2010-cu il - xronika
25 yanvar 2010 - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti danışıqlar raundu Rusiyanın Qara dəniz sahilindəki Soçi şəhərində gerçəkləşib. Prezidentlər İlham Əliyev və Serj Sarkisyan Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə Soçidəki “Krasnaya polyana” qəbul evində bir araya gəliblər. Bu, Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidentinin iştirakı ilə üçtərəfli formatda keçirdikləri sayca 5-ci görüş idi. İlk belə görüş 2008-ci ilin noyabrın 2-də Moskvada keçirilmiş və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Birgə Bəyannamənin imzalanması ilə başa çatmışdı. Prezidentlərin növbəti üçtərəfli görüşləri 2009-cu ilin iyununda Sankt-Peterburqda, iyulda Moskvada, oktyabrda Kişinyovda MDB dövlət başçılarının sammiti çərçivəsində keçirilib.
14 may 2010 - Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq Ermənistanın Dağlıq Qarabağdakı qurama rejimim “parlamenti”nə seçkilər (23 may) keçirmək niyyətini pisləyib. XİN-in bəyanatında qeyd olunurdu ki, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” Ermənistanın anneksiya siyasətini ört-basdır etmək məqsədilə keçirilir.
“Xarici İşlər Nazirliyi bəyan edir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistanın təşkil etdiyi bir qanunsuz qurumdur. Bu seçki də Ermənitanın başqa dövlətin ərazisini özünə birləşdirmək cəhdlərini ört-basdır etmək cəhdidir. Bu cür seçkilər beynəlxalq hüququn prinsiplərini pozur, çünki, bu tədbir Qarabağın azərbaycanlı əhalisi olmadan aparılır və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyil”, - deyə bəyanatda vurğulanırdı.
Dağlıq Qarabağdakı separatçı rejimdə “parlament seçkiləri” mayın 23-də keçirildi. Dağlıq Qarabağdakı ermənilər bundan öncə də bir neçə dəfə parlament və prezident seçkiləri keçiriblər. Beynəlxalq təşkilatlar bu seçkiləri qeyri-qanuni adlandırıblar.
17 iyun 2010 - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyəli danışıqların növbəti raundu Rusiyanın Sankt-Peterburq şəhərində gerçəkləşib. Sankt-Peterburqdakı ənənəvi beynəlxalq iqtisadi forum çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilib.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan rusiyalı həmkarları Dmitri Medvedevlə söhbətdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları Madrid prinsipləri əsasında davam etdirməyə hazır olduqlarını bildiriblər.
Ümumilikdə prezidentlər İlham Əliyev və Serj Sarkisyan 2008-ci ilin iyunundan bu yana 10 dəfə bir araya gəliblər. Bu görüşlərdən 7-nın Rusiyanın evsahibliyi ilə, 6-nın isə Rusiya prezidentinin bilavasitə iştirakı ilə gerçəkləşməsi rəsmi Moskvanın Qarabağ nizamlanması prosesində vasitəçilik təşəbbüsünü ciddi şəkildə ələ aldığını göstərir.
19 iyun 2010 - İyunun 19-na keçən gecə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma olub. Tərtərin Çaylı kəndi istiqamətində baş verən və bir neçə saat sürən atışmada erməni tərəfi ciddi itki verib. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, atışma zamanı 4 erməni hərbçi öldürülüb, 4-ü isə yaralanıb.
Azərbaycan tərəfi də döyüşdə bir nəfər itki verib. Bu, Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Mübariz Ağakərim oğlu İbrahimovdur. Mübariz İbrahimov bu döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
24 iyun 2010 - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləyib.
26 iyun 2010 - Rusiya prezident Dmitri Medvedev, ABŞ prezidenti Barak Obama və Fransa prezidenti Nikola Sarkozi Kanadada keçirilən “Böyük 8-lik” sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul ediblər. Üç ölkənin prezidenti bəyanatda Azərbaycan və Ermənistanı münaqişənin əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıb. “İndi Azərbaycan və Ermənistan prezidentlərinə bir addım atmaq qalır ki, münaqişənin həllinin əsas prinsiplərini hazırlayıb sülh müqaviləsi layihəsinin müzakirəsinə keçsinlər”, - deyə bəyanatda vurğulanır.
4 iyul 2010- Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycanda rəsmi səfərdə olub. ABŞ dövlət katibi prezident İlham Əliyevlə, xarici işləq naziri Elmar Məmmədyarovla görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunub. Xanım Klinton Azərbaycanın iqtidar və müxalifətyönlü gənclər təşkilatlarının təmsilçiləri ilə də görüşüb.
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiqdir. Biz hesab edirik ki, problem güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri əsasında həll olunmalıdır”, - deyə ABŞ dövlət katibi bildirib. Hillari Klinton Bakıdan sonra Yerevana gedib.
6 iyul 2010 - Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışı keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı mərasimdən sonra Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvləri ilə görüşdə deyib: “Bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Dağlıq Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır”.
16-17 iyul 2010 - Qazaxıstanın Almatı şəhərində ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti keçirilib. İyulun 16-da sammit çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ayrı-ayrılıqda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüblər.
İyulun 17-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. Görüşdə Fransanın xarici işlər naziri Bernar Kuşner, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibinin müavini Ceyms Steynberq, ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər. Görüşlərdə Qarabağ nizamlanmasına dair hər-hansı irəliləyiş əldə etmək mümkün olmayıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.
22 iyul 2010 - Prezident İlham Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi (ölümündən sonra) barədə sərəncam imzalayıb. Prezident həmçinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsinin əbədiləşdirilməsi barədə sərəncam imzalayıb.
27 oktyabr 2010 - Həştərxanda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olub. Görüşündən sonra D.Medvedev bildirib ki, bu, Azərbaycan və Ermənistan prezidentlərinin onun iştirakı ilə keçirilən sayca yeddinci görüşüdür. Qeyd edib ki, tərəflər humanitar xarakter daşıyan birgə bəyanat razılaşdırıblar. Görüşdə sülh razılaşması və münaqişənin ümumi həlli də müzakirə mövzusu olub. Gələcək sülh razılaşmasının əsasını təşkil edən ümumi razılıq prinsipləri üzrə məsələlər hələ ki qalır.