“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.12.2014, 17:00
1543

Məşədi Əyyub Baki (1866-1909)

A- A+

Məşədi Əyyub Hacı Ocaqqulu oğlu Baki 1866-cı ildə Şuşada anadan olmuşdur. Mollaxana təhsilindən sonra dövrünün müqtədir alimlərindən hesab edilən Mirzə Kərim Hacı Məhəmməd oğlu Qarabağidən yeddı ilə yaxın ədəbiyyatdan xüsusi dərs almışdı. Ticarətlə məşğul idi. Bir müddət Şiraz şəhərində yaşamışdı.

O, Şərq poeziyasının qayda-qanunlarını mükəmməl öyrənmişdir. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firudin bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Qardaşı Məşədi Nəsir Lövhi də şair idi.

Məşədi Əyyub Baki 1909-cu ildə vəfat edib.

"Məclisi-fəramuşan"ın üzvlərindən olan Baki əsərlərini Azərbaycan və fars dillərində, həm klassik, həm da xalq şeri üslubunda yazmışdır. Onun "Riyazül məhəbbət" ("Məhəbbət bağçası") adlı divanı Respublika Əlyazmaları İnstitutunda saxlanır.

Şairin burada verilən əsərləri "Poetik məclislər" (1987) kitabından və Mir Möhsin Nəvvabin "Divan"ından (1999) götürülmüşdür.

* * *

Qəzəllər

 

Viran olu könlüm evi viranə görəndə,

Viranə virantər olu viranə görəndə.

Billahi, tutub od, yanaram şəm tək axir,

Hər yerdə ki, xakistəri-pərvanə görəndə.

Aşüft oluram zülfi-pərişan kimi hər dəm,

Könlüm kimi hər yerdə sınıq şanə görəndə.

Qəmnak olu hər kim məni, ya şerimi görsə,

Aqil olu divanə çü divanə görəndə.

Yüz hiylə ilə zahidi-xudbinin əlində

Kafər oluram səbheyi-səddanə görəndə.

Yox məndə nə mey rəğbəti, nə cəzbeyi-saqi,

Qan ilə dolar çün məni peymanə görəndə.

Dərd əhü oturub bir neçəsi badə içəndə,

Çox dərd olumuş onlara biganə görəndə.

Nəvvab, Qaradaği, deyəin Növrəsə bari,

Kəc fikrə ki, o düşməyə meyxanə görəndə.

Baki gözü peyvəstə tökər əşki-xunalud,

Hər yerdə ki, yox təxtəpuşi xanə görəndə.

* * *

Deyin o yara, edir aşiqin səfər, gəlsin,

Şikənci-əqrəb ara gizlədib qəmər, gəlsin.

Ölüm yetibdi, səba, az qalıb fədası olam,

Söylə ki, başımın üstə o didə tər gəlsin.

Gülüzlülər nə ki, var, dövrəmə urub halə,

Gözəllər içrə o yan gözüm gəzər, gəlsin.

Nə Kəbə qiblə bilib döndəriblə üzümü,

O taqi-qaşını, billah, üzüın görtər, gəlsin.

Şəhadətin yerinə adın əzbər eyləmişəm,

Təğafül eyləməsin, vəqt kim, keçər, gəlsin.

Bu həsrət etməyimə olmasın deyin razı,

Görüm üzünü, verim can, yenə gedər, gəlsin.

Gərək məni öz əlilə bu gün məzara qoya,

Şikəstə Baki Ölür, eyləyin xəbər, gəlsin.

* * *

Məni eşq əhlinin divanına divanə yazmışlar,

Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.

Könül xaki-bəladan, abi-qəmdən çün xəmir oldu,

Bu viran olmuşu ol vəqtdən viranə yazmışlar.

Qədim nun, taleim dun, həm sirişkim xun, özüm məhzun

Görən dibaçeyi-ömrümdə, aya ta nə yazmışlar?

Müsəlmanam, məni bidin edən bır türfə tərsadır,

Çıxardın adəmi yoldan, bəli, bir danə yazmışlar.

Dağılmış mubəmu, hər riştəsi bir nalə saz eylər,

Əzəl gündən könlümü pürpiçi-tarə şanə yazmışlar.

Üzündə ayeyi-mövtü həyatı görməyib guya?

Qədər katibləri ol ayəni Quranə yazmışlar.

Yanar, cana, vücudum, dudi əsla aşikar olmaz,

Deyən şəmi-bəlaya Bakinin pərvanə yazmışlar.

 * * *

Şikəstələr

 

Qalmışam pərvanə tək,

Odlanə-odlanə mən.

Rəhm et məni-müztərə,

Yığılmış dərd bir yerə,

Deyim ya bir kafərə,

Ya bir müsəlmanə mən.

Bilmişəm qəm çarasın,

Yarım telin darasın,

Qanlı ciyərparasın

Eyləmişəm şanə mən.

Deyiz, töküm qanımı,

Faş olsun imanımı,

Tapşırmışam canımı,

Zülfıi pərişanə mən.

Qudurmusan, azmısan,

Ölüm hökmün yazmısan,

Qəbrimi gen qazmısan,

Gedim qəbristanə mən.

Aşqi məhəbbət basıb,

Boynumdan zünnar asıb,

Nahaq yerə əl basıb,

And içim Quranə mən?

Kafər olma, dinə gəl,

Dinsizsən, ayinə gəl,

Xətanı, qoy, Çinə gəl,

Qoy gedim İranə mən.

Pozuldu can gülşəni,

Öldürdü bu dərd məni,

Vəfasızsan, get, səni,

Tapşırdım Quranə mən.

Gül, çəməndə gül kimı,

Günüm keçsin il kimi,

Həsrətlə bülbül kimi,

Baxım gülüstanə mən.

Peygəmbərsən, tarısən,

Dındırmə əğyarı sən,

Qoyma, əgər yar ısən,

Qalım yanə-yanə mən.

Çərxi-fələk mahisən,

Çox böyük dərgahisən,

Əgər sən Allah isən,

Səcdə edim hayanə mən?

Gah ağlayıb, gah gülüb,

Gahi göz yaşım silib,

Baki tək həsrət ölüb

Yetmədim cananə mən.

* * *

Bayatılar

 

Düz dağlar, əyri dağlar,

Düzəlməz əyri dağlar,

Gözün dağı düz çəkər,

Qaşların əyri dağlar.

Bülbül evi qəfəsdir,

Di gəl, axır nəfəsdir,

Bir gözüm sənə qurban,

Bir gözüm mənə bəsdir.

Yar getdi, ağla dağlar,

Aləmi dağla dağlar,

Yar getdi, can da getdi,

Gözlərim bağla, dağlar!

Mən aşiqəm, göz yara,

Könül yara, göz yara,

Nə xoşdur can verəydim,

Baxa-baxa göz yara.

Bağ verər arzum barı,

Əl yetmir üzüm barı,

Nə can çıxır, qurtarır,

Nə görür gözüm yan.

Dərdlilər hər dəm ağlar,

Həm sızıldar, həm ağlar,

Gör nə günə qalmışam,

Əhvalıma qəm ağlar.

İşim düşüb bəndə yar,

Canım qalıb səndə yar,

Məni Allah öldürsün,

Sən də qurtar, mən də yar.

Gözlərin qara dağlar,

Dağ çəkib qara dağlar,

Həsrət ölüb Əyyubun,

Geyib göy, qara dağlar.

* * *

Mənbə:

XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh. 

 

Xəbərlər
Redaktorun seçimi