“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.04.2014, 14:58
4888

Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq

A- A+

Milli elitanın rolu dövlət müstəqilliyini, mədəni-tarixi dəyərləri, cəmiyyətin milli identikliyini qoruyub saxlamaqdan ibarətdir...

⇔ ⇔ ⇔

 

 

 

Ramiz Mehdiyev

akademik, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

“Yeni sivilizasiya gündəlik həyatımıza daxil olanda biz özümüzdən soruşuruq: bəlkə, biz də köhnəlmişik? Bizim nə qədər adətlərimiz, dəyərlərimiz, müəyyən olunmuş qaydalarımız və baxışlarımız şübhə altına alınır, ona görə də təəccüblü deyil ki, bəzən biz özümüzü keçmiş dövrün adamları, İkinci dalğa sivilizasiyasının qalıqları kimi hiss edirik. Lakin əgər bunların bəziləri həqiqətən anaxronizmdirsə, onda bizim aramızda gələcəyin insanları - belə demək mümkündürsə, gələcək Üçüncü dalğa sivilizasiyasının gözlənilən vətəndaşları varmı? Bizi əhatə edən tənəzzül və dezinteqrasiyanın arxasında gələcəyin şəxsiyyətinin meydana çıxmaqda olan konturlarını, necə deyərlər, “yeni insanın" zühur etməsini görmək olarmı?"

E.Toffler. “Üçüncü dalğa".

Əminəm ki, ölkənin dinamik inkişafı şəraitində tərəqqinin perspektivlərini necə təsəvvür etməyimiz barədə mülahizələrimizi bölüşmək, bu mülahizələri qərarların qəbul edilməsinə və onların həyata keçirilməsinə görə cavabdeh olanlarla əlaqələndirmək zəruridir. Qarşıdakı işlərin uğuru və həyata keçirilən dövlət siyasətinin səmərəliliyi çox vaxt bu və ya digər taleyüklü qərarları kimin və necə reallaşdıracağından asılı olur. Ona görə də açıq danışmaq və hər birimizin bütün bu yolda öz həyat prinsiplərimizə möhkəm inanması lazımdır. Bu prinsiplərin mahiyyəti isə yalnız Vətənə ləyaqətlə xidmət etməkdən ibarətdir.

 

Yeni dövrün postulatları

Mənim doğulub boya-başa çatdığım ölkə bu gün çox dəyişmişdir. Sovet imperiyasının süqut etdiyini bildirən Belovejsk sazişinin imzalanması ilə bu dünyanın nisbətən qısa bir müddətə solğunlaşmış birqütblü şəkil aldığı vaxtdan 17 ildən bir qədər çox keçmişdir. Təbii ki, bu sazişdən əvvəl vaxtilə vahid dövlət olmuş ölkənin parçalanmağa başlamasını göstərən başqa proseslər də getmişdir.

Yeltsin, Kravçuk və Şuşkeviç həmin sazişi imzalayanda sovetlər ölkəsinin ümumən yalnız adı qalmışdı, çünki endogen siyasi proseslər onun təməlini çoxdan dağıtmağa başlamış və nəticə etibarilə total parçalanma və iqtisadi durğunluq vəziyyətinə gətirib çıxarmışdı. Etnosiyasi münaqişələr keçmiş dövləti didib-dağıdırdı, bir vaxtlar “qardaş xalqlar" deyilən millətlər yeni ərazilər naminə bir-biri ilə döyüşməyə hazır idilər və bununla da tarixə və müasir bəşəriyyətə yenidən xatırlatmaq istəyirdilər ki, fərdin mahiyyəti demək olar ki, dəyişməz qalır.

Azərbaycan Belovejsk sazişinə 1991-ci il dekabrın 21-də qoşulmuşdur. Biz müstəqilliyimizi hələ oktyabrın 18-də elan etdiyimizə baxmayaraq, qeyri-adi dərəcədə günəşli olan həmin dekabr günündə mən azadlıq havası ilə nəfəs aldım, sanki zamanı dayandırmaq ümidi ilə qarşıdakı möhtəşəm dəyişikliklər barədə fikrə daldım. Hələ üç il əvvəl, 1988-ci ilin may ayında Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar Moskvanın ədalətsiz siyasətinə cavab olaraq kütləvi xalq çıxışlarının başlandığı Azadlıq meydanını xatırladım. Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi kimi etirazçı özəklərin təşkilatçıları ilə keçirdiyim görüşlər, onların öz yığıncaqlarında qaldırdıqları məsələləri müzakirə etməyimiz gözlərim önündə canlandı.

Bəlkə də çoxları bunları bilmir və bu sətirlər onlara bir növ kəşf kimi görünəcək, lakin həmin kütləvi çıxışların təşkili və keçirilməsinə özləri kölgədə qalmağa çalışaraq, məhz Azərbaycan Kommunist Partiyası MK-nın bəzi büro üzvləri kifayət qədər mənəvi dəstək göstərirdi. İkili mövqe vəziyyəti ondan irəli gəlirdi ki, Sovet İttifaqı və onun repressiya aparatı hələ mövcud idi. Lakin Mərkəzin düşmənçilik siyasətinin başa düşülməsi bizlərdə – Dağlıq Qarabağdakı separatçılıq əhval-ruhiyyəsini şirnikləndirən Qorbaçov siyasətinin nə kimi təhlükəyə səbəb ola biləcəyini dərk edən insanlarda Azərbaycanın taleyi barədə təşviş doğurmaya bilməzdi.

Cəmiyyətdə o dövrün siyasi elitasının necə formalaşması və onu kimlərin təmsil etməsi barədə düzgün təsəvvür yaranmalıdır. Axı, sirr deyil ki, ölkənin rəhbər orqanlarında işləyənlər arasında həmin taleyüklü vaxtda Mərkəzə qulluq göstərməkdə davam edən və bununla da öz xalqının iradəsinə, onun ərazi bütövlüyünü qorumaq və tarixi ədaləti bərpa etmək cəhdlərinə qarşı çıxanlar da vardı. Xoşbəxtlikdən, millətin həqiqi maraqlarına yabançı olan həmin insanlar bu gün Azərbaycanda yoxdur.

Yəqin ki, indi Sovet İttifaqının nə olması barədə danışmağa dəyməz, çünki əvvəl necə yaşamağımıza və müstəqillik əldə etdikdən sonra nələr qazandığımıza tarix birmənalı qiymətini vermişdir. Müstəqilliyə və azadlığa can atmaq bəşəriyyət üçün həmişə dünyanın mahiyyətini dərk etməyin yüksək və müqəddəs məqamı olmuşdur. Daim başqa dövlətlərin əsarəti altında və ya onlardan asılı vəziyyətdə yaşamağa razılaşan cəmiyyətləri təsəvvür etmək çətindir. Azadlıq və müstəqillik gec-tez millətlərin inkişafının təsirli amillərinə çevrilmiş, onlar buna doğru getmişlər. Lakin hər bir halda millətləri azadlığa və həqiqi müstəqilliyə ümumi kütlə arasında öz zəkası, istedadı və xarizması ilə fərqlənən insanlar qovuşdurmuşlar. J.J.Russonun təbirincə desək, siyasi Orqanizm məhz insanların bu kateqoriyası sayəsində salamat qala və öz vətəndaşları naminə inkişaf edə bilir.

Azərbaycanın müasir inkişafını müəyyən edən bir sıra məsələlərdə Azərbaycan cəmiyyətinin total transformasiyası nəzərə alınmaqla vaxtında təshihlər və dəyişikliklər edilməsinə ehtiyac var. Tamamilə aydındır ki, postmodern postsovet məkanındakı keçid cəmiyyətlərinin qapılarını getdikcə intensiv şəkildə döyür və bizim adət etdiyimiz davranış normalarını və stereotipləri tədricən dəyişir. Bu da tamamilə qanunauyğundur ki, həmin dəyişikliklər dövlətin və cəmiyyətin inkişafı prosesində müdafiə və amortizasiya xarakterli ovqat doğura bilər və doğuracaqdır. Bu, Tofflerin dalğalarının dəyişməsinin qarşılıqlı təsiri amilidir, bir dalğa digərinə transformasiya edir, yaxud ənənəvi cəmiyyətlər “Üçüncü dalğa"nın özü ilə gətirdiyi dəyişikliklərə məruz qalır.

Azərbaycan cəmiyyətinin mərhələli transformasiyasının baş verdiyi yeni dövr sosiumun inkişafının eyni dərəcədə yeni gündəliyinin müəyyən edilməsi üçün zəmin yaradır. Bu, xeyli dərəcədə dəyərləri milli sosiomədəni məkan tərəfindən gizli şəkildə qəbul edilən postindustrial dünyanın tərkib hissəsinə çevrilmək cəhdi ilə şərtlənmişdir. Eyni zamanda, unutmaq olmaz ki, Azərbaycan üçün indiki dövr keçid dövrüdür: biz “adət etdiyimiz" totalitar kommunist rejimindən çətinliklə ayrıldıq, yeni ənənələri qəbul etməkdən daha çox onları yaratmağa başladıq, cəmiyyət demokratik dövlət quruculuğu yoluna qədəm qoydu.

İndiki mərhələdə qarşımızda duran vəzifə Azərbaycan dövlətçiliyinin perspektivli və səmərəli inkişafını, ayrılıqda götürülmüş hər bir şəxsiyyətin intellektual inkişafını və mənəvi-əxlaqi təşəkkülünü təcəssüm etdirəcək yeni dəyər oriyentirlərini təkamül yolu ilə irəlilətməkdən ibarətdir. Yeni davranış normalarına və standartlarına mərhələlər üzrə keçidlə şərtlənən bu dövrün sabit olmamasına baxmayaraq, demokratik cəmiyyət və hüquqi dövlət ideyası bizim vətəndaşların təfəkküründə və şüurunda tədricən transformasiya edir və adaptasiya olunur, onlar bunu daha yaxşı dərk edirlər. Hərçənd, hələlik bu proses əhalinin ən savadlı, buna hazırlıqlı olan təbəqələri arasında daha şüurlu şəkildə baş verir.

Şübhə yoxdur ki, cəmiyyət sosial və siyasi azadlıqların reallaşdırılmasına xeyli məhdudiyyətlər qoyan əvvəlki normaları artıq qəbul etmir. Müasir Azərbaycan cəmiyyətində demokratiya təkcə inkişafın ən mühüm oriyentiri kimi deyil, həm də şəxsiyyətin azadlığı, sabitlik və perspektivli, dinamik transformasiya amili kimi qəbul olunur. Bizim hər birimiz dövlətin iqtisadi tərəqqi imkanlarını cəmiyyətin demokartik inkişafı ilə əlaqələndiririk, çünki hər bir vətəndaşın maddi və maliyyə firavanlığı demokratik transformasiyanın sürəti ilə sıx bağlıdır.

Başqa sözlə desək, bu mühakiməni bir qədər bəsitləşdirsək, mədə boş olanda şüurun azadlığından, təfəkkürün rasionallığından danışmaq çətin olacaqdır. Ona görə də demokratik inkişafın iqtisadi tərəqqi ilə sıx bağlı olmasından danışarkən biz bunu əsas götürürük ki, azad vətəndaş ilk növbədə maddi və maliyyə baxımından azaddır, bu da ona siyasi azadlıq verir. Vəzifəsi inkişaf strategiyasını və dövlətin gələcəyini müəyyən etməkdən ibarət olan “seçilmişlər zümrəsi"nin formalaşmasında yalnız hər cəhətdən azad vətəndaş mühüm, həlledici amil ola bilər.

İnnovasiya təfəkkürünə malik olan istedadlı insanlar yalnız azad və müstəqil cəmiyyətdə mütərəqqi ideyalar verməyə, inkişafın strategiyasını yaratmağa, cəmiyyətin mənafelərini dövlətin mənafeləri ilə əlaqələndirməyə qadirdirlər. Mənim seçilmişlər zümrəsi adlandırdığım insanlar elmdə bəzən mübahisələrə, diskussiyalara, müzakirələrə səbəb olan, bəzən də bu və ya digər ideoloji konsept tərəfindən qəbul edilmədiyinə görə, ümumiyyətlə, təkzib olunan başqa bir məfhumla adlanır. Hərçənd, məhz “elita"nın səviyyəsi, onun keyfiyyət göstəriciləri cəmiyyətin vəziyyətinin ən mühüm göstəricilərindən biri, dövlətin inkişaf dinamikasının əlamətidir.

Cəmiyyət zəif strukturlaşdırıldıqda və müəyyən maraqları, davamlı siyasəti və ideoloji oriyentasiyası olan sosial təbəqələrin dəqiq bölgüsü olmadıqda elit qrupların hərəkətləri ictimai inkişafın istiqamətini indi həmişəkindən daha artıq dərəcədə müəyyənləşdirir. Bəri başdan demək istəyirəm ki, mən bu kontekstdə “elita" dedikdə, ölkənin bütün hakim qruplarını, dövlət qərarları qəbul edən və onlara görə xalqın qarşısında şəxsi vətəndaş məsuliyyəti daşıyan insanları, habelə dövlət qulluqçuları olmayan, lakin öz hərəkətləri ilə ölkədəki sosial-siyasi, iqtisadi, mədəni və başqa proseslərə bu və ya digər şəkildə təsir göstərən insanları nəzərdə tuturam.

Elita cəmiyyətin o hissəsidir ki, dövlətin inkişaf yolları və mexanizmlərinin aşkar edilməsində ona həlledici yer ayrılır. Dünya tarixində seqmentar və ya asefal (“başsız") cəmiyyətlər olması faktları məlumdur, ancaq hər halda, mənim bildiyimə görə, hətta həmin cəmiyyətlərdə böyük ailə, nəsil və ya tayfa mövcud olduqda da, elə qruplar vardı ki, orada bəzi fərdlərin mövqeyi və onların cinsi, yaşı və ailə vəziyyəti ilə müəyyən olunan nüfuzu həmin fərdlərin ictimai əhəmiyyətini və üstünlüyünü formalaşdırırdı. Tarixi baxımdan məhz həmin qruplar demokratiyanı inkişaf etdirməyə başlamışlar.

Yeri gəlmişkən, Yunanıstanın antik şəhərlərində demokratiya bəzilərinin təsvir etməyə çalışdıqları kimi, aşağıdan yuxarıya deyil, yuxarıdan aşağıya doğru yayılırdı. Antik Yunanıstanın siyasi ideyası olan demokratiya heç vaxt o mənada başa düşülməmişdi ki, qullara hüquqlar vermək olar, çünki yalnız azad vətəndaşlar “xalq" hesab edilirdi. Müasir Azərbaycanın xüsusiyyəti ondadır ki, milli tarixin dramatik məqamlarını xeyli dərəcədə elitaların (hakim qrupların) və ya onların opponentlərinin (əks-elitaların) maraqları və hərəkətləri müəyyən etmişdir.

Demək lazımdır ki, hazırda ölkənin intensiv siyasi və iqtisadi inkişafı şəraitində bu prosesdə elitanın rolu və yeri məsələsi bizim tədqiqatçıların deyil, getdikcə daha çox bəzi kütləvi informasiya vasitələrinin diqqətini cəlb edir. Onlar isə, təəssüf ki, hələ də cəmiyyətin konsolidasiyasına kömək edən amilə çevrilməmişdir, məhdud qrup mövqelərindən və ya konyunktur mövqelərdən çıxış edirlər.

Ona görə də əminəm ki, elita haqqında danışmazdan əvvəl, “elita" anlayışının özünə müraciət etməyə dəyər, çünki bu, aşağıda bəhs edəcəyimiz məsələnin mahiyyətini daha geniş şəkildə anlamağa kömək edəcəkdir. Üstəlik, əminəm ki, elitarizmin bəzi nəzəri əsaslarına toxunmaqla milli elitarizm məsələləri ətrafında elmi, intellektual müzakirələr üçün bazis yarada bilərik, bu isə Azərbaycan cəmiyyətinin müasir inkişafı problemlərinin öyrənilməsində mühüm cəhətdir.

Sosial-fəlsəfi, sosioloji və politoloji konsepsiyalara görə, elita dövlətin mədəni və sosial-iqtisadi siyasətini işləyib hazırlayan və həyata keçirən üstün ictimai qruplardır. Elita istənilən tipli sosiumun fəaliyyəti üçün zəruri və həyati əhəmiyyətli struktur elementidir. 1823-cü ildə buraxılmış Oksford lüğətində “elita" termini yüksək əyanlar, “seçmə" insanlar kateqoriyalarının tərifi kimi işlədilmişdir.

Elitanın klassik və müasir nəzəriyyələrinin ideya sələfləri Platon, T.Karleyl, F.Nitsşe, italyan mütəfəkkiri Valfredo Pareto (1848 - 1923), italyan sosioloqu Qaetano Moski (1858 - 1941), alman politoloqu Robert Mixels (1876 - 1936) və başqaları olmuşdur. Onlar cəmiyyəti idarə edən təbəqənin siyasi prosesdə xüsusi rolu ilə bağlı məsələləri ayırmağa və sistemləşdirməyə cəhd göstərmiş, bu təbəqəni məxsusi tədqiqat obyektinə çevirmişdilər.

Ötən əsrin 80-ci illərində sovet elmində elitanın tədqiqinə müraciət edilməsi cəmiyyətin sosial strukturunun yeni konsepsiyasının bərqərar olması, formasiya prinsipindən, tarixin marksizm-leninizm nəzəriyyəsinə xas olan təhlilindən imtina edilməsi ilə müşayiət olunurdu. Məlum olduğu kimi, marksizm-leninizm nəzəriyyəsinə görə, cəmiyyətin inkişafının hər bir pilləsi, hər bir formasiya müvafiq istehsal üsulu və onun şərtləndirdiyi istehsal münasibətləri ilə səciyyələnir, tarixin əsas hərəkətverici qüvvəsi isə sinfi mübarizədir. Sinfi mübarizədən fərqli olaraq, elitalar nəzəriyyəsi elitanın özünün daxilindəki dəyişiklikləri, habelə cəmiyyətin elitaya və kütləyə bölünməsini siyasi və sosial dəyişikliklərin əsas səbəblərinə aid edir.

Digər keçmiş sovet respublikalarında və sosialist ölkələrində olduğu kimi, Azərbaycanda da elita nəzəriyyəsi vaxtilə nəinki qəbul edilmirdi, hətta kifayət qədər araşdırılmamışdı. Bunun da səbəbi sovet dövründə ciddi partiya senzurasının olması, sonralar isə milli ictimaiyyatşünaslıqdakı çalışmazlıqlar idi. Sirr deyil ki, ölkəmizdə humanitar elm bəzən dünya məkanında hərtərəfli tədqiq edilən elmi problemlərin öyrənilməsindən əhəmiyyətli dərəcədə geri qalır. Ona görə də tez-tez təəccüblənirsən ki, bəzi “elm xadimləri" çoxdan cavab verilmiş problemləri yalnız indi “tədqiq etməyə" başlayırlar.

Özümüzü aldatmağa dəyməz, milli fəlsəfə məktəbinin potensialı çox zəifləmişdir və təəssüf ki, indi biz ictimaiyyatşünaslıq elmlərinin yeni parlaq nümayəndələrini görmürük. Bu gün alimlərin yeni nəslinin formalaşmasından, o cümlədən gələcəkdə ümumən milli elmi inkişaf etdirməli olan gənc tədqiqatçıların yetişməsi üçün şərait yaradılmasından söhbət gedir. Keçid dövrünün bütün çatışmazlıqları tədqiqat mövzularının cılızlaşmasına, Azərbaycanın müasir inkişafının aktual problemlərinə həsr edilmiş keyfiyyətli monoqrafik tədqiqatların olmamasına gətirib çıxarmışdır.

Təəssüf ki, biz hələ milli politologiya və sosiologiya məktəbinin yaradılmasının kandarına da çatmamışıq, hələ sovet dövründə mövcud olan fəlsəfə məktəbi isə indi, müstəqillik və sosiomədəni transformasiyalar sahəsində fəlsəfi tədqiqatların qlobal şəkildə intensivləşməsi dövründə çətin günlər yaşayır. Belə vəziyyətdə elitalar nəzəriyyəsinin milli kontekstdə araşdırmalarının nə üçün bizim elmi mərkəzlərin maraq dairəsindən kənarda qalması tamamilə aydındır. Hərçənd, milli elitanın inkişafı aspektlərinə tətbiqən nəzəriyyənin hərtərəfli öyrənilməsi heç də mənasız məsələ deyildir.

Hesab edirəm ki, Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu ölkənin inkişafının aktual problemlərinin araşdırılmasına, Azərbaycanda siyasi təsisatların indiki vəziyyətinin, habelə ölkənin modernləşməsinin uzunmüddətli planları kontekstində demokratiyanın milli (Azərbaycan) modelinin tədqiqinə rəhbərlik etməlidir. Qarşıdakı sosial və siyasi dəyişiklikləri nəzəri baxımdan müvafiq şəkildə əsaslandırmadan, həyata keçirilən tədbirlərin elmi zəmininin varlığından danışmaq çətin olacaqdır.

Son illərdə biz tez-tez azərbaycançılıq ideologiyası barədə danışır, ona müraciət edirik. Belə hesab edirik ki, o, yeni şəxsiyyətin formalaşmasının əsaslarından biridir. Lakin biz bu anlayışın mahiyyəti və onun tərkib hissələri ilə əlaqədar fundamental elmi araşdırmaları görmürük, indiyə qədər onun strukturu elmi səviyyədə müəyyənləşdirilməmişdir. Bizim ideoloji korpus, təhsil müəssisələrinin müəllimləri ümumən bu ideoloji konsepti dolaşıq təsəvvür edir və buna müvafiq olaraq, onu özlərinin elmi-praktik araşdırmaları sahəsinə daxil etmirlər. Milli Elmlər Akademiyası bu boşluğu doldurmağa və onun işlənməsini mühüm dövləti vəzifə kimi müəyyənləşdirməyə, əlaqədar elmi institutları və ali məktəblərin müvafiq kafedralarını bu işə cəlb etməyə sadəcə borcludur.

Bir sıra milli elmi tədqiqat institutlarında hələ də qalmaqda olan kiflənmiş, köhnəlmiş, bəsit norma və standartlardan uzaqlaşmaq və Azərbaycan cəmiyyətinin inkişafının real problemləri və amilləri üzərində ciddi düşünmək lazımdır. Tədqiqatçılar mühitinin cavanlaşdırılması, aktual sosial, siyasi, iqtisadi və tarixi məsələlərin müəyyən edilməsi, xarici mərkəzlərlə birgə elmi layihələrin və proqramların həyata keçirilməsi, gənclərin elmə marağının artmasının stimullaşdırılması qarşıdakı illərdə milli elmin inkişafına dair proqramın işlənib hazırlanmasında prioritet məsələlərə çevrilməlidir.

 

Klassik nəzəriyyənin milli reallıqlar prizmasından dərk edilməsi

 

Müasir Azərbaycanın dövlətçiliyin inkişafının yeni fazasına daxil olduğunu nəzərə alsaq, heç bir riskə yol vermədən, elitaların ehtiyatlı transformasiyası barədə düşünmək vaxtı çatmışdır. İndi bu, zamanın tələbi, ölkənin dinamik inkişafından doğan zərurətdir. Biz inkişafın elə bir mərhələsindəyik ki, yeni vətəndaş obrazı, onun davranış normaları və stereotipləri əsasən Qərb sivilizasiyasının, daha dəqiq desək, postindustrial sivilizasiyanın təsiri altında formalaşır. Postmodernin bizim bütün varlığımızı və sosial gerçəkliyi bürüməsinin şahidləri oluruq. Təbii ki, bu proses heç də həmişə təkamül yolu ilə baş vermir və bəzən elə təsəvvür yaranır ki, o, qeyri-təbii xarakter daşıyır. E.Toffler yazır: “Sosial dəyişikliklər amili kimi texnikanın sürətlə inkişaf etməsi dünyagörüşü məsələlərinin mürəkkəb spektrini aktuallaşdırır". (Э.Тоффлер. Третья волна, М., 1999, стр.9).

Baxışların dəyişməsi, yeni dəyər or iyentirlərinin yaranması bizim “qərbləşmə" adlandırdığımız, digərlərinin isə ənənəvi cəmiyyətlərə universal dəyərlər gətirilməsi adlandırdığı prosesə kömək edir. Bəziləri Qərb dəyərlərinin təsirini məhvedici, digərləri müsbət amil hesab edir. Hərçənd, bu yaxınlarda bir kitabda oxuduğum fikirlə razılaşmamaq çətindir: mənəvi başlanğıclar olan dinləri dünyaya məhz Şərq, makiavellizm kimi nəzəriyyələri və faşizm kimi ideyaları isə Qərb təklif etmişdir. Görünür, bu, onunla əlaqədardır ki, günəş Şərqdən çıxır və Qərbdə batır.

Artıq hiss edirəm ki, bəzi oxucular necə də mübahisə etmək istəyirlər, yəni indi bizim çox fəal surətdə və canfəşanlıqla irəlilətdiyimiz demokratiyanı bəşəriyyətə təqdim edən məhz Qərb dünyası olmuşdur. Lakin xalq hakimiyyəti Yer planetində yaşayan bütün insanların can atdığı dəyər deyilmi? Məgər bu gün dünya nizamının sabitliyini pozan amil demokratiya, daha doğrusu, onun şəkli dəyişmiş forması olan geodemokratiya deyilmi? Burada tamamilə haqlı olaraq belə bir sual doğur ki, biz demokratiyanı necə görür və necə qəbul edirik, demokratiya bir tərəfin baxışları əsasında və müəyyən məsələləri həll etmək məqsədi ilə yaradılmış yalnız stereotiplər yığınına çevrilməyibmi?

Bu baxımdan, çox güman ki, yaxın aylarda milli siyasi məkanda ən çox müzakirə ediləcək və təbii ki, əks-elita və bəzi beynəlxalq təşkilatlar tərəfindən müəyyən reaksiya doğuracaq bir məsələyə toxunmaq istərdim. Gəlin səmimi olaq, axı hər birimiz başa düşürük ki, müəyyən beynəlxalq tərəflər bu və digər məkanın daxili, suveren inkişafı ilə əlaqədar hansısa dəyişiklikləri, adətən, necə qəbul edir.

Azərbaycanın müasir inkişafı simmetrik islahatların dinamikasını müəyyənləşdirməyi tələb edir, başqa sözlə, bu, elə Prezident İlham Əliyevin siyasi və iqtisadi dəyişikliklərin paralel surətdə həyata keçirilməsinin vacibliyi barədə dəfələrlə vurğuladığı fikirdir. Deməli, hər bir sahədə islahatlar bir-birini tamamlamalı, dövlətin və cəmiyyətin gələcək inkişafına şərait yaratmalı, bu prosesə yeni təkan verməlidir. İslahatlar Azərbaycan sosiumunun ümumi transformasiyası üçün stimul olmalıdır. Qlobal proseslərin getdiyi, bütünlükdə dövlətə, sosiuma və fərdə münasibətin dəyişdiyi dövrdə bu məsələ daha da aktuallaşır.

Bu gün, sərhədlərin və milli suverenliyin şərti anlayışlara çevrildiyi, informasiya-kommunikasiya texnologiyalarının intensiv təsiri altında milli özgünlük məsələlərinin dəyişdiyi, sosiomədəni amillərin səngiməyən münaqişəsi və milli identiklik aspektlərinin itirilməsi ilə əlaqədar fərdin getdikcə kosmopolitləşdiyi, təhlükəsizlik və dini fundamentalizm məsələlərinin yeni dünya nizamını formalaşdırdığı bir vaxtda keçdiyimiz yola bir daha nəzər salmalı və bizim siyasi və sosial gerçəkliyin XXI əsrin çağırış və təhdidlərinə cavab verə bilməsi barədə düşünməliyik.

Biz onu da başa düşməliyik ki, indən belə qəbul olunan qərarlar yalnız gələcək dinamik iqtisadi və demokratik inkişafımıza kömək etməlidir. Ona görə də bizim əsas oriyentirlərimiz azad vətəndaş, təhlükəsiz və etibarlı məkan, intensiv inkişaf edən iqtisadi və siyasi təsisatlardır. Müstəqil Azərbaycanı hər bir fərdin ona verilmiş hüquq və azadlıqları bildiyi, habelə dövlətin və cəmiyyətin onun üzərinə qoyduğu məsuliyyəti dərk etdiyi müasir, açıq və demokratik məkana çevirmək istəyimiz bundan ibarətdir.

İctimai-siyasi transformasiyanın hər bir mərhələsi, – istər Konstitusiyaya dəyişikliklər və ya ölkə parlamentinə seçkilərin keçirilməsi sistemində dəyişikliklər olsun, istər ictimaiyyətin nümayəndələrinin şüurunda yetişmiş bir yenilik, – həmişə cəmiyyətin inkişaf sürətini əks etdirməli, dövlət sisteminin səmərəliliyinin yüksəldilməsi xəttini təcəssüm etdirməli, habelə qarşıdakı illərdə inkişafın strategiyasını müəyyənləşdirməlidir.

Başqa sözlə desək, əgər hər hansı dəyişikliklər üç amilə – sabitliyin qorunub saxlanmasına, dövlətçiliyin möhkəmlənməsinə və ümumi rifaha xidmət edirsə, onlar səmərəlidir. Bütün bunların reallaşması yalnız öz maraqlarına cavab verən qərarlar qəbul etməkdə sərbəst olan və buna haqqı çatan Azərbaycan xalqının suverenliyinin ümumi dərkinə əsaslanmalıdır. Məsələyə bu cür yanaşma bizim nəinki regional liderə çevrilməyimizə imkan verəcək, həm də sabit daxili və xarici inkişafımızı təmin edəcəkdir.

Yeni dünya nizamının formalaşması şəraitində isə bu, ölkəmizin etibarlı tərəfdaş olmasını bir daha vurğulayır. Maliyyə və siyasi sahələrdə qlobal dəyişikliklər dünya miqyasında dəyişikliklərin bir hissəsi olan demokratiyanın mahiyyəti barədə bir daha düşünməyə vadar edir. Əminəm ki, öz imkanlarımızı qiymətləndirərkən və reallıqları təhlil edərkən hər birimiz qitələrin və mədəniyyətlərin əlaqələndirici vəsiləsi olmağın son dərəcə mürəkkəb vəzifə olduğunu başa düşürük.

Bütövlükdə, Şərq və Qərb qlobal dünyanın iki hissəsidir və bunların arasında körpü rolu oynamaq son dərəcə çətindir və bəlkə də səmərəsizdir. Azərbaycanın Şərq ilə Qərb arasında körpü olmasından söhbət düşəndə, mən Yan Masarikin sözlərini xatırlayıram. Yeri gəlmişkən, Madlen Olbrayt həmin sözləri görüşdə misal çəkmiş, sonradan isə öz kitabında vermişdir. Çexoslovakiyanın xarici işlər naziri Yan Masarik bir dəfə İngiltərə kralı VI Georqla söhbətdə demişdir: “Atlar körpüdən keçəndə onu tapdalayır və çox vaxt da peyinləri ilə bulayırlar".

Bir sözlə, ölkənin coğrafi mövqeyini bildirmək üçün seçilmiş bu termin o qədər də uğurlu deyildir. Coğrafi determinizm qanunu (obyektiv gerçəkliyin hadisələrinin universal qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı) təkcə daxili və xarici siyasi amillərə deyil, həm də geoiqtisadi xarakterli proseslərə təsir göstərir. Coğrafi mövqe fərdin psixoloji və sosiomədəni xüsusiyyətlərini əvvəlcədən müəyyən etməklə, onda bu və ya digər müsbət və yaxud mənfi xüsusiyyətlər formalaşdırır. Bu, millətin bir hissəsi olan elitaya da aiddir. Yeri gəlmişkən, fərdin formalaşmasına və xüsusiyyətlərinə tarixi və mədəni determinizm də təsir göstərir.

Mən əvvəlki əsərlərimdə yazmışdım ki, hər bir transformasiya cəmiyyəti Qərbin təsirinə məruz qalır ki, bu da öz-özünə əmələ gələn “kor-koranə qərbləşmə" doğurur, yəni milli mənlik xüsusiyyətlərinə, ənənələrə və mədəniyyətə məhəl qoyulmadan standartların qəbul edilməsinə gətirib çıxarır. Bununla əlaqədar S.Hantinqton sivilizasiyaların toqquşması barədə böyük hay-küyə səbəb olmuş əsərində yazırdı ki, bu proses ya modernləşmə və qərbləşməyə, ya qərbləşməsiz modernləşməyə doğru aparır, yaxud da nə modernləşməyə, nə də qərbləşməyə gətirib çıxarır və bu halda avtarkiyalı məkan yaranır. Bəzi tədqiqatçıların fikrincə, bu halda mentalitet, sosial varlığı yeni ideya və baxışların kənardan zorakı təsirindən müdafiə etməli olan bir növ qoruyucu amilə, qalaya çevrilməlidir. Xüsusən də ona görə ki, yeni olan heç də hər şey səmərəli və mütərəqqi deyildir.

Biz unutmamalıyıq ki, mentalitet zamanın məhsuludur və o, bu və ya digər cəmiyyətlərdə baş verən dəyişikliklər nəticəsində transformasiya edə bilər. Məgər deyə bilərikmi ki, keçən əsrin əvvəlindəki Azərbaycan cəmiyyətinin mentaliteti XXI əsrdə azərbaycanlının mentalitetinə uyğundur? Ümumiyyətlə, bu, çox vaxt “mentalitet" anlayışı və ictimai tərəqqi üçün tormoz rolu oynayan bir sıra başqa anlayışlarla pərdələnərək, cəmiyyətin transformasiyasını dondurmağa cəhd göstərən təfəkkürlərin məhsulu deyilmi?

Siyasi rəhbərliyin xüsusiyyəti ondadır ki, cəmiyyət dəyişikliklərin növbəti mərhələsinin yalnız sonunu görür, inkişafın perspektivlərinə görə cavabdeh olan insanların keçməli olduğu və keçdiyi yolun peripetiyalarını dərhal dərk etmir. Bununla belə, dövlətin gələcəyi elə amillərin təsiri altında formalaşır ki, onlar ictimai, siyasi, iqtisadi və sosial transformasiyanın mürəkkəbliklərinə baxmayaraq, elita tərəfindən idarə edilir və tənzimlənir.

Elita o şəxslər qrupudur ki, taleyin qismətindən onlara millətin aqibətinin müəyyən edilməsində tarixi rol ayrılmışdır. Lakin təcrübənin göstərdiyi kimi, məsələnin mahiyyəti ondadır ki, bəzi qruplar özlərinin həyatını milli xüsusiyyətlərin xarakterinə uyğun qurur, digərləri isə dövlətin gələcəyini öz himayədarlarının, çox vaxt xarici himayədarların imkanları hesabına formalaşdırmağa çalışırlar.

Elitarizm barədə danışarkən mən himayədarlar və onların əlaltıları məsələsini əbəs yerə vurğulamıram, çünki cəmiyyətlərdə elitalar tarixən iki yolla formalaşmışdır. Onların bir qismini daxili zərurət formalaşdırmış, digərləri isə kənardan zorakılıq və ya müdaxilə nəticəsində “peyda olmuşdur".

Təbii ki, bu elitaların hər ikisinin dövlətçiliyin təşəkkülündə həm müsbət, həm də mənfi rolu ola bilər, hərçənd, bu halda suverenlik və müstəqillik məsələləri mübahisəli anlayışlara çevrilir. Lakin mondializm, yeni dünya nizamının qurulması şəraitində biz özümüzü aldatmamalı, başa düşməliyik ki, bəzi aparıcı ölkələrin hakim elitaları millətlərin müstəqillik hüququ və onun tarixi-mədəni xüsusiyyətlərinin qorunub saxlanması barədə yalnız mücərrəd təsəvvürləri rəhbər tuturlar.

Problemin mahiyyətinə varsaq, bunu başa düşmək çətin deyil ki, onlar yalnız öz xüsusi maraqlarını reallaşdırmaq üçün əlverişli xarici mühit yaratmağa çalışırlar. Bunu nəzərə alaraq başa düşmək lazımdır ki, Azərbaycanda bəzi elit qrupların siyasi bəsirətsizliyi, naşılığı bu halda ölkəyə çox baha başa gələ bilər. Ölkə elitası yalnız milli birlik, həmrəylik, konsensus və razılıq mövqelərindən çıxış etməli, dövlətin səmərəli inkişafı üçün bazis yaratmalıdır.

Siyasi, iqtisadi, intellektual və mədəni elitanın, habelə vətənpərvərliyi, Vətənə sevgini, cəmiyyətə xidmət etmək istəyini təcəssüm etdirənlərin rolu bundan ibarətdir. Bu baxımdan mən elitarizm nəzəriyyəsinin bəzi məsələlərinə toxunmaq istərdim və hesab edirəm ki, bu, mövcud tarixi təcrübəyə əsaslanmaqla, necə deyərlər, velosipedi yenidən icad etmədən müəyyən fikirlər söyləməyə imkan verəcəkdir.

Yuxarıda artıq qeyd etmişdim ki, italiyalı Vilfredo Pareto elitalar nəzəriyyəsinin banilərindən biri hesab edilir. O, elitaya cəmiyyətin öz fəaliyyətində başqalarından daha çox uğur qazanan fərdlərinin daxil olduğu sinif kimi tərif vermişdir. V.Pareto elitanın tərifinə öz yanaşmasını belə ifadə etmişdir: “Fərz edək ki, fəaliyyətin bütün sahələrində hər bir fərd öz qabiliyyətlərinin təxminən imtahanda qiymət verilən şəkildə indeksini alır... Beləliklə, biz öz fəaliyyət sahələrində ən yüksək indekslərə malik olanlar sinfini tərtib edəcək və onu elita adlandıracağıq." (Sitat bu kitabdan götürülmüşdür: Р.Арон. Этапы развития социологической мысли. М., 1992, стр.451-452).

Pareto “...fəaliyyətin bütün sahələrində" ifadəsini tərifin əsası kimi götürməklə, elitaya universallıq və ensiklopediklik xarakteri verir, bu da öz növbəsində elitanı azsaylı sinfə, azlığa çevirir. Eyni zamanda, Paretoya görə, fərdlərin nailiyyətləri onların statusunu müəyyənləşdirir, bununla da o, fərz edir ki, sosial iyerarxiyanın əsasında həmişə fərdlərin qabiliyyətlərinin rəqabəti dayanır.

Beləliklə, elitarizmin nəzəri əsaslarını yaradanların fikrincə, əhali iki təbəqədən ibarətdir: elitaya aid olmayan aşağı təbəqə; hakim və qeyri-hakim elitadan ibarət yuxarı təbəqə. Eyni zamanda, ümumi həyat təcrübəsindən hamımızın bildiyi kimi, sosial bölgünün əsasında sərvətlərin bölgüsünün aradan qaldırıla bilməyən qeyri-bərabərliyi dayanır. Bəşəriyyət bu işdə həmişə ədalət uğrunda mübarizə aparmışdır və o, əbədi davam edəcəkdir. Hərçənd, hətta kütlələr iştirak etdiyi halda da, sərvətlərin və hakimiyyətin yenidən bölgüsü uğrunda mübarizə yalnız bir hakim azlığın digəri ilə əvəz edilməsinə gətirib çıxarır.

Marks kimi, Pareto da cəmiyyətin tarixini siniflərin mübarizəsi tarixində görürdü, lakin Marksdan fərqli olaraq o, sinfi mübarizəni istehsal vasitələri üzərində mülkiyyət məsələsi ilə bağlamırdı. Onun fikrincə, sinfi mübarizə həyat uğrunda mübarizənin yalnız bir formasıdır, “əmək ilə kapital arasında münaqişə" deyilən isə sinfi mübarizənin bir formasıdır. Deməli, “kapital"ın ləğv edilməsi “iqtisadi tənəzzüllə yanaşı, həm də sosial ağalığın və tabeliyin formasının dəyişməsinə" gətirib çıxara bilər. Paretoya görə, sosial strukturu və sosial dinamikanı hakim azlıq müəyyən edir. Bu, onun təhlilinin çıxış nöqtəsidir: “Azsaylı və əbədi olmayan istisnaları xatırlatmadan, biz qismən gücün köməyi ilə, qismən sayca daha çox olan, idarə edilən sinfin razılığı ilə hakimiyyətdə qalan azsaylı hakim sinfi görürük".

Pareto cəmiyyətin idarə edən elitaya və idarə olunan kütlələrə bölünməsinin labüdlüyü barədə nəticəni insanların fərdi qabiliyyətlərinin sosial həyatın bütün sahələrində təzahür edən qeyri-bərabərliyindən çıxarırdı. O, ilk növbədə siyasi, iqtisadi, hərbi, dini elitaları fərqləndirirdi. Marksizmə görə, sinfi münaqişələr sinifsiz cəmiyyətə doğru tarixi hərəkətin əsas vasitəsidir. Deyə bilərik ki, marksizm insanların seçimini hamı üçün azadlığa, bərabərliyə və tərəqqiyə doğru labüd hərəkətin determinist təsəvvürü ilə əvəz edir. Elitarizm bu cür determinizmi və ümumən, bu cür hərəkətin mümkünlüyünü tamamilə inkar edir. Elitaristlərə görə, cəmiyyətin siyasi dəyişməsi, ilk növbədə, elitaların transformasiyasıdır.

Həqiqətən, elitanın xarakteri və tərkibi, onun siyasi oriyentasiyaları və ideoloji əqidələri siyasi sistemin mühüm tərkib hissələridir. İstənilən ölkədə baş verən dəyişikliklər, demokratiyaya keçid hökmən siyasi elitaların dəyişməsini nəzərdə tutur. V.Pareto elitaların bir-birini fasiləsiz əvəzləməsi nəzəriyyəsini irəli sürmüşdür və onun fikrincə, bu nəzəriyyə cəmiyyətin sosial dinamikasını izah edir. Sosial-siyasi sistem tarazlığa can atır və tarazlığını itirəndə, bir müddətdən sonra yenidən ona qayıdır. Sistemin bu cür tərəddüdü və normal vəziyyətə gəlməsi prosesi sosial tsikl təşkil edir. Bu tsiklin müddəti, ilk növbədə, elitaların bir-birini əvəzləməsindən asılıdır.

Bir elitanın müntəzəm olaraq digəri ilə əvəz edilməsi elitaların hər bir tipinin müəyyən üstünlüyünün olmasının nəticəsidir. Lakin zaman keçdikcə, həmin üstünlük cəmiyyətə rəhbərlik etmək prinsiplərinə uyğun gəlmir. Buna görə də sosial və siyasi sistemin tarazlığının saxlanması elitanın daim yeniləşməsini tələb edir. V.Paretoya görə, inqilab yalnız elitaların mübarizəsi, guya xalqın adından danışan hakim elitanın əvəz edilməsidir, lakin bu fikir məsələni bilməyənlər üçündür. Bu halda əhalinin geniş kütlələri uduzur. Oktyabr inqilabı deyilən hadisəni Qərb politoloqları məhz bu cür səciyyələndirirlər. N.A.Berdyayev yazırdı: “Çar bürokratiyasından daha güclü olan yeni sovet bürokratiyası xalq kütlələrini amansızcasına istismar edə biləcək yeni imtiyazlı sinifdir" (Н.А.Бердяев. Историки и смысл русского коммунизма. М., 1990, стр.175). Daha əyani misal üçün milli tariximizi və Ə.Vəzirov, A.Mütəllibov, Ə.Elçibəy rejimlərini xatırlamaq kifayətdir.

Elitalar nəzəriyyəsinin digər banisi, italyan Qaetano Moski hesab edirdi ki, kiçik qruplar müvafiq qaydada təşkil olunduqda çoxluğun siyasi əqidələrinə birbaşa və ya dolayı şəkildə təsir edə bilər və bu cür azlıq istənilən cəmiyyətin səciyyəvi xüsusiyyətidir: “Sivilizasiyaya hələ yenicə yaxınlaşmaqda olan cəmiyyətlərdən tutmuş müasir mütərəqqi və güclü cəmiyyətlərə qədər bütün cəmiyyətlərdə həmişə insanların iki sinfi yaranır – idarə edən sinif və idarə olunan sinif... İdarə edən və ya siyasi sinif dövlət idarəçiliyini təmərküzləşdirir, çünki “siyasi şüura" malik olan fərdləri birləşdirir. Azlığın hökmranlığı labüddür, çünki bu, mütəşəkkil azlığın qeyri-mütəşəkkil çoxluq üzərində hökmranlığıdır".

V.Pareto bu ideyanı belə bir fikirlə tamamlamışdır ki, həm elitaların, həm də kütlələrin davranışı iqtisadi maraqların və mənəvi normaların toqquşmasından irəli gəlir. Buna görə, habelə təbii zəifləmə (degenerasiya) səbəbindən zaman keçdikcə elitalar yeniləri ilə əvəz edilir, başqa sözlə desək, bu proses dövri xarakter daşıyır.

Yeri gəlmişkən, Nikollo Makiavelli özünün fəlsəfi əsərlərində yazırdı: “Bəşəriyyətin bütün tarixi “şirlərə" (idarəetmənin sərt üsullarına üstünlük verən mühafizəkarlara) və “tülkülərə" (hiyləgər və bic islahatçılara) bölünən elitaların rəqabət mübarizəsidir. Cəmiyyətin inkişafının “şirlərin" hakimiyyətinə xas olan sakit dövrləri “tülkülərin" hakimiyyətdə olduğu inqilabi dövrlərlə əvəz edilir. Lakin tezliklə cəmiyyət bu dəyişikliklərdən usanır və “şirlər" yenidən hakimiyyətə qayıdır (yaxud “tülkülər" onların libasını geyirlər)".

Alman Maks Veberin fikrincə, bu prosesdə əsas rol liderlərə məxsusdur, onların fəaliyyətinin gücü və səmərəsi kütlələri öz tərəfinə cəlb etmək bacarığına əsaslanır, bu vəzifə hər bir partiyada mövcud olan bürokratik aparata həvalə edilir. Elitarizmin baniləri arasında R.Mixelsi və onun “oliqarxiya meyillərinin polad qanunu"nu da qeyd etmək lazımdır. Onun konsepsiyasının mahiyyəti bundan ibarətdir ki, “demokratiya özünü qoruyub saxlamaq və müəyyən sabitliyə nail olmaq üçün təşkilat yaratmağa məcburdur. Bu isə elitanın – kütlənin öz taleyini etibar etməli olduğu fəal azlığın ayrılması ilə bağlıdır".

Nüfuzlu filosofların, mütəfəkkirlərin və siyasi xadimlərin tezislərini təhlil edərkən asanlıqla görmək olar ki, elitanın dəyişməsi və ictimai prosesdə onun rolu haqqında mütləq anlayış yoxdur. Müxtəlif şəraitdə, siyasi vəziyyət birmənalı olmadıqda, bir qrup idarəçilər və ya azlıq şəklində formalaşmış, lakin prosesə təsir göstərə bilən “elita" müxtəlif funksional vəzifələri yerinə yetirə bilər, lakin onun mahiyyəti və missiyası dəyişməz qalır.

Daha bir mühüm məsələyə toxunmaq lazımdır. Elitalar nəzəriyyəsinə dair əsas tədqiqatlar Qərbi Avropa ölkələrində aparılmışdır. Lakin keçən əsrin 50-ci illərində elitalar haqqında tədqiqatların mərkəzi Avropadan ABŞ-a keçmişdir. Orada bir neçə istiqamət yaranmışdır: C.Börnhemin başçılıq etdiyi “makiavellist" istiqamət, elitarizmi demokratik dəyərlərlə əlaqələndirmək məsələsini qarşıya qoymuş liberal istiqamət (Q.Lassuell və onun davamçıları). 70-90-cı illərdə isə neokonservativ elitarizm (T.Day) geniş yayılmışdı.

Elitarizm təkcə akademik mühitlə məhdudlaşmamış, kütləvi informasiya vasitələri tərəfindən qəbul edilmiş, siyasi proqramlara daxil olmuş, kütləvi şüura yerimiş, praktik siyasətdə dərsliyə çevrilmişdir. Məsələn, postsovet respublikaları özlərinin sosial-iqtisadi sistemini modernləşdirmək yolunu seçəndə, Qərb həmin respublikalarda Qərb dəyərlərinə səmtlənən yeni elita yaradılmasına kömək etməyə, öz universitetlərində və digər tədris müəssisələrində onu formalaşdırmağa başlamışdı.

İnkişaf etməkdə olan Şərq ölkələrində, habelə “sosializm düşərgəsi" ölkələrində elitarizm “münasib" sayılmırdı, çünki o, inqilabi liderlərin dəstəklənməsinə kömək etmirdi. Ona görə də bu sahəyə aid bütün tədqiqatlar üzərində ciddi senzura qoyulmuşdu. Beləliklə də, elitaların yaranması və inkişafı sahəsində tədqiqatlar məhdud sayda elmi işlərdə əks olunmuşdu. Məsələn, rusiyalı tədqiqatçılar K.Mikulski, L.Babayeva və başqaları 140 elmi işi (əsasən xarici müəlliflərin işlərini) ümumiləşdirərək, elitaya aşağıdakı tərifləri verirlər (Микульский К.И., Бабаева Л.В., Таршис Е.Я. и др. Российская элита: опыт социологического анализа. Часть Ы //Концепция и методы исследования. М., 1995).

Cəmiyyətin elitası cəmiyyətdə elə mövqeyə və elə keyfiyyətlərə malik olan sosial təbəqədir ki, bu mövqe və keyfiyyətlər onun cəmiyyəti idarə etməsinə, yaxud idarəetmə prosesinə əhəmiyyətli dərəcədə təsir göstərməsinə, cəmiyyətdə dəyər oriyentasiyalarına və davranış stereotiplərinə (müsbət və ya mənfi) təsir etməsinə, nəticə etibarilə cəmiyyətin inkişaf meyillərinin yaradılmasında onun bütün başqa təbəqələrindən daha fəal, daha səmərəli iştirakına, eyni zamanda, öz mövqeyini formalaşdırmaqda başqa qruplardan daha artıq müstəqil olmasına imkan verir.

Elitalar və cəmiyyətin idarə edilməsinin daha səmərəli sistemləri və mexanizmlərinin formalaşması məsələlərinə hətta liberalizmin banilərindən olan Fridrix Hayekin də əsərlərində rast gəlmək mümkündür. O, özünün dünyada məşhur olan “Köləliyə aparan yol" əsərində yazırdı: “Hamı çevik və qətiyyətli tədbirlər görülməsini tələb edəndə “nə isə etmək" üçün kifayət qədər güclü təsir bağışlayan siyasi xadim (və ya partiya) kütlələr üçün daha cəlbedici olur. Bu halda “güclü" olmaq heç də “say çoxluğuna malik olmaq" demək deyil, çünki ümumi narazılıq məhz parlament çoxluğunun fəaliyyətsizliyinin nəticəsidir. Vacibi odur ki, bu liderin dəyişiklikləri səmərəli və tez həyata keçirə biləcəyinə inandıran güclü dəstəyi olsun" (Ф.Хайек. Дорога к рабству. М., Новое издательство. 2005, стр. 143).

Beləliklə, elitanın mahiyyəti və vəzifəsi tarixin inkişafını seyr etməklə məhdudlaşmır. Elita özü bu transformasiyaların və dinamik dəyişikliklərin avanqardı kimi çıxış edir. Yalniz bu halda demək olar ki, elita cəmiyyətin onun qarşısında qoyduğu vəzifənin öhdəsindən gəlir.

Hər bir ölkədə siyasi elitanın formalaşması tarixi şəraitə və ənənələrə uyğun olaraq, özünəməxsus tərzdə baş verir. Məsələn, ABŞ-da siyasi elita, əsasən, işgüzar dairələrin nümayəndələrindən, dövlət qulluqçularından, tanınmış hüquqşünaslardan, nüfuzlu alimlərdən və politoloqlardan, Fransada daha çox siyasi partiyaların rəhbərlərindən və məşhur universitetləri bitirmiş dövlət qulluqçularından ibarət olur. SSRİ-də elita partiya və komsomol funksionerlərindən, təsərrüfat rəhbərlərindən və hərbi komandanlıqdan, elm və mədəniyyət xadimlərindən təşkil edilirdi.

Yenidənqurma lap əvvəldən hakim elitanın hakimiyyətinin ləğv edilməsinə yox, onun “nəcibləşdirilməsinə" yönəlmişdi. M.Qorbaçov siyasi dəyişiklikləri həyata keçirərkən artıq mövcud olan strukturlara və hakimiyyət mexanizmlərinə arxalanır, onlara fərdi dəyişikliklər edirdi. Lakin SSRİ dağılandan və keçmiş respublikalar müstəqillik əldə edəndən sonra vəziyyət bir qədər dəyişdi, hərçənd, hər bir respublikada bu dəyişikliklərin özünəməxsus xüsusiyyətləri var idi.

Məsələn, Azərbaycanda Ayaz Mütəllibovun və Xalq Cəbhəsinin tərəfdarları arasında mübarizənin kəskinləşməsi o dövrdə hakimiyyəti təmsil edənlərin əhvalına güclü təsir göstərmişdi. Respublikanın bir sıra rəhbər işçiləri A.Mütəllibovun mövqeyinin zəifliyini, habelə geniş əhali kütlələrinin onu dəstəkləmədiyini dərk edərək tezliklə ondan üz döndərdi, yaxın ətrafındakılar isə ona açıq-açığına satqınlıq etdilər. Özü də bu zaman korporativ, daha doğrusu, merkantil maraqlar həlledici oldu. Hakimiyyət uğrunda mübarizənin güclənməsi nəticəsində siyasi, iqtisadi, elmi və mədəni elitanın əsas kütləsi tam süstlük və şaşqınlıq vəziyyətinə düşdü, qalan cüzi hissə isə ayrı-ayrı, çox vaxt da bir-birinə qarşı duran seqmentlərə parçalandı.

Hakim elita mürəkkəb qurumdur, hakimiyyətdə olanların sayının cəmi demək deyildir. Bu, ilk növbədə, xüsusi bir sosial qrup, ona daxil olan, ümumi maraqların birləşdirdiyi siyasətçilərin dərin daxili əlaqələrinə əsaslanan davamlı birlikdir. Hakim elitanın hakimiyyətə və dövlətə, ölkənin inkişafına və xarici aləmlə onun qarşılıqlı münasibətlərinə, ictimai problemlərə, dövlətin idarə edilməsində sosiumun yerinə və roluna öz baxışları vardır.

Elita bəzən cəmiyyətdəki mövcud baxışlara və əhval-ruhiyyələrə o qədər də anlaşıqlı olmayan xüsusi dünyagörüşünə malikdir. O, çox dərindən dərk edir ki, ölkəyə rəhbərlik etmək, xalqın taleyini müəyyən etmək onun işidir. Bir sözlə, əgər hakim elita kifayət qədər sıx birləşmiş sosial qrup şəklində çıxış edirsə, onun işləri uğurlu və səmərəli olur.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkə elitası əvvəlcə bolşevik, daha sonra kommunist idarəetmə sisteminin prinsiplərinə uyğun olaraq formalaşmağa başlamışdı. Əvvəlki elita – Şərqdə ilk demokratik cümhuriyyətin yaradıcıları olan milli ziyalıların qaymağının bir qismi repressiyaya məruz qalmış, bir hissəsi ölkədən qaçmağa məcbur olmuşdu. Buna görə də yeni, artıq sovet elitası, əsasən, fəhlə və kəndlilər arasından və yeni rejimə sadiq partiya üzvlərindən yaranırdı.

Stalinizm dövründə repressiya aparatının həyata keçirdiyi cəza əməliyyatları nəticəsində hətta bu elitanın da tərkibi dəfələrlə dəyişmişdi. Milli siyasi, təsərrüfatçı və yaradıcı elitanın ən yaxşı hissəsi sui-qəsdlərin, zəhərlənmələrin, sürgünlərin qurbanlarına çevrilirdi. Hərçənd, çox vaxt bütün bu hadisələr elə həmin elitanın başqa nümayəndələrinin təqsiri üzündən baş verirdi. Nəticədə, bu qondarma “yeniləşdirmə" ümumən bütün milli elitaya toxundu.

30-50-ci illərdə milli elitanın sanki bütün elementləri formalaşmışdı. Bunu belə bir fakt da göstərir ki, məhz həmin dövrdə Azərbaycan dünyaya elm, ədəbiyyat və incəsənət sahəsində çoxlu parlaq istedad bəxş etmişdi. Bununla belə, hər halda, onların arasında bütövlük, mütəşəkkillik, birlik, həmrəylik, yüksək konsolidasiya yox idi. Bunlar olmadıqda isə elita, sadəcə, qeyri-mütəşəkkil qrup olur. İ.Stalin peşələr üzrə hər hansı mütəşəkkil müstəqil qrupun mövcud olmasını görmək belə istəmir, belə qrupları özünün hökmranlığı üçün real təhlükə hesab edirdi.

Yetkin elitanın sıx birləşdikdə özü üzərində amirliyi məhdudlaşdıran qüvvəyə çevrilməsi barədə Stalinin təsəvvürü öz təzahürünü bunda göstərirdi. Buna görə də “üfüqi" əlaqələr qadağan edilmişdi, çünki bu, hakimiyyətə qarşı qeyri-loyallıq kimi qiymətləndirilirdi. Bu iyrənc siyasət nəticəsində milli elitanın nümayəndələrinin çoxu repressiyaya məruz qalmışdı.

60-80-ci illərdə SSRİ-də hakim elita iki əsas hissədən – peşəkar partiya işçilərindən və nazirliklərin, idarələrin və iri sənaye müəssisələrinin rəhbərlərindən yaranırdı. Demək lazımdır ki, partiya elitası əslində ağalıq edirdi, başqa sözlə desək, hakimiyyəti əsasən o təcəssüm etdirirdi. Onu formalaşdıran və istiqamətləndirən isə təsərrüfat elitası idi.

İş bundadır ki, ideologiya (təbliğat, KİV-ə rəhbərlik və nəzarət, təhsil, siyasi xəttin ideoloji təminatı), habelə kadrların seçilməsi və yerləşdirilməsi partiya funksionerlərinə təhkim olunmuşdu. Partiya elitası iqtisadiyyata və istehsal fəaliyyətinə bilavasitə rəhbərlik etmirdi. O, nazirliklərin və idarələrin, iqtisadiyyat sahələrinin fəaliyyətinin əlaqələndirilməsi ilə kifayətlənirdi.

Təsərrüfatı idarə edən elita inkişafın strateji xəttini işləyib hazırlayır, onu müvafiq sənəd formasında partiya elitasına təqdim edir, o da həmin sənədi öz qurultaylarında təsdiq edərək, ona siyasi xətt statusu verirdi. Təsərrüfat elitasının hökmranlığı təkcə onun bilavasitə funksiyalarına əsaslanmırdı. Bu hökmranlıq onun üzvlərinin partiya elitasına və partiya aparatına fəal surətdə daxil olması ilə möhkəmlənirdi.

Əvvələn, təsərrüfatçılar partiya aparatında işləmək üçün irəli çəkilir və beləliklə, partiya funksionerlərinə çevrilir, partiya aparatı şöbələrinin özəyini təşkil edirdilər. İkincisi, təsərrüfat idarəçilərinin peşəkar partiya işçiləri mühitinə daxil edilməsi onların istər ali, istərsə də şəhər, rayon səviyyəli seçkili partiya orqanında, habelə istehsal müəssisələrinin və başqa əmək kollektivlərinin partiya təşkilatında təmsil olunması praktikası vasitəsilə baş verirdi.

Beləliklə, təsərrüfat hakimiyyətinə partiyadakı hakimiyyət də əlavə olunurdu. Bununla da təsərrüfatçı siyasətin işlənib hazırlanmasına və həyata keçirilməsinə, həm də partiya elitasının özünün formalaşmasına təsir göstərmək üçün əlavə imkan qazanırdı. Ona görə də deyə bilərik ki, sovet hakim elitasının strukturunda partiya elitasından daha çox təsərrüfat elitası üstün mövqe tuturdu.

Yuxarıda deyilənlərdən göründüyü kimi, sosialist ictimai-siyasi qarşılıqlı münasibətlər sisteminin əsas dayağı hesab edilən partiya elitasının hakimiyyəti, əslində, başlıca dayaq deyildi.

1992-ci ildə mütəllibovçuların şəxsində “partokratlar" üzərində qələbə qazanmış Xalq Cəbhəsi partiya elitasının hakimiyyətinin həcminin onların təsəvvür etdikləri ilə müqayisədə nə dərəcədə cüzi olduğunu, – xüsusən də ona görə ki, bu elitanın bəzi əsas rıçaqları Ə.Vəzirov tərəfindən dağıdılmışdı, – yəqin edə bildi. Milli tariximizin bəzi faktlarını şərh edərkən bir haşiyə çıxmaq, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsindən əvvəlki hadisələrə qayıtmaq istərdim. Çünki 1982-ci ildə Heydər Əliyev Moskvaya gedəndən sonra respublikanın siyasi rəhbərliyində yaranmış və Qorbaçovun “əliyevçiliyə" qarşı hücumlarından sonra daha da kəskinləşmiş qüsurlu vəziyyətə real qiymət vermək zəruridir.

Heydər Əliyev Moskvaya gedəndən sonra, Kamran Bağırovun dövründə Azərbaycan ona qədər yaradılanların hamısını tədricən itirməyə başladı və 1988-ci ilə qədər respublika ətalət üzrə hərəkətini davam etdirdi, lakin artıq bu hərəkəti inkişaf adlandırmaq mümkün deyildi. Bütün sovet məkanını bürümüş sosial-iqtisadi xarakterli durğunluq prosesləri, habelə Heydər Əliyevi gözdən salmaq məqsədi ilə Mərkəzin Bakıya göstərdiyi təzyiq, onun kadrları ilə mübarizə Azərbaycan SSR-in nəinki iqtisadi, həm də siyasi strukturunu xeyli dərəcədə zəiflətmişdi.

Kamran Bağırovun lider keyfiyyətlərinin, geniş təfəkkürünün olmaması, gələcək hadisələri irəlicədən görməyi bacarmaması, işdə passivliyi, Mərkəzin təzyiqinə fəal müqavimət göstərmək, onunla münasibətləri korlamaq istəməməsi, bəzi hallarda barışdırıcı mövqe tutması və üstəlik, onu əhatə edən insanların ambisiyaları respublikada siyasi ab-havanın mənzərəsini, demək olar ki, hər gün dəyişirdi.

Onun bu keyfiyyətlərinin çoxu 1988-ci ilin fevral-may aylarında Dağlıq Qarabağda fəal separatist çıxışlar, azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması və bu hadisələrlə əlaqədar Bakıda Azadlıq meydanında mitinqlər başlayanda xüsusilə özünü göstərdi. O, işdən kənarlaşdırıldı, proseslərə isə Sov.İKP MK-nın katibi Q.P.Razumovski və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin birinci müavini F.D.Bobkovun başçılığı ilə qrup rəhbərlik edirdi.

Dövlətçilik müdrikliyi, iradə və qətiyyət göstərmək tələb edilən şəraitdə K.Bağırov ruh düşkünlüyünə qapıldı. Tam çaşqınlığa düşərək, fəal iş, günbəgün mürəkkəbləşən hadisələrə müvafiq münasibət bildirmək qabiliyyətini itirdi. Heydər Əliyevdən sonra o, respublikanın milli mənafelərini müdafiə etməyə qadir olmayan aciz və həddən artıq zəif rəhbər kimi qəbul olunurdu. Təəssüf ki, bütün bunlar xalq kütlələrinin ovqatına, onların özünə inamına və ruh yüksəkliyinə təsir göstərirdi. Artıq bütün bu keyfiyyətlər yox olmuşdu.

Təbii ki, belə bir haqlı sual yarana bilər: bəs nə üçün respublikanın rəhbəri vəzifəsinə onu seçmişdilər? Açığını deyim, MK-nın üç üzvündən (K.Bağırov, H.Seyidov, İ.Məmmədov) müxtəlif parametrlərə görə bu vəzifəyə daha münasib olanı o idi. Bundan əlavə, Heydər Əliyev respublikanın rəhbəri olduğu dövrdə Kamran Bağırov MK-nın katibi kimi əvvəlcə ideologiya sahəsinə, sonra isə sənayeyə kuratorluq edirdi, MK üzvləri və üzvlüyə namizədlər, respublika fəallarının digər hissəsi tərəfindən müəyyən qədər dəstəklənirdi. Bu dövrdə o, kölgədə qalmağa, heç kəslə münasibətləri korlamamağa çalışırdı.

Bir sözlə, elə bir xüsusi tələbkarlığı və prinsipiallığı ilə fərqlənmirdi. Lakin özü haqqında ölkədə həyata keçirilən xəttin fəal tərəfdarı, istənilən səviyyəli işçilər üçün açıq olan və sadə bir insan təsəvvürü yarada bilmişdi. Buna görə də partiya fəalları onu Heydər Əliyevin sədaqətli məsləkdaşı hesab edir, onun tərəfini saxlayırdılar. Tarix göstərdi ki, mütəşəkkil orqanizm kimi kollektiv də səhv edə bilər.

MK-nın birinci katibinin dəyişdirilməsi məsələsini ölkədə yaranmış vəziyyət özü gündəliyə gətirmişdi. Bu da obyektiv idi. Lakin MK Bürosunun heyətində heç kəs güman etmirdi ki, yeni birinci katib Ə.Vəzirov ola bilər. Onu respublikaya Sov.İKP MK-nın katibi Yeqor Liqaçov “gətirdi". Bu, bizim üçün tamamilə gözlənilməz idi.

Keçmişi təhlil edərkən və 1987-ci ildən sonra Azərbaycanda baş verən hadisələri daha yaxşı dərk etməyə cəhd göstərərkən mən hər dəfə bir suala cavab tapmağa çalışıram: nə üçün Ə.Vəzirov Mərkəz tərəfindən Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi vəzifəsinə təyin edildiyi ilk günlərdən başlayaraq, özünün bütün enerjisini Heydər Əliyevə və onun yaratdıqlarına qarşı mübarizəyə yönəltdi? O, dövlətçiliyin əsas seqmentlərini: ölkənin iqtisadiyyatını, insanların hakimiyyətə etibarını, sabahkı günə inamını sarsıtdı, regionlar arasında nifaq toxumu səpdi və sair. Çox fəal şəkildə yenisi ilə əvəz edilən əvvəlki hakim elita başını itirmişdi, o, nə baş verdiyini anlaya bilmirdi. Yeni təyin edilənlərin hər biri isə müxtəlif yollarla, çox vaxt təmənnalı şəkildə rəhbər orqanlara düşən kimi özünü elə aparırdı ki, elə bil dünyanın axırıdır, üstəlik, elementar məsuliyyət hissini də itirirdi.

Ə.Vəzirovun hərəkətləri sağlam düşüncəyə zidd idi. Məsələyə sırf əxlaqi mövqedən yanaşsaq, deməliyəm ki, Ə.Vəzirovun vəzifədə irəliləməsində Heydər Əliyevin çox böyük rolu olmuşdu. Mən bu insan üçün nələr edildiyinin hamısının şahidiyəm. Bundan əlavə, Ə.Vəzirov da Pakistanda SSRİ-ni təmsil etdiyi dövrdə bunu dəfələrlə etiraf etmişdi, özü də təkcə mənə yox. Əgər xatırlasaq, Vəzirov ÜİLKGİ MK-da işdən azad edilib kənarda qalanda onu məhz Heydər Əliyev xilas etmişdi.

Vəzirov çox gözləməli olmadı, Heydər Əliyev onu əslində Azərbaycanın ikinci paytaxtı olan Kirovabad (indiki Gəncə) şəhər partiya komitəsinin birinci katibi seçmiş, Azərbaycan KP MK-nın şöbə müdiri təyin etmiş, sonra isə onun diplomatiya xətti ilə irəliləməsinə hər cür şərait yaratmış və kömək göstərmişdi. Heydər Əliyev kommunist sisteminin mərkəzi iyerarxiya strukturunda təmsil edilə biləcək hər bir azərbaycanlını dəstəkləməyin başa düşülməsinin zəruriliyini əsas tuturdu.

Yanvar hadisələrindən əvvəlki günlər milli elita üçün ciddi sınaq oldu. Sirr deyil ki, cəmiyyət məhz həmin günlərdə gözləyir və ümid edirdi ki, bu elitanın nümayəndələri xalqı Ə.Vəzirov başda olmaqla milli xainlərə və M.Qorbaçovun Moskva qrupuna qarşı yönəldəcəklər. Lakin, təəssüf ki, milli elitanın nümayəndələrinin bir çoxu öz yaxalarını kənara çəkdi, bununla da həmin missiyanın yerinə yetirilməsini elitanın Vətənə böyük məhəbbət hissi ilə yaşayan azsaylı qrupuna həvalə etdi. Bu çox çətin sınaq günlərində həm Bakıda, həm də Moskvada meydanlarda dayanan, Azərbaycan xalqını dəstəkləyən insanların adları hamımıza məlumdur.

 

Lakin ürək ağrısı ilə deməliyəm ki, xalqımız üçün taleyüklü günlərdə izi-tozu görünməyən keçmiş sovet elitası nümayəndələrinin çoxu 1993-cü ildə, Heydər Əliyev hakimiyyətə qayıdandan sonra əslində göstərmədikləri xidmətlərdən və onlara heç bir dəxli olmayan işlərdən dəm vurmağa, bunları öz adlarına çıxmağa başladılar. Axı, tamamilə haqlı sual doğa bilər: bu gün müxtəlif dövlət təltifləri və ya xüsusi ehtiram iddiasında olanlar həmin günlərdə harada idilər? O günlərdə onların vətəndaşlıq mövqeyi nədən ibarət idi?

Məgər elita Vəzirovun antimilli siyasətinin və Moskvanın azğınlığının bu ölkəni haraya sürüklədiyini görmürdümü? Elitanın Ermənistandan qaçan həmvətənlərimizin, 1990-cı ilin qanlı yanvar günlərində tankların altında həlak olanların, ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşanların taleyi həll edildiyi bir vaxtda bu proseslərdə iştirakını ört-basdır etməyə çalışmasına nə dərəcədə haqq qazandırmaq olar? İndiki dövlət quruculuğu və cəmiyyətin konsolidasiyası şəraitində milli elitanın bəzi nümayəndələrinin rolu nədən ibarətdir? Yalnız ölkəmizdə görülən bütün işlərə qara yaxmaq və məntiqini onların başa düşməsi və dərk etməsi çətin olan prosesləri tənqid etməkmi? Lap açıq danışmaq istəyirəm, elita adlanmağa iddia edən bu insanlar ancaq özləri barədə, özlərinin firavanlığı haqqında düşünürlər, Vətən onlara yalnız bu və ya digər fayda əldə etmək üçün lazımdır. Bəs özləri Vətənə nə veriblər – bu suala onların cavabı yoxdur.

Yenidən mövzuya qayıdaraq demək istərdim ki, elitanın bu gün nə isə təqdim etməyə çalışan müəyyən hissəsi Azərbaycanın o ağır günlərində cəsarətsizlik göstərmiş, sayca daha çox olan digər hissəsi isə Ə.Vəzirovun və onun əlaltılarının əlində alətə çevrilmiş, Vətənin çətin dövründə xalq kütlələrinin avanqardı kimi həqiqi elitaya xas olan keyfiyyətləri göstərə bilməmişdi.

O dövrdə mən bir məsələni başa düşə bilmirdim ki, Ə.Vəzirovun 1988-ci il mayın 30-da (MK-nın birinci katibi seçiləndən 9 gün sonra) MK-nın plenumunda mənim Azərbaycan KP MK-nın katibi vəzifəsindən azad edilməyim barədə birdən-birə qərar çıxarması nə ilə bağlı idi? Zənnimcə, Azərbaycanın o narahat günlərdəki, artıq dağılmaqda olan sovetlər ölkəsi bütün gəmini öz arxasınca dənizin dibinə çəkən lövbər kimi milli respublikaları öz arxasınca sürüdüyü dövrdəki tarixini daha ətraflı təsvir etməyə hələ imkanım olacaqdır.

Həmin plenumdan sonra Ə.Vəzirov keçən əsrin 70-80-ci illərində yaradılmış bütün kadr potensialını məhv etməyə başladı. Nə üçün bu insan öz xalqı üçün bu dərəcədə taleyüklü dövrdə yetərli rəhbərə çevrilə bilmədi? Axı, tarix ona belə bir fürsət vermişdi. Azərbaycanın o dövrü haqqında diskussiyalar aparılanda hər dəfə Ə.Vəzirovun ölkəyə rəhbərlik etdiyi iki ildən az müddətdə onunla işləmiş insanlardan eyni cavab alıram: Ə.Vəzirov nəinki çox zəif rəhbər idi, həm də ona etibar edilmiş kiçik kollektivi də idarə edə bilməmək kimi faciəli dərəcədə fərsizliyi ilə fərqlənirdi.

Aradan qaldırılması üçün çox böyük təmkin, intellekt və vəziyyəti idarə etmək qabiliyyəti tələb olunan böhranlar barədə isə danışmağa dəyməz. Azərbaycan cəmiyyəti bu insanın düşük “əqli nəticələrini" və çox vaxt onu gülünc vəziyyətə salan dingilişliyini hələ də xatırlayır.

Milli reallıqları başa düşməmək, respublikada yaranmış vəziyyətə adekvat yanaşmanın olmaması, Azərbaycan mentalitetinə yabançı olan davranış normaları elə bir insan obrazı formalaşdırmışdı ki, onun fəaliyyəti bizi dövlətimizin ərazisinin 20 faizini itirməyə, iqtisadiyyatın bərbad vəziyyətə düşməsinə düçar etdi. Bütün bunlarla yanaşı, Mixail Qorbaçovun buyruq qulu və ən yaxın əlaltısı olan Ə.Vəzirov onun bütün göstərişlərini səylə və can-başla yerinə yetirirdi. Onun, Mixail Qorbaçovun əslində Azərbaycanın düşməni olmasını, respublikada böhranın yaranmasında və Dağlıq Qarabağ regionunun ayrılmasında marağının olmasını dərk etməməsinə inanmaq çətindir. Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər və satqınlıqlar az olmuşdur. Ə.Vəzirovun rəhbər tutduğu ideya çox sadə idi: məşhurlaşsın və tarixə düşsün, fərqi yoxdur, qurucu kimi, yoxsa dağıdıcı kimi.

Xatırladaq ki, qədim Yunanıstanda Herostrat da eyni hisslərlə yaşayırdı. Lakin Herostrat kimi, Ə.Vəzirov da milli tarixə uğursuz bir şəxsiyyət, sosial quruluşun autsayderi kimi düşdü. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Dövlət Plan Komitəsinin keçmiş sədri A.Mütəllibovun ölkəyə rəhbərlik etməsi Azərbaycan cəmiyyətinin siyasi və iqtisadi dəyişikliklərə olan immunitetini tamamilə məhv etdi.

Məlum olduğu kimi, Ayaz Mütəllibov hakimiyyətə gələndən sonra SSRİ məkanında yeni tarixi dəyişikliklərin başlandığını dərhal dərk etməmişdi. O, Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə bağlı hadisələrin arxasında Sovet İttifaqının dağılmasının başlandığını görə bilmirdi. Heç də təsadüfi deyil ki, o, QKÇP – Dövlət Fövqəladə Vəziyyət Komitəsi iştirakçılarının qiyamını əvvəlcə dəstəkləmişdi. Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi kreslosundan Azərbaycan prezidenti kürsüsünə əyləşəndə isə erməni separatçılarının cilovlanmasına, habelə ölkənin həyatında nəzərəçarpacaq dəyişikliklər edilməsinə yönəlmiş qətiyyətli tədbirlər görmədi.

A.Mütəllibov AXC-nin cəbhədə baş verən hadisələrə faktik olaraq rəhbərlik etməsinə imkan verməklə xarakterinin faciəli dərəcədə zəifliyini göstərdi, bu isə hərbi əməliyyatların gedişində, o cümlədən onun fəaliyyətsizliyi və birbaşa səhlənkarlığı ucbatından 366-cı motoatıcı alayın köməyi ilə erməni quldur dəstələrinin Xocalıda həyata keçirdikləri əməliyyatda dinc əhalinin kütləvi şəkildə qırılması ilə nəticələndi.

M.Qorbaçovun birbaşa göstərişinə əsasən ölkənin rəhbəri olduqdan sonra o, ictimaiyyətlə və özünün opponentləri olan Xalq Cəbhəsi ilə dialoq yarada bilmədi. A.Mütəllibov faktik olaraq Ə.Vəzirovun yolu ilə gedir, cəmiyyətin konsolidasiyası və ölkəni gözləyən təhlükə qarşısında siyasi qrupların səylərinin birləşdirilməsi məsələlərini öz praktikasından çıxarmışdı. Özünün qəti mövqeyi olmayan bu insan yaxın ətrafındakı adamların diktəsinə tabe olurdu, onların çoxu isə dövlətin mənafelərini deyil, sırf konyunktur, şəxsi maraqları rəhbər tuturdu. Onun hakimiyyətə gətirdiyi kadrları ictimaiyyət tanımırdı və onlar yalnız A.Mütəllibovla, özü də müəyyən məqama qədər yaxın olmalarından başqa elə bir xüsusi qabiliyyətləri ilə fərqlənmirdilər. Davranışına xas olan ədalar ona ümumxalq məhəbbəti və nüfuz gətirməmişdi, yalnız “Torqovı küçəsindən olan modabaz oğlan" imicini qazandırmışdı.

Heydər Əliyevin dövründə işində yol verdiyi ciddi səhvlərə, nöqsanlara və vəzifədən sui-istifadə hallarına görə işdən kənarlaşdırılan “cəzalandırılmışları" hakimiyyətə qaytarması da onun mövqeyini möhkəmlətmədi. Mübaliğəsiz demək olar ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda hakimiyyət “ayaqlar altında" qalmışdı. Onu kimsə qaldırmalı idi. Bunu Xalq Cəbhəsi etdi.

Keçmişə müraciət edərkən mən bu günümüz, yeni nəslimiz, yaşına görə həmin hadisələrin iştirakçısı olmamış, Azərbaycan xalqının azadlıq və dinclik əldə etməsi üçün hansı məşəqqətlərdən, çətinliklərdən, deyərdim ki, əzab-əziyyətlərdən keçdiyini görməmiş bugünkü gənclik haqqında düşünürəm. İndi ölkəmizdə siyasi sabitlik yaradılmışdır, iqtidarın bəzi siyasi opponentləri anlamağa başlamışlar ki, onlar düşmənçilik, radikalizm yolu ilə heç nə qazanmayacaqlar, buna görə də hakimiyyət uğrunda mübarizənin qurucu formalarına müraciət edirlər. Cəmiyyət isə dövlətçiliyi möhkəmlətməyə, müstəqilliyi, ümumi tərəqqini qoruyub saxlamağa və firavan həyat tərzini təmin etməyə yönəlmişdir.

Xalq Cəbhəsi də hakimiyyətə gələndən sonra əvvəlki hakim elitanın dayanıqsız sistemini vəcdlə dağıtmağa, rəhbər orqanlara və təsərrüfat strukturlarına öz nümayəndələrini, əksər hallarda da səriştəsiz, o cümlədən meydandan gəlmiş adamları irəli çəkməyə başladı. Onu da demək lazımdır ki, bu, Xalq Cəbhəsi tərəfindən dövlət quruculuğuna ciddi ziyan vurmuş zərərli, əsla ölçülüb-biçilməmiş, məsuliyyətsiz qərar idi.

Problem ondan ibarətdir ki, praktikada çoxdan müəyyən edilmişdir: hətta ən radikal siyasi dəyişikliklər dövründə də əvvəlki elitanın səhnədən tamamilə getməsi təhlükəlidir, çünki o, tədricən yeni elitanın bir hissəsi kimi ona daxil olmalı, yaxud heç olmasa, dövlətin sabit bazisi formalaşana qədər yeni elitanı müşayiət etməlidir. Bütün dövlət idarəçiliyi mexanizmləri və strukturları yeni adamların əlinə keçəndə, bu, “ölmək ölməkdir, xırıldamaq nə deməkdir" dilemması qarşısında qalmaq riskini bir qədər azaldır.

Bu, bolşevik Rusiyasının yeni yaradılmış strukturların əksəriyyətini öz kadrları ilə təmin edə bilmədikdə, o vaxt “burjua mütəxəssisləri" adlandırılan köhnə kadrlardan istifadə etməyə məcbur olduğu vəziyyəti xatırladır. Bu cür yanaşmanın mahiyyətini bütün əsas vəzifələrdə köhnə kadrları tezliklə əvəz etməyin mümkünsüzlüyü, habelə köhnə elitanın dəyərlərinin, normalarının, ideyalarının, adət və ənənələrinin əxz edilməsi şəklində varisliyin zəruriliyi təşkil edirdi.

Azərbaycan Xalq Cəbhəsinin intellektual, ideya və mənəvi baxımdan zəifliyi tez bir vaxtda üzə çıxdı, çünki elitanın bu tipi hakimiyyətə sınaqdan çıxmış ideya baqajı və dövlət idarəçiliyi təcrübəsi olmadan gəlmişdi. Rusiyada, Ukraynada, Belarusda, Mərkəzi Asiya respublikalarında və Qazaxıstanda olduğu kimi, bizdə də dövlət müstəqilliyi SSRİ-nin dağılması nəticəsində əldə edilmişdi. Ona görə də bu gün, kifayət qədər müddət keçdikdən sonra milli müstəqillik hərəkatının rəhbəri kimi Xalq Cəbhəsinin bilavasitə xidmətləri barədə danışmaq olduqca çətindir, hərçənd, demək lazımdır ki, Xalq Cəbhəsi bu ideyanın həyata keçirilməsi seqmentlərindən biri olmuşdur.

Hakimiyyətə gələndən sonra AXC-nin bütün fəaliyyəti səriştəsiz, xaotik və perspektivsiz təsir bağışlayır, bu isə vəziyyəti daha da gərginləşdirirdi. Ölkədə asayişi daxili işlər naziri İsgəndər Həmidov başda olmaqla qeyri-formal silahlı qruplar və “sürətli" dəstələr idarə edir, onlar həm imkanlı insanların əmlakının qanunsuz yollarla müsadirə olunması, həm də keçmiş “sexovşik"lərin həbs edilməsi ilə məşğul olurdular. Özü də bütün bunlar qanunsuz maliyyə-iqtisadi fəaliyyətə qarşı mübarizə məqsədi ilə deyil, külli miqdarda pul qoparmaq üçün edilirdi. Jurnalistlərin və siyasi opponentlərin döyülməsi adi hala çevrilmişdi: bir şəxsin fəaliyyət spektri olduqca geniş idi.

1990-cı ilin qanlı yanvar hadisələri nəticəsində hakimiyyətə gəlmiş A.Mütəllibovun çürük rejiminin devrilməsini, bəlkə də, Xalq Cəbhəsinin xidmətlərinə aid etmək olardı. Lakin Xalq Cəbhəsi dövlət çevrilişi etməklə daxili çəkişmələr və intriqalar girdabına çox batdı, rejimin daxilində bir-birinə qarşı dayanan qruplaşmaların mübarizəsi isə ölkəni az qala tamamilə dağılmaq, fəlakət həddinə çatdırdı.

Liderlərinin Ə.Vəzirovu və A.Mütəllibovu hər cür günahlarda ittiham etdiyi Xalq Cəbhəsinin hakimiyyəti, təəssüf ki, onlardan yaxşı olmadı, bəlkə də pis oldu. Xalq Cəbhəsinin birillik fəaliyyəti onun geniş xalq kütlələri arasında siyasi dəstəyinin ciddi şəkildə zəifləməsinə gətirib çıxardı. Bağırova, Vəzirova və Mütəllibova inamını itirmiş əhali AXC liderlərinin şəxsində “bütün dərdlərin əlacını" axtarırdı, lakin onların rəhbərliyi ölkəni daha böyük problemlərlə üzləşdirdi. “Yuxarıların" və “aşağıların" mənafeləri toqquşdu, sözdən əməli işə keçid isə gerçəklikdən çox uzaq oldu.

Üstəlik, AXC-nin dövlət hakimiyyətinin həyata keçirilməsi prosesi haqqında romantik təsəvvürlərdən əl çəkmək istəməməsi vəziyyəti daha da gərginləşdirdi, çünki bu liderlərin bəziləri hələ də milli maraqlara və dövlətin maraqlarına zidd olan ideyalarla yaşayırdı. Xalq Cəbhəsi liderlərinin yeritdiyi daxili və xarici siyasət iflasa uğradı.

Beləliklə, 1992-ci ilin ortalarında Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi xalqa təsəlli vermədi, sadə insanın daha yaxşı yaşayacağı və ictimai-siyasi strukturun demokratikləşəcəyi barədə geniş reklam edilən perspektivlər əvəzinə, tamam başqa şeylər – hərc-mərclik, özbaşınalıq və korrupsiya baş alıb gedirdi. Ən başlıcası isə, Xalq Cəbhəsi Azərbaycan cəmiyyətinin bütün tərkib hissələrini təmsil edə bilmədi.

Yaxşı deyiblər ki, bəzən insanın qüsurları onun məziyyətlərinin davamı olur. AXC ilə bağlı vəziyyətdə tezliklə məlum oldu ki, hakim elitaya lazım olan keyfiyyətlər müxalifətçi elita üçün zəruri olan keyfiyyətlərdən fərqlənir. İndi, artıq “barrikadalarda dayanmaq" və mitinqlərdə odlu-alovlu nitqlərlə çıxış etmək deyil, cəmiyyəti idarə etmək, özü də bu işi hər gün və səriştəli şəkildə görmək lazım olduğu bir vaxtda, məlum oldu ki, bu qrup həmin rola qətiyyən hazır deyildir.

AXC “korrupsiyaya qurşanmış partokratiyanı" amansızcasına ifşa edirdi, lakin məlum oldu ki, bu hakim qrupun nümayəndələri korrupsiyaya daha da çox qurşanmışlar. Bir neçə il bundan əvvəl mən prezident Ə.Elçibəyin yanında keçirilmiş iclasların stenoqramlarını oxudum, iş o yerə gəlib çatmışdı ki, ölkənin prezidenti və eyni zamanda AXC-nin sədri özünün vəzifəyə təyin etdiyi adamlara müraciətlə deyirmiş: “rüşvət alırsınızsa, heç olmasa vicdanla alın, çox almayın". İqtidar bu vəziyyətlə əslində barışmışdı.

Həmin illərdə ölkənin düşdüyü vəziyyət barədə təfərrüata varmaq istəməzdim, lakin bizim ümumi yaxın keçmişimizə qısa bir nəzər salınması bu hadisələrdə elitanın rolunu (müsbət, yoxsa mənfi olmasının əhəmiyyəti yoxdur) daha yaxşı başa düşməyə, bizi nələr gözlədiyini, necə çətin bir yol keçdiyimizi, əvvəllər nəyə malik olduğumuzu başa düşməyə və qazandıqlarımızın qədrini bilməyə imkan verir.

İndiki hakim elitanın müstəsnalığına əsla iddia etmədən və təbii ki, bizə keçmişdən miras qalmış problemlərin heç də hamısını həll etmədiyimizi başa düşərək deməliyəm: son onillikdə Azərbaycan onu xaosa və hərc-mərcliyə düçar etməyə, xarici qüvvələrin əlində oyuncağa çevirməyə cəhd göstərilən məkandan XXI yüzilliyin dəyərlərini dinamik şəkildə transformasiya edən müstəqil dövlətə qədər böyük bir yol keçmişdir.

 

Milli elitanı formalaşdırarkən

Müasir Azərbaycanın milli elitasının formalaşması ümumən bir neçə mərhələdən ibarət olmuş və ötən əsrin 70-ci illərində, Heydər Əliyevin göstərişinə əsasən, minlərlə gənc azərbaycanlı təhsil almaq üçün Sovet İttifaqının müxtəlif şəhərlərinə göndəriləndə, o dövrdə hələ sovet Azərbaycanı adlanan ölkəmizin təsərrüfat-iqtisadi, mədəni, yaradıcı, hərbi, siyasi elitasının formalaşmasına böyük diqqət yetirilməyə başladığı dövrdə xüsusilə nəzərəçarpan xarakter almışdı. Həmin qərarların qəbul edilməsi ilə əlaqədar siyasi çətinliklərə baxmayaraq, məhz onlar kadrların regenerasiyası, rotasiyası, əvəzlənməsi və dövlət qulluğunda işə yeni, intellektual və zirək gənclərin cəlb olunması prosesinin başlanmasına kömək etmişdir.

Heydər Əliyevin tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, bizim gənclər orduda xidmətə çağrılanda, onların əsasən, tikinti hissələrinə və ya yardımçı işlərə göndərilməsi praktikasına son qoymuşdu. Azərbaycanlılar arasından müxtəlif qoşun növləri üçün zabitlər hazırlanmasına yalnız o, nail ola bilmişdi. Uzun illər boyu Sovet Azərbaycanının Kommunist partiyasının rəhbərliyində təmsil olunmuş bir insan kimi mən bu cür taleyüklü qərarların qəbul edilməsi və həyata keçirilməsi zamanı Heydər Əliyevin Moskvanın necə güclü təzyiqinə məruz qalmasının şahidi olmuşam.

Sovet Azərbaycanının kadr ehtiyatının nüfuzlu ali məktəblərin gənc məzunları hesabına keyfiyyətcə dəyişməsi ötən əsrin 70-ci illərinin ortalarından etibarən respublikanın inkişafının, eləcə də kadr siyasətinin dönüş mərhələlərindən biri olmuşdur. Keçmiş komsomol və məsul partiya işçiləri özlərinin biliklərinə və təcrübələrinə uyğun olaraq, Azərbaycanda ən yüksək vəzifələri tuta bildilər. Təbii ki, məsələyə bu cür yanaşma bəzilərində anlaşılmazlıq doğura, iqtidar nümayəndələrinin zehinlərində keçmiş dövr barədə qalmış nostalji duyğular kimi görünə bilər, lakin hər dövrün öz xüsusiyyətləri var. İdarəçilərin yeni sinfinin yaradılması üçün müəyyən zaman kəsiyini keçmək və Azərbaycan gənclərinin – gələcəyin milli elitasının nümayəndələrinin təhsil səviyyəsinin artırılmasına yönəlmiş bir sıra tədbirlərin həyata keçirilməsi tələb olunurdu.

1987-ci ilin axırlarında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılandan sonra bütün bu işlər unuduldu. Mərkəzdə hakimiyyətin yuxarı eşelonlarında mövcud olan əvvəlki əlaqələr qırıldı. Zənnimcə, məsələyə belə münasibət xeyli dərəcədə təfəkkürün zəifliyi və bu işin dövlətçiliyin yaradılması və idarə edilməsi üçün həddindən artıq vacib olmasını başa düşməməklə bağlıdır.

Hazırda ölkə rəhbərliyinin kadr siyasəti cəmiyyətin inkişafının təkamül yolunun müəyyən edilməsinə simmetrik yanaşmaya əsaslanır. Başqa sözlə desək, kadrların yeni, intellektual və kreativ insanlarla əvəz edilməsinin təkamül xarakteri əvvəlki nəsillərin ənənələrinin və təcrübəsinin qəbul olunması və onlara hörmət edilməsi, müasir inkişafın və postmodernist demarşın tələblərinə uyğun olaraq yenilik gətirən ideyaların tətbiq edilməsi prinsipi əsasında qurulur. Hamımız başa düşürük ki, vərdiş olunmuş normaları dəyişmək kifayət qədər çətin, bunu bir anda etmək isə mümkün deyildir. Bütün bunlar üçün vaxt və qüvvə, dövlətin və cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsində məqsədyönlülük tələb olunur.

Ölkənin innovasiyalı inkişafına keçidin zəruriliyi insan kapitalının reallaşdırılmasına, ümumi rifah səviyyəsini təkmilləşdirmək məqsədi ilə insanların potensial imkanlarının səmərəli tətbiqinə əsaslanan strategiya yaradılmasını şərtləndirmişdir. Buna görə də, qərarlar qəbul etmək səlahiyyəti verilmiş müasir hakim elitanın üzərinə düşən vəzifə XXI əsrdə Azərbaycanın siyasi, iqtisadi və sosiomədəni gerçəkliyini modernləşdirməkdən ibarətdir. Özü də bu proses bizim müəyyən sahələrdə bəzən gördüyümüz kimi, yarımçıq şəkildə deyil, kompleks yanaşma nəzərə alınmaqla getməlidir. Başa düşmək lazımdır ki, Azərbaycan ən cəlbedici ölkəyə çevrilə bilər və çevrilməlidir. Elitanı bu gün təmsil edən və onu sabah təmsil edəcək insanların məsuliyyətinin mahiyyəti bundan ibarətdir.

Bir halda ki, azad insanın inkişafı bizim qəti prioritetimizdir, deməli, gənc nəslin təhsil səviyyəsinin artırılması millətin özünü qoruyub saxlamasının və təkmilləşdirməsinin mühüm elementidir. Gənc, kreativ və intellektual insanların istedadından istifadə edilməsi, dövlətin innovasiyalı inkişafını və həyata keçirilən siyasətin varisliyini təmin etməyə qadir olan əsas amildir. Ona görə də milli təhsil sistemi müasir dövrün tələblərini və standartlarını, yeni nəslin yetişdirilməsi və tərbiyə olunması sahəsində bilikləri və texnologiyaları, dünyada cərəyan edən ümumi meyillərə müvafiq olan metodları əhatə etməlidir. Başa düşmək lazımdır ki, gənc insanın yaradıcı zəkası və intellekti ona başqalarından fərqlənmək, öz potensialını cəmiyyətin səadəti naminə reallaşdırmaq imkanı verir.

Yalnız bu cür yanaşma ölkədə yeni hakim elitanın və əks-elitanın formalaşmasına kömək edəcəkdir. Çünki tamamilə aydındır ki, Azərbaycan cəmiyyətinin transformasiyası şəraitində elitanın strukturlaşması perspektivdə indiki elitanın yerini tutmalı olan gələcək nəsillər üçün bazis yaradır. Sabah milli elitanı təmsil edəcək insanlar arasında, məsələn, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu gün xaricdə təhsil alan və ya gələcəkdə təhsil almağa göndəriləcək 5000 gəncin bir qismini də görəcəyik. Ona görə ki, dövlətimizin başçısı bu qərarı qəbul edərkən yeni siyasi, iqtisadi, mədəni, intellektual elitanın formalaşmasının Azərbaycanın gələcəyi üçün vacibliyini və aktuallığını nəzərə almışdır.

Ölkəmiz elə bir məkana çevrilməlidir ki, burada hər bir fərd özünü ümumi inkişaf üçün imkanlarını və arzularını reallaşdırmağa qadir hesab edir. Lakin biz “büllur saraylar" barədə planlar qurmamalıyıq. Reallıqları nəzərə almaq və başa düşmək lazımdır ki, fərdin özünü yalnız peşəkar və yaradıcı baxımdan reallaşdırması, bəzi məsələlərdə özünə sərt tənqidi mövqedən yanaşması arzuladığımız zirvələrə çatmağımıza imkan verər. Bizim imkanlarımız bacarıqlarımızla müəyyənləşir, bacarıqlar isə innovasiya təfəkkürünə malik istedadlı gəncləri formalaşdırır.

Çox vaxt deyirlər ki, istedad anadangəlmə olur, hərçənd, mən məsələnin bu cür qoyuluşu ilə əsla razı deyiləm. İnsan iki meyar – məqsədyönlülük və özünütəşkil sayəsində istedadlı olur. Bu amillərin hər ikisi mürəkkəb vəziyyətdə düzgün qərar qəbul edə, çətin şəraitdə ən məqbul və kreativ yanaşmanı axtarıb tapa, qarşıya qoyulmuş vəzifələri intellektual baxımdan əsaslandıra bilən şəxsiyyəti formalaşdırır.

Dövlət qulluğunda vəzifə borcumla əlaqədar tez-tez mən ilk dəfə Prezident Administrasiyasında və ya başqa rəhbər strukturlarda işləməyə başlayan insanlarla görüşməli oluram. Əksər hallarda bu insanlar orta hesabla 26-36 yaşlarında cavanlardır, onların nəzərində dövlət işi Qərbin transmilli korporasiyaları ilə orta və ya uzunmüddətli müqavilədən daha maraqlıdır. Öz gələcəyini xarici şirkətlərdə işdə görən insanların qabiliyyətinə və istedadına əsla şübhə etməsəm də, hər halda, bizim gənclərin o qədər də yüksək olmayan əmək haqqı müqabilində və yüksək ödənişli sığortası olmadığına baxmayaraq, dövlət işində çalışmağa hazır olduğunu görəndə həmişə sevinirəm.

Bəzi gənclərlə söhbət edərkən onların sağlam ambisiyasını, özlərindən yaşca böyük və daha təcrübəli olanlarla rəqabət aparmaq istəyini görəndə, – bu, onların mənəvi ovqatında aşkar hiss edilir, – çox maraqlı hisslər keçirirsən. Belə adamlar dövlət qulluğuna çoxlu təzə, faydalı yeniliklər gətirə bilər və biz məhz bu cür kreativ gənclərə arxalanmaqla, bəzən inkişafımıza mane olan çox şeyləri aradan qaldıracağıq. Dövlətimizin gələcəyi üçün bütün məsuliyyət məhz bu cür mütəxəssislərin üzərinə düşəcəkdir.

Milli elitanın rolu dövlət müstəqilliyini, mədəni-tarixi dəyərləri, cəmiyyətin milli identikliyini qoruyub saxlamaqdan ibarətdir. Lakin bütün bunlar yalnız o halda mümkündür ki, milli elita öz millətini onun dünyada inkişaf mərhələsinə uyğun olan iqtisadi, sosial və hərbi-siyasi mövqelərlə təmin edə bilsin. Elitanın fəaliyyətinin əsas mənası bundan ibarətdir və onun vəzifəsini millət və dövlət qarşısında məsuliyyət kimi ifadə etmək olar. Onu da başa düşmək lazımdır ki, milli elitanın təmsilçisi statusu cəmiyyətdə tanınmağı və nüfuz sahibi olmağı, eləcə də elita konsensusunun inkişaf etmiş ölkələrdə mövcud olan iki prinsipinin – demokratiya və xüsusi mülkiyyətin sarsılmazlığının qəbul edilməsini nəzərdə tutur.

Dünyamız sürətlə dəyişir və aydındır ki, dinamik qlobal transformasiyalar kateqoriyaları ilə düşünən kreativ insanların rolu sürətlə artır. Bununla bərabər, nəzərə almaq lazımdır ki, yeni idarəçilərin keyfiyyəti zamanın tələblərinə və total qloballaşma, postsənaye dəyərlərinin gizli təzyiqi şəraitində sürətlə inkişaf etməkdə olan yüksək texnologiyaların meyarlarına müvafiq olmalıdır.

Tarixi təcrübə göstərir ki, müxtəlif dövrlərdə elitanın rolu cəmiyyətin vəziyyətini, onun transformasiya dinamikasını müəyyənləşdirir, cəmiyyətin daxili və xarici dəyişikliklərinin əsas elementləri elitanın fəaliyyəti ilə bağlıdır. 1993-cü ildən 2003-cü ilə qədər milli elitanın rolu ölkəni tam parçalanmaqdan qorumaq məqsədi ilə mürəkkəb, qeyri-standart qərarlar qəbul etməkdən, inkişaf strategiyasını işləyib hazırlamaqdan, sabitliyə nail olmaqdan, ümumi maliyyə kollapsını aradan qaldırmaqdan, asayişi və qanunçuluğu bərpa etməkdən, ölkənin idarə olunmasında dövlət təsisatlarının rolunu artırmaqdan, cəmiyyətin siyasi konsolidasiyasını təmin etməkdən ibarət idisə, bu gün elitanın rolu yeni tələblərin və şəraitin təsiri altında əhəmiyyətli dərəcədə yeniləşmiş, transformasiya etmişdir.

Buna müvafiq olaraq, o dövrdə milli elitanın, – təkcə siyasi elitanın yox, – formalaşması da məhz bu taleyüklü və məsul vəzifələrin həlli nəzərə alınmaqla baş verir, bunun üçün bəzən hədsiz səylər, siyasi iradə, çeviklik, həssaslıq, yüksək məsuliyyət duyumu, müdriklik və istedad tələb olunurdu. Bütün bunlar müstəqil dövlət yaradılması xəttini düzgün müəyyən etməyə və dövlətçiliyin möhkəmləndirilməsi üçün səmərəli institusional bazanın təməlini qoymağa imkan verirdi. Bu, bir-birindən asılı olan proses idi.

Ölkənin bu tarixi dövrü son dərəcə mürəkkəb idi. Təkcə daxili deyil, həm də xarici xarakterli bir sıra ciddi problemləri, habelə iqtisadi inkişafın çatışmazlıqlarını və sosiomədəni transformasiyanın çətinliklərini nəzərə almaq lazım idi. “Zamanın nailiyyəti" olmuş və “dünyanın sonunun" yetişdiyini bildirən demokratik inkişaf Azərbaycan sosiumunun siyasi, iqtisadi və sosiomədəni baxımdan bu cür transformasiyaya hazır olmaması ilə rastlaşdı.

Cəmiyyət çoxdan can atdığı müstəqilliyi əldə etmişdi, lakin müstəqillik suveren inkişafın başqa amillərinin yaranmasına səbəb olmuşdu. Hakimiyyətin prosesləri idarə etməli olduğu dövlət idarəçiliyinin səmərəli sistemini yaratmaq, yaxud qondarma “demokratikləşmənin" özünün cəmiyyət daxilində qarşılıqlı münasibətlərin qaydasını müəyyən etməsi üçün hər şeyi başlı-başına buraxmaq variantları arasında seçim etmək lazım gəlirdi.

Bəzi dövlətlərin təcrübəsi göstərir ki, bu cür kor-koranə “demokratikləşmə" son nəticədə çox baha başa gəlir. Müstəqil dövlətçiliyin təşəkkülü dövrlərində mərkəzləşmiş və güclü hakimiyyətin olmaması mərkəzdənqaçan qüvvələrin fəallaşmasına şərait yaradır, bunun da nəticəsində hakimiyyətin nüfuzu və dövlətin imici itirilir. Məhz buna görə də ötən əsrin 90-cı illərində Heydər Əliyevin dövründə ölkənin ali idarəedici təbəqəsi olan elita bütünlüklə dövlət hakimiyyətinin bərpa olunmasına, dövlətə zidd silahlı qruplaşmalara, hakimiyyətsizlik, anarxiya və özbaşınalıq dövrünün mənfi nəticələrinə qarşı mübarizəyə səfərbər edilmişdi.

Azərbaycanda hakim elita başa düşürdü ki, ölkədə bir neçə il davam etmiş anarxiya və nifaq dövründən sonra inkişaf vektorunu birdən-birə və əsaslı şəkildə dəyişmək, bütün siyasətçiləri tez bir vaxtda başqaları ilə əvəz etmək çox çətin məsələdir. Yeni təfəkkürlü, qabiliyyətli və peşəkar kadrların idarəetmə sisteminə mərhələlərlə cəlb edilməsi ilə məşğul olmaq lazım idi. Buna görə də tələsməmək, əvvəlki iqtidarın vəzifəyə təyin etdiyi bir sıra şəxslərə “möhlət vermək" və onların əslində kim olduğunu cəmiyyətə göstərmək üçün tələsmədən hərəkət etmək lazım gəlirdi. Elitanın bütün qrupları hiss etmirdi ki, vətəndaşların səbri tükənməz deyil və bu şəraitdə cəmiyyət həmin qruplar arasında gedən “tayfalararası dava" kimi problemli bir dövrdən keçməli idi.

Heydər Əliyevlə tez-tez bu və ya digər kadr təyinatının mümkünlüyünü müzakirə edərkən onun kadr seçiminə nə qədər diqqətlə yanaşmasını, onların imkanlarını həvalə olunan məsuliyyətlə müqayisə etməsini dəfələrlə görmüşəm. Bütün bunlar dövlətçiliyin formalaşmasının başlanğıc mərhələsində vəzifəyə yeni təyin olunanların səmərəli işini təşkil etməyə və eyni zamanda, kadr ehtiyatı perspektivləri barədə düşünməyə imkan verirdi.

Lakin sirr deyil ki, kadrların heç də hamısı hakimiyyət sınağından uğurla çıxmır, tələblərə cavab vermir və qarşılarında qoyulan vəzifələri səmərəli şəkildə yerinə yetirə bilmirdi. Əgər açıq danışsaq, bu və ya digər vəzifəni tutarkən öz işində kobud nöqsanlara və səhvlərə yol verənlərin adları cəmiyyətə məlumdur. İnsan materialı mürəkkəb substansiyadır və təəssüf ki, onu dərhal və bütünlüklə tanımaq asan deyildir. Bütün bunlara baxmayaraq, həyata keçirilən siyasətin mahiyyəti həm də Azərbaycan cəmiyyətinin inkişaf dinamikasına cavab verməyənləri aşkar etməkdən və onları yeni, daha səmərəli kadrlarla əvəz etməkdən ibarət idi.

Heydər Əliyevin dövründə siyasi elitanın təkamülü kadrlarda dövlətçilik təfəkkürünün gücləndirilməsi meyli ilə səciyyələnirdi, eyni zamanda, onun məqsədi bütün cəmiyyətin konsolidasiyasına nail olmaq idi. Təsirli dövlət hakimiyyəti sistemi qurmaq üçün əvvəlcə idarəetmə mexanizminin təməlini qoymaq, qarşıdakı islahatların və dəyişikliklərin institusional bazisini yaratmaq, cəmiyyətin inkişafının strukturunu formalaşdırmaq tələb olunurdu.

Başqa sözlə desək, Prezidentin təyin etdiyi rəhbərlərin siyasi uzunömürlülüyü, onun komandasının səmərəliliyi qarşıda duran vəzifələri düzgün təyin etmək və komanda seçmək bacarığından asılı idi. Dövlətçiliyin möhkəmləndirilməsinin artıq növbəti mərhələsində obyektiv surətdə kadr təyinatlarının keyfiyyətinə olan tələblər daha yüksək idi.

Sovet dövründə Heydər Əliyevlə, habelə müstəqillik əldə edildikdən sonra yeni dövrün gənc və intellektual, kommunizmin və “sosialist inqilabının" “işıqlı ideyaları" yabançı olan nümayəndələri ilə çiyin-çiyinə işləyənlərin çoxuna yeni dövlətçiliyin yaradılmasında iştirak etmək imkanı verilmişdi. Nəsillərin dəyişməsinin təkamül yolu ilə, simmetrik şəkildə baş verdiyi, əvvəlki nəsillərin təcrübəsinin əxz edildiyi, gələcək inkişafın yeni meyillərinin formalaşdığı vaxtda dövlətçilik baxımından yanaşmanın mahiyyəti bundan ibarət idi. Bəzən qeyri-populyar qərarlar qəbul etmək lazım olduğu yeni şəraitdə həmin gənclərin çoxu özünü doğrultdu.

70-ci illərdə olduğu kimi, ötən əsrin 90-cı illərinin ortalarında da Heydər Əliyevin komandasında kadr dəyişiklikləri və təyinatlar başlananda ilk növbədə vicdanlılığı və dövlətçilik ideyalarına sədaqəti şübhə doğurmayan insanlara ehtiyac vardı. Dövlətçilik ideyalarından danışarkən istərdim ki, bu məsələ başqa cür deyil, məhz bu şəkildə başa düşülsün. Heç kəs və heç vaxt hakimiyyətdə olanlara sədaqət barədə danışmırdı, hərçənd, dövlət strukturlarında işləyən insanlar üçün ləyaqət və loyallıq həmişə prioritet məsələ olmuşdur və indi də belədir.

Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə, habelə indi İlham Əliyevin prezidentliyi dövründə yalnız dövlətçiliyə, Vətənə sədaqət, əməksevərlik və məsuliyyət, təşəbbüskarçılıq və təvazökarlıq əsas məsələlərdir və bunlar millətin və dövlətin maraqlarını qəti şəkildə həmişə öz mənafeyindən və xeyrindən üstün tutmaq deməkdir. Müasir Azərbaycan elitasının yerinin və rolunun başa düşülməsinin əsası budur. Elita o şəxslərdir ki, onlar üçün Azərbaycan təkcə hamıya məlum olan “Odlar yurdu", doğulduğu yer, insana çörək və iş vermiş torpaq, dostların və qohumların olduğu məkan deyildir. Azərbaycanın milli elitasının əksəriyyəti üçün bu, uğrunda hər kəsin hər şeyi qurban verməyə hazır olduğu müqəddəs anlayışdır.

Təəssüflər olsun, bu illər ərzində elələrini də görmüşük ki, onlar hansısa ictimai, yaradıcı və başqa vəzifə tutmuş, lakin zamanın sınağından çıxa bilməmişlər. Özlərinin merkantil maraqları naminə milli mənafelərə xəyanət yoluna qədəm qoyanlar, ümumiyyətlə yeni şəraitə, yeni həyatın prinsiplərinə uyğunlaşa bilməyənlər də olmuşdur. Aydındır ki, bütün bunlardan yaxa qurtarmaq mümkün deyildi, çünki keçid dövrünə xas olan çətinliklər insanların mənəvi-siyasi keyfiyyətlərinə çox vaxt mənfi təsir göstərir. Belə proseslərə hazır olmadığımızı desəm, özüm-özümü aldatmış olardım. Əlbəttə, bizim hər birimiz hiss edir və başa düşürdük ki, bir sıra mənfi problemlər, o cümlədən insan amili yeni və güclü dövlət quruculuğunu birmənalı şəkildə çətinləşdirəcək və bunlara qarşı əsaslı şəkildə və güzəştsiz mübarizə aparmaq lazımdır.

Bununla əlaqədar, S.Hantinqtonun “Biz kimik?" kitabındakı aşağıdakı sözlər yadıma düşür: “Vətəndaş müharibəsi başa çatandan sonra Ceyms Rassel Louellin dediyi kimi bu, “millət naminə çox baha başa gəldi". Lakin müharibə həqiqətən milləti yaratdı. Amerika milləti müharibədə yarandı və qardaş qırğınından sonrakı onillikdə yetkinləşdi. Onunla bərabər Amerika millətçiliyi, vətənpərvərlik və amerikalıların əsrlər boyu özlərini misilsiz şəkildə ölkə ilə eyniləşdirməsi yarandı" (С.Хантингтон. Кто мы? М., 2004, стр. 190). Eynilə Azərbaycan cəmiyyəti də çətin sınaqlardan, sarsıntılardan və transformasiya dövründən keçərək, homogen (yekcins) struktur kimi bərkimiş və yeni vətəndaş obrazı yaratmışdır.

90-cı illərin əvvəlindəki oxlokratiya bəlkə də qarşıdakı universal demokratik dəyərlərə transformasiyanın mühüm elementi idi və yəqin ki, cəmiyyət dövlətçiliyin inkişafının bu dərəcədə ağrılı dövrünü keçməliydi. Ernst Nikiş haqlı olaraq yazır: “Hakimiyyətdə olanların təsir göstərmək imkanları kölgədə qalaraq iflic olduğu və ya neytrallaşdığı vaxtda avam kütlənin hakimiyyəti yaranır, bu hakimiyyət kütlələri azad edir, onları yüksək təbəqəyə tabe olmağa məcbur etmir və beləliklə, demokratiyanın özünün məqsədindən yan keçir" (http://www.nb-info.ru/nb/nb261006.htm).

Bu, bizim bu və ya digər şəkildə üzləşdiyimiz labüdlük idi. Lakin sonradan kobud səhvlərə və siyasi risklərə yol vermədən elitanı təkamül yolu ilə transformasiya etməyə müvəffəq olduq. Bu, çox vacib məsələdir və elitanın özünün daxilində dinamik inkişafın olmasını, oxlokratiyanın mövcud qaydasını apriori, təsdiq kimi qəbul edən komformist təbəqələrdən “azad olmağı" nəzərdə tuturdu. Heydər Əliyevlə birlikdə hakimiyyətə gəlmiş elita bu yolla dövlətçiliyin möhkəmlənməsi və siyasi sabitliyin təmin olunması missiyasını uğurla yerinə yetirə bildi və perspektivdə onun vəzifəsi sabitliyin təmin edilməsinin bərqərar olmuş bu formatını qoruyub saxlamaqdan və idarəçilərin yeni nəslinə verməkdən ibarətdir.

Qloballaşma və ölkənin inkişafının sürətlənməsi şəraitində elita özü təkbaşına yüksək intellektual potensial yaratmaq və onu saxlamaq iqtidarında deyildir. Qlobal miqyaslı dəyişikliklər, təfəkkürün transformasiyası və postmodernin gətirdiyi yeni davranış normaları keyfiyyətcə yeni idarəçilər – menecerlər tələb edir. Ona görə də qarşıdakı illərdə iqtidarın vəzifəsi bir növ “millətin intellektual və yaradıcı resursunu", insan kapitalının bazisini formalaşdırmaqdan ibarətdir. İnkişaf etmiş demokratiyalar bu yolu çoxdan keçmişdir və biz “Amerika kəşf etmirik".

“İnsan kapitalı" ideyasının gerçəkləşdirilməsi bizə gələcəkdə azərbaycanlı məmurun, tələbənin, sahibkarın, ictimai xadimin və s. obrazını və formasını əhəmiyyətli dərəcədə dəyişməyə imkan verəcəkdir. Beləliklə, bizim vəzifəmiz innovasiya təfəkkürünə malik və cəmiyyətin, dövlətin daha intensiv və dinamik transformasiyasına kömək edəcək kadrlar yetişdirməkdir.

Lakin bu təşəbbüsün həyata keçirilməsi yolunda biz yerlərdə mövcud olan bir sıra başqa məsələləri həll etməliyik. Dövlət qulluqçuları qarşısında yüksək tələblər qoyulmasına baxmayaraq, keçmişin ətaləti nazirliklərin və müxtəlif dövlət müəssisələrinin idarə, şöbə və başqa bölmələrinin rəhbərlərinin ciddi qüsuru və onların transformasiyasına əsas maneədir. Biz Azərbaycanın nümunəsində görürük ki, siyasi elita iqtisadi inkişafın yüksək sürətini təmin etməyə qadirdir, lakin bəzən yerlərdə müasir sosial standartları formalaşdırmaq, ilk növbədə, yeni nəslin potensialının düzgün tətbiq edilməsi arzusunun olmaması və ya bunu bacarmamaq problemi ilə üzləşirik.

Təsərrüfat idarəçiliyi strukturlarının bəzi rəhbərləri hələ də vaxtı keçmiş kateqoriyalarla düşünür ki, bu da gənc, intellektual və kreativ kadrların irəliləməsi yolunda süni maneələrə çevrilir. Millətin intellektual və yaradıcı resursuna bu cür münasibət yolverilməzdir. Ona görə də dövlət strukturlarında kadrların transformasiya imkanlarını və hər bir qulluqçunun müvafiq potensialını hərtərəfli təhlil etmək lazımdır. Bəzən mən öz əməkdaşını düz on il eyni vəzifədə saxlayan dövlət strukturunun rəhbərini başa düşməyə çətinlik çəkirəm.

Belə halda sual doğur ki, əgər əməkdaş uğurla çalışırsa və normal mənəvi-əxlaqi keyfiyyətləri varsa, onun rotasiyası və nəticə etibarilə vəzifəsinin artırılması barədə vaxtında düşünməyə dəyər. Lakin əgər onun ixtisas səviyyəsinin aşağı, işinin səmərəsiz olduğuna görə vəzifəsinin artırılacağı gözlənilmirsə, onda belə bir sual vermək lazımdır: təqsirkar kimdir – işçinin seçilməsinə vicdanla yanaşmayan və ya onun qarşısında vəzifələri düzgün qoymayan rəhbər, yoxsa təhsil səviyyəsinin və digər şəxsi keyfiyyətlərinin aşağı olmasına görə öz vəzifələrinin öhdəsindən gələ bilməyən əməkdaş?

Demək lazımdır ki, reallığın və praktikanın göstərdiyi kimi, çox vaxt peşəkarlıq, intellekt və kreativlik daha az tələb edilən keyfiyyətlərə çevrilir, çünki dövlət müəssisələrində – nazirliklərdə, komitələrdə, regional strukturlarda şəxsi sədaqət prinsipi hələ də üstündür və bu, xidməti vəzifədə irəliləyiş üçün əsas götürülür. Söhbət üzdəniraq proteksionizmdən gedir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev bu yaxınlarda “Azərbaycan XXI əsrdə – uğurun strategiyası" mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşdə səmərəli dövlətçilik strukturunun təşəkkülündə bizim mübarizə apardığımız və daha da sərt mübarizə aparacağımız mənfi amillərdən bəhs edərkən bu məsələyə də toxunmuşdur. Kadrları rəhbərlərə münasibətdə yarınma, yaltaqlıq səviyyəsinə görə qiymətləndirmək qətiyyən yolverilməzdir. Ölkənin gələcəyi haqqında, onun perspektivləri barədə düşünən, Azərbaycanı insanların yaşayışı üçün əlverişli ölkəyə çevirməyə çalışanlar arasında belələrinə yer yoxdur və olmamalıdır.

Bizim üçün hər bir insan qiymətlidir, məhz buna görə də Prezident İlham Əliyev qarşıdakı beş il üçün insan kapitalının inkişafını prioritet vəzifə kimi müəyyən etmişdir. Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni menecerlər sinfinin yaradılması, intellektin perspektivdə sürətli inkişafın prioritet amili kimi müəyyən edilməsi bu ideyanın əsas elementləridir. Bunun mahiyyəti ondan ibarətdir ki, yaradıcı zəka sahibləri, intellektual, kreativ kadrlar, gənc və qabiliyyətli insanlar dövlətin və cəmiyyətin lazımi diqqətindən kənarda qalmasınlar.

XXI əsrdə milli elitaya qarşı sürülən tələblər keçmişdəkindən fərqlidir. İndi elita təkcə bütövlükdə dövlətin inkişafına görə cavabdeh olan insanlar qrupunun formalaşmasına görə məsuliyyət daşımır. Müasir şəraitdə yeni dövrün peşəkarlarının, innovasiya təfəkkürünə malik olan, iqtisadiyyatla, sosial, daxili və xarici siyasətlə bağlı problemlərin qeyri-standart həlli yollarını tapmağı bacaran insanların idarəçilər sisteminə cəlb edilməsi vəzifəsini məhz elita öz üzərinə götürməlidir. Bu təşəbbüs, ilk növbədə, artıq formalaşmış elitanın mövcud qrupundan gəlməlidir, ən azı ona görə ki, o, idarəetmənin bir keyfiyyət səviyyəsindən digərinə böhransız və planlı şəkildə keçidi təmin edəcəkdir.

Başqa sözlə desək, bizə düşünən, özünə tənqidi yanaşan, öz hərəkətlərinə inamı olan və daxilən sərbəst şəxsiyyətlər lazımdır. Dövləti simasız fərdlər deyil, məhz məsuliyyətli şəxsiyyətlər inkişaf etdirə və gələcəyə doğru apara bilər; biz ətrafımızda baş verən proseslərin komplekslərdən əziyyət çəkən subyektlərini yox, məhz öz işinin peşəkarlarını, kreativ mütəxəssisləri tərbiyə etməliyik.

Beləliklə, gördüyümüz kimi, son iki onillikdə Azərbaycanda elitanın dəyişməsi üç formada baş vermişdir:

“yuxarıdan" – Bu, Moskvanın Ə.Vəzirovu ölkə rəhbəri təyin etməsi və bunun nəticəsində yeni elitanın toplanmasıdır. Əvvəlki elitanı onun “zəifləməsinə" görə deyil, “yeni" siyasətin həyata keçirilməsi məqsədi ilə əvəz edirdilər və bu siyasət ölkəni fəlakətə gətirib çıxardı. Yenə də Moskvanın təyin etdiyi A.Mütəllibov faktik olaraq, Ə.Vəzirov ilə eyni sxem üzrə hərəkət edirdi;

“aşağıdan" – Ə.Əliyevin (Elçibəyin) xalq çıxışları və nəticə etibarilə dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlməsi. Bu rejim praktik olaraq, hər yerdə elitanın dəyişdirilməsi ilə səciyyəvi idi. Heydər Əliyev də hakimiyyətə kütləvi xalq çıxışları nəticəsində və ölkə parlamenti deputatlarının tələbi ilə gəlmişdi. Bütün bunlar Ə.Elçibəyi və onun komandasını hakimiyyəti Heydər Əliyevə təhvil verməyə məcbur etdi;

elitanın “rəvan" əvəz edilməsi Prezident İlham Əliyev ilə bağlıdır. Onun kadr siyasəti, yəni elitanın dəyişdirilməsi varisliklə səciyyələnir; bu, o deməkdir ki, elitanın yeniləşməsi zəruri hallarda yeni nəsil insanların hesabına baş verir.

Azərbaycan öz tarixi inkişafının yeni fazasına daxil olmuşdur, milli elitarizm nəzəriyyəsinin yeni konsepsiyasını xarici zərurət deyil, daxili zərurət, yalnız milli maraqlar və ictimai sifariş formalaşdırır. Bu konsepsiyanın mahiyyəti varislik və innovasiyalılıqdan ibarətdir. Bu iki tərkib hissə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin səmərəli şəkildə reallaşdırdığı siyasətin mahiyyətini müəyyən edir.

 

Ən yeni tarixi yaradarkən

 

Elita problemi müasir Azərbaycanın sosial-siyasi modernləşməsinin bəlkə də təməl daşı, həlledici amilidir. Hərçənd, yeni elitanın formalaşması uzun sürən prosesdir, bu, təkcə yeni məsuliyyətli və peşəkar liderlərin hazırlanması deyil, həm də vətəndaş cəmiyyətinin və cəmiyyət ilə iqtidar arasında şəffaf münasibətlərin qurulması deməkdir. Həm də yadda saxlamaq lazımdır ki, cəmiyyətdə yeni dövrün vəzifələrinə cavab verən yeni elita mühiti yalnız siyasi, iqtisadi və sosiomədəni sabitlik şəraitində formalaşır.

2008-ci ilin sonu elə bir dövrdür ki, biz cəmiyyətin və dövlətin təbii inkişaf prosesinə uyğun gələn kreativ elitanı necə formalaşdırmaq barədə düşünməliyik. Tamamilə aydındır ki, müasir tələblərə cavab verən yüksək idarəetmə elitası korpusu çox qısa müddətdə yarana bilməz. Həm də, yuxarıda qeyd edildiyi kimi, “kadr skeleti"nin kəskin dəyişməsi çox ağrılı və müəyyən mənada təhlükəli prosesdir. Elitanın strukturunda gözlənilməz dəyişikliklər birmənalı olaraq sabitliyin pozulmasına, çox vaxt dövlətin idarə edilməsinin zəifləməsinə gətirib çıxarır, ideya və baxışların ictimai inkişafına yabançı olan kənar təsirlər və zorakılıq üçün imkan yaradır.

Müstəqilliyin ilk illərində, “elita" mənfi anlayışa çevriləndə və hakimiyyətə gəlmiş bir dəstə siyasətbaz keçmiş İttifaqın bütün mirasını, – onlar ölkənin siyasi, iqtisadi və yaradıcı elitasına məhz bu gözlə baxırdılar, – süpürüb atmaq vəzifəsini qarşıya qoyanda biz bir növ boşluqla üzləşdik, ölkə birdən-birə parçalanma həddinə çatdı. Lakin hələ Platon belə hesab edirdi ki, filosofları kütlədən, “qaragüruhun" hakimiyyətindən müdafiə etmək, qorumaq lazımdır. Çünki cəmiyyət üçün ən təhlükəli vəziyyət hakimiyyətsizlik, xaos, “hamının hamıya qarşı mübarizəsidir”. Özü də bu halda qaragüruh dedikdə, hakimiyyətdə olmayanlar deyil, idarə etməyi bacarmayanlar nəzərdə tutulur.

Təbii ki, demokratik elitanın formalaşmasına inkişafın bir üsulu kimi təkcə siyasi mübarizə praktikası kömək etmir, bunun üçün onunla bərabər, ictimai inkişafın başqa amillərinin də olması zəruridir. Yeni dövrün idarəetmə qrupunu formalaşdırmağın mümkün yollarından və amillərindən yalnız bəzilərini qeyd etmək istərdim:

– milli mənlik şüurunu qorumağa və Azərbaycan cəmiyyətinin milli ideyasını formalaşdırmağa imkan verən baxışların saxlanması və çoxaldılması;

– siyasi liderliyin institusionallaşması və peşəkarlaşması, rasional elitar bürokratiyanın formalaşması;

– vətəndaş cəmiyyətinin qorunub saxlanması və inkişaf etdirilməsi, dövlət idarəçiliyi sisteminin maksimum demokratikləşməsi və şəffaflığı;

– qanunun tələblərinin həm hakimiyyət orqanlarının özləri və onların ayrı-ayrı nümayəndələri tərəfindən yerinə yetirilməsi, həm də vətəndaşlar tərəfindən qanuna tam əməl olunması;

– “nə bahasına olursa-olsun" ideyasından imtina edilməsi, demokratiyaya zidd norma və prinsiplərin qəbul edilmədiyi sivil cəmiyyət üçün təbii mühitin yaradılması;

– plüralizmin, ümumən demokratiyanın, yerli özünüidarənin və vətəndaş cəmiyyəti tərəfindən hakimiyyətə nəzarətin başqa formalarının inkişaf etdirilməsi.

Ötən illər vətəndaş cəmiyyətinin və keyfiyyətcə yeni idarəçilər qruplarının formalaşması prosesinin nə qədər mürəkkəb və ziddiyyətli olmasını göstərmişdir. Bunu başa düşmək lazımdır ki, indiki milli elita keçən əsrin 80-ci illərinin ortalarından 90-cı illərin ortalarına qədər bir neçə ardıcıl dəyişmələrin nəticəsidir. Bu dəyişmələr isə son dərəcə ağrılı şəraitdə keçmiş və əsasən, dövlətçiliyin laxlamış vəziyyəti, cəmiyyətdəki parçalanma, onu sıx birləşdirən ideoloji baxışların olmaması, konsensusa gəlmək bacarığının yoxluğu ilə əlaqədar idi.

Ənənəvi elitanın özünü təcrid etməsi, fəaliyyətsizliyi az qala ölkəni tamamilə dağılmaq, parçalanmaq həddinə çatdırmışdı. Ölkə vətəndaş müharibəsinin astanasında olduğu bir vaxtda, ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində bu parçalanmanın qarşısı alındı. Ona görə də mən ötən illərin təcrübəsinə əsaslanaraq, postsovet dövrü siyasi elitasının formalaşması mərhələlərini Azərbaycanda elitaların transformasiyasının altı əsas dövrü kontekstində təsəvvür edirəm:

1. “Yenidənqurma" dövrü (1985-1988). İctimai-siyasi xarakterli tədrici dəyişikliklər sovet elitasının, nomenklaturasının onun üçün yeni fəaliyyət növlərinə qoşulmasına şərait yaradır. Bu, kooperasiya hərəkatı, iqtisadi sahədə xəlvəti kapitalın nisbi payının ilk dəfə qiymətləndirilməsi dövrü idi və s. Ölkədə ictimai həyatın demokratikləşməsi deyilən istiqamətdə nəzərəçarpan ilk “hərəkətlər" baş verir, əslində isə bütün bunlar siyasi, iqtisadi və sosiomədəni həyatın daha güclü deformasiyasına kömək edir.

2. Dəyişikliklər dövrü (1988-1991). Partiya-təsərrüfat nomenklaturası ölkənin inkişafının institusional, iqtisadi və siyasi şəraitinin dəyişməsində fəal iştirak etməyə çalışır. Bu, yeni oyun qaydalarının müəyyən edildiyi, aktorlar qismində yeni oyunçuların çıxış etdiyi dövrdür. Ümumi siyasətin və biznesin tamamilə yeni sahələrinin meydana çıxması elitanın kadr korpusunun toplanması üçün əvvəllər məlum olmayan kanallar açır. Dövlət hakimiyyətinin ali təbəqələrinin düşünülməmiş, bir çox cəhətdən səhv olan yeniləşməsi, sonra isə kadrların “küçədən gəlmiş adamlar" hesabına tamamlanması məhz bu dövrə təsadüf edir. Ölkəni iflic vəziyyətinə salmış iqtisadi böhranın davamı və elita mühitində ixtilafların nəticəsi kimi SSRİ-nin dağılması başlayır, bu isə sonda siyasi elitanın köhnə və yeni təbəqələrində çox mühüm dəyişikliyə səbəb olur.

3. Qarşıdurma dövrü (1991-1993). Bazar münasibətlərinə açıq keçid, dövlət hakimiyyəti orqanlarının islahatı və intensiv siyasi natamamlıq şəraitində dövlət idarəetmə sisteminin əsas qolları: prezident administrasiyası, hökumət, parlament, biznes elitası formalaşır. Bu mərhələnin əsas xarakteristikası sistem daxilində sərt qarşıdurmanın olmasıdır. Qüvvələrin dəqiq qütbləşməsi baş verir, elita qruplaşmalarının yeni konfiqurasiyası yaranır.

4. Sabitləşmə dövrü – intensiv transformasiya vaxtı (1993-2003). Bu mərhələnin siyasi prosesini iki əsas meyil müəyyənləşdirir. Bunlardan birincisi, sabitliyi möhkəmlətmək istiqamətində hərəkət, səmərəli dövlətçilik yaradılması, regionda iqtisadi dominant kimi ölkənin daxili imkanlarının formalaşması idi. Digər meyil intensiv transformasiya dövründə xüsusi əhəmiyyəti olan bir sıra məsələlərə dair ictimai konsolidasiyanı təmin etmək səyləridir.

5. Demokratik konsolidasiya prosesinin başlanması (2003-2008). Sabitləşmə və qərarların qəbul olunması fazaları başa çatdıqdan sonra siyasi proses yeni xüsusiyyətlər kəsb edir, ölkədə tədricən yeni siyasi məkan formalaşır və ön səhnəyə yeni aktorlar çıxır. Dövlətin iqtisadi inkişafı sosium daxilində yeni qarşılıqlı münasibətlərin bazisini yaratmağa imkan verir, davranışın yeni stereotip və normalarını doğurur, vətəndaş cəmiyyətinin təməlini qoyur.

6. Kadrları cəlbetmə fazası (2008-ci il-dən başlayaraq). Qarşıdakı illərdə əsas vəzifə gənc nəslin nümayəndələri sırasından yeni siyasi, iqtisadi, elmi və yaradıcı elita formalaşdırmaqdır.

Ölkənin gələcək inkişafı elitaya münasibətdə həm peşəkarlıq, kreativlik baxımından, həm də siyasi məsuliyyətin artması mövqeyindən daha yüksək tələblər irəli sürür. Bu, təkcə mənim şəxsi mülahizələrimin nəticəsi deyil, obyektiv meyildir, Azərbaycan cəmiyyətinin inkişaf perspektivlərini görənlərin hamısı bu meyillə hesablaşmalıdır.

Hesab edirəm ki, bu gün müasir elitanın keyfiyyəti ilə bağlı əsas tələblər yüksək təhsil səviyyəsi, peşəkarlıq, məsuliyyət, qəbul edilən qərarların nəticəsini irəlicədən görmək qabiliyyəti, proqnozlaşdırma bacarığıdır. İqtisadi yüksəlişin keyfiyyəti və sürəti, dövlətin gücü və səmərəliliyi ümumən elitanın keyfiyyətindən və kadrların potensialından asılıdır. Prezidentin fikrincə, intellektual və gənc kadrları iqtisadiyyata, dövlət idarəçiliyinə və sosial sahəyə cəlb etmədən ölkənin dinamik inkişafını təsəvvür etmək mümkün deyildir. “Qara qızıl"ın intellektual kapitala çevrilməsi üçün Prezidentin qarşıya qoyduğu vəzifə bu tezisin əməli şəkildə reallaşdırılmasıdır.

Şübhəsiz ki, Prezident İlham Əliyev elitada obyektiv dəyişikliklər prosesini sürətləndirmişdir. Peşəkarlıq və kreativlik geriliyi və savadsızlığı, əvvəlki bürokratik ənənələri idarəetmə sistemindən sıxışdırıb çıxarmağa başlamışdır, çünki cavan və dinamik Prezidentin özü yeni idarəçilər nəslinin nümunəsidir. Bu proses rəvan şəkildə, süni yollarla sürətləndirilmədən gedir, çünki məhz liderliyin təbiətinə xas olan keyfiyyətlərin düzgün başa düşülməsi indiki Prezidentə qlobal transformasiyaların meyarlarına adekvat cavab verən gəncləri öz komandasına cəlb etməyə imkan yaradır.

Son illərdə dövlət idarəçiliyi sisteminə yaxşı təhsil almış, elmi biliklərə yiyələnmiş, bir neçə xarici dil bilən xeyli gəncin gəlməsinə baxmayaraq, hər halda, bu cür insanları və ali təhsil müəssisələrində aldıqları standart biliklər toplusuna malik fərdləri müqayisə etmək olmaz. Görünür, bu meyli bir qədər dəyişmək və mövcud uyğunsuzluğu aradan qaldırmağa çalışmaq gərəkdir.

Heç şübhəsiz, bu məsələdə ehtiyatlı olmaq, götür-qoy etmək lazımdır. Elitanın kor-koranə transformasiyası risklə bağlıdır və bu, əks səmərə verə bilər. Eyni zamanda, biz milli təhsil mühitinin inkişafına daha artıq diqqət yetirməli, təhsil müəssisələrində tədrisin keyfiyyət səviyyəsini ciddi şəkildə yüksəltməliyik. Özü də bu işə məktəb partasından başlamaq lazımdır, çünki milli elitanın gələcək nümayəndələri məhz orada formalaşır.

Açığını deyirəm, bəzən biz yeni nəslə mənsub olan, əslində isə peşəkarlığı, mənəvi cəhətləri, məsuliyyət hissi və dövlətçilik təfəkkürü lazımi səviyyədə olmayan rəhbərlərin keyfiyyətinin şişirdilməsi halları ilə üzləşirik. İdarəetmədə “menecerizm" bürokratiyaya qarşı qoyulur. XXI əsrdə idarəçinin əsas məziyyətləri olan fundamental təhsil, peşəkarlıq və kreativlik mənəvi məsuliyyət və dövləti təfəkkür tərzi ilə, yəni öz qərarını dövlətin maraqları və dövlət üçün məqsədəuyğunluq mövqeyindən qiymətləndirməyə hazır olmaq keyfiyyətləri ilə tamamlanmalıdır.

Kosmopolitizmin qloballaşmaqda olan dünyanın cəmiyyətimizi bürüyən bir amil olması barədə danışanlar bizə yabançıdır, çünki Azərbaycana məhəbbət Vətən ideyasının bütün dünyaya şamil edilməsini, milli bənzərsizlikdən, milli ənənələrdən və mədəniyyətdən imtina olunmasını, öz milli maraqlarımıza biganəliyi qəbul etmir. Azərbaycançılığın – bizim tarixə, dilə, dinə, mədəniyyətə, milli bənzərsizliyə, öz ənənələrimizə, keçmişimizə, bu günümüzə və gələcəyimizə münasibətimizi müəyyən edən ideologiyanın mahiyyəti bundan ibarətdir.

Təəssüf ki, cəmiyyətimizin müəyyən xarici dairələrin mənafelərinin təmsilçiləri kimi çıxış edən ayrı-ayrı nümayəndələrinin hərəkətlərini normal şüur qəbul etmir. Onlar milli dövlət quruculuğunun sağlam məntiqinə zidd olan mövqeləri açıq-aşkar təbliğ etməklə, əslində milli xəyanət yoluna, yəni öz millətinin həqiqi mənafelərindən üz döndərmək yoluna qədəm qoyurlar. Belə bir fakt təəccüb doğurur ki, cəmiyyətin kütləvi informasiya vasitələri tərəfindən hərdən əks-elita kimi yetişdirilməyə cəhd göstərilən bəzi nümayəndələri hələ də o inamla yaşayırlar ki, ölkəmiz barədə qərarlar kənarda qəbul edilir.

Elə buna görə də onlar özlərinin hərəkətlərinə, aksiyalarına və sözlərinə kənarda dəstək axtarırlar. Yeri gəlmişkən deyim ki, bu, onların əsas xüsusiyyətinə çevrilmişdir. Bu fikir bəlkə də bir qədər sərt səslənəcək, amma açıq deməliyəm ki, başqa xalqlarda buna oxşar keyfiyyətlərə az-az rast gəlmək olar. Onlar öz problemlərini öz evlərində həll edirlər.

Başa düşmək lazımdır ki, formalaşmaqda olan dünya nizamı şəraitində cəmiyyətin və dövlətin səmərəli inkişafına yalnız ümumi nailiyyətlərə və problemlərə konsolidasiya edilmiş yanaşma, milli inkişafın ən mühüm məsələlərinə dair konsensus kömək edə bilər və edəcəkdir. Dərk etməliyik ki, uşaqlarımız azad və müstəqil Azərbaycanda yaşamalıdırlar, Azərbaycan isə yalnız o halda azad və müstəqil ola bilər ki, biz hamımız öz uğurlarımıza və problemlərimizə eyni mövqedən yanaşaq. Özümüz üçün dəqiq müəyyən etməliyik ki, azadlıq və müstəqillik dedikdə, biz ölkənin hər bir vətəndaşının firavanlığı naminə inkişafı başa düşürük.

Əgər milli elita özünü cəmiyyətin konsolidasiyası və birləşməsi ideyasının daşıyıcısı kimi görməsə, suveren inkişaf barədə danışmağımız bir qədər çətin olacaqdır. Çünki müasir dünyada müstəqil ölkəni öz baxışlarını reallaşdırmaq məkanına çevirməyə, onu ayrı-ayrı geosiyasi və geoiqtisadi maraqların gerçəkləşməsində vassala və əlaltıya çevirməyə çalışan qüvvələr çoxdur.

Bütün bu tezislər bu gün Azərbaycanın səadəti naminə yaşayan və işləyənlər üçün də aktualdır. Ona görə müasir inkişafın başqa komponentlərini də unutmaq olmaz.

Dövlət məmurunun mənəvi-əxlaqi keyfiyyətləri onun cəmiyyətlə səmərəli qarşılıqlı əlaqəsinin ən mühüm tərkib hissəsidir. İstənilən səviyyəli məmur başa düşməlidir ki, o, heç də hamıdan yüksəkdə dayanmır, əksinə, xalqın iradəsinin icraçısıdır. Dövlət hakimiyyətinin, iyerarxiya “nərdivanının" hər pilləsində, – istər Prezident Administrasiyası olsun, istər rayon icra hakimiyyəti, – hər bir məmur cəmiyyətin və dövlətin onun üzərinə qoyduğu məsuliyyəti dərk etməlidir.

Bu həqiqət dərk edilməsə, özünü səmərəli dövlətçilik qurulmasının bir hissəsi, artıq yük kimi deyil, bir-birini qarşılıqlı şəkildə tamamlayan amillər kimi çıxış etməli olan insanlardan ibarət komandanın üzvü kimi görməyənlərlə işləmək bizim üçün çətin olacaqdır. Bununla bərabər, milli mədəniyyətin mənimsənilməsi və milli mənlik şüurunun formalaşması Azərbaycan elitasının həmrəyliyinin formalaşmasının əsas prinsipidir.

Bu məqamda Amerikanın İstiqlaliyyət Bəyannaməsinin müəllifi Tomas Ceffersonun sözlərini xatırlayıram. Zənnimcə, bu sözlər Vətənə həqiqi məhəbbət hissi ilə yaşayan və onun tərəqqisi naminə xidmət etmək niyyətində olan hər bir Azərbaycan vətəndaşının demək istədiklərini çox gözəl əks etdirir.

O deyirdi: “Taleyin qismətindən biz dünyanın dörddə bir hissəsini bürümüş, özü-özünü məhv edən xaosdan uzağıq; başqasının tənəzzülünə dözmək üçün biz çox yüksək niyyətlərlə irəliləyirik; bizim varislərimizin minlərcə nəsli üçün kifayət qədər yer olan seçmə ölkəmiz var; öz qabiliyyətlərimizi üzə çıxarmaq, öz əməyimizin nəticələrindən bəhrələnmək, öz həmvətənlərimizin hörmətinə və etimadına layiq olmaq üçün bərabər hüquqlara malikik. Bu hüquqlar bizə doğulanda verilməyib, biz öz əməllərimiz sayəsində və xalqın bu əməlləri bəyənməsi sayəsində həmin hüquqlara malikik; müxtəlif formalarda etiqad bəslənən humanist dinimizlə ziyalanmışıq, bu formaların hər biri namusluluq, ədalətlilik, mötədillik, Allaha şükranlıq və insanlara sevgi duyğularını tərənnüm edir; biz Ulu Tanrının qüdrətini qəbul edir və ona səcdə edirik, bu qüvvə isə özünün ilahiliyi ilə sübut edir ki, o, insanlara səadət, onların xələflərinə daha artıq səadət arzulayır. Bizim xoşbəxt və tərəqqi edən xalqa çevrilməyimiz üçün daha nə lazımdır? Ey mənim həmvətənlərim, bunun üçün yalnız bir şey lazımdır: insanların bir-birinə zərər vurmamasına nəzarət edəcək, qalan məsələlərdə, hansı əməklə məşğul olmaq və maddi rifaha necə nail olmaq məsələsini həll etməkdə isə onlara sərbəstlik verəcək müdrik və qənaətcil hökumət" (İnauqurasiya müraciəti, Vaşinqton, 4 mart 1801-ci il).

Konsepsiya və ideyaların konseptual və novator ideyalarla deyil, texnologiyalarla və ya ümumi məntiqə uyğun olaraq operativ qərarlarla əvəz edildiyi vaxt tədricən idarəetmə sahəsində yeni ideyalarla əvəzlənməlidir. Sabitləşmə dövrü başa çatmışdır, gündəlikdə dövlətin idarə edilməsinin daha səmərəli üsulları haqqında məsələlər dayanır.

Yeni elitaya olan obyektiv ehtiyac onun sıralarına yaradıcı peşəkarların, hissləri deyil, hadisələri və prosesləri düzgün qiymətləndirmək, qəbul edilən qərarların, ətrafımızda baş verənlərin obyektiv səbəblərini görmək bacarığını rəhbər tutanların fəal surətdə cəlb olunmasını tələb edir. Ona görə də mən tam əminəm ki, keyfiyyətli təhsilə və mənəvi-əxlaqi xüsusiyyətlərə malik olan milli ruhlu elita həqiqi ziyalılarla – cəmiyyətimizin ən vətənpərvər hissəsi ilə birlikdə belə təməl ola bilər və yeni dövrdə quruculuq fəaliyyətinə hazırdır.

 

Dekabr 2008-ci il.

“Azərbaycan” qəzeti, 30 dekabr 2008-ci il

 

Xəbərlər
Redaktorun seçimi