“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.09.2009, 09:01
359

Azərbaycan və Rumıniya strateji tərəfdaşlıq barədə razılaşıblar

A- A+

Rumıniya prezidenti: “Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır”

Rumıniyada rəsmi səfərdə olan Azərbyacan prezidenti İlham Əliyev sentyabrın 28-i Buxarestdə həmkarı Trayan Besesku ilə əvvəl təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüşüb. 
 
AzərTAc-ın məlumatına görə, geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra İlham Əliyev və Trayan Beseskunun iştirakı ilə sənədlər imzalanıb. Dövlət başçıları iki ölkə arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında birgə bəyannaməni imzalayıblar.

Bundan əlavə iki ölkə arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş, fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılmasına yönəlik saziş, rabitə və informasiya texnologiyaları, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumlar da imzalanıb.

Daha sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər. Rumıniya prezidenti görüşdə regional məsələlərə də toxunulduğunu vurğulayıb.

“Biz regionda dondurulmuş münaqişələr, xüsusən də Dağlıq Qarabağ münaqişəsi məsələsini nəzərdən keçirdik. Bir daha bildirmək istəyirik ki, bununla bağlı Rumıniyanın mövqeyi dəyişməz olaraq qalır. Rumıniya hesab edir ki, dondurulmuş münaqişələrin həlli yalnız və yalnız dinc yolla, mövcud beynəlxalq hüquq norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşma əsasında baş tutmalıdır”, - deyə Basesku bildirib.

İlham Əliyev Rumıniya rəhbərinə bu prinsipial mövqeyə görə təşəkkür edib: “Bütün dondurulmuş münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq prinsiplərin rəhbər tutulması və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması mövqeyi çox böyük əhəmiyyətə malikdir. Dünyada bütün məsələlər, o cümlədən münaqişələr ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Əminəm ki, əgər bütün tərəflər beynəlxalq hüquq normalarına riayət etsələr, Dağlıq Qarabağ münaqişəsi tezliklə ədalətli həll oluna və Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçı qüvvələrdən tezliklə təmizlənə bilər”.

 

 

Prezident İlham Əliyev: “Azərbaycan qazı gələn ildən Avropa İttifaqı bazarına çıxarıla bilər”

Azərbaycan prezidenti İlham Əliyev bu fikri Rumıniya prezidenti Trayan Basesku ilə birgə mətbuat konfransında bildirib.

Prezident İlham Əliyev Rumıniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin çox uğurla inkişaf etdiyini, imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin son illər ərzində görülmüş işlərin məntiqi nəticəsi olduğunu bildirib: “İkitərəfli münasibətlərin inkişafı üçün çox gözəl imkanlar, çox böyük potensial var və biz gələcəkdə bu potensialdan səmərəli şəkildə istifadə edəcəyik. Əminəm ki, iqtisadi sahədə yeni, gözəl layihələr icra olunacaq. Neft-qaz sahəsində əməkdaşlıq uğurludur və bu əməkdaşlığın gələcəyi daha da uğurlu olacaq”.

Prezident vurğulayıb ki, Azərbaycanın çox zəngin neft-qaz yataqları var və bu resurslar dünya və Avropa bazarlarına uğurla çıxarılır: “Tezliklə tranzit ölkələrlə beynəlxalq təcrübəyə əsaslanmış müqavilələr imzalanarsa, Azərbaycan qazı gələn ildən Avropa İttifaqı bazarına çıxarıla bilər. Enerji resurslarının şaxələndirilməsi həm istehlakçılar, həm də istehsalçılar üçün vacibdir və bizim maraqlarımız bu işdə üst-üstə düşür.

Əminəm ki, “Nabucco” və digər layihələr uğurla icra olunacaq. Neft-qaz sahəsində əməkdaşlıq, eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Memorandumda da əksini tapıb və Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrdə enerji amili çox mühüm yer tutur”.

Rumıniya prezidenti T. Basesku Azərbaycan prezidentinin budəfəki səfərinin dörd ildən çox müddət ərzində görülən böyük işlərin bir növ yekunu olduğunu vurğulayıb: “Bu gün imzalanan sənədlər bizim siyasi dialoqumuza, həmçinin enerji sahəsində əməkdaşlığımıza, iqtisadi sahədə işbirliyimizə aiddir. Bizim enerji sahəsindəki əməkdaşlığımız təkcə “Nabucco” layihəsinin həyata keçirilməsi istiqamətində atılan addımlarla məhdudlaşmır. Biz, eyni zamanda, Rumıniyanın Konstansa limanında maye qaz terminalının yaradılması ilə də bağlı bir çox işbirliyi qurmuşuq və əməkdaşlıq edirik”.

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.

Rumıniya prezidenti bildirib ki, Azərbaycanla imzalanan strateji tərəfdaşlıq haqqında bu cür razılaşma indiyədək yalnız ABŞ və Fransa ilə olub: “Bu strateji tərəfdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə aparılır. Mən bununla bağlı qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan prezidenti ilə imzaladığımız bu bəyannamə əsasında, o cümlədən digər mühüm razılaşmaları nəzərə alaraq, bundan sonra bizim hökumətlərimiz iki ölkə arasında qəbul olunacaq siyasi qərarların həyata keçirilməsi üzrə planı tərtib edəcəklər.

Prezident Əliyevlə bizim imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamədə əks olunmuş müddəalar bir növ göstərici, bələdçi xarakteri daşıyır. Həmin sənəddə əks olunmuş müddəalar çox realdır və hər iki ölkənin milli maraqlarına, o cümlədən Avropa İttifaqının maraqlarına uyğun gəlir. Biz həmin prioritetləri həyata keçirə bilsək, iki ölkə arasında strateji tərəfdaşlıq böyük uğura çevriləcək”.

“Nabucco” layihəsinin həyata keçirilməsinin Konstansa-Triest layihəsinin reallaşmasına nə kimi töhfələr verə biləcəyi haqqında sualın cavabında isə prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfindən irəli sürülmüş və həyata keçirilmiş layihələr gələcəkdə başqa layihələrin icrasına da gətirib çıxarır:

“Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, bir sözlə, əgər bu dəhliz açılmasaydı, yəqin ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri də tikilməzdi. Əgər Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilməsəydi, bu gün “Nabucco” haqqında, ümumiyyətlə, söhbət aparmağa dəyməzdi. Çünki “Nabucco” layihəsinin icrası ancaq Azərbaycanın bu gün mövcud olan qaz infrastrukturunu işə salması ilə bağlıdır.

Beləliklə, biz görürük ki, bir uğurlu layihə o biri layihənin icrasına gətirib çıxarır. Şübhə yoxdur ki, “Nabucco” layihəsi uğurla icra olunarsa, regionda şaxələndirmə məqsədilə tikiləcək digər kəmərlərin inşasına da gətirib çıxaracaq. Bugünkü danışıqlarda həm “Nabucco”, həm də Konstansa-Triest layihəsi müzakirə olundu. Azərbaycan tərəfi hər iki layihəyə öz dəstəyini verib və mən bu gün də bunu bir daha təsdiq etdim”.

Məsələyə prezident Basesku da münasibət bildirib: “Azərbaycanın Dövlət Neft Şirkəti Avropa İttifaqı ölkələrində öz fəaliyyətini Rumıniya vasitəsilə genişləndirmək fikrindədir. Azərbaycan Dövlət Neft Şirkəti öz resurslarını mövcud iki mümkün yol ilə nəql edə biləcək. Bu yollardan bir variant o ola bilər ki, Azərbaycan Dövlət Neft Şirkəti Kontansada özü, yəni artıq tranzit olunmuş enerji daşıyıcılarının emalı üzrə Rumıniyadakı emal zavodlarında emal prosesləri ilə özü məşğul ola və bunu rumın həmkarları ilə həyata keçirə bilər.

İkinci variant isə Dövlət Neft Şirkəti Konstansa vasitəsilə, Konstansada xam neftin saxlanılma tutumu həcminin daha da artırılması yolu ilə tranzit edib, daha sonra isə onu Triestə istiqamətləndirə bilər. Eyni zamanda bildirmək istəyirəm ki, Gürcüstanda - Supsa limanında böyük bir terminal var. Hazırda həmin terminalda yüksək tonnajlı tankerlər lövbər sala bilir. Mən şəxsən özüm xam neftin həmin tankerlərə doldurulmasını görmüşəm. Xam neft həmin tankerlərlə Bosfor və Dardanel boğazlarından keçməklə Avropa bazarlarına çatdırılır. Hesab edirəm ki, bu da düzgün yoldur”.

AzərTAc.

Xəbərlər
Redaktorun seçimi