“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.07.2013, 09:07
1223

Azərbaycan tarixi günbəgün: 1 iyul

1 iyul 1903 – Bakıda neft sənayesi fəhlələrinin ilk ümumi siyasi tətili keçirilib...

1 iyul 1903 – Bakıda ilk ümumi siyasi tətili keçirilib. Əsasən neft sənayesini əhatə edən tətilin tələbləri fəhlələrin iş şəraiti, əməkhaqlarının artırılması ilə bağlı idi. İyulun 22-dək sürən tətil Bakıda sol təmayüllü (bolşevik) təbliğatın tədricən təşəkkül tapdığını göstərirdi.

 

1 iyul 1909 – Tanınmış kimyaçı alim, akademik Rüstəm İsmayılov (1909-1972) anadan olub. Rüstəm İsmayılov neft kimyası və neft emalı texnologiyasına aid mühüm tədqiqatların müəllifidir. Azərbaycanın neftayırma sənayesində termik krekinq texnologiyasının əsaslı surətdə təkmilləşdirilməsində R.İsmayılovun xidməti böyükdür. O, Sumqayıt sənaye rayonunda böyük kimyanın inkişafının təşəbbüsçülərindəndir. Rüstəm İsmayılov 1967-1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub. 1972-ci il iyunun 1-də Bakıda vəfat etmişdir.

 

1 iyul 1996 – Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasında diplomatik münasibətlər qurulub.

 

1 iyul 1998 – Azərbaycan Respublikası ilə Tunis arasında diplomatik əlaqələr yaradılıb.

 

1 iyul 2004 – Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqram üzrə 2004-2007-ci illərdə ölkə ərazisində məcburi köçkünlər üçün çadır düşərgələri tamamilə (5 rayonda 12 düşərgə) ləğv olunub, 17 minə yaxın məcburi köçkün ailəsi üçün 56 müasir tipli qəsəbə tikilib. 2007-ci ilin oktyabrında prezidentinin sərəncamı ilə Dövlət Proqramına edilən əlavələrə əsasən, (2008-2011-ci illər üzrə) «fin evləri», məktəb binaları, hərbi hissələrin ərazisi və yaşyaış üçün yararsız binalarda məskunlaşmış daha 12 min məcburi köçkün ailəsi üçün yeni qəsəbələrin inşa edilib, ümumilikdə 300 min məcburi köçkünün həyat şəraiti yaxşılaşdırılıb.

 

1 iyul 2008 – Prezident İlham Əliyev Batumidə (Gürcüstan) Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM ölkələri liderlərinin sammitində iştirak edib. GUAM regional birliyi Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna prezidentlərinin 1997-ci il oktyabrın 10-da Strasburqda imzaladıqları Birgə Kommunike əsasında fəaliyyətə başlamışdır. 2001-ci il iyunun 7-də Yaltada GUAM-ın ilk zirvə toplantısında onun beynəlxalq struktur kimi formalaşması ilə bağlı qərar (Yalta Xartiyası) qəbul olunub.2000-2005-ci illərdə Özbəkistan da qurumun üzvü olub, sonra onun sıralarını tərk edib. 22-23 may 2006-cı il tarixində GUAM-ın Kiyevdə keçirilən sammitində təşkilatın adı dəyişdirilərək Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat – GUAM adlandırılmış, qurumun Nizamnaməsi qəbul olunub. 2006-cı ildən GUAM-ın sammitlıərində Polşa, Litva, Ruminiya da iştirak edir.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi