“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.08.2014, 16:50
1784

Xocalı soyqırımı beynəlxalq cinayət kimi

A- A+

Xilas olmağa can atan Azərbaycan mülki əhalisinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırım niyyətini sübut edir...

"Soyqırım" anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir:

- belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;

- belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi;

- hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması;

- belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər;

- uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.

Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır.

Bu obyektiv cizgi soyqırım cinayətinin digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırım cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz.

Eyni zamanda, belə bir hərəkətin törədilmə niyyətinin vaxtı və onların mümkün nəticələrinin ümumi dərki onların soyqırım kimi tövsif olunması üçün kifayət deyil. Burada hərəkətin mənfi nəticələri ilə bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur.

Xilas olmağa can atan Azərbaycan mülki əhalisinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırım niyyətini sübut edir. Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəlmiş olduğu göz önündədir.

Soyqırım cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarılır:

- məlum, milli, etnik, irqi və ya dini qrupun varlığı;

- belə bir qrupun tamamilə və ya qismən məhv edilmsi niyyətinin olması (mens rea);

- məlum qrupa münasibətdə soyqırım kimi təfsir olunan hərəkətlərdən hansısa birinin törədilməsi (actus reus).

Deməli, soyqırım aktı mütləq milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlmiş olmalıdır. Digər qrupa qarşı, məsələn siyasi və sosial qrupa qarşı yönəlmiş belə hərəkətlər soyqırım kimi tövsif oluna bilməz.

Soyqırım anlayışı qadağan olunmuş hərəkətin ümumi nəticələri üzrə konkret niyyətin olmasını tələb edir. Soyqırım cinayətinin tövsif olunmuş əlaməti olaraq niyyət özündə bir neçə fərqli tərkib hissələrini birləşdirir:

- niyyət bu və ya digər konkret qrupa mənsub şəxslərin təsadüfi olaraq bir nəfərinin və ya bir neçə nəfərinin məhv edilməsindən ibarət olmamalı, bütövlükdə qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur;

- niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım bütöv bir insan qrupunun mövcudluğa hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırım) ayrıca bir fərdin yaşamağa hüququnu tanımaqdan imtina kimi xarkterizə olunur. Müvafiq olaraq, actus reus (qadağan edilmiş hərəkat) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğuna qarşı yönəlmiş olmalıdır;

- niyyət qrupun məhz tamamilə və ya qismən məhvindən ibarət olmalıdır;

- niyyət məhz milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır.

Soyqırım cinayətinə görə, məsuliyyətin tövsif olunması üçün bütöv qrupun məhv edilməsi kimi son nəticəyə nail olunma tələb edilmir.

Bunun üçün etnik qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətlərdən birini törətmək yetərlidir.

Soyqırımın obyektiv tərəfi olan "məhv etmək" anlayışı fiziki və ya bioloji təsir yolu ilə həyatdan məhrum etmək mənasına gəlir.

BMT-nin beynəlxalq məhkəməsi "Barselona Traction" işi üzrə qərarında soyqırım aktının qadağan edilməsi üzrə öhdəliyi erga omnes öhdəlikləri adlandırmışdır.

Beynəlxalq məhkəmə "Soyqırım cinayətlərinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyasının əsasında duran prinsipləri bütün dövlətlər üçün məcburi xarakterli normalar kimi tanımışdır.

 

Xocalı hadisələrinin beynəlxalq hüqüq tərəfindən soyqırım cinayəti aktı kimi tanınmasının hüquqi əsasları

Aşağıdakı sənədlər Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsif etməyə imkan verir:

1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası.

2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (hərçənd Nizamnamədə soyqırım cinayətinə birbaşa isnad edilməsə də, soyqırımı təşkil edən hərəkətlər onda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur).

3. Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4).

4. Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi (maddə 1).

5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6).

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103).

7. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı.

 

Xocalı hadisələrinin beynəlxalq hüquq tərəfindən "soyqırım" hüquqi normasının altına düşən cinayət kimi tanınmasını hüquqi nəticələri

Beynəlxalq hüquq soyqırım cinayəti ilə bağlı bunları müəyyən etmişdir:

1. Soyqırım cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır.

2. Cinayət tərkibi təkcə soyqırım aktının törədilməsi deyil, həm də soyqırım törədilməsi məqsədi ilə sui-qəsd, soyqırımın törədilməsinə birbaşa və açıq şəkildə təhrikçilik, soyqırım törədilməsinə qəsd və soyqırımda iştirakdır.

3. Soyqırım törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir.

4. Soyqırım cinayəti törədilərkən əmrin icrasına istinad etmək məsuliyyətdən azad etmir.

5. Rəhbərlər soyqırım cinayətinin qarşısının alınması üzrə hərəkətləri həyata keçirmədiklərinə görə məsuliyyət daşıyırlar.

6. Soyqırım cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir.

7. Soyqırım cinayətinə münasibətdə qanunun retroaktiv tətbiqinə yol verilir.

8. Soyqırım cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən ölkəyə verilməlidirlər.

Beləliklə, Xocalı şəhərində əhaliyə - ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.

 

Xocalı hadisələrinin Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırım siyasətinin bir hissəsi kimi beynəlxalq cinayət olması haqqında faktın dünya birliyinə çatdırılması

"Xocalı faciəsi beynəlxalq cinayət olaraq - Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı məqsədyönlü siyasətinin tərkib hissəsidir" başlıqlı və Azərbaycan MEA İnsan Haqları İnstitutunun Ekspert Şurası tərəfindən qəbul edilmiş bu sənəd Azərbaycan Respublikasının Milli Məclisinə, Türkiyə, Gürcüstan, Rusiya və digər dövlətlərin parlamentlərinə, BMT İnsan Haqları üzrə Ali Komissarlığı, Avropa Şurasının Parlament Assambleyası, Avropa Şurasının İnsan Haqları üzrə Baş Direktoratı, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kimi beynəlxalq təşkilatlara, eləcə də insan haqları üzrə milli və beyəlxalq təşkilatlara, xarici ölkələrdəki Azərbaycan diasporu mərkəzlərinə göndərilmişdir. 

* * *

Ermənistanın işğalçı siyasətinə məruz qalan bir milyondan çox insan ağır şəraitdə yaşayır - onlar çadır şəhərciklərində, yığma evlərdə, yük vaqonlarında və yaşayış üçün uyğun olmayan digər yerlərdə sığınacaq tapmışlar.

BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respubilkası ərazilərinin Ermənistan ordusu tərəfindən işğalı ilə bağlı 1993-ci ilin aprelində qəbul etdiyi 822 saylı, iyulda qəbul etdiyi 853 saylı, oktyabrda qəbul etdiyi 874 saylı və noyabrda qəbul etdiyi 884 saylı qətnamələrə Ermənistan dövləti tam etinasızlıq göstərmiş və bununla da beynəlxalq birliyin sözünə məhəl qoymamışdır.

Qarabağ probleminin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və qətiyyətli siyasi xətt, Azərbaycan Respublikasının konstruktiv mövqeyi dünya dövlətlərinə yaxşı bəllidir. Problemin sülh və danışıqlar yolu ilə həllinin əsas istiqamətləri 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Sammitində dünyanın 53 dövləti tərəfindən bəyənilmiş və dəstəklənmişdir.

Biz hamımız bir planetin sakinləriyik və bizim ümumi evimizi ölüm və qanla hədələyən kəslərə qarşı qətiyyətli və birlikdə mübarizə aparmalıyıq. Biz dərindən inanırıq ki, XXI yüzilə qədəm qoymuş xalqların xoşbəxt yaşamaları naminə, ədalət naminə, yüksək insani dəyərlərin təntənəsi naminə dünya dövlətləri, parlamentləri, beynəlxalq təşkilatlar ədalətin bərpasını dəstəkləyəcəklər.

Qarabağ probleminin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olmaqla, biz bir daha inandığımızı bildiririk ki, dünya dövlətlərinin, parlamentlərinin, beynəlxalq təşkilatların birgə səyləri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunacaq və qaçqınlar və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar.

 

İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu

Xəbərlər
Redaktorun seçimi