Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Şahdağ kəndlərinin sosial-iqtisadi inkişafına xüsusi diqqət göstərilmiş və əhalinin miqrasiyası da- yanmışdır. Hazırda Cek kəndində təqribən 70 evdən ibarət 430 nəfər yaşayır. Tarixi mənbələrdə də cek, ceq və ya ceg kimi göstərilən ceklilər hazırda Cek kəndindən savayı Qubanın digər kəndlərində və Xaçmazda sıx şəkildə məs- kunlaşmışlar.

Digər Şahdağ yaşayış məntəqələrində olduğu kimi Cek kəndində də xeyli sayda, təqribən 25-dən çox qədim ziyarətgah və dini ibadət yerləri, məsələn, Əbu Müslüm məscidi və Atəşgahın izləri qalmaqdadır. Qeyd etdiyimiz kimi, Əbu Müslüm adlı mscidə həm Xınalıq, həm də Qrız kəndlərində də rast gəlinir. Cek kəndinin ən qədim müsəlman ibadətgahlarından olan Əbu Müslüm məsci- dinin tikintisi islam dininin Azərbaycanda ilk yayılma mərhələsinə – VII-VIII əsrlərə aid edilir. Bu ibadətgah həm arxitekturasına, həm də tərtibat element- lərinə görə ənənəvi məscidlərdən fərqlidir və islamaqədərki qədim inancların da elementlərini daşıyır. Sıldırım qayaların üzərində inşa edilmiş tikilinin üzə- rindəki ornamentlərdə Qafqaz Albaniyası xalqlarının hələ xristianlıqdan öncə tapındıqları Günəş kultuna aid sakral işarələrə rast gəlinir. Bu elementlər həmin tikilinin bənzəri olan və eyni adı daşıyan Xınalıq və Qrız məscidlərində də vardır. Tədqiqatlara əsasən, bu ibadətgahlar vaxtilə qədim Günəş məbədlərinin üzərində inşa edilmişdi. Cek kəndindəki Əbu-Müslüm məscidi bu gün də fəaliyyət göstərməkdədir.

XIX yüzillikdə digər Şahdağ xalqları kimi ceklilər, əliklilər və yergüclülərin də əsas məşğuliyyəti maldarlıq olmuşdur. Bu kəndlərdə qoyunçuluq xüsusilə inkişaf etmişdir. Kənd əhalisinin əksəriyyəti hazırda da qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət etmişlər. Hər il oktyab- rın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-dən 15-dək isə yaylağa qaldırırlar. Ceklilərin adət-ənənələrində bütün Şahdağ xalqlarında olduğu kimi, Azərbaycanın şimal-qərb bölgəsində yaşayan əhali ilə bir çox ortaq cəhətlər vardır.

Məsələn, ceklilərin də toy mərasimlərində bəyin və gəlinin dayısı mühüm rol oynayır. Hətta ceklilər də udilər kimi dayıya xalu deyir- lər. Azərbaycanın bir çox bölgələrinin toy mərasim- lərində şax bəzəmə adəti mövcud olsa da, Şahdağ xalqlarında bəzədilən şax- dan diri xoruzun asılması spesifik bir ənənədir. Şah- dağ xalqlarında, adətə görə, bəy tərifindən sonra şaxdakı xoruz sağdış və soldışın iştirakı ilə kəsilib qızardılır, bəyin süfrəsinə qoyulur. Bu mərasimi isə bəyin dayısı təşkil edir.
     Ənənəvi olaraq ortaq Azərbaycan kulinariya mədəniyyətinin bir parçası olan Şahdağ xalqları mət- bəxinin özünəməxsus xüsusiyyətləri də vardır. Əsas fərq isə iqlim şəraitini və yaşam tərzini nəzərə alaraq, burada quru ətdən geniş istifadə edilməsidir. Bu ənənə Şəki-Zaqatala bölgəsi üçün də səciyyəvidir. Kəndirdə qurudularaq tə- darük edilən ət qaxac adlanır. Məişətdə quru ətlə yanaşı, qatıqdan hazırlanan qurut da geniş yayılmışdır. Bu isə Azərbaycanın maldarlıqla məşğul olan bü- tün bölgələri üçün səciyyəvidir. Ceklilərə məxsus xüsusi mətbəx nümunələ- rindən curum, qiləc, çama-fu, sərgil-afar və boqortc-halva kimi milli yemək- lər məşhurdur. Ceklilər də udilər kimi qutaba afar (afara) deyirlər. Şahdağ xalqlarında kabab şişdə deyil, birbaş kömür üzərində bişirilir. Onların mətbəx nümunələri içərisində ən spesifik xörək çeynəmə adlanır. Bu yemək xaş (bişi- rilmiş mal dırnağı), üyüdülmüş düyü, qoz və qovrulmuş buğdadan hazırlanır. Bu xörəyə ingiloylar qorqot, Anadoluda isə kəşkük deyirlər.

Cek kəndi həm də Quba xalçaçılıq sənətinin məşhur nümunələrindən olan Cek xalçalarının toxunduğu mərkəzdir. Bu xalçalar bütövlükdə Azərbaycan xalçaçılıq sənətinin Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir və Qrız, Xınalıq, Söhüb, Buduq və Qalayxudat kimi kəndlərdə toxunur. Toxuculuqla əsasən qadınlar məşğul olurlar. Cek xalçaları müəyyən dərəcədə Qrız xalçalarına bənzəsə də, onların kompozisiyası daha sadədir. Əsasən uzun- sov formalı, sıx ilməli olur, fonu sürməyi və ya qırmızı rənglidir. Əlikdə isə yun şal istehsalı daha geniş yayılmışdı. Kənddə yundan müxtəlif məmulatlar xalça, palaz, kilim və corab da toxunurdu.

Hazırda Şahdağ bölgəsi müasirləşmə və qədimliyin vəhdətində yaşayır. Əl- çatmaz dağların arasında, demək olar ki, təcrid olunmuş şəkildə yaşadıqlarına görə özlərinə məxsus etnoqrafik xüsusiyyətləri və dilləri ilə seçilən, keçmişin unikal mirası olan xınalıqlılar, buduqlular, qrızlılar öz etnik xüsusiyyətlərini, dillərini, özünəməxsus yaşayış tərzlərini, qədim mərasim və məişət, həmçinin təsərrüfat ənənələrini mühafizə edə bilmişlər. Eyni zamanda Şahdağ xalqlarına aid edilən etnosların hər birinin istər məişət, istər təsərrüfat, istərsə də mə- dəni həyatında ortaq Azərbaycan etnomədəni ənənələrinin əhəmiyyətli təsiri müşahidə olunur. Onlar Azərbaycan cəmiyyətinin bir parçası olaraq ölkənin ic- timai-siyasi, iqtisadi və mədəni həyatında yaxından iştirak edir, etnik ənənələ- rini qorumaqla yanaşı özlərini «azərbaycanlı» sayırlar. Son illər Şahdağ kəndlərində sosial-iqtisadi və mədəni inkişaf da sürətlənmişdir. 2006-cı ilin əvvəllərində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi «Yeniləşən Azərbaycana yeni məktəb» proqramına əsasən Xınalıq kəndində yeni orta təhsil ocağı tikilib isti- fadəyə verilmişdir. Xüsusilə ölkədə turizmin inkişafı ilə bağlı görülən tədbirlər bu kəndlərdə çox böyük maraq yaratmışdır.

Mənbə: multikulturalizm.gov.az

 

Xəbərlər
Redaktorun seçimi