“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.08.2014, 17:19
1885

Üzeyir Hacıbəyli (1885-1948)

Dahi bəstəkar, Azərbaycan professional musiqisinin və milli operanın banisi
A- A+

Müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi. SSRİ Xalq artisti (1938). Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948). SSRİ Dövlət Mükafatı laureatı (1941, 1946).

Üzeyir Hacıbəyli XX yüziliyin I yarısında dünya musiqi mədəniyyətində öz sözünü demiş, öz yeni dəsti-xətti ilə seçilən böyük bəstəkarlardan biridir. O, öz yaradıcılığı və geniş fəaliyyəti ilə Şərq və Qərb musiqi mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı faydalanması yolunda ən böyük və ən cəsarətli addımlar atmış ilk sənətkar-musiqiçilərdən biridir.

Üzeyir Əbdul Hüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində anadan olmuşdur. 1899-1904-cü illər – Zaqafqaziya (Qori) müəllimlər seminariyasına daxil olmuş, oranı bitirərək kənd müəllimi adını almışdır.

1905-ci il – Şuşada tərəqqipərvər «Cavanlar İttifaqı» təşkilatının üzvü olmuş daha sonra Bakı şəhərinə köçmüş və ədəbi-publisistik fəaliyyətə başlamışdır. 1907-ci il –«Leyli və Məcnun» operası üzərində işləmiş və beləliklə, bəstəkarlıq fəaliyyətinə başlamışdır. Onun «Siyasi, hüqüq, hərbi və bir çox başqa terminlərin rusca-tatarca və tatarca-rusca lüğətləri» çapdan çıxmışdır; bu lüğətlər maarifçilik sahəsində böyük rol oynamışdır.

Azərbaycanda müasir professional musiqi tarixinin əsasını qoyan «Leyli və Məcnun» operasının ilk tamaşası 25 yanvar, 1908-ci ildə olmuşdur.

Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoylmuş, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmışdır.

Hacıbəyovun 1908-ci il yanvarın 25-də Bakıda H.Z.Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman şərqində opera sənətinin əsası qoyulmuşdur. Üzeyir Hacıbəyov 1909-15-ci illərdə bir-birinin ardınca "Şeyx Sən'an" (1909), "Rüstəm və Söhrab" (1910), Şah Abbas və Xurşid banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla (1915)" əsərlərini yazmışdır.

Hacıbəyov Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. "Ər və arvad" (1909), "O olmasın bu olsun" (1910), "Arşın mal alan" musiqili komediyaları və s. 1937-ci il aprelin 30-da Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası "Aşıqsayağı" triosu (1931) il və s.

Hacıbəyovun Böyük Vətən müharibəsi (1941-1945) illərində "Çağırış","Yaxşı yol", "Ananın oğluna nəsihəti", "Şəfqət bacısı", "Döyüşçülər marşı" və s. vətənpərvər ruhlu mahnılar, eləcədə xalq çalğı alətləri orkestri üçün "Cəngi"(1941) pyesini, "Vətən və Cəbhə" (1942) kantatasını bəstələmişdir. "Sənsiz"(1941) və "Sevgili canan" (1943) romans-qəzəlləri xüsusi yer tutur.

Hacıbəyov həyatının son illərində "Firuzə" operası üzərində işləmişdir. Bu bitməmiş operadan təkcə Firuzənin ariyası qalmışdır.

Hacıbəyovun "Arşın mal alan " musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belarus, gürcü və s. dillərə tərcumə edilmiş, xarici dövlətələrdə tamaşaya qoyulmuşdur. Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası 1917 ildə (rejissor B.Svetlov), 1945 ildə (rejissorlar R.Təhmasib, N.Lesçenko) və 1965 ildə (rejissor T.Tağızadə), "O olmasın bu olsun" (rejissor H.Seyidzadə) 1956 ildə ekranlaşdırılıb. "Arşın mal alan" (1945) filminə görə rejissorlar R.Təhmasib və N.Lesçenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, E.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev SSRİ Dövlət Mükafatına (1946) layiq görulmüşlər.

O, ilk azərbacanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin lad (məqam) nəzəriyyəsini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyov, yüz illik dövr keçsə də, hələ də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Üzeyir Hacıbəyov görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda iən böyük musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı və ilk yolgöstərəni, sükançısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində ən böyük simalardan biri kimi yaşayır və yaşayacaq.

Ü.Hacıbəyova həsr olunan 2 seriyalı "Üzeyir Hacıbəyov" və "Uzun ömrün akkordları" (1982, rej. Anar) film çəkilmişdir. Ü.Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat etmişdir.

* * *

Yaradıcılığı ilə şəxsiyyətini tamamlayan sənətkar

Bu gün görkəmli sənətkar Üzeyir Hacıbəyovun ad günüdür. Milli operanın, professional musiqi sənətinin yaradıcısı kimi tarixə düşən Üzeyir Hacıbəyovun doğum günü Milli Musiqi günü kimi qeyd olunur.

Bu gün musiqi tariximizə dəyərli töhfələr verən Üzeyir Hacıbəyovun yaradıcılığı barədə geniş söhbət açmaq məramında deyilik. Yalnız onu xatırladaq ki, 1908-ci ildə H.Z.Tağıyev teatrında oynanılan "Leyli və Məcnun" operası Azərbaycanda, eləcə də Şərqdə opera sənətinin təməlini qoyub. Sonralar Üzeyir bəy "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu", "Əsli və Kərəm", "Harun və Leyla", "Arşın mal alan", "Koroğlu" operalarını bəstələyib.

Çoxşaxəli yaradıcılığa malik olan Üzeyir Hacıbəyov eyni zamanda musiqili komediyanın banisi sayılır. Sənətkarın əsərləri Azərbaycan kinosunun ən uzunömürlü filmlərinin ekranlaşmasını da şərtləndirib. Əsrin əvvəllərində iki dəfə Azərbaycanda, bir dəfə isə Amerikada ekranlaşdırılan "Arşın mal alan" əsərinə milli kinematoqrafçılarımız 1945 və 1965-ci illərdə yenidən müraciət ediblər. "O olmasın, bu olsun" əsəri isə 1919 və 1956-cı illərdə ekranlaşdırılıb.

Bir qədər əvvəl qeyd etdiyim kimi, bu gün Üzeyir Hacıbəyov yaradıcılığından geniş söhbət açmayacağıq. Mövzu obyektimiz onun yaradıcılığını tamamlayan şəxsiyyəti olacaq.

Üzeyir bəy haqqında çox danışılıb. Bu söhbətlərdəki doğmalıq, işıq adamda elə təəssürat oyadır ki, elə bil onun müasirisən. Sanki musiqi tariximizin ən zəngin səhifəsini yaradan sənətkarın həyatının hər dönümünə bələdsən. Ancaq bu belə deyil. Bilmədiklərimiz bildiklərimizdən qat-qat çoxdur. Ona görə də Üzeyir bəyin ad günündə məhz bilmədiklərimizin üzərində dayanacağıq. Bəstəkarın həyatının bu səhifələrindən çoxumuz xəbərsizik.

Azərbaycanı müstəqil və azad görmək istəyən Hacıbəyov qardaşları XI Qızıl Ordunun gəlişini məmnunluqla qarşılamayıblar. Və bu qeyri-məmnunluq Hacıbəyov qardaşlarının həyatını tamam ayrı-ayrı məcraya yönəldib. Dahi bəstəkarın qardaşı, milli hökümət üzvlərindən biri olan Ceyhun Hacıbəyli ömrünü qürbətdə başa vurub. Üzeyir Hacıbəyov isə SSRİ adlanan məkanda ilk SSRİ xalq artisti adına layiq görülüb. Stalinin "Koroğlu" operası haqqında söylədiyi "Bir yox, iki belə opera yaratmaq lazımdır" sözləri onu müasirlərində qibtə doğuran bir zirvəyə ucaldıb.

Əslində isə...

Bu, bir görüntü idi. Elinə, xalqına can yandıran Üzeyir Hacıbəyov heç vaxt özünü qorumayıb. 37-ci ilin ən çətin günlərində belə "xalq düşmən"lərinin ailəsinə, övladlarına kömək eləməkdən çəkinməyib. Yeri gəlmişkən, əksəriyyətin xalq düşməni kimi həbs olunan H.Cavidin ailəsindən uzaq gəzdiyi bir vaxtda, Üzeyir bəy şairin oğlu Ərtoğrula mənəvi dayaq durub. Ümumiyyətlə, Üzeyir Hacıbəyovun həyatını təhlükə altında qoyan məqamlar çox olub.

1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi mart qırğını zamanı Üzeyir bəyin evini gülləbaran ediblər. Şərqin ilk operasını yazan bəstəkara qısqanclıqla yanaşan daşnaklar evin divarlarını, damını güllə yağışına tutublar. Bu qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılışı ərəfəsində təmizlənib.

Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı bəzi dairələrdə xoşagəlməz tərzdə hallandırılır. Bundan xəbər tutan Nəriman Nərimanov bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görür. Beləliklə Üzeyir Hacıbəyov İrana qastrol səfərinə gedir. Ancaq o könülsüz getdiyi İranda çox qala bilməyib, vətənə qayıdır. O dövrün mətbuatından məlum olur ki, onun qayıdışı Bakıda böyük əks-səda oyadır. Camaat "Üzeyir bəy gəlib" deyə bir-birinə gözaydınlığı verir.

1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Belə ki, Üzeyir bəyin əqidəcə qatı kommunist olan qayını Hənifə Terequlov təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin stolunun üstündə haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır. Beləcə, Üzeyir Hacıbəyovla bərabər 59 nəfəri ölümdən xilas edir.

Sonralar isə Üzeyir Hacıbəyovu, sözün əsl mə’nasında, əsərləri hifz eləyib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında "Arşın mal alan", "Koroğlu" operaları böyük maraqla qarşılanır. Hər iki operaya baxan Stalin bəstəkarın yaradıcılığını yüksək qiymətləndirir. "Koroğlu"nu həddən ziyadə bəyənən Stalin Üzeyir Hacıbəyova məsləhət görür ki, "Bir yox, iki belə opera yaratmaq lazımdır".

Stalinin göstərişi ilə Azərbaycandan gələn nümayəndə heyətinin şərəfinə ziyafət təşkil edilir. Deyilənə görə, həmin məclisdə Üzeyir Hacıbəyova yuxarı başda Stalinlə Mircəfər Bağırovun yanında yer göstərilir. Üzeyir bəylə söhbət əsnasında "Arşın mal alan" operasına hələ Gürcüstanda olarkən baxdığını bildirən Stalin hətta "Arşın mal alan"dan parçalar da oxuyur.

1939-cu ildə Üzeyir Hacıbəyov şəkər xəstəliyinə tutulur. Uzun illər Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun xatirələrindən aydın olur ki, bəstəkar bu xəstəliyi bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edir. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir. Çox nadir hallarda özündən çıxan Üzeyir bəy uzun müddət sakitləşə bilmir.

Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, müsabiqəyə qatıla bilməyən Bakı erməniləri ədəb-ərkanla Moskvaya məktub yazırlar ki, bəs Üzeyir Hacıbəyov millətçilik edir. Qeyri millətdən olduğumuza görə o, bizi müsabiqəyə aparmadı. Bu, dövrü və məkanı üçün ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq, bəstəkara göndərir: "Özünüz həll edin". Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir. O gündən etibarən Üzeyir bəy şəkər xəstəliyindən əziyyət çəkməyə başlayır. Sonralar özü də etiraf edirmiş ki, məhz həmin hadisədən sonra şəkər xəstəliyinə tutulub.

Üzeyir Hacıbəyovdan söhbət açarkən, ömür-gün yoldaşı Məleykə xanımı xatırlamamaq olmur. Onlar 1910-cu ildə ailə həyatı qurublar. Üzeyir bəyə sonsuz qayğı və məhəbbətlə yanaşan Məleykə xanım, demək olar ki, bütün ömrünü ona həsr edib. Həmişə hər yerdə ilk növbədə ömür-gün yoldaşını nəzərə alan Məleykə xanım özünü büsbütün unudub. Hətta ixtisasca rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənət söhbətlərinə qoşulmaq üçün konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub. Adətən gecələr işləyən Üzeyir bəyi Məleykə xanım heç vaxt tək qoymayıb. Səhəri dirigözlü açan bu qadın Üzeyir bəyin xoşladığı gül suyu və darçınlı çayı onun stolunun üstündən əskik etməyib. Sanki bir-biri üçün yaranmış bu insanlar 38 il qoşa ömür sürüblər.

Üzeyir Hacıbəyov həddən ziyadə xeyriyyəçi bir insan olub. Ölməz musiqi əsərlərinin müəllifi kimi sevilən Üzeyir bəy müasirlərinin yaddaşında təmənnasız yaxşılıqları ilə qalıb. Deyilənə görə, hər gün konservatoriyanın işçiləri sıralanıb Üzeyir bəyi evə yola salırmışlar. Onun maaş aldığı günsə əsl bayram imiş. Bəstəkar maaşını əvvəlcədən tutduğu siyahı üzrə bölürmüş. Maaş cədvəlində dövrü üçün ən yüksək məbləğə qol çəkməsinə baxmayaraq, Üzeyir bəy evə adətən 3 manatla gedib çıxarmış. Və bu pulu Məleykəyə uzadıb, qohumları arasında indi də xatırlanan "Bu da sənin payındır" sözünü Allah bilir, neçənci dəfə təkrarlayarmış.

Üzeyir Hacıbəyovun tələbəsi, Azərbaycanın ilk qadın bəstəkarı Şəfiqə Axundova müəllimi ilə bağlı xatirələrində bu məqamı xüsusi vurğulayır:

" Hər birimizin ən kiçik qayğıları ilə belə maraqlanırdı. Müharibə illərində vəziyyət çox ağır idi. İnsanlar bir tikə çörək üçün səhərdən axşama qədər işləyirdilər. Təbii ki, biz tələbələrin də vəziyyəti yaxşı deyildi. Ancaq mən əlaçı tələbələrdən biri sayıldığıma görə, yüksək təqaüd alırdım. Bu pul nəinki mənim, hətta ailəmizin də ehtiyacını ödəyirdi. Mən çox sonralar bildim ki, Üzeyir bəy hər ay təqaüdümün üstünə 40 manat qoyub. Özü də kassirə tapşırıb ki, bunu Şəfiqə bilməsin. Mən bunu Üzeyir bəyin ömrünün son günlərində bildim. Bir gün konservatoriyaya getmişdim. Kassir qadın dedi ki, "bilirsən, Şəfiqə, Üzeyir müəllim hər ay sənə 40 manatı öz cibindən verirdi". Mənsə öz aləmimdə sevinirdim ki, yəqin yaxşı oxuduğuma görə fərqləndirirlər".

Üzeyir Hacıbəyov Şuşada - rus-tatar məktəbində ilk müəllimi olan Mirzə Mehdi Həsənzadəni də unutmayıb. Şöhrətin ən uca zirvəsinə yüksələn Üzeyir bəy Şuşada, ömrünün ahıl çağlarını yaşayan Mirzə Mehdi Həsənzadəylə həmişə maraqlanıb. Son dərəcə kasıb yaşayan müəlliminə hər ay pul göndərib.

Üzeyir bəy Keçəçi oğlu Məhəmmədə, İslam Abdullayevə və başqa qocaman xanəndələrə, musiqiçilərə də əl uzadıb.
Üzeyir bəyin comərdliyi, əliaçıqlığı ilə bağlı hadisələr bu gün də xatırlanır.

... Bir gün Konservatoriyadan evə gələn Üzeyir bəy bir qadının yolda oturub diləndiyini görür. Bu qadına yaxınlaşıb, köhnə tanışlar kimi hal-əhval tutur, onu evinə dəvət edir. Məleykə xanımın zövqlə açdığı süfrə arxasında gedən söhbət əsnasında qadının bu yolla nə qədər pul qazandığı ilə maraqlanır. Və qadına tapşırır ki, hər ay gəlib, ondan həmin pulu götürsün, ancaq bir daha dilənməsin.

Uzun illər bu qadına kömək edən bəstəkar bu haqda heç vaxt heç kimin yanında bir kəlmə belə söyləməyib. Hətta yuxarıda adını çəkdiyimiz Ramazan Xəlilov da bu hadisədən çox sonralar xəbər tutub. Özü də sırf təsadüf nəticəsində. Bir gün Ramazan Xəlilov görür ki, yoldan keçən bir kişi Üzeyir bəyin ev-muzeyinin divarlarına səcdə qılır. Yaxınlaşıb səbəbini soruşur. "Bura ocaqdır, pirdir. Burada Üzeyir Hacıbəyov kimi bir peyğəmbər yaşayıb" deyən qoca bir gün anasının böyük sevinclə evə döndüyü günü xatırlayır.

Bu haqda Üzeyir bəyin müasiri Məmməd Quliyevin də maraqlı xatirəsi var:

"Kənd Təsərrüfatı Texnikumundan aldığım təqaüd Bakıda kirayədə qalmağıma, oxumağıma çatmırdı. Məktəbi atmaq məcburiyyəti qarşısındaydım. Bir gün dostlarım məsləhət gördülər ki, gəl gedək Məmməd Səid Ordubadinin yanına, o, sənə kömək edər. Nə isə dostlarımın təkidilə o vaxt "Ədəbiyyat" qəzetində işləyən Məmməd Səid Ordubadinin yanına getdim. Son dərəcə utansam da, birtəhər içəri keçdim.

Məmməd Səid Ordubadi başını qaldırıb soruşdu ki, "oğlan, sənə nə lazımdır?" Çox böyük çətinliklə vəziyyəti ona başa saldım: "Texnikumda oxuyuram. Ancaq vəziyyətim çox ağırdı, təhsilim yarımçıq qala bilər". Cavab verdi ki, "Hamı oxumaz ki, sən də get işlə". Çox pərt oldum. Çöldə gözləyən dostlarım məndən də beşbetər pərt oldular. Dedilər, gəl Üzeyir Hacıbəyovun yanına gedək. Əvvəl razılaşmasam da, ehtiyac üzündən getdim.

Üzeyir Hacıbəyov bizi çox səmimi, gülərüzlə qarşıladı. Köməkçilərindən birini yanına çağırıb tapşırdı ki "bu oğlanla dükana get, ona nə lazımdırsa, al". Üzeyir bəyin tapşırığını yerinə yetirən köməkçisi mənə konvertdə uzun müddət ehtiyacımı ödəyəcək miqdarda pul verdi. Üstəlik, sağollaşanda Üzeyir bəy dönə-dönə tapşırdı ki, nə vaxt ehtiyacın olsa, yanıma gəl. Ancaq mən ikinci dəfə onun yanına getməyə utandım. Belə çıxılmaz vəziyyətə düşdüyüm günlərin birində gözlənilmədən təqaüdümü artırdılar. Çox sonralar bildim ki, Üzeyir Hacıbəyov texnikumun rektoruna zəng edib öz hesabına hər ay mənə təqaüd verməyi tapşırıb."

Ömrünün son illərində Üzeyir Hacıbəyovun qəlbinə tez-tez dəyiblər. Gözü götürməyən bəzi müasirləri ona pislik eləməkdən belə çəkinməyib. İndi onlar haqq dünyasındadırlar. Heç kim olanları açıb-ağartmaq istəmir. Ancaq bir məqamı xatırlamamaq olmur. Əsərlərinə əl gəzdirilməsi ilə heç cür barışmayan Üzeyir bəy "Arşın mal alan" bədii filmindən də narazı qalıb. Filmə baxış sona yetəndən sonra Üzeyir bəy söz alaraq deyib: "Mənim övladım yoxdur. Əsərlərim mənim övladlarımdır. Heç kimin onlara toxunmağa haqqı yoxdur".

 

Xəbərlər
Redaktorun seçimi