“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.12.2014, 20:12
1593

Xəlil İbrahim (1892-1938)

A- A+

Yazıçı-publisist, tərcüməçi Xəlil İbrahim (Xəlil İbrahim oğlu İbrahimov) 1892-ci ildə Şuşada anadan olub. İbtidai təhsilini Şuşada alıb.

Xəlil İbrahim ibtidai təhsilini Şuşada rus-tatar məktəbində aldıqdan sonra ailəsi Bakıya köçür. Gənc Xəlil təhsilini Bakıdakı realnı məktəbdə davam etdirir.

1909-1910-cu illərdə təqaüd almadığından təhsili yarımçıq qalmış, 1911-ci ildən Sarıcalıda Qasım bəy Zakirin nəvələrinə evdə dərs demişdir. “Kənd həyatından lövhələr” adlı ilk oçerkini də orada yazmışdır (1913-cü ildə “Səda qəzetində dərc olunmuşdur).

Təhsilini başa vurduqdan sonra - 1912-ci ildə "Nəşri-maarif" Cəmiyyətinin Əmircandakı məktəbində müəllim işləyir. Eyni zamanda bədii yaradıcılıqla da məşğul olur, müxtəlif janrlarda qəzetlərə məqalələr yazır.

1914-cü ildə ədəbi-bədii fəaliyyətə başlayır. Dövrünün maarifpərvər ziyalıları ilə bir sırada dayanan Xəlil İbrahim "Səda", "Açıq söz", "İqbal", "Bəsirət", "Qurtuluş yolu" kimi demokratik ruhlu mətbuat orqanlarında publisistik məqalələr və bədii yazılarla müntəzəm çıxış etmiş, hətta bəzilərinə qısa müddətdə redaktorluq da etmişdir.

Birinci Dünya müharibəsi illərində (1914-1918) beynəlxalq məsələlərə, müharibənin dəhşətlərinə həsr olunmuş "Dəhşətli yanğın qarşısında", "Avropa müharibəsi nə qədər baha ilə bitəcəkdir", "Alban inqilabı", "Kənd həyatından səhnələr" və bir sıra ictimai-siyasi publisistik məqalələrlə çıxış etmişdir.

“Müsavat” partiyasının üzvü, onun Şuşa şəhər özəyinin katibi olmuşdur.

Mücadilə tariximizə daha çox ədəbiyyat, mədəniyyət xadimi, eyni zamanda ictimai xadim, görkəmli jurnalist, tənqidçi, teatrşünas və tərcüməçi kimi daxil olan Xəlil İbrahim 1919-cu il 4 iyul tarixli 216-cı nömrəsindən nömrəsindən 1 sentyabr tarixli 265-ci nömrəsinə qədər "Azərbaycan" qəzetinin rus dilində nəşrinin redaktoru olub. Müdiri olduğu qısa vaxtda qəzetin səhifələrində dövrün ictimai-siyasi hadisələrinə aktiv münasibət bildirilir, parlamentdən müntəzəm yazılar dərc olunurdu.

Bu illərdə o, Azərbaycan milli teatr və mədəniyyətinin inkişafı və problemlərilə bağlı onlarla məqalə və resenziyalarla çıxış edir, dil islahatı, terminoloji lüğətlərin hazırlanması Azərbaycan əlifbası problemləri, Azərbaycan (türk) ədəbi lüğətinin hazırlanmasında fəal iştirak edir.

1918-20-ci illərdə Xəlil İbrahim Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında böyük fəaliyyət göstərmiş, Məmmədəmin Rəsulzadənin yaxın silahdaşı və məsləhətçilərindən olmuşdur.

1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində elmi terminologiyanın işlənib hazırlanması üzrə komissiya yaradılır. Xəlil İbrahim əvvəlcə bu komissiyanın üzvü, sonra isə məsul katibi olur. Müxtəlif sahələr üzrə terminologiyanın hazırlanmasında fəal iştirak edir və komissiyanın "Dilimizin silahı" adlı mətbuat orqanının redaktoru olur.

Bu müddətdə bədii-publisistik fəaliyyətini davam etdirmiş, “Kommunist”, “Ədəbiyat”, “Kəndçi” qəzetlərində, “Maarif – mədəniyyət”jurnalında yazıları dərc edilmişdir.

1930-cu ildən başlayaraq "Azərnəşr"də bədii ədəbiyyat üzrə redaktor işləyən X.İbrahim ictimai-siyasi ədəbiyyatın, dünya ədəbiyyatı klassiklərinin ana dilimizə tərcüməsinə xüsusi əmək sərf edir.

Xəlil İbrahimin tərcüməçi kimi Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri böyükdür. O, Şekspirin, Şillerin, A. Tolstoyun və bir sıra başqa Qərbi Avropa və rus yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

İctimai xadim Xəlil İbrahim ictimai-siyasi məsələlərə, mədəni-maarif, teatr, dil və ədəbiyyat problemlərinə aid 200-dən çox məqalənin müəllifidir.

Xəlil İbrahim AXC-nin və Müsavat partiyasının qabaqcıl xadimlərindən olduğu üçün hələ 1923-cü ildə kommunist rejimi tərəfindən həbs olunur, bir qədər sonra günahı sübut olunmadığından azad olunur.

Bütün bu illər ərzində Xəlil İbrahim "ÇK"-nın nəzarətində olmuş, 1937-ci ilin noyabr ayında xalq düşməni kimi həbs olunmuş, 4 ay sonra 1938-ci ildə güllələnmişdir. Stalinin ölümündən sonra bəraət almışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarından olmuş Xəlil İbrahim xalqımızın istiqlal mücadiləsi tarixinə görkəmli ictimai xadim və xalqının azadlığı uğrunda şəhid olmuş görkəmli oğlu kimi daxil olmuşdur.

* * *

Mənbə:

http://az.wikipedia.org/wiki/Xəlil_İbrahim

http://www.adam.az

 

Xəbərlər
Redaktorun seçimi