“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
11 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

Dini konfessiyalar

Katoliklik

A+ | A-

Katolik xristian məzhəbinin Şimali Azərbaycandakı tarixi XIV əsrin əvvəllərinə təsadüf edir. Belə ki, 1320-ci ildə fransız rahib Jurden Katali de Severak Bakı və başqa şəhərlərə baş çəkir, ondan az sonra ölkəmizə fransiskan rahibi Odorik Pordenonski gəlir. Nəticədə Bakı, Şamaxı, Gəncə və Naxçıvanda katolik missiyalar, monastırlar, məktəblər təsis olunur. Təkcə Naxçıvan şəhərində 12 katolik monastır açılır. Lakin 1346-53-cü illərdə baş verən taun epidemiyası, Əmir Teymurun işğalçı müharibələri Şərqdə, o cümlədən Şimali Azərbaycanda katolik missiyaların fəaliyyətinə son qoyur.

Azərbaycan Səfəvilər dövlətinin qurulması ilə katoliklik ölkəmizdə növbəti inkişaf mərhələsinə qədəm qoyur. Səfəvi imperiyası ilə Müqəddəs Taxt-Tac arasında qurulan yüksək diplomatik münasibətlər sayəsində katolik missiyalar regionda yenidən dirçəlir, ölkəmizdə müxtəlif katolik cəmiyyətlər (ordenlər) fəaliyyət göstərməyə başlayır. Katolik rahib ordenləri Səfəvilər dövlətində bu illərdə fəaliyyət göstərmişdir: avqustinlər (1573-1747), karmelitlər (1604-1775), kapusinlər (1628-1765), yezuitlər (1653-1760), dominikanlar (1677-1764). Bununla yanaşı, 1680-cı ildə regionda polyak yezuitlərinin missiyaları yaranır. Ən birinci belə missiya Gəncə şəhərində təsis olunur. Xüsusən I Şah Abbas (1587-1629) və Şah Sultan Hüseynin (1694-1722) hakimiyyət illərində katolik ruhaniləri sərbəst fəaliyyət göstərmək imkanı qazandılar.

Çar Rusiyası dövründə Şimali Azərbaycanda katolikliyə etiqad bəsləyən polyakların saylarının kəskin artması nəticəsində Roma Katolik Kilsəsinin ölkəmizdə növbəti inkişaf mərhələsi başlayır. Belə ki, XVIII əsrin əvvəllərində Şimali Azərbaycana Rusiya imperiyasının ordusunun tərkibində məcburi şəkildə hərbi xidmət göstərən polyak əsgərləri gəlir. Polşalı hərbçilərin gəlməsi nəticəsində Zaqatala, Qusar və Bakıda polyak hərbi qarnizonları yaradılır. Həmin qarnizonların dislokasiya yerlərində katolik çasovnyalar (kiçik kilsələr) ucaldılır. Burada dini ayinləri kapellanlar (hərbi keşişlər) icra edirdi.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumu da katoliklərin sayının artmasına səbəb oldu. Onlar arasında həkim, əczaçı, mühəndis, memar və digər peşələrin sahibləri vardı. Bakıya gələn katoliklər əsasən polyak idi. 1916-cı ildə şəhərdə katolik kilsəsinin üzvlərinin sayı 2550 nəfərə çatdı. 1903-cü ildə katoliklər Bakıda Roma Katolik Xeyriyyə Cəmiyyəti və Açıq Ev - Polyak Katolik Cəmiyyətini təsis etdilər. Yenə həmin il şəhər qəbiristanlığında Müqəddəs Xaç kilsəsini ucaltdılar. 1904-cü ildə isə katolik prixodun birsinifli dördillik məktəbi açıldı. Lakin katolik icması üçün ən əlamətdar hadisə 1912-ci ildə baş verdi. Həmin il Bakıda Məryəm Ananın şərəfinə möhtəşəm katolik məbədi açıldı. Qotik üslubda tikilən bu kilsədə eyni anda 1200 nəfər ibadət edə bilirdi. Sovet hakimiyyəti illərində həmin kilsə dağıdıldı (1931 və ya 1934-cü il), katolik icma isə məhv edildi.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra katolik icması yenidən fəaliyyətini bərpa edə bildi. 2 aprel 1999-cu ildə Bakı şəhəri Roma Katolik dini icması dövlət qeydiyyatına alındı. Həmçinin ümummilli lider Heydər Əliyevin göstərişi ilə Bakıda katolik kilsəsinin inşası üçün ərazi ayrıldı. Nəticədə 2007-ci ildə ölkə paytaxtının ən gözəgəlimli yerində Məryəm Ananın şərəfinə katolik kilsə ucaldıldı. 2011-ci ildə isə “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumu dövlət qeydiyyatından keçdi.

Respublikamızda katoliklik mənsublarının sayına görə pravoslav və protestantlıqdan sonra gəlir. Ölkəmizdə katolik icma kiçik olsa da, ictimai həyatda fəal iştirak edir, geniş xeyriyyə fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının nəzdində Tereza Ana adına kimsəsizlər üçün sığınacaq evi, “Məryəm” tədris mərkəzi və digər xeyriyyə təsisatları fəaliyyət göstərir.

Hazırda Bakı və Azərbaycan Yeparxiyasının tabeçiliyində səkkiz ibadət yeri (5 kilsə, 2 çasovnya, 1 dua evi) fəaliyyət göstərir. Onlardan dördü Bakı şəhərində, digərləri isə Gəncə, Sumqayıt, Xaçmaz və Lənkəranda yerləşir.

 

baxılıb: 273 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR