Xarici İşlər Nazirliyi: Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın maraqlarına ziddir
“Bu addım Ermənistanın Azərbaycan torpaqlarını işğalını davam etdirməsini həvəsləndirmə aktı kimi qəbul edilə bilər”
“Bir dövlətin digər dövlətlə münasibətlərini müəyyənləşdirməsi həmin ölkənin suveren hüququdur. Lakin bu situasiyada məsələnin birbaşa Azərbaycanın milli maraqlarına aidiyyəti var”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov APA-nın “Türkiyənin Ermənistanla sərhədləri açması Azərbaycanda necə qarşılanacaq, bu addım Azərbaycanın maraqları ilə ziddiyyət təşkil edirmi” sualını belə cavablandırıb.
XİN rəsmisi Türkiyənin 1993-cü ildə Ermənistanla sərhədləri bağlamaq barədə qərar qəbul etdiyini deyib: “Məlum olduğu kimi, 1993-cü ildə Türkiyə hökuməti Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası irəli sürməsini, Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsini, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmasını nəzərə alaraq Ermənistanla sərhədləri bağlamaq barədə qərar qəbul edib. Azərbaycan Respublikası Türkiyənin bu addımını dəstək aktı və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirilməsi kimi dəyərləndirib. Eyni zamanda, Azərbaycan bu illər ərzində Türkiyənin erməni tərəfə ədalətli tələblərini hər zaman dəstəkləyib. Türkiyənin Ermənistanla sərhədləri bağlamaq qərarı prinsipial əhəmiyyət daşıyır, çünki bu qərar Ermənistanın atdığı addımlara qarşı dözməyin mümkün olmayacağına dair aydın bir mesaj idi. Bu, erməni tərəfini Türkiyə və Azərbaycana münasibətdə yürütdüyü siyasətə yenidən baxmağa və regional addımları ilə bağlı daha aydın mövqe tutmağa sövq etmək üçün siyasi və iqtisadi təsir vasitəsi rolunu oynayır”.
Elxan Poluxov Ermənistanın qonşuların konstruktiv təkliflərini daim rədd etdiyini xatırladıb: “Erməni tərəfi münaqişənin və digər problemlərin nizamlanmasına dair konstruktiv təklifləri rədd edir, düşmənçilik fəaliyyətini davam etdirməyi mümkün sayır və eyni zamanda onun düşmənçilik fəaliyyətinin obyektinə çevrilən dövlətlərdən sərhədləri açmağı və iqtisadi münasibətləri bərpa eləməyi tələb edir. Bu şəraitdə Ermənistana münasibətdə yürüdülən siyasətə yenidən baxılması, o cümlədən Azərbaycanla Ermənistan arasında problemin nizamlanmasında irəliləyiş əldə olunmaması konteksində sərhədlərin bağlanması qərarının dəyişdirilməsi danışıqlar prosesinə mənfi təsir göstərəcək. Çünki bu addım Ermənistan tərəfindən onun Azərbaycan torpaqlarının işğalı siyasətinin davam etdirilməsini həvəsləndirmə aktı kimi qəbul edilə bilər. Azərbaycan hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasından kənar kontekstdə Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına ziddir. Bu addım həm strateji, həm də taktiki planda situasiyaya neqativ təsir göstərəcək, həmçinin regionda gərginliyi artırmış olacaq”.
03.04.2009.
Mövzuya dair digər xəbərlər:
Azərbaycan prezidenti Türkiyədə keçiriləcək “Mədəniyyətlər İttifaqı” layihəsinin toplantısında iştirakdan imtina edib
Aprelin 6-7-də Türkiyədə “Mədəniyyətlər İttifaqı” layihəsinin toplantısı keçiriləcək. Toplantıya Azərbaycan prezidenti İlham Əliyev də dəvət olunub. Lakin APA-ya daxil olan qeyri-rəsmi məlumatlara əsasən, Azərbaycanın dövlət başçısı tədbirdə iştirakdan imtina edib. Prezidentin Türkiyədə keçirilən toplantıda iştirakdan imtina etməsi bu ölkənin Ermənistanla sərhədləri açmağa hazırlaşmasına etiraz jesti kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, “Wall Street Journall” qəzeti Türkiyənin xarici işlər naziri Əli Babacanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İrəvanda keçiriləcək toplantısına qatılmaq üçün aprelin 16-da İrəvana gedəcəyi və səfər çərçivəsində Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair anlaşma memorandumunun imzalanacağı haqqında məlumat yayıb. Bundan başqa, “Hürriyyət” qəzeti Türkiyənin Ermənistanla sərhədlərini açmaq niyyətinin Azərbaycanda ciddi narazılığa səbəb olduğunu, bu addım atılacağı təqdirdə, Azərbaycanın Türkiyəyə qaz nəqlini dayandıracağını bildirib.
Bu günlərdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da erməni mətbuatına verdiyi açıqlamada Türkiyə ilə sərhədlərin açılmasına dair danışıqların yaxın zamanlarda məntiqi sonluqla başa çatacağını deyib. Türkiyənin Ermənistanla sərhədləri açacağı və sərhədyanı ticarətə başlayacağı barədə digər açıqlama AKP İğdır millət vəkili Əli Günərin dilindən səslənib. Əli Günər bələdiyyə seçkiləri ərəfəsində seçicilərlə görüşü zamanı İğdırda sərbəst ticarət zonasının yaradılacağını, digər ölkələrlə yanaşı, Ermənistandan olan iş adamlarının da sərhədyanı ticarət əməliyyatları həyata keçirəcəyini, Ermənistan və İranla sərhəddə ticarət əməliyyatlarının gömrük vergisindən azad olunacağını bildirib.
Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşdığını Avropa İttifaqındakı mənbələr də təsdiqləyib. İki gün əvvəl “Euronews” agentliyi Avropa Birliyindəki yüksək vəzifəli bürokratlara istinadən rəsmi Ankaranın Ermənistanla sərhədlərin açılması barədə qərar qəbul edəcəyini yazıb. Məlumatda qeyd olunur ki, ABŞ prezidenti Barak Obamanın Türkiyəyə apreldə gerçəkləşəcək səfərindən sonra Ankara Ermənistanla sərhədləri aça bilər. Mənbə bu addımın Türkiyə-Avropa Birliyi münasibətlərinə müsbət təsir göstərəcəyini və Avropada pozitiv qarşılaşacağını vurğulayıb. Bütün bu amillər Türkiyənin Azərbaycanın mövqeyini nəzərə almadan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan Ermənistanla sərhədləri açmaq niyyətində olduğunu təsdiqləyir və bu addım İlham Əliyevin Türkiyədə “Mədəniyyətlər İttifaqı” layihəsinin toplantısına qatılmaqdan imtinasının səbəblərindən biri kimi nəzərdən keçirilə bilər.
Təbii ki, səfərdən imtinanın prezidentin iş qrafiki və ya digər hansısa məsələ ilə əlaqəli olması da istisna deyil. Amma indilik görünən əsas versiya kimi Türkiyə-Ermənistan münasibətlərinin son istiləşməsi və sərhədlərin açılması ilə bağlı məlumatlara Türkiyə rəsmilərinin heç bir təkzib verməmələridir.
03.04.2009.
Rəcəb Tayyib Ərdoğan: “Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla münasibətlərdə rasional qərar verə bilmərik”
“Türkiyə-Ermənistan münasibətləri ilə əlaqəli olan başqa mövzular da var. Minsk Qrupunun Amerika, Rusiya və Fransadan ibarət olan üçlüyü 17 ildən çoxdur ki, Azərbaycanla Ermənistan arasındakı problemi həll etməyə çalışır. Dağlıq Qarabağ münaqişəsi həll edilmədən biz Ermənistanla münasibətlərdə rasional qərar verə bilmərik”.
APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İngiltərənin paytaxtı Londonda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, indiki mərhələdə Ermənistanla münasibətlərin fundamenti hazırlanır, bu istiqamətdə addımlar atılıb: “Özümüzü də, bölgəni də bu münasibətlərə hazırlamaq istiqamətində çalışırıq”.
03.04.2009.