9 noyabr
9 noyabr 1994 - Xalq yazıçısı Bayram Bayramov vəfat edib...
Azərbaycan
9 noyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli (göy, qırmızı, yaşıl) bayrağı qəbul edilib. Azərbaycan sovetləşəndən sonra respublikanın qırmızı sovet bayrağı ilə əvəzlənib. 1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin 2009-cu il 18 noyabr tarixli sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.
9 noyabr 1926 - Xalq rəssamı, Prezident təqaüdçüsü Davud Mehdi oğlu Kazımov (1926 – 14.2.2015) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Dövlət Rəssamlıq Akademiyasının professoru olub. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Dövlət Rəsm Qalereyasında, Rusiya, Türkiyə, Almaniya və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
9 noyabr 1991 - Azərbaycan Respublikasının dövlət müstəqilliyi birinci olaraq Türkiyə Cümhuriyyəti tərəfindən tanınıb.
9 noyabr 1973 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə, 15.5.1899 -1973) vəfat edib. Cənubi Azərbaycanının Sərab şəhərində doğulub. Bir sıra kinofilmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
9 noyabr 1994 - Xalq yazıçısı, ictimai xadim Bayram Salman oğlu Bayramov (11.12.1918, Ağdam - 1994) vəfat edib. “Yarpaqlar”, “Onun gözləri”, “Arakəsmələr”, “Karvan yolu” və s. romanların, digər nəsr əsərlərinin müəllifidir. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenarisini yazıb.
9 noyabr 2001 - Bakıda dünya azərbaycanlılarının I qurultayı işə başlayıb. Prezident Heydər Əliyevin 23 may 2001-ci il tarixli sərəncamına əsasən keçirilən qurultayda Azərbaycan diasporunun 36 ölkədən 1150 nümayəndəsi və 900-dən çox qonaq iştirak edirdi. İki gün sürən qurultayda yekun qətnamə, dünya azərbaycanlılarına müraciət qəbul edildi. Forumda qəbul edilən qərara müvafiq olaraq 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı.
Dünya
9 noyabr 1818 - Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (1818 - 3.9.1883) anadan olub. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” romanları, “Ovçunun qeydləri” hekayələr toplusu”, “Asya”, “Bahar suları” povestləri və s.
9 noyabr 1929 – Yəhudi əsilli macar yazıçısı, Nobel mükafatı laureatı (2002) İmre Kertes (1929 – 31.3.2016) anadan olub. Əsərləri: “Talesiz”, “Doğulmamış uşaq üçün kadiş” (kadiş – yəhudi duası), “Məğlubiyyət”. II Dünya müharibəsində Osvensim və Buhenvald həbs düşərgələrinin məhbusu olub.
9 noyabr 1832 - Fransız yazıçısı, detektiv janrın banilərindən biri Emil Qabrio (Emile Gaboriau, 1832-1873) anadan olub.
9 noyabr 1885 - Rus şair və nasiri Velimor (Viktor) Xlebnikov (1885-1922) anadan olubn.
9 noyabr 1929 - Görkəmli rust bəstəkarı, çoxsaylı populyar mahnıların müəllifi, SSRİ-nin Xalq artisti Aleksandra Nikolayevna Paxmutova anadan olub.
9 noyabr 1991 - Əslən İtaliya yəhudisi olan məşhur Fransa aktyoru və müğənnisi İv Montan (əsl adı İvo Livi ) - (Yves Montand - Ivo Livi, 13.10.1921 - 1991) vəfat edib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: