“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.12.2014, 16:39
1456

İskəndər bəy Rüstəmbəyov (1845-1918)

A- A+

Qarabağın tarixinə dair araşdırmalar apararkən məşhur pedaqoqumuz, ədəbiyyatşünas-alim Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” adlı əsərində İsgəndər bəy Rüstəmbəyov adlı bir nəfər haqqında söylədiyi fikur mənim maraq dairəmə daxil oldu.

Firidun bəy öz əsərində həmin adama mənfi münasibət bəsləyir və hətta təzkirəçi Məhəmməd ağa Müctəhidzadənin “Riyazül-aşiqin” kitabında İsgəndər bəyin adını müsbət mənada çəkdiyinə görə müəllifi qınayır və aşağıdakı sözləri yazırdı:

“...İndi də Mirzə Fətəli Axundovun adı zikr olunanda üzlərini turşaldan salüslar az deyildi. O cümlədən “Riyazül-aşiqin” sahibi M.Müctəhidzadə kitabının dibaçəsində vəsf qıldığı İsgəndər bəy Rüstəmbəyovdur ki, bəndeyi-həqirin Mirzə Fətəli Axundovun təvəllüdündən yüz il mürur etmək münasibətilə tərtib etdiyi risaleyi-yadigarənəni görüb və mütəğəyyirhal olmuşdur və bizim haqqımızda nəğaza sözlər söyləmişdi ki, “Mirzə Fətəli Axundov kimi laməzhəb şəxsi yad edib, onun şənində kitab yazan özü də gərəkdir mürtəd olsun.

Bilmək gərəkdir ki, İsgəndər bəy Rüstəmbəyov özü də ədiblik iddiasında olub, şer və qəzəl deməklə fəxarət eləyir. “Riyazül-aşiqin” sahibi kitabını onun səlahdidi ilə tərtib qılmışdır və ol cənabi bu günə vəsf edir.

Bəli, iqlimi-daniş və kiyasətdə vaqeən İskəndəri-zaman və zülmati-Qarabağ içrə abaən cəd cün abi-həyat mənbəyi-cövdü ehsan olan Rüstəmbəyov cənabları Mirzə Fətəli Axundov kimi müqtədir adiblərimizə və böyük mütəfəkkir və reformatorlarımıza lən oxuduqda işlərimiz artıq sürətlə surət tapar, daha tərəqqi etməyimizə şübhə yeri qalmaz...”.

Firidun bəy Köçərlinin bu sözlərindən məlum olur ki, İskəndər bəy Rüstəmbəyov olduqca dindar olduğuna görə bir çox başqa ziyalılar kimi Mirzə Fətəli Axundova mənfi münasibət bəsləmiş və dramaturqun 1912-ci ildə 100 illik yubileyini keçirənləri və kitabını çap etdirənləri, o cümlədən də, Firidun bəy Köçərlini öz çıxışlarında tənqid etmiş bə onları məsləksiz adamlar adlandırmışdır. Onu da qeyd etmək lazımdır ki, İskəndər bəy Rüstəmbəyovun ünvanına deyilən bu sözlər müəllifin subyektiv fikridir. Ona görə də onların şəxsi münasibətlərini bir kənara qoyub, öz qeydlərimizi oxuculara çatdırırıq.

Firidun bəy Köçərlinin əsərini oxuyandan sonra İskəndər bəy Rüstəmbəyovla maraqlanmağa başladım. Apardığım tədqiqatlardan məlum oldu ki, İskəndər bəy Rüstəmbəyov Qarabağın məşhur Rüstəmbəyovlar nəslindəndir.

O, 1845-ci ildə Şuşada doğulmuş, kiçik yaşlarından mükəmməl mədrəsə təhsili görmüş, fars və rus dillərini çox yüksək səviyyədə bilmişdir. Sonralar təhsilini rusca davam etdirmiş və rus dövlət idarələrində çalışmışdır. O, dövrünün ən açıqfikirli və yenilikçi ziyalılarından olmuşdur. Həyatı boyu maarifçilik xəttini tutmuş, tez-tez Şuşa, Ağdam, Malıbəyli, Gulablı camaatı qarşısında çıxış etmiş, xalqı maarifə, mədəniyyətə, elmə, təhsilə səsləmişdir.

Ədəbiyyata böyük həvəsi olduğundan 1907-ci ildə o, həmyerlisi, təzkirəçi və şair Məhəmmədağa Müctəhidzadəyə Qarabağ şairləri haqqında təzkirə tərtib etmək idtyası vermiş və 1910-cu ildə onun maddi və mənəvi köməkliyi ilə “Riyazül-aşiqin” adlı təzkirə İstambulda nəfis şəkildə çap olunmuşdur.

İskəndər bəy Rüstəmbəyov XIX əsr Şuşa şairləri içərisində öz dəsti-xətti ilə seçilən şairlərdən olmuş, həm klassik, həm də xalq şeri üslubunda Azərbaycan və fars dillərində yazıb-yaratmışdır.

O, dövrünün bütün Qarabağ şairləri kimi ədəbi və musiqi məclislərində iştirak etmiş, Xurşudbanu Natəvanın rəhbərlik etdiyi “Məclisi-üns” ədəbi dərnəyinin üzvü olmuşdur. İskəndər bəy Rüstəmbəyovun müasirləri, xüsusilə, yaxın dostu Əbdüssəməd bəy Aşiqlə şerləşməsi ədəbiyyat aləminə məlumdur. O, Natəvanın xaişi ilə onun “Ölürəm” adlı qəzəlinə şeirlə cavab yazmışdır.

AMEA-nın Əlyazmalar İnstitutunda şairin öz dəsti-xətti ilə həm nəsrlə, həm də nəzmlə tərtib etdiyi avtoqraf bəyazda onun həyat və yaradıcılığı, ictimai fəaliyyəti öz əksini tapıb. Burda onun çıxışları, məktubları, vəsiyyətnamələr diqqəti cəlb edir. Bəyaza Nizami, Həfiz, Zəyyam kimi klassik Şərq şairləri ilə yanaşı, Zakir, Məxfi, Növrəs, Asi, Fəna, Mehdiqulu bəy Vəfa, Fatma xanım Kəminə, Məmo bəy Məmai və başqa Şuşa şairlərinin şeirləri, onların həyat və yaradıcılığı barədə məlumatlar da daxildir. Bu bəyazın ən maraqlı cəhətlərindən biri də odur ki, şeirlərin bəzilərinin ədəbiyyat tariximiz üçün müəyyən qədər əhəmiyyətli olan yazılma tarixi və səbəbləri göstərilir.

İskəndər bəy Rüstəmbəyov 1918-ci ildə vəfat etmişdir. Bəzi elmi və ədəbi mənbələrdə onun adı xatırlansa da, həyat və yaradıcılığı ilə dərindən maraqlanan olmayıb. Şeirləri isə pərakəndə halda arxivlərə, cünglərə, şəxsi kolleksiyalara səpələnib. Onları toplayıb, ədəbiyyatsevənlərə, poeziya həvəskarlarına çatdırmaq vaxtı isə gəlib çatıb.

Vasif Quliyev,

yazıçı-jurnalist  

 

Xəbərlər
Redaktorun seçimi