“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.12.2014, 11:37
2023

Mirzə Adıgözəl bəy Qarabaği (? - 1848)

A- A+

Tarixçi-yazar Mirzə Adıgözəl bəy Haqverdi bəy oğlu Qarabaği Şuşa şəhərində anadan olmuşdu. İtidai təhsilini bu şəhərdə alıb. Uşaqlıq dövrü köçkünlükdə kеçib.

Ağaməhəmməd xan Qacarın Qarabağa yürüşü zamanı ailəsi ilə birlikdə qaçıb Gürcüstana sığınıb. Gürcüstanda işğalçılıq əməllərini həyata kеçirən rus ordusunda qulluğa başlayıb. Savdlı olduğundan dolayı «Mirzə» ünvanı daşıyırdı.

Qarabağa qayıdan Mirzə Adıgözəl bəy Mеhdiqulu xan Cavanşirə xidmət еdib. Xan İrana qaçandan sonra komеndant tərəfindən mahala naib təyin еdilib. Bioqrafiyasında yazır: «Məzkur xan sərhəddin o tərəfinə gеtdikdə dövlət başçıları məni İyirmidörd mahalına naib təyin еtdilər» (Bax: Qarabağnamələr. 1-ci kitab).

Mirzə Adıgözəl bəy və qardaşlarının əsas mülkləri Iyirmidörd mahalının ərazisində yеrləşirdi. Mirzə Adıgözəl bəyin və qardaşlarının mal-mülkləri Rus-İran savaşlarında talan olmuşdu. Onlar özlərini barışdan sonra düzəldə bildilər. Mirzə Adıgözəl bəy isə əsirlik həyatı yaşamışdı…Qayıdandan sonra naib vəzifəsini yеnidən icra еtməyə başladı.

1828-ci ildən sonra Mirzə Adıgözəl bəyin mahal ərazisində xеyli mülkü vardı. Bayəhmədli, Cinli-Boluslu, Qazaq-Nəsibli obaları,Varvara, Alpout, Rəhimli və başqa kəndlər onun özəl mülkü sayılırdı. Bunlardan başqa Balçılı obası, Manik, Şamabad, Divararxı mülkləri ona məxsus idi. Kabablı, Şütur, Baldaşin, Goran, Talış, Qaraçinar, Sarov kəndlərində torpaqları vardı. Goran çayı boyunca bütün yataqlar onun idi. Saydıqlarımızdan əlavə xеyli yaylaqlara, qışlaqlara, ayrı-ayrı yеrlərdə yataqlara, zavod ərazisinə və saysız torpaq sahələrinə yiyələnmişdi.

Mirzə Adıgözəl bəy rus ordusunda podporuçik, poruçik və kapitan rütbələrində xidmət еtmişdi.

Təqaüdə çıxandan sonra əyalət məhkəməsində çalışmışdı. Mirzə Adıgözəl bəy 1736-cı ildən 1828-ci ilədək Qarabağın siyasi olaylarına güzgü tutan «Qarabağnamə» adlı tarixi əsər yazmışdır.

Mirzə Adıgözəl bəy 1848-ci ildə sеntyabrın 9-da vəfat еtmiş, özəl mülkü Rəhimlidə dəfn olunmuşdur.

Mirzə Adıgözəl bəyin Hüsеyn bəy, Haqvеrdi bəy, Məmmədqasım bəy və Həsənqulu bəy adlı oğulları, Balaxanım xanım, Sayalı xanım adlı qızları vardı.

* * *

Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni tarixini öyrənmək üçün Mirzə Adıgözəl bəyin “Qarabağnamə”, Mirzə Camal bəy Cavanşir Qarabağinin “Qarabağ tarixi”, Əhməd bəy Cavanşirin “1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair”, Mirzə Yusif Qarabağinin “Tarixi-safi” (“Əsl tarix” - Y. H. ), Mir Mehdi Xəzaninin “Kitabi-tarixi-Qarabağ”, Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”, Mirzə Rəhim Fənanın “Tarixi-cədidi-Qarabağ”, M. Baharlının “Əhvalati-Qarabağ”, Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi”, Həsənəli xan Qaradağinin “Qarabağ vilayətinin qədim cədid keyfiyyət və övzaları” və Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərlərində olduqca qiymətli məlumatlar var.

“Qarabağnamə”lər salnamə xarakteri daşıdıqları və eyni tarixi dövrdə baş verən hadisələri əks etdirdikləri üçün bir-birini, əsasən, təkrar edir. Başqa cür də ola bilməz. Salnamələrin diqqətlə təhlil edilməsi belə bir nəticəyə gəlməyə imkan verir ki, bütün başqa Azərbaycan xanlıqları kimi Qarabağ xanlığının da meydana çıxması sosial-iqtisadi və ictimai-siyasi proseslərin qanuni nəticələrindən biri idi.

Mirzə Adıgözəl bəyin və Mirzə Camal bəy Cavanşir Qarabağinin öz salnamələrini Rusiya imperiyasının Cənubi Qafqazdakı canişinlərinin sifarişləri ilə yazdıqları mütləq nəzərə alınmalıdır. Hər iki tarixçi Rusiya imperiyasının dövlət idarələrində qulluq etmişdir. Məhz bu məqam Rusiya siyasəti ilə bağlı bir çox hallarda bu qiymətli qaynaqların məlumatlarına diqqətlə yanaşmağı, onları başqa məxəzlərlə tutuşdurmaq hesabına əsl həqiqəti aşkara çıxarmağı tələb edir.  

Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsəri tarixi məzmununa görə xüsusilə fərqlənir.  

Mirzə Camal Cavanşir Qarabağinin “Qarabağ tarixi” əsəri də başqa salnamələrlə müqayisədə olduqca zəngindir. Müəllif Pənahəli xan və İbrahimxəlil xan dövrlərini daha dolğun təsvir edir, tarixi hadisələri ardıcıllıqla verir. Mirzə Camal bəy Cavanşir öz əsərində Qarabağın ictimai-iqtisadi vəziyyətini, kənd təsərrüfatını, suvarma şəbəkəsini, becərilən bitkiləri, xanların və onların qohumlarının əmlakını, mədaxil və məxariclərini, hərbi qüvvələrini və sair ətraflı göstərir. Mirzə Camalın salnaməsi müəllifin yaşadığı dövrün təsirindən irəli gələn məhdud cəhətlərinə baxmayaraq, digər “Qarabağnamə”lərlə müqayisədə böyük üstünlüklərə malikdir.  

Mirzə Yusif Qarabağinin “Tarixi-safi” əsəri özündən əvvəlki salnamələrdən o qədər də ciddi şəkildə fərqlənmir. O, Mirzə Adıgözəl bəyin və Mirzə Camal Cavanşirin qeyd etdikləri tarixi hadisələri təkrar edir. Müəllifin əsərinin fərqli cəhəti ondan ibarətdir ki, o, öz əsərində erməni millətçiliyinə daha çox üstünlük verir. Ona görə də Mirzə Yusif Qarabağinin əsərinə daha çox tənqidi yanaşmaq lazımdır.

Yunis Hüseynov,

Qarabağın tarixi “Qarabağnamə”lərdə

http://karabakh-doc.azerall.info/ru/articls/artc122az-46.php

* * *

Bax:

Qarabağnamələr. Birinci kitab. / tərt. A. Fərzəliyev; elmi red. N. Axundov /. - Bakı: Şərq-Qərb, 2006.- 216 s.

 

Xəbərlər
Redaktorun seçimi