“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.01.2013, 09:32
1429

1 yanvar

1 yanvar 1937 – Görkəmli aktyor, Xalq artisti Eldəniz Zeynalov anadan olub...

Azərbaycan

 

1 yanvar 1880 - Şərqşünas, tərcüməçi, maarif xadimi Muxtar İsmayıl oğlu Əfəndizadə (1880 – 17.10.1975) anadan olub.

 

1 yanvar 1883 - Yazıçı, pedaqoq Abdulla bəy Divanbəyoğlu (Sübhanverdixanov; 1883-1936) Qazaxın Hüseynbəyli kəndində doğulub. Əsərləri: "Şahzadə və Əbdül", "Duman", "İlan", "Fəhlə", "Ərdoy dərəsi", "Cəng", "Dan ulduzu" və s. Azərbaycan Dövlət Arxivinin müdiri (1923-1927) olub.

 

1 yanvar 1924 - Filologiya elmləri doktoru, prоfеssоr Vaqif Vəliyev (1924-1998) Qazax rayonunun Pirili kəndində anadan olub. Kitabları: “Azərbaycan qəhrəmanlıq dastanları”, “Qaynar söz çeşməsi”, “Azərbaycan folkloru” və s.

 

1 yanvar 1925 - Yazıçı Emin Qasıməli oğlu Mahmudov anadan olub. Uşaq və gənclər üçün kitabların, fantastika mövzusunda əsərlərin müəllifidir: “Kainat gəmisi”, “Zülmət dənizi”, “Atlant qızı” və s. Rus ədəbiyyatından tərcümələr edib.

 

1 yanvar 1926 - Filosof, akademik Aslan Məmməd oğlu Aslanov (1926 - 23.8.1995) Ağstafa şəhərində anadan olub.

 

1 yanvar 1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb.

 

1 yanvar 1930 – Yazıçı, əməkdar mədəniyyət işçisi Tahir İsmayıl оğlu Hüseynov (1930-1993) Borçalı mahalının Qaçağan kəndində doğulub. Kitabları: “İnsan düşünür", "Nigaran baxışlar", "Gecikmiş heykəl", "Borçalı əhvalatları","Çətin görüş", "Yanıq Abdullanın yuxuları" və s. kitabları

 

1 yanvar 1937 – Görkəmli aktyor, Xalq artisti Eldəniz Zeynalov (1937 - 5.11.2001) anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Ömrün səhifələri”, “Yol əhvalatı”, “Babamızın babasının babası” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

1 yanvar 1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib. 1939-cu il iyulun 11-də SSRİ rəhbərliyinin (İosif Stalin) göstərişi ilə Azərbaycan SSR Ali Soveti bununla bağlı qanun qəbul etmişdi.

 

1 yanvar 1945 – Sənətşünaslıq elmləri doktoru Röya Seyfəddin qızı Tağıyeva anadan olub. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktorudur.

 

1 yanvar 1947 – Tanınmış aktyor, Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev, 1947 - 3.6.2006) Şamaxı rayonun Talış kəndində (indiki Ağsu rayonu) doğulub. Televiziya tamaşalarlnda ("Günahsız Abdulla", "Topal Teymur"), “Qatır Məmməd”, “Babək”, “Üzeyir ömrü” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (2001-2005) olub.

 

Dünya

 

1 yanvar 1618  - Məşhur ispan rəssamı Bartolome Esteban Murilyo (Bartolomé Esteban Murillo; 1618-1682) anadan olub. Sevilya rəssamlıq məktəbinin banisi sayılır, əsasən dini mövzuda olan 400-dən çox əsərin müəllifidir: “Təsbehli Məryəm”, “Xaçpəsət  İohann və müqəddəs ailə” və s.

 

1 yanvar 1767 — İngilis (irland) yazıçısı Maria Edcuort (Maria Edgeworthум; 1767-1849) anadan olub. Tarixi və dini mövzuda romanların (“Rekrent qəsri”, “Eleonora”), uşaqlar üçün tərbiyəvi-didaktik hekayələr toplusunun (“Əxlaqi nağıllar”) müəllifidir.

 

1 yanvar 1823 – Məşhur macar şairi, Macarıstanda 1848-1849-cu illər inqilabının rəhbərlərindən biri Şandor Petefi (macarca Petőfi Sándor; 1823-1849) anadan olub. Əsərləri: “Kənd çəkici”, “Pəhləvan Yanoş”, “Pişta Saloy” (poemalar), “Buludlar” (poetik toplu) və s. 1849-cu ildə Transilvaniyada rus generalı İ.Paskeviçin kazak qoşunlarlı ilə döyüşdə (çar Rusiyası macar inqilabını yatırmaq qoşun göndərmişdi) həlak olub.

 

1 yanvar 1854 – İngilis tarixçisi, kulturoloq, antropoloq, folklorşünas Ceyms Corc Freyzer (James George FrazerФрейзер; 1854-1941) anadan olub. Müxtəlif dünya xalqlarının folkloru, dini ayinləri və adət-ənənələri, ibtidai magiya, mifologiya, totemizm, animizm, tabu və s. mövzuda tədqiqatların yer aldığı “Qızıl ağac” adlı 12 cildlik əsərin müəllifidir.

 

1 yanvar 1919 – Məşhur Amerika yazıçısı Cerom Devid Selincer (Jerome David Salinger; 1919-2010) anadan olub. “Çovdarlıqda uçurumdan qoruyan” romanı (1951) ilə dünya şöhrəti qazanıb. Hekayə və novellaları: “Banan-balıq yaxşı ovlanır”, “Tanış qız”, “Gülən adam”, “Teddi” və s. Yazıçı 60-cı illərdə, şöhrətin zirvəsində olduğu bir vaxtda, ətraf aləmdən uzaqlaşaraq ömrünün sonunadək qapalı həayt sürüb.

 

1 yanvar 1919 – Rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Daniil Aleksandroviç Qranin (German; 1919 - 4.7.2017) anadan olub. Elmi-texniki axtarışlar, elm adamlarının həyat və mübarizəsi mövzusunda əsərlərin (“Axtaranlar”, “Tufana doğru gedirəm”, “Toydan sonra” romanları), “Blokada kitabı”, “Şəkil”, “Rusiyaya qaçış” və s. kitabların müəllifidir. Bir çox əsərləri ekranlaşdırılıb.

 

1 yanvar 1938 - Türkiyənin tanınmış aktyoru Halit Akçatepe (1938-2017) İstanbulda anadan olub. “Hababam sınıfı” filmlərində Güdük Nəcmi obrazı ilə məşhurlaşıb. 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaradıb.

 

1 yanvar 1939  - Fransız aktrisası Mişel Mersye ( Michèle Mercier - əsl adı Jocelyne Yvonne Renée Mercier) anadan olub. 60-70-cı illərdə Anna və Serj Qolonun  “Anjelika” silsilə romanları əsasında çəkilən filmlərdə baş rolun ifaçısı kimi məşhurlaşıb: “Anjekika – mələklər markizası”, “Möhtəşəm Anjelika”, “Anjelika və kral”, “Anjelika və sultan” və s. 

 

1 yanvar 1968  - Mərkəzi SSRİ televizyasında (1-ci kanal) ilk dəfə “Время” (“Zaman”) xəbərlər proqramı efirə çıxıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi